Təlim-tərbiyə

Rəhman və Rəhim Allahın adı ilə
Təlim-tərbiyənin mənbə və üsulları
Ustad Məhəmmədtəqi Misbah Yəzdi

-Müqəddimə İslamda təlim-tərbiyənin nəzəri əsasları
-İslam baxımından təlim-tərbiyənin əməli üsulları
 

Müqəddimə

Hər bir təlim-tərbiyə proqramı onun əsasını qoyanların baxış və görüşlərinə əsaslanır. Burada insanın mahiyyəti, onun vücudunun yönləri, yaranış məqsədləri əsas kriteriyalardır. Bu proqramda insanın məqsədə doğru hərəkəti də nəzərdən keçirilir.
İslam təlim-tərbiyə sistemi də bir sıra prinsiplər üzərində qurulmuşdur. Həmin prinsiplər İslamın baxışlarından qaynaqlanır. Bu səbəbdən də islam təlim-tərbiyə sistemini araşdırmazdan öncə həmin əsasları nəzərdən keçirməliyik. Yalnız bundan sonra təlim-tərbiyə yolu aydınlaşa bilər.
İnsanın mahiyyətinə münasibətdə İslamın baxışlarına əsaslanaraq on iki nöqtəni təlim-tərbiyə prinsipi kimi qeyd etmək olar. Təlim-tərbiyə dedikdə təkcə təkamül şəraiti yaratmaq nəzərdə tutulmur. Bu sahədə fəaliyyət istiqamətləri də işıqlandırılır.

