Məqsəd amili haqqında

Məqsəd amili haqqında söhbət (“Fəsilnameyi-nuri-elm”, 14 isfənd-1364) Məhəmmədtəqi Misbah

-Ərəstun fəlsəfəsində məqsəd amili
-Tənqid
-İttifaqın mənası
-Yaranışın məqsəd amili

 


Müqəddimə

Ən qədim dövrlərdən başlayaraq bəzi mütəfəkkirlər belə düşünmüşlər ki, aləmdəki mövcudlar təsadüfi toqquşmalar, ünsürlərin birləşməsi nəticəsində yaranmışlar. Onların nəzərincə yalnız heyvan və insan yaranan zaman məqsəd mövzusu meydana cıxmışdır. Yəni təkcə şüurlu varlıqlar bir məqsəd nəzərdə tutub həmin məqsədə doğru hərəkət edirlər. Qida tapmaq, sığınacaq hazırlamaq onların fəaliyyət istiqamətləridir.
Qədim yunan fəlsəfəsində Demokrit və Epikür kimi alimlər, eləcə də müasir materialistlər təbiət hadisələrinin təsadüfi olduğuna inanırlar. Bəlkə də müasirlər bu münasibətlərində qədimdəkiləri də ötüb keçiblər.
Digər bir tərəfdən, varlıq aləminə hakim olan nizam bəşərdə belə bir fikir yaradıb ki, təbiət hadisələri təsadüfi, məqsədsiz ola bilməz. Xüsusilə son zamanlar təcrübi elmlər sayəsində açılan sirlər varlıq aləmində vahid bir nizam olduğunu göstərir. Aydın olur ki, müxtəlif mövcudlar üzərində vahid qanunlar toplusu hakimdir. Bu nizam və birlik o qədər böyükdür ki, savadsız adamların da diqqətini cəlb edir. Kimsə inkar edə bilməz ki, məməli canlının doğması ilə onun döşlərində süd yaranması arasında əlaqə yoxdur.
Bir çox müasir materialistlər bu kimi uyğunluqları daxili tənzimlənmə kimi yozaraq əsil həqiqətə don geyindirməyə çalışırlar. Guya canlı varlıqda elektirk ütüsü və ya qızdırıcısında olan tənzimləyici kimi bir qurğu var. Hansı ki, hətta belə bir baxışda sual yaranır: Canlıların daxilində bu sistemləri kim tənzimləyib?
Qədim yunan fəlsəfə məktəblərində Əflatun varlıq aləmindəki nizamı ruhani aləmdəki (“aləmi-musul”) əqli nizamın sayəsi kimi qəbul edir. Rəvvaqi məktəbində belə qəbul olunur ki, təbiət aləmilə külli əql və ya Allah arasında birlik var. Onlar bəzən də varlıq aləmini ilahi ruhun təni sayırlar.
Amma səmavi din ardıcılları varlıq aləmindəki nizamı Allahın hikmətli tədbir nişanələrindən sayırlar. Allahın varlıq aləminə elmi əhatəsi və qəyyumluğu olduğu halda o hülul və ya ittihad kimi səciyyələrdən uzaq və pakdır. Bəzən onlar nizam dəlili, məqsəd dəlili adı altında sübutlarını Allahın varlığına sübut sayırlar. Bu yöndə Ərəstunun nəzəriyəsində xüsusi bir yanaşma var. O varlıq aləmindəki nizama fəlsəfi şərh vermişdir və neçə əsrlər boyu bir çox filosoflar, o cümlədən İslam filosofları onun təsiri altında olmuşlar. Bu nəzəriyyə məqsəd amili nəzəriyyəsi adlanır. (“Elləti-ğayi”)
