Gözəllik haqqında söhbət

Gözəllik haqqında söhbət

(1)
Gözəllik o deməkdir ki, əşya heyrət və ləzzət yaradacaq halda olsun. Lügət mənasına görə, gözəllik görünməlidir. Əslində isə gözəllik hiss olunur və görünməyə də bilər. Şairin şerindəki həzverici mənalar gözəllikdən başqa bir şey deyil. Varlıq aləmindəki mütənasiblik və nəzm insanda heyrət yaradır, insan onu vücudun zati sifəti bilir və bu gözəllikdir. Arif insanı göylərin və yerin seyri zamanı heyrətə gətirən də gözəllikdən başqa şey deyil.
Demək, gözəllik ya surətdədir, ya da mənada. Mənəvi gözəlliyin cüzi mənalarda dərki xəyalladır, ondan yüksəyi ağıl vasitəsilə.
(2)
Gözəlliyi birdən artıq nümunədə tapdığımızdan nəticə çıxarırıq ki, o mahiyyət yox, vücud növündəndir və bu baxımdan elmə və vəhdətə oxşardır. Nəfs hansı mərtəbədə olarsa həmin mərtəbədəki gözəlliklərə cəzb olar. Bu səbəbdən də nəfsin ؛ maddədən ayrılması onun həmin qəbildən olan ləzzətlərdən məhrumluğu deyil. Belə ki, əqli gözəlliklərlə onun ləzzəti daha da artır. Biz əqli gözəllik dedikdə elə bir gözəllik nəzərdə tuturuq ki, o cüzi hissiyyat və mənaların fövqündədir.
(3)
Adi gözəllik hissələrin tənasübündən yaransa da əsl gözəllik mürəkkəb əşyaya məxsus deyil. Bəsit mövcudlarda da gözəllik ola bilər. Məsələn, uşağı gül və ya şam şöləsinə cəzb edən onların gözəlliyi deyilmi? Gülü؛ cazibədar edən onun qırmızı rəngi deyilmi? Qırmızı rəng uşağın nəzərində hissələri baxımından bəsit olduğu halda onu cəzb etmirmi?
Hissələri mütənasib olan mürəkkəb əşyanın gözəlliyinə nəzər salaq. Gözəllik hissələri mütənasib olan heyətin bir sifətidir. O özü؛ bəsitdir.
(4)
Nəfs nə qədər ki, aşağı mərtəbədədir yuxarı mərtəbədəki gözəllikləri dərk etmir. Nəfsin yuxarı mərtəbə gözəlliyi dərk etməsi onun həmin mərtəbəyə yüksəlişini göstərir. Bu əsasla heyvani şəhvətdə qərq olan nəfslər nadir hallarda lətif mənalardan ləzzət alır. Əksi də öz gücündədir. Mənəvi gözəllikləri dərk edən lətif nəfslər heyvani ləzzətlərə əhəmiyyət vermir.
(5)
Bildik ki, gözəllik əslində vücuda aid olan sifətdir. Amma bu həqiqət mahiyyətin gözəlliyini inkar etmir. İnsan üçün mahiyyətlər vücuddan daha artıq tanışdır. İnsanın vücudla tanışlığı onun öz vücudu ilə tanışlığından ibarətdir. Ətrafdakılara münasibətdə həmin mərifət sönüb gedir. Buna görə çoxları nəfsi bədənlə səhv salır, onu bədən kimi qəbul edirlər. İnsanın gözəllik bildiyi, əşyaları müqayisə etməklə əldə etdiyi mənadır. İnsan onu heyrətə gətirən şeyi gözəl sayır. İnsan öz müqayisəsində mənfur saydıqlarının gözəlliyini inkar edir. Amma onun mənfur saydığı şey başqası üçün gözəl ola bilər. Çünki bir başqası gözəlliyi başqa müqayisələrlə dəyərləndirir.
(6)
Vücud hər bir mövcudun istəyidir. Bu səbəbdən də hər bir mövcud öz şüuru ilə tamamlayıcısını sevir. Əgər öz zatını müşahidə edə bilsə, onu tam gözəl görür. Bu o zaman baş verir ki, başqa vücudlarla müqayisə bir kənara qoyulur. Hər bir mövcudda bu gəzəllik müşahidə olunur. Bu ardıcıllıqla, Allah öz bəndəsinə ali mərtəbələrə münasibətdə şühudi mərifət və hüzuri elm verəndə həmin gözəllik bəndəni heyrətə gətirir və o nəticədə huşunu itirir. O, ilahi kəlamın mahiyyətini dərk edir, anlayır ki, vücud öz-özlüyündə gözəldir.
“Əlləzi əhsənə kullə şəyin xələqə&rdquo؛ (“Səcdə”, ayə 7) Ayədə buyurulur ki, o (Allah) hər şeyi ən gözəl şəkildə yaradan kəsdir.
Demək, vücud hər bir mövcudun istəyi olduğundan hamı onu sevir. Hamı ondan ləzzət alır. Mərtəbə artdıqca gözəllik də artır. Varlıq aləmi ümumi olaraq gözəldir. Çirkinlik və şər başqa bir müqayisədə üzə çıxır.