İslamda təlim-tərbiyənin nəzəri əsasları

1. İnsanın mahiyyəti
İslam baxımından insan təkcə hiss olunan bir orqanizm deyil, bu orqanizm dağılandan sonra fərqli ünsürlərə malik bir varlıqdır. (“Hicr”, ayə 29; “Sad”, ayə 72; “Mominun”, ayə 14; “Səcdə”, ayə 9, 11) Onun əbədi həyatı, əbədi səadət və ya bədbəxtliyi var. Əslində insanı insan edən onun ruhudur. İnsanın fiziki orqanizmi onun hərəkət və fəaliyyəti üçün bir vasitədir. Əlbəttə ki, bu baxımdan onun sağlamlığına əhəmiyyət verilir.
2. İnsanın dünyada mövqeyi
Yer üzərindəki varlıqlar arasında insanın xüsusi, ilahi istedadları var. Bu istedadlar onu başqalarından fərqləndirir. Onun zahiri və daxili orqanları, xüsusilə beyni və əsəb sistemi onu xarakterik edir. O bu xüsusiyyətləri sayəsində təbiətə təsir göstərir və onlardan faydalanır. İnsana bu imtiyazların verilməsi onun bir növ Allah tərəfindən əziz tutulmasıdır. (“İsra”, ayə 70)
3. İnsan yol ayrıcında
Allah-taalanın insana verdiyi qüvvə və istedadlar onun son hədəfə doğru hərəkəti üçün fitri sərmayələrdir. Bu verilənlərdən istifadə insanın iradə və seçimindən asılıdır. İnsan bu nemətlər sayəsində həm əbədi xoşbəxtliyə çata bilər, həm də uçuruma yuvarlanar. Beləcə, insan qarşısındakı yolu ikiyə haçalanmış təsəvvür etməliyik. Onlardan biri kamilliyə, o biri süquta uzanır. (“Tin”, ayə 4-6) Demək, insanın dəyəri onun təqva yolunu seçməsindən asılıdır. (“Hucurat”, ayə 13) Təbii ki, bütün insanlar eyni dəyərdə olmayacaq. İman və saleh əməl sahibləri müsbət dəyər qazanacaq, kafirlər və asilər mənfi dəyərləndiriləcək. (“Ali-İmran”, ayə 163; “Ənam”, ayə 132, “Əhqaf”, ayə 19; “Hud”, 105-108)
4. İnsanın yaranış məqsədi (son kamal)
İnsan öz fərqli xüsusiyyətləri ilə kamillik yolunu getmək üçün yaradılmışdır. O bu yolu öz istəyilə seçməlidir. (“Kəhf”, ayə 29; “Ənfal”, ayə 42; “İnsan”, ayə 2) İnsanın yol seçməsi onun üçün bir ləyaqətdir və onu Allaha yaxın məqama ucaldır. İnsan bu yolu seçməli olduğundan həmin yolun kənarında bədbəxtliyə aparan yol da qərar verilib. (“Bələd”, ayə 10; “Yasin”, ayə 60-61)
5. Dünya axirətin müqəddiməsidir
İnsanin yaranış məqsədinə diqqət yetirdikdə aydın olur ki, onun dünya həyatı özünütərbiyə üçün müqəddimədir və məhduddur. O bu dünyada istedadlarını işə
salır ki, axirət aləmində sabit və əbədi nəticə əldə etsin. Əgər insan dünyada kamillik yolunu seçsə əbədi səadətə çatar. Amma başqa yol seçsə əbədi fəlakətə düçar olar. Qurani-kərim təbirincə, dünya həyatı sınaq evidir. (“Hud”, ayə 7; “Mulk”, ayə 2; “Kəhf”, ayə 7; “Ənbiya”, ayə 35)
6. Ümumi hərəkət vasitəsi
İnsanın kamal və səadətə doğru hərəkəti və ya süquta uğraması onun əməl və rəftarları vasitəsilə baş verir. İnsan öz əməllərini nə qədər azad yerinə yetirsə, təsir və sürət böyük olacaq. Əməllərin əxlaq yükü olmaya da bilər. (“Bəqərə”, ayə 286; “Ali-İmran”, ayə 25; “İbrahim”, ayə 51)
7. İradə üzrə hərəkət şəraiti
