Hüququn mənbəsi

Ayətullah Məhəmmədtəqi Misbah Yəzdi
5-ci İslam düşüncəsi konfransı
Hicri-şəmsi 1356, 11 bəhmən
-Müqəddimə
-Mövzunun qoyuluşu
-Əsaslı bir ziddiyyət
-Çaşqınlıq səbəbi
-Şübhələrin analizi
-Fayda (məsləhət nədir)
-Fərd və cəmiyyətin məsləhəti
-Həqiqət və məsləhətin əlaqəsi
 

Rəhman və Rəhim Allahın adı ilə

Müqəddimə

Mövzumuz hüququn tətbiq sahələridir. Amma söhbətə başlamazdan öncə hüquq və onun tətbiqləri haqqında qısaca izahat verək:
Bəşər cəmiyyətində xüsusi müqəddəslik və gözəlliyə malik sözlər arasında haqq, ədalət, onların sinonimləri də var. Bəlkə də insanlar arasında özünü batil və zülm tərəfdarı sayan yoxdur. Dünyanın ən zalım hökumətləri belə xalqı aldatmaq üçün özünü haqq-ədalət tərəfdarı kimi tanıtdırır. Onlar öz çirkin əməllərini haqq-ədalət iddiaları altında pərdələməyə çalışırlar. Bu iki sözün yaxınlığı o zaman daha aydın olur ki, ədalətə tərif verək: “Ədalət haqqı onun sahibinə verməkdir.” Haqq və ədalət istəyi bütün içtimai dəyərlərin anası sayılır. Haqq- ədalətin gözəlliyi ağlın hökmüdür və fitrət buna meyl göstərir. Zülm və haqsızlıqın piliyi də ağılın hökmlərindəndir və fitrət bunu bəyənmir.
İslamda da bu qəbil sözlərin xüsusi dəyəri var. Quranda, peyğəmbər və Əhli-beytin (ə) buyuruqlarında bu sözlərdən çox istifadə edilir. Bütün bunlar həmin sözlərin əhəmiyyətindən danışır. Amma qeyd etməliyik ki, haqq sözünün müxtəlif işlənmə yerləri var və onların bir qismi bizim mövzumuza aid deyil. Məsələn, burada məna baxımından haqq, sözün gerçək olması mənasında nəzərdə tutulmur.
Allah-taala mənasında haqq sözü də mövzumuzun predmeti deyil. Haqq-ədalət istəyi fitri istək sayılarsa bunun allahpərəstlik fitrətinə aidiyyatı yoxdur. Onların biri haqqında danışarkən o birinə istinad etmək olmaz. Bəziləri buna cəhd etmiş, haqqın əxlaqi və fəlsəfi mənalarını qatışdırmışdır. Hüquqi sahədə haqq sözünün işlənmə yeri bəzən əxlaq və din sahəsindən kiçik olur. Məsələn, Allahın insan üzərindəki, hətta insanın Allah üzərindəki haqqı bu qəbildəndir. Hansı ki, hüquqi mənada haqq deyəndə yalnız insanlar arasındakı rabitələr nəzərdə tutulur. Hüquqşünaslar hüquq sözunu ən azı iki mənada işlədirlər: Fərd və ya qrupun xeyri üçün nəzərdə tutulmuş hüquqlar və ictimai qanunlar ifadəsilə eyni mənada olan hüquqlar. Birinci mənada hüquqlar möhtərəm sayılmalı, kimsə tərəfindən pozulmamalıdır. Amma bu iki məna da bir-birindən təcrid olunmayıb. Çünki bütün qanunlar fərd və cəmiyyətlə əlaqədardır. Qanunlar bir tərəf üçün hüquq, o biri tərəf üçün vəzifə təyin edir. Biri üçün vəzifə təyin edilməsi digəri üçün haqq təyin edilməsidir. Bu bölgü içtimai mənada da özünü doğruldur. Ümumi qanunlar cüzi qanunlarla gerçəkləşir. Onların hər birində hüquq və vəzifə nəzərdə tutulur. Bir sözlə, hüquq və vəzifə bir-biri ilə şərtlənib. Onlardan hər birinin təyini o birini meydana çıxarır.