Ərəstun “Metafizika” kitabının birinci hissəsində qədim filosofların nəzəriyyələri haqqında danışdıqdan və yaranış səbəbləri haqqında fikirləri nəzərdən keçirdikdən sonra iddia edir ki, heç bir filosof ondan öncə dörd səbəb (maddi, zahiri, hərəkətverici, məqsəd) haqqında yetərli məlumat verməyib. O, İlya məktəbi davamçılarının əksinə olaraq, təbiət aləmində kerçək dəyişiklikləri qəbul etməklə hərəkətin yaranış səbəbini araşdırır. Beləcə dörd səbəbi nəzərdən keçirir:
1. Maddi səbəb - Hərəkət və dəyişmə qabiliyyəti olan bir mövzu. Məsələn, palıd toxumu dəyişib palıd ağacı ola bilər.
2. Zahiri səbəb - Bu hərəkət gedişində yaranan yeni dəyişmədir. Məsələn, palıd ağacının zahiri palıd toxumunun dəyişməsindən sonra yaranır.
3. Hərəkətverici qüvvə - Bu qüvvə hərəkətverici səbəb adlandırılır. Məsələn, heykəltaraş heykəl düzəltmək üçün daşı yonur.
4. Hərəkət yönünü dəyişən məqsəd səbəbi - Hərəkət bu məqsədin gerçəkləşməsi üçün müqəddimədir. Ərəstun deyir: (Məqsəd səbəbinə etiqadı Sokrat və Əflatunun sözləri ilə sübut etmək olar. Amma onların heç biri bu mövzuya lazımınca yer ayırmayıb) “Qədim filosoflar üç səbəbi az-çox araşdırıblar. Amma onların heç biri məqsəd səbəbinə diqqət yetirməyib.” (“Koplestonun fəlsəfə tarixi”, c. 1, s. 426) Bu səbəb bəzən elə həmin zahiri səbəbdir. Çünki palıd toxumunun cücərməsinin sonu palıd ağacıdır. Daşın yer üzərində olması onun səmadan yerə hərəkətinin sonudur. Amma istənilən bir halda hərəkətin sonu hərəkət edənin kamalıdır. Hərəkət kamala çatmaq üçün həyata keçir.
O əlavə edir: “Hərəkətlə məqsəd arasında rabitə zəruri bir rabitədir. Çünki palıd toxumu başqa ağaca yox, yalnız palıd ağacına çevrilir. Atılmış daş yalnız yerə enir. Amma başqa bir amil, məsələn insan onun istiqamətini səmaya yönəldə bilər.”
Ərəstunun əqidəsincə, hər bir təbii mövcudda məqsədə doğru xüsusi meyl var. Bu meyl səbəb olur ki, məqsədə doğru hərəkət baş versin. Hərəkət üçün məqsəd səbəbi elə budur. Məqsəd səbəbi mövcudda zati nəzm bərqərar olmasına zamindir. Çünki xüsusi kamala çatmaq üçün xüsusi nəzmə ehtiyac var.
O bütün dünyaya münasibətdə inanır ki, hər şeyin bir surəti var və bu surətin kamalı nəzm əsasında yaranır. Bu külli kamala çatmaq meyli ardıcıllıq, nizam yaradır. Beləcə, təbiətin külli nizamı məqsəd səbəbindən asılıdır və onun sayəsində formalaşır. Ərəstunun nəzərincə məqsəd səbəbini təbiət aləmi və onun hadisələrinin xaricində yox, daxilində axtarmaq lazımdır. Ərəstunun bəzi sələfləri də bu əqidədə olublar.