İnsanın azad rəftarları onun meyllərindən qaynaqlanır. İnsan öz bilik və baxışları ilə onları istiqamətləndirir. (“İnsan”, ayə 3; “Şəms”, ayə 8) Bundan əlavə insanın fəaliyyətləri üçün təbii, ictimai xarici şərtlər də ödənməlidir.
8. Təsirli seçimdə normal hədd
İnsanın südəmərlik dövrünə aid ibtidai rəftarları instinktlərdən qaynaqlanır. Bu işlərdə onun iradəsi rol oynamır. Bu qəbil rəftarların insanın xoşbəxtlik və ya bədbəxtliyində əhəmiyyətli rolu yoxdur. Zaman keçdikcə təcrübə və biliklər artır, insan öz rəftarlarında seçim apararaq tele yüklü addımlar atmağa başlayır. Məhz belə bir məqamda, yetkinlik çağında “nisab” deyilən bir hədd orataya çıxır. Bir növ nörmativlər müəyyənləşir. (“Nisa surəsi”, ayə 6)
9. Fərqlər və məsuliyyətlər arasında rabitə
İnsanlar Allah verən istedadlar baxımından eyni deyillər. Onların fiziki və psixoloji imkanları fərqlidir. Onların təbii və ictimai-siyasi nemətlərdən istifadəsi də eyni olmur. Bu fərqlər Allahın valıq aləminə hikmətli müdiriyyətinin nəticəsidir. (“Ənam”, ayə 165) Bu fərqlər sayəsində məsuliyyətlər də fərqlənir. Hər bir insan öz istedadları həddində Allah qarşısında məsuliyyət daşıyır. (“Bəqərə”, ayə 233, 286; “Təlaq”, ayə 7;)
10) Təlim-tərbiyənin təsiri (müəllim və tərbiyəçinin rolu)
İnsan elm və bilik əldə etmək, dəyərlərlə tanış olmaq, öz istedadlarını işə salmaq üçün başqalarından kömək ala bilər. O, ətrafdakıların yardımı ilə büdrəmələrdən xilas ola bilər. İnsanın elm və maarifini artıra biləcək şəxs müəllim və tərbiyəçidir. (“Nəhl”, ayə 93; “Təkasur”, ayə 8; “İsra”, ayə 36; “Saffat”, ayə 24) Müəllim və tərbiyəçi yüksək dəyərləri tanıtdırır, onların üstünlüyünü sübuta yetirir, meyllərə nəzarət yolunu öyrədir, ona doğru seçimdə yardımçı olur, isar və fədakarlığa çağırır. Bir sözlə, allahpərəstlik yolunda insanın əlindən tutan müəllim və tərbiyəçidir. Nəticədə insan ilahi hədəflərin gerçəkləşməsi yolunda addım atır. (“Biharul-ənvar”, “Üsuli-kafi”)
11.İctimai həyat zərurəti və onun vasitələri
İnsan öz həyatının davamı, ehtiyaclarının təmini, təhlükələrlə mübarizə üçün öz həmnövləri ilə həmkarlıq etməlidir. İctimai həyatın bərpası, iş bölgüsü, qazancların ədalətlə paylanması, qayda-qanunlar, icra orqanları həyatın tələbləridir. Bütün bunlar olmadıqda cəmiyyətdə hərc-mərclik yaranır, insanlar təkamül hərəkətindən məhrum olur. İnsanların tənhalığa çəkilməsi onların özləri və ictimai həyat üçün təhlükəlidir. Əslində bu hal ictimai həyata zərərlidir. İctimai həyatdakı fəaliyyətlər və münasibətlər seçim üçün bir vasitədir. (“Muhəmməd”, ayə 4, 31; “Ali-İmran”, ayə 186; “Bəqərə”, ayə 155; “Ali-İmran”, ayə 154)
12.İctimai məsuliyyətlər
İnsan həyatı ikiyönlü olduğundan seçim insanın öz ixtiyarındadır. Bir qrup insan təkcə öz zərərinə yox, həm də cəmiyyətin zərərinə addımlar atır. Bu qəbil insanların qarşısı alınmasa bütün yer üzünü zülm-sitəm bürüyər. (“Ali-İmran”, ayə 104) Belə bir şəraitdə insanların təkamül şəraiti aradan qalxar. (“Bəqərə”, ayə 251; “Həcc”, ayə 40) Elə bu səbəblərdən də fərdlər, qruplar və rəsmi qrumlar üçün ictimai məsuliyətlər təyin edilməlidir.