Məsələnin qoyuluşu

Qeyd olunduğu kimi, haqpərəstlik böyük insani dəyərlərdən sayılır. Belə ki onu “ictimai dəyərlərin anası” adlandırırlar. Amma haqq sözü öz-özlüyündə hansısa əşya və ya rəftarı bildirmir. Ədalət sözünün də mənası nümunə üzərində müəyyənləşir. Öncədən haqq müəyyənləşməlidir ki, onu sahibinə qaytarmaq ədalət nümunəsi sayılsın.
Başqa sözlə, haqq və ədalət məfhumları nümunələrin dərki ilə anlaşılmır. Eyni bir hərəkət və ya rəfdar həmişə haqq və ədalət sayılmır. Hətta qətl müəyyən nümunəsində haqq-ədalət sayıla bilər. Məsələn, qisas və ya qanuni cəzada qətl özü də ədalətdir. Demək, əməlin haqq və ya nahaq sayılması üçün onun nümunəsi müəyyənləşməlidir. Nə qədər ki, müqayisə baş verməyib hərəkət öz-özlüyündə ədalət və ya zülm sayılmaz.
Elə bu səbəbdən də hazırkı mövzu hüquq fəlsəfəsinin mühüm məsələlərindən sayılır. Hüququn hansı tətbiq sahələri var? Fərdlərin hüquq və vəzifələri müxtəlif şəraitlərdə hansı meyarlar əsasında müəyyənləşir? Haqq və haqsızlığın, ədalət və zülmün mənşəyi nədir? Deyilə bilər ki, haqq və ədalət sağlam ağıl, fitri vicdanla tanınır. Çünki hər bir ağıllı insan yetimin əlindən çörəyin alınmasını zülm sayır. Ümumi olaraq malı sahibinin əlindən almaq, başqalarının canına və namusuna təcavüz etmək zülm və haqsızlıqdır. İnsanlarn haqqını qaytarmaq isə ədalət sayılır.
Amma belə bir qənaətin arxasında elmi və fəlsəfi movzularda səthi düşüncə dayanır. Hüquqi məsələlərlə xülasə tanışlığı olan insan yaxşı bilir ki, çox vaxt haqqı müəyyənləşdirmək sadə olmur. Hətta elə hallar yarana bilər ki, dünya səviyyəli məhkəmələr mövzu ilə bağlı hökm çıxara bilməsin. Bəli, haqq və nahaqı təyin etmək bəzi hallarda çox çətin olur.
Haqq və ədalətin nümunələri aydın olduqda adi xalq da mühakimə yürüdə bilir. Bəzən isə haqqı müəyyənləşdirmək üçün mürəkkəb formullara ehtiyac yaranır. Həmin qanunlar, formullar və kəşf yolları söhbətimizin əsas mövzusudur.

Əsaslı bir ziddiyyət

Səthi baxışları bir kənara qoyub, hüquqşünaslar arasında köklü bir ixtilafa nəzər salaq. Haqq və ədalət özündən bir gerçəkliyə malikdirmi? Bu qəbil məfhumlar etibaridir, yoxsa həqiqi? Onların əsası şərtidirmi? Əgər ümumi şərtləşmə yoxdursa mövzu ilə bağlı qanunlara ehtiyac yaranır.
Qədim zamanlardan filosoflar arasında belə bir fikir olub ki, haqq-ədalət, digər əxlaqi və hüquqi məfhumlar xalqın rəyi əsasında təyin edilir. Bu şüar onların ən aydın şüarıdır. Onlar deyirlər ki, hər şeyin miqyası insandır. Əflatunun yazdıqlarından belə anlaşılır ki, Sokratla filosoflar arasındakı ən mühüm mübahisə mövzularından biri əxlaqi və hüquqi məfhumlar olub.
Amma bu meyl Əflatun və Ərəstun fəlsəfələri ilə rövnəqdən düşüb. Neçə əsr bu fikrin tanınmış tərəfdarı olmayıb. Amma intibahdan, xüsusilə Hyumun dövründən o yeni rəng alıb. Hyum məşhur şəkkak, ingilis filosofudur. Zaman örtdükcə onun tərəfdarları artıb. Hazırda pozitivist hüquq məktəbləri bu fikirdən qaynaqlanır.
Bi fikir sahibləri qarşısında deyə bilərik ki, hüququn əqli və gerçək əsası olmasa, ziddiyətli qanunlar ortaya çıxar. Xalqın rəyi əsasında xeyir və zərər müəyyənləşdikdə cəmiyyətin zərərinə olan qanunlar meydana çıxır. Hətta qanunu verənlər özləri sonradan həmin qanun üzərində islahat aparırlar. Bu islahatlar sübutdur ki, xeyir və zərər xalqın rəyi əsasında təyin edilə bilməz. Yəni həqiqətin mahiyyəti var və o şərti deyil.
Bu qısa cavab gündəmdə olan şübhələri aradan qaldırmaq üçün bəs etmir. Ən azı mühüm şübhələri araşdırmaq lazım gəlir.