Tənqid

Ərəstunun sözlərində qaranlıq və sual doğuran nöqtələr var. Bu sözlər barədə ziddiyyətli şərhlər yazılıb. Bəziləri ifrat məhəbbətlə onun müdafiəsinə qalxıb, bəziləri də əksinə təfritə yol veriblər. Bizim Ərəstunla heç bir müxalifliyimiz və ya tərəfdarlığımız yoxdur. Əslində onun baxışlarını araşdırmaq üçün yetərincə imkana da malik deyilik. Bu səbəbdən də Ərəstunun baxışları ilə bağlı tarixi araşdırmaları fəlsəfə tarixi üzrə alimlərin ixtiyarına veririk. Onun nəql olunmuş sözləri barədə yalnız fəlsəfi baxış ünvanında araşdırma aparırıq.
Birinci sual budur ki, səbəblərin araşdırılmasında məqsəd nədir? Məqsəd bu deyilmi ki, səbəbiyyət qanunu yalnız maddi sferanı əhatə edir? Düzgün cavab budur ki, səbəb-nəticə qanunu təbiət aləmində məhdudlaşmır. Amma maddi və zahiri səbəblər təbiət hadisələrinin xüsusiyyətlərindəndir. Əlbəttə ki, bu cavabın şərhi üçün uzun bəhsə ehtiyac var. Bu isə bizi məqalənin məqsədindən uzaqlaşdırar.
Digər sual budur ki, hərəkətin məqsədi və məqsəd səbəbi eyni şeydir, yoxsa iki fərqli şey? Cavab budur ki, məqsəd sözü və onun sinonimləri başqa dillərdə müxtəlif mənalarda işlədilir. Onların iki məşhur mənası var: Biri hərəkətin sonu, digəri failin şüurla üz tutduğu məqsəddir. Çox vaxt bu iki məna qarışdırılır. Şübhəsiz ki, hərəkət başa çatdırdan sonra onun sonu ortaya çıxır. Bu sonu hərəkət üçün səbəb saymaq olmaz. Çünki bu halda nəticə səbəbdən önə çıxır. Demək, hərəkətin məqsəd səbəbi onun görünən sonundan fərqli bir şeydir. Amma Ərəstunun söhbətlərində bəzən bu iki məfhuma eyni yanaşılır. Fəlsəfə şərhçilərinin bəziləri Ərəstunun sözlərini belə izah edirlər ki, mahiyyət və məqsədin necəliyi vücuda yox, hərəkətin yaranmasına təsir edir. Amma bu söz mahiyyət prinsipi (əsaləti-mahiyyət) ilə uyuşmur. Bəziləri də deyirlər ki, səbəb və təsir məqsədin xarici yox, zehni vücuduna aiddir. Həqiqət budur ki, sadəcə zehni təsəvvür yox, hədəfə doğru şövq olan həqiqəti səbəb saymaq olar. Olsun ki, elə bu səbəbdən ərəstun təbii meylə istinad etmişdir.
Məhz bu məqamda üçüncü və ən mühüm sual meydana çıxır: Cəmadat və nəbatatda (cansız aləm və bitki aləmində) da məqsəd, meyl, şövq var? Olsun ki, Platon kimi arifanə meylli filosoflar bu suala müsbət cavab verərlər. Belə bir baxışa İslam filosofları arasında da rast gəlmək olar. Hətta İbni Sinaya məxsus bəzi risalələrdə əjdaha eşqindən danışılır. Amma bu hallar Ərəstunda nəzərə çarpmır. Olsun ki, Ərəstun bu qəbil sözləri təşbeh və istiarə ünvanında dilə gətirib. Bu iddia İbn Sinanın “Şəfa” kitabındakı bəzi qeydlərindən də sübuta yetir.
