Məsum imamla raz-niyaz

Məsum imamla raz-niyaz

Ayətullah Məhəmmədtəqi Misbah Yəzdi
Şiə konfransı Filadelfiya 1993, iyul
 

Rəhman və Rəhim Allahın adl ilə. Dinin ümumi məsələləri, üsul, əqidələr, əxlaq və əhkam mövzularında dünya müsəlmanları arasında həmfikirlik olsa da cüzi əqidələr və hökmlərdə ixtilaflar nəzərə carpır. Bu ixtilaflar insanları məzhəblərə və firqələrə parçalamışdır. Mövcud ixtilafların iki əsası var: Kəlam elminə aid olan əqidə əsası və fiqh elminə aid olan əhkaməsası. Birinci əsasda ixtilafların bariz nümunəsi kəlam məsələlərində əşərilər və mötəzililər arasında olan ixtilafdır. Sünnə əhlinin dörd məzhəbi arasında olan ixtilaflar fiqhi ixtilaflardır.
İslam məzhəbləri arasında ən məhşur ixtilaflardan biri şiələr və sünnə əhli arasında imamət mövzusunda olan ixtilafdır. İmamiyyə şiələr bu əqidədədirlər ki, peyğəmbər (s) dünyasını dəyişəndən sonra Əli (ə) imam və peyğəmbər canişini olub. Sünnə əhli isə həzrət Əlini (ə) dörd xəlifədən biri sayır. İmamiyyə məzhəbinin əsas göstəricisi on iki məsumun imamətinə etiqaddır. Şiələr imamlarda üç xüsusiyyətin olduğuna inanırlar: İsmət - paklıq, Allah tərəfindən verilmiş elm, Allah tərəfindən təyinat. Sual yaranır ki, bu ixtilafların kökü əqidə və kəlam sahəsinə aiddir, yoxsa fiqh sahəsinə? (“Şərhul-məqasid”, c. 2, s. 271) Yoxsa bu ixtilaflar rəyasət uğrunda iki partiya arasında olan siyasi ixtilaflar növündəndir?
Əslində bu məsələ ən azı şiələrin nəzərincə etiqad və kəlama aid məsələdir. Onun fiqhi və siyasi yönləri ikinci dərəcəlidir. Başqa sözlə, şiə etiqadında nizam bir-birinə bağlı halğalar şəkilindədir və imamət həmin halğalardan biridir. Bu halğa qırılsa bütün nizam pozulur. Deyilənləri yaxşı dərk etmək üçün şiəlikdəki etiqad nizamına xülasə nəzər salmalıyıq. Yalnız bundan sonra imamətin şiə nizamındakı yeri məlum olar.
İslam etiqad nizamında ilk halğa vahid Allahın varlığıdır. Sonra isə Allahın zati və feli sifətlərinə etqad gəlir. İslam dünyagörüşünə əsasən Allah-taala bütün varlıq aləmini yaratdığı kimi həm də onu idarə edir. Heç bir varlıq Allahın müdiriyyət dairəsindən xaricdə deyil. Allah-taala hər bir şeyi hikmət əsasında yaratmışdır. Varlıqda şaquli və üfüqi silsilələr uzanır. Yaranış əzəldən əbədə istiqamətlənir. Allahın hikməti sayəsində varlığa səbəbiyyət qanunu hakimdir.
Allah-taalanın saysız məxluqlarından biri də insandır. İnsan öz şüuru, ağahlığı, iradəsi və azadlığı ilə tanınır. Nəticədə o ya səadət, ya da bədbəxtlik yoluna yönəlir. Allah təkcə təbiətdə rübubiyyətlə kifayətlənmir, insana şəriətlə yol göstərir. Yəni Allahın rübubiyyət sifəti zəruri edir ki, insana xoşbəxtlik yolu tanıtdırılsın. Səadət yolunu tanıyan insan bu yolu azad şəkildə seçə bilər. Yol seçimində hiss və ağıl bəs etmədiyindən Allah vəhy göndərir. Bu nöqtəni nəzərə aldıqda vəhy və peyğəmbərliyin zəruriliyi üzə çıxır. Əgər Allah-taala insanı başına buraxıb ona əbədi səadət yolunu peyğəmbərlər vasitəsilə göstərməsəydi insan çətinlikdə qalardı. Bu ona bənzəyərdi ki, bir şəxsi qonaq çağırasan amma ünvan verməyəsən!