Çaşqınlıq səbəbi

Olsun ki, İslam mədəniyyəti ağuşunda boya-başa çatdığımızdan bəzi hüquqşünasların xalqın rəyinə önəm verməsindən təəcüblənək. Biz müsəlmanlara haqq-ədalətin insanlar tərəfindən təyini qeyri-adi görünə bilər. Hansı ki, bu baxış beynəlxalq səviyyədə hüquq toplantılarında əsas götürülür və onun kifayət qədər tərəfdarları var.
Amma nəzərdən qaçırmamalıyıq ki, bu fəlsəfi baxış da digərləri kimi təsadüfən ortaya çıxmayıb. Burada görünməyən əllər işləyir. Dünya boyu rəvac tapmış imperialist məqsədlər psixologiya, sosiologiya, iqtisadiyyat və digər sahələrə öz təsirini göstərir. Dünyada fəlsəfi əsaslar zəif olduqundan ortalığa atılmış şübhələr yetərli cavabını almayıb. Beləcə, metafizik baxışlar zəifləyib, ağlın hökmünü hissin hökmü əvəz edib.
Bu qəbil baxışların hüquq və əxlaq fəlsəfəsində yer almasının səbəbi emprizim, pozitivizim məktəblərinin ortaya qoyduğu şubhələrin cavabsız qalmasıdır. Bu baxışlar üçün ictimai şərait münasib olmuşdur.
Bütün bu şübhələri araşdırmaq bu yığcam məqaləmizin imkanlarından xaricdir. Bu səbəbdən də şübhələr arasından yalnız ən əsaslarını nəzərdən keçirə bilirik.