Beləcə, məqsədə doğru meyl kimyada ünsürlərin mürəkkəbə meyli kimidir. Bəzi kimyəvi elementlərin müxtəlif filizlər və ya oksigenlə birləşməyə meyli var. Amma onlardakı meyli təcrübi olaraq ortaya qoymaq olmaz. Görən Ərəstunun da məqsədi bu olub? Şübhəsiz ki, bu sayağı istiarə təbir məqsəd səbəbi adlı gerçəyi ifadə edə bilməz. Hər şeydən çətini dünya üçün külli təbiət və vahid surəti, eləcə də onun kamala şövqünü sübut etməkdir. Nə qədər ki, bu sübuta yetirilməyib, həmin nəzəriyyə əsasında cüzlər arasında həmahəngliyi təyin etmək mümkün olmayacaq.
Nəticə çıxarırıq ki, elm, şüur, şövq, məhəbbət və bu kimi başqa gerçəkləri heyvan və insana məxsus bilsək, şüursuz mövcudlarda daxili məqsəd amilini sübut edə bilməyəcəyik. Bunu deyə bilərik ki, mövcudların təbii hərəkəti daha kamil mövcudların yaranış və davamına aparır. Başqa sözlə, onların toplum arasında hərəkəti kamala doğrudur. Amma yenə də bu sual qalır ki, varlıq aləminin bu heyrətamiz nizamlı hərəkətinin səbəbi nədir?
Başqa sözlə, çıxarış yolu ilə yalnız bu nəticəni almaq olar ki, maddi hərəkətlərin sonu daha artıq vücud kamilliyinə aparır. Amma bu çıxarış naqisdir. Onun nəticəsi məntiqcə düz deyil. İkincisi, hər bir hərəkətin təkamül hərəkəti olmasını sübut etmək olmaz. Məntiqi dillə desək, bu nəticə “qəziyeyi-vücudiyyeyi-cüziyyə” şəklində sübuta yetir. Onu zəruri külli qəziyyə surətində sübut etmək olmaz. Yəni belə bir nəticə çıxarmaq olmaz ki, hər hadisənin məqsəd amilinə malik olması zəruridir. Bu elə bir amildir ki, vücudun təkamülünü, daxili nizamını təmin edir.
Bu qəziyyənin külli zərurət şəklində isbatı üçün qəbul edirik ki, yol qüvvədən hərəkətədir. Çünki hərəkət qüvvədən daha kamildir. Demək, hər bir hərəkətin istiqaməti kamala doğrudur. Amma bu dəlillər mübahisəlidir. Onu doğru saysaq, hərəkətin təkcə təkamül hərəkəti olması isbata yetir. Amma sübut olmur ki, istər maddi, istər mücərrəd, istər sakin, istər hərəkətli məlul üçün məqsəd amili var.
Belə də deyilə bilər ki, əgər hər bir mövcüdda məqsədə doğru təbii meyl olmasaydı, hadisələr təsadüfi olardı. Məsələn, palıd toxumundan zeytun ağacı cücərərdi. Demək, nəticə ilə hərəkət arasında uyğunluq onlar arasında zəruri rabitəni göstərir. Cavab olaraq deyə bilərik ki, illətlə məlul arasında (səbələ nəticə arasında) uyğunluq öncədən aydın nəticəni deməyə imkan verir. Yəni palıd toxumu yalnız palıd ağacına uyğun olduğundan baş verəcək hadisəni oncədən görmək olur. Onlar arasında uyğunluğu qəbul etmək palıd toxumunda təbii meyli qəbul etmək deyil. Mövcudlarda məqsəd səbəbinin olmasını inkar etmək təsadüfə etiqad sayılmamalıdır. Mövzunun aydın olması üçün təsadüf haqqında bir qədər izah vermək lazım gəli.