(7)
Nəfs gözəl şeyə ona görə meyl edir ki, onun nəfsə xeyri var. Demək, bu meylin məqsədi gözəl şeydə olan mənfəətdir. Gözəl şeylərdə insan üçün mövcud olan böyük mənfəətlərə diqqət yetirin. Əgər onlar gözəl çilvələnməsə, qəlb meyl etməz. Təbii görüntülərin gözəlliyi insanı axtarış və təfəkkürə vadar edir. Ananın qəlbini sehrləyən körpənin gözəlliyidir. Ana onun gözəlliyini sevərək tərbiyə yolunda zəhmət çəkir. Gözəlliyin izdivac və digər ictimai aktlarda rolu aşkardır.
Allah-taala buyurur: “İnna zəyyənnəs-səmaud-dunya bizinətil-kəvakib&rdquo؛ (“Saffat”, ayə 6) Ayədə buyurulur ki, biz dünya səmasını ulduzların gözəlliyi ilə bəzədik.
Buyurulur: “Və ləkum fi ha cəmalun hinə turihunə və hinə təsrəhun&rdquo؛ (“Nəhl”, ayə 6) Buyurulur ki, sizin üçün o sürülərdə gözəllik var - onları otlaqdan qaytardığınız, otlağa apardığınız zaman.
Buyurulur: “Xuzu zinətəkum ində kulli məscid&rdquo؛ (“Əraf”, ayə 31) Buyurulur ki, məscidə getdiyiniz zaman zinətlərinizi çıxarın.
Başqa ayədə oxuyuruq: “Vərəttilil quranə tərtila&rdquo؛ (“Muzzəmmil”, ayə 4) Buyurulur ki, Quranı ölçülü؛ və gözəl oxuyun.
Əksəriyyət bilir ki, əziz peyğəmbər xoş ətir və gözəlliyi sevirmiş. (“Üsule-kafi”, c. 5, s. 321) Nəql olunur ki, həzrət peyğəmbər öz məktublarını gözəl, xoş simalı insanlarla göndərərmiş. (“Məcmueyi-vərram”, c. 1, s. 29) Cəmiyyət namazının imamı üçün fiqhdə nəzərdə tutulmuş üstünlüklərdən biri onun gözəl və xoşsimalı olmasıdır.
Rəvayətdə deyilir: “Xeyir və yaxşılığı xoş simalı insanlarda axtarın.&rdquo؛ (“Əl-ixtisas”, s. 233)
Rəvayətdə deyilir: “Quranı gözəl səslə oxumağa cəhd etməyən kəs bizdən deyil. (“Mustədrəkul-vəsail”, c. 4, s. 273) Digər bir rəvayətdə oxuyuruq: “Allah gözəldir və gözəlliyi sevir.&rdquo؛ (“Kafi, c. 6, s. 438) Beləcə, insan gözəlliyin müxtəlif mərtəbələri və səhnələrindən ləzzət ala bilər. Eyni zamanda bu gözəlliklərdən müxtəlif işlərində faydalanar. Bu bəhrələnmə daha üstün məsləhətə zidd olmasa və insanın yüksək mərtəbələrə qalxmasına maneçilik törətməsə müqəddəs şəriət sadəcə bəhrələnmənin şəraitlərini bəyan edir. Bəzən gözəlliyə vurğunluq insana aşağı mərtəbədən yuxarı mərtəbəyə qalxmaqda yardımçı olur. Heyvani mərtəbədən qurtarmamış insanın məna gözəlliyinə vurğunluğu bu qəbildəndir. İnsanın hazırda olduğu mərtəbədən yüksək mərtəbədəki gözəlliklərə vurğunluğu beləcə faydalıdır. Əlbəttə ki, bu yüksəliş şəxsiyyət və hallardan asılı olaraq dəyişir. Bu səbəbdən də bir insanın tərəqqisinə səbəb olan gözəllik sevgisi başqa birini süquta uğrada bilər.
(8)
İnsan nəfsi üçün elə bir cazibə və heyranlıq növü؛ var ki, həmin gözəllik qarşısında ağıl və düşüncə əldən cıxır, insan yalnız gözəlliyə bağlanır. Onun bu vurğunluğunda heç؛ bir mənfəət umacağı olmur. Çünki bu məqamda olan insan üçün mənafe deyilən şey aşağı mərtəbəyə aiddir. Bəzi nəzər sahibləri bu fikirdədirlər ki, deyilən növ vurğunluq fitrət yolundan cıxmaqdır və xəstəlik sayılmalıdır. Bizim nəzərimizcə insan fitrətində belə bir məhəbbət üçün zəminə var. Əgər çaşqınlıq və büdrəmə baş verirsə, nöqsan bu fitri məhəbbətdə yox, onun ünvanındadır.
Bir qədər aydın desək, insanın idrak və şüurları sırasında elə biri var ki, insan əlçatmaz kamillik qarşısında əyilir və bu əyilmədən ləzzət alır. Onun ən böyük arzusu həmin kamilliyə qovuşmaqdır. Xüzu adlanan bu əyilmə halının nişanələrindən biri budur ki, aşiq həmin kamala yaxınlaşmağa can atır. Onun üçün ən böyük ləzzət öz vücudunu məhbubda fani etməkdir. Bu xüzunun başqa bir nişanəsi məşuqun öz istəklərini qarşı tərəfin istəyinə qurban verməsi, ona oxşamasıdır.
Məhəbbətin bu mərtəbəsi əslində elə bir varlığın axtarışıdır ki, insanın zatı onun üzərindədir, ruhu ona bağlıdır. Həmin varlıq insan vücuduna silsilə feyz səbəbləri yaradandır. Haqq-taaladan savayı hər bir şeyin varlığı və gözəlliyi özündən qeyrisi üzərində qurulduğundan əsil istək öz zatı üzərində olana ünvanlanmış istəkdir.