Şübhələrin analizi

1.Şübhələrdən biri budur ki, hüququn sabit əqli əsasları varsa nə üçün cəmiyyətlərdəki hüquq sistemləri sabit qalmır? Hazırda ayrı-ayrı ölkələrdə müxtəlif hüquq sistemləri tətbiq edilir. Onların hər biri hansısa həddə camiyyətdə sabitlik yaranmasına yardımçıdır. Xalqın münasibəti dəyişdikdə bu hüquq sistemləri də dəyişir. Bəzim cəmiyyətlərdə hətta dini hüquq sistemlərinin dəyişdiyinə şahidik.
Cavab olaraq deməliyik ki:
Əvvəla, hüquq sistemini tam müstəqil sistem hesab etmək olmaz. Qəbul edilməməlidir ki, hüquq sisteminin məqsədi xalqın istəklərinə uyğun nisbi sakitlik yaratmaqdır. Əslində hüquq sistemi cəmiyyətə hakim dəyərlər sisteminin bir hissəsidir. Hüquq da cəmiyyətə hakim sistemdə nəzərdə tutulmuş son məqsədin gerçəkləşməsinə xidmət edir.
Başqa sözlə, ictimai münasibətlər insan həyatının yalnız bir hissəsidir. İnsanların kamala çatması üçün bu sahənin də öz rolu var. Demək, hüquqi qanunlar elə tənzimlənməlidir ki, bütün dəyər sisteminin son məqsədinə uyğun olsun. Hər halda hüquq cəmiyyətdəki dəyər sisteminə zidd olmamalıdır. Bu bir həqiqətdir ki, insanlar tərəfindən yaradılmış hüquq sistemlərində diqqətsizlik səbəbindən hüquq din və əxlaqdan ayrılmışdır.
İkincisi, ayrı-ayrı məqsədlərə doğru eyni hüquq sistemilə getmək iddiası cəfəngiyyatdır. Qeyd etdik ki, çox vaxt hüquq sistemini yaradanlar özləri onu dəyişirlər. Demək, cəmiyyətin istəyi əsasında qanunlarda islahat aparılır. Üçüncüsü, hüquq sistemində sabit əsasların olması onların müəyyən məqamlarda dəyişmə zərurətini inklar etmir. Şəriətlərdə baş verən nəsx hadisəsi bunun dəlilidir. Hər halda hüququn əqli əsaslarını yalnız sabitlik kriteriyasına görə şübhə altına almaq olmaz.
2.Digər bir şübhə budur ki, hüquq sistemi cəmiyyətdə ən azı fəal bir qrup tərəfindən qəbul edildikdə tətbiq olunur. Demək, hüquqi qanunların gerçəkləşməsində xalqın qəbulu rol oynayır. Hər halda fərd və ya qrupların qanun sisteminə münasibətinə biganə qalmaq olmaz.
Deyilənlərə münasibətimiz nədir? Cavab olaraq bildirməliyik ki:
Bir hüquq sistemini işə salmaq üçün cəmiyyət onu qəbul etməlidir. Əgər qanun sisteminə ən azı fəal bir qrup tərəfdar çıxmasa, onu həyata keçirmək olmaz. Amma sual budur ki, xalqın rəyini nəzərə almadan hüquq sisteminə qiymət vermək olarmı? Deyə bilərikmi ki, xalqın qəbul etdiyi sistem ədalətlidir? Ədalət və zülmü təyin edən xalqın qəbuludurmu? Haqq-ədalətin xalqın rəyi ilə ölçülmədiyini düşünənlər bu fikirdədirlər ki, xalqın baxışından asılı olmayaraq hüquq sistemi ədalətli ola bilər. Eyni zamanda xalqın qəbul etdiyi bir sistem zalım sistem ola bilər.
3. Digər bir şübhə budur ki, hüquq qaydaları mahiyyət etibarilə inşaidir və əmrlər, qadağalar üzərində qurulmuşdur. Onlar xəbər cümləsi şəklində bəyan olunsa belə imtiyazlar mənasında hüququn bəyanı olduğundan yalan və ya doğrulugu iddia edilə bilməz. Burada inşaçının uslubunun bir məhək kimi nəzərdə tutulması zəruridir. Hər halda inşa inşaçının istəyindən başqa bir şey deyil.
Cavabında deməliyik ki:
Biz hüquqi ifadələrin inşa olunduğunu rədd etmirik. Hətta xəbər cümlələrinə müraciəti də mümkün sayırıq. Amma bu qəbil dil və ədəbiyyat mövzularını bir kənara qoysaq, deyə bilərik ki, filan qanun cəmiyyətin xeyrinədir və ona əməl edilsə cəmiyyət xeyir görər. Əksinə, filan qanun cəmiyyətin ziyanınadır və ondan imtina edilsə cəmiyyət fayda qazanar. Biz hüququn məsləhətə uyğun olması dedikdə yalnız bunu nəzərdə tuturuq.
Aydın olur ki, hüququn əsası əmr və qadağalar deyil. Sadəcə hüquq qaydaları əmr və qadağalar şəklində bəyan olunur. O insanı əmələ daha çox vadar edən danışıq formasıdır. Bu üsul pisxoloji baxımdan seçilir, onun hüquqi mahiyyətinə heç bir aidiyyatı yoxdur.
4. Digər bir şübhə budur ki, hər bir hüquq qaydasının etibari, şərti məfhumları var. Hüquq mövzularında mülkiyyət, zövciyyət kimi məfhumlar mövcuddur. Razılaşma olmadığı halda bunların həqiqəti yoxdur. Beləcə, bu qəbil məfhumlara malik olan hüquq qaydaları üçün düzgünlük və xəta kimi normalar nəzərdə tutmaq olmaz.
Cavab olaraq deməliyik ki:
Yuxarıdakı məfhumlar etibari, razılaşdırılmış olsa da, onların daxilində xüsusi gerçəkliklər var. Onları tam halda fərziyyə saymaq olmaz. Bu məfhumlar riyazi simvollar kimidir. Onlar vurma-bölmə kimi təsirlərə məruz qalmışlar. Məsələn, zövciyyət adı bir simvoldur. O, ailə çütlüyünün ailə həyatında cəmindən danışır. O müəyyən hədlər və şərtlərlə tanınır.