Təsadüfün mənası

Əgər deyilirsə ki, filan hadisə təsadüfi baş verib, burada bir neçə məna nəzərdə tutula bilər.
a)Nəzərdə tutula bilər ki, fərz olunan hadisənin qəti şəkildə səbəbi yoxdur. Belə bir məna səbəbiyyət qanununa ziddir. Belə çıxır ki, öz-özünə bir hadisə baş verib və hadisənin heç bir səbəbi olmayıb. Demək, səbəbin olmaması mənasında təsadüf mahal bir işdir.
b)Nəzərdə tutula bilər ki, həmişəkinin ziddinə olaraq istisna baş verib. Fəlsəfi təhlildən belə bir nəticə çıxır ki, həqiqi fail və ya onun cüzlərindən biri düzgün tanınmadığından baş vermiş hadisə gözlənilməz olub. Məsələn, deyilir ki, filan təqvalı insan filan pis işi görüb. Yəni həmişə günahdan çəkinən biri gözlənildiyinin ziddinə günaha yol verib. Burada çirkin işin baş verməsinin səbəbi şəhvət və ya qəzəbin fovqəladə həyəcanlanmasıdır. Bu həyəcan günahın baş verməsinin bir səbəbidir. Demək, səbəb olduğu halda baş vermiş hadisə təsadüf sayılır. Bu hadisənin fəlsəfi təfsiri bundan ibarətdir ki, faildən baş vermiş hərəkətin onunla heç bir uyğunluğu olmadığını düşünməməliyik. Burada fel mürəkkəbin cüzinə uyğun olur.
c)Nəzərdə tutula bilər ki, iradəsi olan fail bir işi heç bir məqsəd güdmədən yerinə yetirmişdir. Yəni iradi işdə məqsəd amili olmamışdır. Belə bir fərziyə yanlışdır. Çünki iradi işlərin hər birində nəfs və ya əql üçün bir ləzzət nəzərdə tutulur. İşin yerinə yetirilməsində məqsəd amili failin daxilindəki meyl və şövqdür. Əgər iddia olunsa ki, işin yerinə yetməsində meyl və şovqün heç bir rolu olmayıb, bu əvvələ, felin formasız failə aid edilməsinə qayıdır.
d)Nəzərdə tutula bilər ki, fail işi bir məqsədlə görmüş, amma başqa bir nəticə əldə etmişdir. Necə ki, biri su quyusu qazarkən qızıl küpü tapır. Belə bir şey olası işdir. Onun fəlsəfi təfsiri budur ki, yer qazmaq üçün məqsəd amili su olub. Demək, iradi iş məqsəd amili olmadan görülməyib. Amma qazan zaman küp tapılması mürəkkəb amil məluludur. Fərz olunan halda onun şəraiti gerçəkləşmişdir. Torpaqda xəzinənin olması istənilən şəraitdə müəyyənləşsə nəticə eyni olur. Əgər xəzinə tapmağı torpağı qazarkən məqsəd saysaq bu məqsəd həqiqi olmayacaq. Yəni bunu bəzi səbəblər məcmusu üçün məqsəd sayırıq. Hansı ki, məqsəd bütün məcmuəyə aid olur.
h)Nəzərdə tutula bilər ki, şüur və iradəsi olmayan fail işi məqsədsiz görmüşdür. Belə bir halda təsadüf sözünü işlətmək düzgün olsa deməliyik ki, baş vermiş hadisə mahal yox, zəruridir. Şüur və iradəyə əsaslanmayan bir iş odur ki, failin bu işdə məqsədi olmayıb.
Amma bilmək lazımdır ki, failin hədəfsiz sayılması üçün işin hədəfsiz olması zəruri deyil. Fail başqa bir failin təsiri altında ola bilər ki, birinci failin məqsədi olsun. Məsələni bir az aydınlaşdıraq: Kağız üzərində hərəkət edən qələmin məqsədi yoxdur. Amma onu hərəkət etdirən şəxsin məqsədi var. İlahiyyatçıların əqidəsinə görə, mücərrəd və ya maddi, bütün faillər, hətta mələklər Allahın iradəsinin təsiri altındadır: “Və hum bi əmrihi yəməlun”. Şüursuz mövcudlar da bu qəbildəndir: “Vəşşəmsə vəl-qəmərə vənnucumə musəxxəratin bi əmrih...” (“Əraf”, ayə 54)
Nəzərdə tutula bilər ki, fel heç bir məqsədi olmayan şüursuz fail tərəfindən həyata keçir. Yəni nə failin, nə də ondan yuxarının məqsədi olmayıb. Yuxarıdakı misalda aydın oldu ki, belə bir fərziyyə yanlışdır. Çünki bütün fəaliyyətlərin fövqündə ilahi fəaliyyət var və Allahın iradəsindən kənarda dayanış və hərəkət yoxdur. Bu səbəbdən də dünyada kiçik və ya böyük heç bir təsadüfi hadisə yoxdur.
Nəzərdə tutulan altı mənanı əsas götürsək aydın olar ki, təbii hərəkətdə məqsəd amilinin inkarı batildir. İşlə nəticə arasında zəruri rabitə də bu qəbildəndir.