İslam baxımından təlim-tərbiyənin elmi əsası

Qeyd olunan prinsiplərə əsasən təlim-tərbiyənin keyfiyəti ilə bağlı bir neçə ümumi nəticə əldə etmək olar. Bu nəticələr “Təlim-tərbiyənin elmi əsasları” adlanır;
1.Maddi və mənəvi ehtiyacların düzgün dəyərləndirilməsi
Təlim-tərbiyənin və tərbiyəcinin rəftarlarının məzmunu əhatəli olmalıdır. Tərbiyəçi insanın mənəvi yönünü anlamalı və onun maddi ehtiyaclarına vasitə kimi baxmalıdır.(“Ali-İmran”, ayə 14, 185; “Qəsəs”, ayə 60) Eyni zamanda ruh üçün yükə çevrilə biləcək ifrat zahidanə tövsiyələrdən çəkinmək, sağlamlıq və normal əyləncəni unutmamaq lazımdır.
2.Kəramət və izzət hisslərinin oyadılması
İnsanın yaranmışlar arasında xüsusi mövqeyini və ona fərqli nemətlər əta edilməsini nəzərə alaraq kəramət və izzət hisslərini oyatmağa cəhd göstərmək lazımdır. İnsana anladılmalıdır ki, nəfsin alçaq təkliflərini qəbul etmək insanlıq şənində deyil, ağıl və ruhu alçaldır. (“Şəms”, ayə 9, 10) Digər bir tərəfdən, ruhani nemətlər və qüvvələr ilahi əmanət olduğundan onlara münasibətdə Allahaın razılığını qazanmaq lazımdır. İnsan Allahın əmanətlərinə xəyanət etməməlidir. Eyni zamanda müəllim və tərbiyəçi tərbiyə etdiyi insana əmanət kimi baxmalı, ona Allahın razılığına uyğun biliklər öyrətməlidir. (“İmam Zeynəl-Abidinin (ə) hüquq risaləsi”)
3.Qəflətlə mübarizə
İnsan daim iki yol ayrıcında, sonsuz tərəqqi və sonsuz süqut arası seçimdə olduğundan daim təhlükədə olduğunu unutmamalı, dünyəvi nemətlərə uymamalıdır.(“Loğman”, ayə 33; “Fatir”, ayə 5) İnsan dünya mövqelərinə uyub ömrünü qəflət içində keçirməməlidir. (“Rum”, ayə 7; “Əraf”, ayə 205; “Ənbiya”, ayə 1; “Munafiqun”, ayə 9; “Hicr”, ayə 3) Hər bir insanın daxilində mənfəət və kamillik istəyi, zərərdən qaçmaq meyli var. İnsan bütün bu hisslərdən ayə və rəvayətlərdə tövsiyə edilən şəkildə bəhrələnməlidir. (“Bəqərə”, ayə 213; “Nisa”, ayə 165)
4.Allahı daim yadda saxlamaq
İnsanın yaranış məqsədi Allaha yaxınlaşmaq olduğundan o daim ilahi zikrə üz tutmalı, bu yolla ruhunu aramlaşdırmalıdır. (“Rəd”, ayə 28) İnsan Allah zikrindən bir kompas olaraq istifadə etməli, həm də bu zikrlərlə öz işinə ilahi rəng verməlidir. (“Maidə”, ayə 2; “Fəth”, ayə 29; “Həşr”, ayə 8; “Nur”, ayə 37; “Bəqərə”, 207; “Rəd”, 22; “Rum”, 38; “Ləyl”, 20; “Tövbə”, 111; “Hədid”, 23)
5.Sonlunun sonsuzla dəyişməsi
Dünya həyatının axirət həyatı üçün müqəddimə olduğunu nəzərə alaraq iki nəticə çıxara bilərik: Əvvəla dünyanın ləzzət və əziyyətləri əbədi deyil - nə ləzzətlərə bağlanaq, nə də əziyyətlərdən qorxaq. (Tövbə, 111; Hədid, 23) Həqiqi səadət dünya səadəti deyil və onun axirət yolunda xərclənəsi anını ləl-cəvahirata dəyişmək olmaz.
6.Tüfeyliliklə mübarizə
İnsan həqiqi kamillik və səadətə yalnız öz iradi hərəkətləri ilə çata bilər. (“Nəcm”, ayə 39) Hətta şəfaət üçün insanın özü fəaliyyət göstərməlidir. (“Ənbiya”, ayə 28) İinsan özündə azadlıq, fəaliyyət, təlaş ruhiyyəsini diri saxlamalı, başqalarına arxalanmamalıdır. (Üsuli-kafi, c. 2, s. 148, 149)
7.Əməldə azadlıq
İnsanın təkamül hərəkətində azad seçimin müstəsna rolu var. İnsan iradəsiz bir varlıq olmamalıdır. Ondakı müstəqillik hissi yersiz mütiliklərin və məcburi hərəkətlərin qarşısını alır. Hətta tərbiyəçi bir göstəriş verərkən öz göstərişlərini məntiqi əsaslandırmalıdır ki, tələbə öz üzərində zor hiss etməsin.
8.Tədricilik prinsipi
İnkişaf və təbii təkamül yolunun tədriciliyini nəzərə alaraq müəllim və tərbiyəçi yaş və içtimai amilləri nəzərə almalıdır. O öz işini addım-addım, aram görməli, sıçrayışlı hətəkətlərə yol verməməlidir. Tərbiyəçi hətta dərs proqramında tələbənin gücündən artıq tədrisdən çəkinməlidir.(“Üsuli-kafi”, c. 2, s. 86, 87)
9.Etidal, orta hədd
Fərd və qrup fərqlərini nəzərə almaqla proqramların hazırlanmasi və icrasinda hədd gözləmək, yorucu addımlardan çəkinmək lazımdır. Hər halda dərsdə orta həddin gözlənilməsi bir prinsipdir.
10.Əhəmiyyətə diqqət
Müəllim və tərbiyəçinin yeni nihalların cücərdilməsində, istedadlarin çiçəkləndirilməsində əhəmiyyətli rolunu nəzərə alaraq tədris proqramlarını hazırlayanlar, eləcə də müəllim və tərbiyəçilər öz məsuliyyətlərini dərk etməlidirlər. İnsanın vaxtını və ömrünü hədərə verən proqramlardan çəkinmək, cəmiyyətin ehtiyacını nəzərə almaq lazımdır. Proqramda insanın əbədi səadətinə daha çox təsirli olan əqidə və əxlaq məsələlərinə onəm verilməlidir. Dərslərdə cazibədarlıq və maraqlılıq prinsipi gözlənilməlidir.
11.Təbii və ictimai biliklər
İctimai həyatda maddi ehtiyaclarin təminatı, İslam cəmiyyətində rifah zəruri nöqtələr olduğundan təbiət elmləri və riyaziyyata dərs proqramlarında yer vermək lazım gəlir. Amma proqramlar hazırlanarkən bütün hallarda əsas məqsəd Allaha yaxınlaşmaq olmalıdır. Proqramdakı bütün əlavə nöqtələr son məqsəd üçün müqəddimə rolunu oynamalıdır.(“Munafiqun”, ayə 8; “Nisa”, ayə 141; “Ənfal”, ayə 60)
12.İctimai məsələlərə münasibətdə məsuliyyəti gücləndirmək
Müxtəlif ictimai məsuliyyətlər zəruri edir ki, təlim-tərbiyə proqramları kompakt olsun. Proqramlarda biganəliyə şərait yaradan nöqtələrə yol verilməməli, müəllim və tərbiyəçilərdə isar və fədakarlıq ruhu gücləndirilməlidir. Xüsusilə mübarizə və cihad ruhiyyəsi məzlumlar və məhrumların müdafiəsi hissi diqqət mərkəzində saxlanılmalı, bu prinsiplərdən ideal cəmiyyətin qurulmasında bəhrə götürülməlidir.