Hüququ məfhumlar öz-özlüyündə bir həqiqətə malik olmasa da, tamamilə həqiqətdən uzaq da deyil. Biz onların həqiqətlə əlaqəsini tapa bilərik. İnsanların gerçək rabitələri bu kimi məfhumların əsasını təşkil edir. Hüquqi və dəyər daşıyan işlər iki üzlü sikkə kimidir. Onların bir üzündə etibar, o biri üzündə gerçəklik var.
Amma bu məfhumları etibarlı edən amillər digər əqli etibariliklərdə olan amillərin oxşarıdır. Onlar hərf və işarələrin formullarda işlənməsi amillərinə bənzəyir. Bu səbəbdən də hüquq qaydalarının etibarilik forması bizi aldatmamalıdır. Onların daxilində bir həqiqət var. Fiziki, kimyəvi həqiqətlərin əlamətlərlə ifadəsi onların həqiqətdən uzaq olduğunu göstərmir.
Bunu da qeyd etməliyik ki, razılaşmalarla ortaya çıxmış zövciyyət kimi məsələlərdə tərəflərin razılığı ictimai mövzuda formulun cüzləridir. Onların hər biri gerçək mövzudur. Bu kimi məsələlərin ifadəsi zamanı şərti əlamətlərdən istifadə edilməsi onların mahiyyətcə şərti olduğunu göstərmir.
Nəticə çıxarırıq ki, hüquqi məfhumların etibari olması onların mahiyyətcə etibari olması deyil.
5. Digər bir şübhə budur ki, hüquq qaydası bir tərəf üçün hüquq, o biri tərəf üçün vəzifə yaradır. Bu səbəbdən də bütün hüquq qaydalarını “olmalıdır”, “vacibdir” məfhumlarından ibarət saymaq olar. Bu məfhumlar dəyər yaradan məfhumlardandır. Çünki həqiqi məfhumlar xarici mövzulardan danışır və onlar tövsifi xarakterlidir. Dəyər məfhumları isə göstəriş verir, vəzifələr yaradır.
Bu iki müqəddimə əsasında aydın olur ki, hüquq qaydalarını mahiyyət etibarı ilə gerçəklikdən uzaq salmaq olmaz. Məsələn, “insan azad yaradılıb, onun seçim ixtiyarı var” müqəddiməsindən “ insan azad yaşamalıdır, hər bir insanın azadlıq haqqı var” nəticəsini çıxara bilmərik. Çünki dəlilin doğruluq şərtlərindən biri budur ki, nəticə müqəddiməni təşkil edən məfhumlardan ibarət olmasın. Tövsifi xarakterli ifadələr “olmalıdır” məfhumlarından təşkil olunmayıb. Amma göstəriş ifadələrində bu kimi məfhumlar mövcuddur.
Nəticə çıxarırıq ki, hüquqi ifadələr nə görünən gerçəkliklərdən, nə də tövsifi mühakimələrdən ibarətdir. Bu cavabın aydınlaşması üçün iki nöqtəyə diqqət yetirmək lazımdır:
Onlardan biri budur ki, mahiyyət gerçəkliyi dedikdə xarici gerçəkliyi olan əşya yox, xüsusiyyətləri ağıl tərəfindən dərk edilən vəsflər nəzərdə tutulur. İnsanların təsir göstərən və təsirlənən ixtiyari rabitələri bu qəbildəndir. Maddi və dünyəvi, mənəvi və axirətə aid nəticələr də buraya daxildir. Bu rabitələr mahiyyətcə gerçəklikdən təşkil olunub. Amma onların xarici vücudunun olduğunu deyə bilmərik. Başqa sözlə, fəlsəfi və metafiziki həqiqətlər xüsusi fəlsəfi məfhumlarla bəyan edilir və mahiyyət gerçəkliyi olanlar bölməsindəndir. “Cəmiyyətdə nizamın bərpası üçün normalara əməl edilməlidir” mühakiməsinin mahiyyətcə gerçəkliyi var. Çünki normalar nəzmin bərqərar olması amilidir. Məlulun gerçəkləşməsi üçün illətin mövcudluğu zəruridir. Fəlsəfədə bu qəbil zərurətlər “zərurəti-bilqiyas”adlanır və onlar mahiyyətcə gerçək sayılır. Çünki xarici aləmdə normalara əməl etmədən ictimai sabitlik yaranmır. Bu mühakimə riyazi mühakimələr qədər gerçəkliyə malikdir. Necə ki ağacların inkişaf üçün suya ehtiyacı var.
İkinci nöqtə budur ki, məntiqi mühakimələrin tələffüz olunmayan cüzləri də var. Onlar münasibətlərin necəliyindən danışır. Məntiq dilində buna mühakimə maddəsi deyilir. Həmin maddəni mühakimə istiqaməti ünvanında bəyan etmək olar. Onları mühakimə üçün əsas da saymaq mümkündür. Məsələn, deyə bilərik ki, səma cisimlərində canlı mövcud ola bilər. Əslində “ola bilər”sözü canlı varlıqla səma cismi arasında münasibət yaradır.
Bu iki nöqtəni nəzərə aldıqda aydın olur ki, hüquqi mühakimələrdə insanın ixtiyari felləri ilə məqsədlərin gerçəkləşməsi arasında səbəbiyyət rabitələri aydınlaşdırılır. Onun düzgünlüyü kamil illət formulunun kəşfindən aslıdır. Burada cüzlər, şərait və maneələr dəqiq tanınmalıdır. Amma amillərin çoxluğunu və dəyişkənliyini nəzərə aldıqda bu formulu tapmaq çox çətin olur. Bu səbəbdən də baxış fərqləri yaranır. Əgər hüquq sistemində dəyər sisteminin ümumi məqsədinin də nəzərə alınmalı olduğunu yada salsaq mövzu biraz da çətinləşir. Sonda belə bir qənaətə gəlirik ki, bəşəriyyətin məhdud ağlı və naqis təcrübəsi cəmiyyəti son səadətə çatdıracaq hüquq sisteminin yaradılmasında acizdir. Bu səbəbdən də ilahi vəhy, hüquqa ehtiyac yaranır.