Peyğəmbər təlimləri zaman keçdikcə müxtəlif amillərin təsiri altında bilərəkdən və ya bilməyərəkdən dəyişikliklərə məruz qalır. Bu dəyişikliklər nəticəsində onlar öz hidayət və aydınlatma xüsusiyyətini itirir. Keçmiş peyğəmbər təlimlərini canlandırmaq və ya yeni təlimlər göndərmək məqsədi ilə növbəti peyğəmbərlər seçilir.
Sual yaranır ki, bu gedişat dünyanın sonunadək davam edəcək, yoxsa bütün təhriflərdən qorunası şəriət göndəriləcək? İslam ikinci cavabı verir. Bütün müsəlmanlar bu fikirdədirlər ki, İslam son səmavi şəriət, İslam peyğəmbəri son ilahi peyğəmbərdir. Qurani-kərim şəriətin əsil mənbəyi olaraq heç bir təhrifsiz bizə çatıb və sonadək bu şəkildə qalacaq. Amma bəşəriyyətin ehtiyac duyduğu təlimlər Quranda tam verilməyib və onların sonadək bəyanı peyğəmbərin öhdəsinədir. Qurani-kərimdə peyğəmbərə müraciətlə buyurulur ki, bu zikri xalqa aydınlatmalısan. (“Nəhl surəsi”, ayə 44) Beləcə İslamı tanımaq üçün ikinci mənbə təqdim edilir. Amma o, Quran kimi toxunulmaz deyil. Qəti tarixi dəlillər var ki, peyğəmbər özü onun sözlərinin gələcəkdə təhrif ediləcəyini deyib. Digər bir sual yaranır ki, peyğəmbərdən sonrakı ehtiyacın təmini üçün Allah nə nəzərdə tutub? Məhz bu nöqtədə sünnə əhlinin düşüncə və əqidə nizamında qırıqlıq yaranır. Şiələrdə isə parlaq bir halqa şölələnir. Bu halqa imamətdir. Yəni peyğəmbərdən sonra İslam hökmləri və qanunlarını aydınlaşdırmaq, Quranı təfsir etmək, şübhələrə cavab vermək ilahi elm və məqama malik imamların öhdəsinə qoyulub. İmamlar peyğəmbərlərin risalət məqamından savayı bütün məqamlarına, o cümlədən vilayət və hökumət məqamına malikdirlər. Başqa sözlə, Allahın təkvini rübubiyyəti, təbii müdiriyyəti ümmət arasında bu insanların varlığını zəruri edib. Təşrii rübubiyyətə, şəriət müdiriyyətinə əsasən onlara itaət vacibdir.
İmamət nizamı əslində risalət nizamının davamıdır. Peyğəmbər itrəti, övladları onun vəzifəsini davam etdirirlər. Onlar nübüvvət məqamına malik olmadan peyğəmbərin mirasını gələcək nəsillərə çatdırırlar. İslam cəmiyyətinə müdiriyyət üçün hökumət və vilayət məqamı Allah tərəfindən təyin olunmuşdur. Təəssüf ki, bu müdiriyyəti qısa bir müddət icra etmək mümkün olub. Elə peyğəmbərlərin də bəziləri qısa bir müddət hakim olublar. Beləcə aydın olur ki, imamət məsələsi kəlam mövzusudur. Bu mövzu bir etqad mövzusu olaraq araşdırılmalıdır. Ona bir fiqh bölməsi, tarixi və ya siyasi hadisə kimi baxmaq düzgün deyil.