Yaranışın məqsəd amili

Ötən söhbətdən belə bir nəticə aldıq ki, məqsəd amilini həqiqi mənasında şüursuz fail misalında sübut edə bilmərik. Çünki yalnız şüurlu fail məqsəd və hədəf izləyə bilər. Amma başqa faillərin də hərəkətləri məqsədli ola bilər. Çünki bu faillərin işində məqsəd onlardan yuxarıdakı failin məqsədidir.
Əlbəttə belə deyə bilmərik ki, varlıq aləminin nizama salınması təbiiliyə ziddir. (“Fussilət”, ayə 11) Məqsəd budur ki, əgər yuxarı fail olmasa təbii fail hərəkət edə bilməz. Əgər faildə ali sifətlər olmasa yaradanın da nizamı istənilən şəkil almaz. Sanki bütün bunlar vahid bir iradə ilə meydana gəlmişdir. Hər bir mərtəbəyə aid iş öz faili tərəfindən ortaya çıxmışdır. (“Fussilət”, ayə 12) Mövzunu tam aydınlaşdırmaq üçün geniş fürsətə ehtiyac var. Burada belə bir sual yaranır ki, Allahın məqsədi ola bilərmi? Bu suala müxtəlif şəkillərdə cavab verilmişdir. Şeyx İşraq deyir ki, Allah müqəddəs zatında iş üçün amil yaranması məqamından çox üstündür. Allah bir məqsədə çatmaq üçün iş görmək məqamından ucadır. (“Əl-məşarə vəl-mətarəhat”, c. 1, c. 427-432)
Amma deyə bilərik ki, fitrətən kamillik axtarışında olan varlıqlar məqsədə çatmaq üçün hərəkət edirlər. Bu məna yuxarıda qeyd etdiyimiz üçüncü mənaya daha çox münasibdir. Digər tərəfdən mücərrədatın mütləq kamala meyli var. Kamillik Allahın müqəddəs zatına aid olduğundan onu məqsədlər məqsədi saymaq olar. Amma Allahın felləri üçün onun zatından kənarda səbəb axtarmaq olmaz. Amma bu da məqsəd amilinin inkarı mənasında deyil. Elm, qüdrət, həya eynən Allahın zatıdır. Xeyir və kamala məhəbbət də Allahın zati sifətlərindəndir. Bu sifətlər yaranış səbəblərindəndir. Yəni Allah-taala varlıq aləmini kamillik və xeyiri sevdiyindən yaratdı.
Digər tərəfdən deyilir ki, ali və kamil mövcud alçaq və naqis mövcudu istəməz. Yəni mücərrəd - qeyri maddi mövcud maddi kamilliyə meyl göstərməz. Amma bilməliyik ki, maddi xeyir və kamillik istəyi əsas yox, haşiyə istəkdir.
Belə şərh edə bilərik: Təbiətüstü mövcudun heç bir qazanılası kamilliyi yoxdur. Onun zatı mütləq kamaldır. Yaradanın öz yaratdıqlarının kamilliyinə yardımı zata məhəbbət meylidir. İlahi filosoflar buyururlar ki, Allahın müqəddəs zatında hərəkət səbəbi eynən məqsəd səbəbidir. Nəticə çıxarırıq ki, varlıq aləminin yaranışı və idarəsi üçün əsil məqsəd amili Allahın müqəddəs zatı özüdür. Yəni misilsiz zata məhəbbət yaranış səbəbidir. Təbiətdə məqsəd yaranmışların kamalıdır. Çünki onların kamilliyi ilahi kamal və camal əsərlərindəndir. Onların varlığı ilahi varlığın cilvələrindəndir. Başqa bir nöqtə: Hər bir məxluqa sevgi dərəcəsi onun gözəllik və kamalına bağlıdır. Bütün yaranmışların gözəllik və kamalı olsa da (“Səcdə”, ayə 7) bu xüsusiyyətlər fərqlənir. Necə ki, valıq aləminin mərtəbələri fərqlidir. Valıq aləmindəki mövcudlar arasında ziddiyyətlət var. Bəzilərinin yaranışı üçün bir başqaları məhv olmalıdır. Yaranmışların kamillikləri arasında da dərəcələr var. Məsələn, insan maddi yaranışın məqsədi sayılır. (“Bəqərə”, ayə 29) Kamil insan digər insanların son məqsədi sayılır. İnsanın kamilliyi Allaha ibadətlə əldə edilir. Allaha pərəstişi insan üçün məqsəd saymaq olar. (“Zariat”, ayə 56) Amma bu kamillik insanın öz istəyi ilə əldə edilməlidir. İki yol ayrıcında seçim aparılmasını Qurani-kərim imtahan adlandırır. (“Mulk”, ayə 2) Elə bu məqamda varlıq nizamında insanın məqamı aşkar olur. Məlum olur ki, onun üzərində böyük məsuliyyət və ilahi əmanət var. Allah-taala bizə özümüzü, və məsuliyyətlərimizi tanımaqda, vəzifələrimizi yerinə yetirib ilahi əmanəti ünvanına çatdırmaqda yardımçı olsun. İnşaəllah!