Amma “var”-dan “olmalıdır” çıxarışı ilə bağlı irad ikinci nöqtəni nəzərə aldıqda həll edilir. Çünki tövsifi mühakimələr səbəbiyyət rabitələrinə aid olduqda mühakimənin maddəsini təşkil edən zərurəti-bilqiyası təmin etmiş olur. Təzmin olmuş zərurət məfhumu qiyasın müqəddiməsindədir. O “olmalıdır” və “vacib” kimi nəticədə ortaya çıxır. Bu məntiqi nöqtələrdən xəbərsizlik səbəbindən bəziləri güman edirlər ki, tövsifi mühakimələrdən dəyərə malik və hüququ hökmlər çıxarmaq mümkünsüzdür. Əlbəttə unutmamalıyıq ki, məlul zərurətinin çıxarışı tam illətin bütün cüzlərinin gerçəkləşməsindən aslıdır. Əgər qiyas müqəddiməsində tam illətin yalnız bir hissəsi verilərsə məlulun zəruriliyini ondan çıxarmaq olmaz. Əxlaqi və hüquqi mühakimələrin elmi mühakimələrdən çıxarışı sahəsindəki mütaliələri bu məqalədə araşdırmaq imkanı yoxdur.
Məsləhət nədir?
İxtisar xatirinə qısa şəkildə bəyan olunmuş movzulardan aydın oldu ki, hüquq qaydalarını gerçək fayda və zərərlər əsasında dəyərləndirmək olar. Başqa sözlə, deyə bilərik ki, hüquq qaydaları haqq-ədalətə əsaslanmalıdır. Onların ayrı-ayrı fərdlərin istək və səliqələrinə uyğun olması mümkün deyil. (“Muminun”, ayə 71)
Bu da aydın oldu ki, hüquqi və dəyər yaradan məfhumlar simvollar kimidir. Bu simvollar insanların azad və ictimai rabitələrində mümkün təsir və təsirlənmələrin ümumi hədəfini göstərir. Bu nöqtə də aydınlaşdı ki, qanun hazırlayanın həqiqi vəzifəsi insanlar arasındakı rabitə növlərini hüququn, əxlaq və dinin hədəfləri ilə uyğunlaşdırmaqdır. Ümumi məqsədə yönəlmək istiqamətində olan hər bir iş hüquq və dəyər baxımından zəruridir. Məqsədə zidd olan işlər isə hüquq və dəyər baxımından qadağan edilir.
Amma yenə bir sual qalır ki, gerçək fayda və zərər nədir? Onlar sonda insanların ziyan və xeyrinə olmurmu? Məgər hüququn məqsədi insanların istək və meyllərinə uyğun bir iş deyilmi? Məgər ictimai rəftarlar məqsədə doğru hərəkətdə bir vasitə olaraq qanuni sayılmırmı?
Bu sualların cavabı müsbət olduqda qəbul etməliyik ki, hüquq və ümumilikdə dəyər sistemi xalqın istəyindən kənarda olan bir gerçəklik deyil.
Bu sualları tam cavablandırmaq üçün dəyərlərin mahiyyəti, dəyərlə gerçəkliyin rabitəsi, hüququn hədəfinin təyini, hüquq və fayda arasındakı rabitə, mənfəətlə məsləhət arasındakı fərq kimi mövzular nəzərdən keçirilməlidir. Bu mövzuların hər biri barədə ayrıca danışmağa ehtiyac var. Bütün bu söhbətləri bir məqalədə yerləşdirmək olmaz. Bu səbəbdən də məcburuq ki, söhbətimizdə ən zəruri ehtiyaclara cavab verək. Ötən məqalədə də belə etdik.
Diqqətdə saxlayacağımız ilk nöqtə budur ki, ixtiyari, azad işlərin dəyərli sayılması məqsədlərin dəyərli sayılmasından fərqlidir. Yəni əxlaq və hüquqdakı işlərin dəyərli olması bir vasitə olaraq qəbul edilir. Məqsədin dəyərli olması isə zati bir xüsusiyyətdir. Yaxşı və məsləhətli işlər üzərində təkid nəticə əldə etmək üçündür. Hədəfə, xüsusilə son hədəfə aid olan zərurət isə fərqlənir. Hər bir insan zatən səadət və kamillik sorağındadır. Bu məqsəd onun istənilən ixtiyari işlərinin əsasını təşkil edir. Bu meyl olmadan heç bir ixtiyari əməl həyata keçmir.
Digər bir nöqtə budur ki, səadət məfhumu yüksək ləzzətlərə çatmaqla təmin edilsə də, ləzzət istəyi öz-özliyində kamilliklə ölçülmür. Amma ilahi hikmətlə insanda ləzzətlərə meyl qoyulmuşdur. Bu məqsəd ehtiyacların təmini ilə hasil olur. Ehtiyacların təmini fərdi həyatın davamı və kamilliyə çatmaq üçün zəruridir. Kamilliyə çatmaq əslində insanın ruhi ehtiyaclarındandır. Demək, fitri meyllər əslində həyatın hifzi və təkamülə doğru hərəkət üçün pisixoloji amillərdir. Bu səbəbdən də son kamillik ən kamil ləzzətlə yanaşıdır. (“Furqan”, ayə 16; “Zuxruf” , ayə 71; “Hud”, ayə 108) Bəli, Qurani-kərim nəzərində xoşbəxtlik ilahi rəhmət sarayına daxil olanındır. Demək, həqiqi səadət və həqiqi kamilliyin nümunələri eynidir. Bu məfhumlar arasında vəhdət olmasa da deyilənlər qüvvədə qalır.
Üçüncü nöqtə budur ki, səadət və həqiqi kamilliyin təyinində, onlara çatmaq yolunun müəyyənləşməsindəki ziddiyyətin müxtəlif amilləri var və onlardan biri də əbədi həyatdan xəbərsizlikdir. İnsan bəzən əqli istedad və təkamüldən qəflətdə qalır. Bu mövzunu araşdırmaq imkanımız yoxdur. İstənilən bir halda insanların dünya ləzzətlərinə bağlanmasını gerçək kamilliyin olmamasına dəlil göstərmək düzgün deyil. Kamillik fəlsəfi bir məfhumdur və ona nail olmaq xoşbəxtlik, razılığa səbəb olur. İnsanı hətta vasitələr yolu ilə həqiqi kamilliyə çatdıran rəftarlarda bir məsləhət, gerçək dəyər var. İctimai rabitələr çərçivəsində olan rəftarlar cəmiyyəti səadətə aparır. Bu məqsəd hüququn da son hədəfidir.
Həqiqi kamllik və səadət müstəqil bir gerçəklik olduğundan ona aparan yollarda xalqın rəyi ilə müəyyənləşmir.

Fərd və cəmiyətin məsləhəti, faydası

İnsanın müxtəlif ehtiyacları var və bu ehtiyacların tam şəkildə təmini bu maddi dünyada mümkün deyil. Onlardan bir qismini o birilərinə qurban vermək lazım gəlir. Elə bu məqamda da seçim məsələsi ortaya çıxır. Ağıl tələb edir ki, daha aşağı ehtiyac daha ali ehtiyaca qurban verilsin. Əlbəttə ki insanlar arasında bu qaydaya riayət etməyənlər var. Onlar bəzən biliksizlikdən, bəzən adətdən, bəzən ləzzətlərə bağlılıqdan yuxarı ehtiyacları aşağı ehtiyaclara fəda edirlər. Onlar əslində öz məsləhətlərinin, öz faydalarının ziddinə addım atırlar.
Demək, məsləhətli rəftar dedikdə daha mühüm ehtiyacları aradan qaldıran, daha çox kamilliyə cavab verən rəftarlar nəzərdə tutulur. Bu arada seçim sağlam əql əsasında aparılır.

Deyilənlər fərdi məsələlərin ictimai məsələlərlə ziddiyyəti sahəsində də qüvvədədir. Yəni ictimai həyat bir sıra fərdi məsələləri ictimai məsələlərə qurban verməyi tələb edir. Hər bir fərd ictimai həyatda hansısa istəklərinə yox deməlidir. Yalnız bu halda ictimai mənafelər təmin olunur. Fərdi və ictimai məsələlər bir-birinə iki şəkildə zidd ola bilər:
Onlardan birində fərdi faydaların ictimai faydalara fəda edilməsi sayəsində ictimai mənafelər tam təmin olunur. İctimai mənafe yolunda öz mənafeyindən keçən şəxs ozu də cəmiyyətlə birlikdə fayda eldə edir. Onun əldə etdiyi fayda itirdiyindən daha çoxdur. Bu halda ağıl hökm edir ki, fərdi mənafedən keçmək lazımdır.
İkinci halda isə fərd öz şəxsi mənafeyindən keçdikdə onun cəmiyyətlə birlikdə əldə etdiyi mənafe itirdiyindən az ola bilər. Belə bir halda da ağıl kökm edirmi ki, fərdi mənafedən keçilsin?
Həqiqət budur ki, materialist yanaşmada bu suala müsbət cavab vermək olmaz. Elə bu baxış mənfəətpərəstlik məntiqini ortaya qoyur. Həmin baxışa əsasən, fərd cəmiyyətdən bəhrələnməyə calışmalıdır. Hətta onun təlaşları başqalarına zərər vursa belə imkan həddində cəmiyyətdən çox bəhrələnməlidir. Bu materialist baxış əsasında hansısa ictimai mənafelərdən necə danışmaq olar?! Belələri necə olur ki, bəşər hüquqlarından dəm vururlar?! Onların sözləri çox riyakar, qeyri-səmimidir. Onların yeganə istəyi şəxsi mənafelərin təmin edilməsidir. Hazırda dünyadakı əksər cəmiyyətlərə bu baxış hakimdir. Onlar bəşər hüquqlarindan, haqq-ədalətdən danışır, digər tərəfdən imperialist məqsədlərini həyata keçirirlər.
Əlbəttə ki, bəzi hüquqşünaslar cəmiyyəti əsas götürür. Onlar fərdlərin hüquqlarını yalnız cəmiyyətin hüququnun bir hissəsi kimi qəbul edirlər. Onlar fərdlə cəmiyyətin mənafeləri toqquşduqda cəmiyyətin mənafelərinin təmininə üstünlük verirlər. Dünyada bir sıra partiyalar bu nəzəriyyəyə tərəfdarlıq nümayiş etdirsələr də əməldə başqa cür davranırlar. Sosialistlərin davranışları buna bir nümunədir. Axı fərdi necə qane etmək olar ki, o cəmiyyətə xatir öz mənafelərindən keçsin?
Biz bilirik ki, insanlarda mərhəmət, fədakarlıq hisslərini alovlandırmaqla, milli hissləri oyatmaqla onları savaş meydanına da çəkmək olar. Amma söhbət xalqı yola gətirməkdən getmir. Bizim istəyimiz məsələnin əqli yolla həllidir. Bu halda yalnız ilahi dünyagörüşü uyğun sualı müsbət cavablandıra bilir:
1.İlahi hikmət tələb edir ki, insanlar kamilliyə nə qədər çox nail olsalar, dünya nemətlərini təkamül yolunda vasitə saysalar, son məqsədin tələbləri istiqamətində nemətlərdən bəhrələnməlidirlər.
2.Fədakarlıq hissi maddi mənafelərdən keçməklə müşayiət olunsa da, əvəzində insan mənavi kamilliklər əldə edir. Bu isə yaranışın əsas məqsədidir.
3.İnsan bu dünyada Allahın razılığına xatir nədən keçirsə axirət dünyasında onun əvəzini artıqlaması ilə alır.
Demək, fərd yaranış məqsədinin təmini, Allahın razılığına xatir öz fərdi mənafelərindən keçir. İnsanlara aydınlaşdırılır ki, onların fədakarlıqları ruhani təkamüllərinə səbəb olur. Bu halda onlar fədakarlıqdan mənəvi ləzzət alırlar. Digər tərəfdən, onlar üçün əbədi xoşbəxtlik təzmin edilir. Axirət nemətləri kəmiyyət və keyfiyət baxımından dünya nemətləri ilə müqayisəyə gəlməz. Bu yolla ilahi hüquq sisteminin əxlaq sistemi və ilahi dünyagörüşü ilə bağlılığı aydınlaşır.

Həqiqətin məsləhətlə rabitəsi

Ötən söhbətlər əsasında məsləhət, zərər, qanunların fərdi və ictimai qanunlarla uyğunlaşdırılması mövzuları aydınlaşdırıldı. Artıq son sualı cavablandırmağın vaxtı çatıb: Həqiqətlə məsləhət arasında hansı rabitə var?
Məqalənin başlanğıcında qeyd etdik ki, haqq sözünün müxtəlif mənaları var. Onların mənalarına diqqətli olmalıyıq ki, səhvə yol verməyək.
Haqqın bizim mövzumuzla əlaqəli mənalarından biri işdə düzgün məqsədə malik olmaqdır. Yəni işin sonunda daha artıq kamillik əldə edilsin. Bu mənanın antonimi “batil” sözüdür. Batil iş dedikdə məqsədsiz, sonu olmayan iş nəzərdə tutulur.
Bu mənaya əsasən haqq iş məsləhətdir, batil iş məsləhətsiz. Qanun da bu qəbildəndir. Birinci istiqamətdə rəftarları təsdiqləyən qanunlar haqq, əksi isə batildir. Belə bir yanaşmada haqq və məsləhət bir-birini təsdiqləyir.
Amma hüquqi baxımdan haqq dedikdə qanuni imtiyazlar nəzərdə tutulur. Fərdin və cəmiyyətin haqqı sübuta yetməlidir. Bu halda haqq etibari ola bilər.
Haqq sözünü geniş mənada götürsək və onu təkcə ictimai münasibətlərə aid etməsək, əxlaqi haqları da əhatə edər. Bu halda onun xaliqlə məxluq arasında rabitələr mənasında da nümunələri olur. Amma istənilən bir halda haqqın aid edildiyi tərəfin ixtiyari fellə əlaqəsi olmalıdır. Əgər birinin o birindən bəhrələnməsində yalnız təkvini imtiyazlar nəzərdə tutulsa haqq sözünün etibariliyi üçün heç bir yer qalmır. Məsələn, təkcə ağacın işıq, günəş və su ilə əlaqəsi nəzərdə tutulsa ağacın sadalananlara münasibətdə haqqı etibari olmayacaq. Amma buraya insanı da əlavə etsək, deyə bilərik ki, insan ağaca düşən işığın qarşısını almamalıdır. Bu vaxt tərəflərdən biri azaddır. Onda haqq da etibari olur. Məsələn, deyirik ki, bütün insanların günəş işığından istifadə etmək haqqı var və biri o birinin işığının qarşısını ala bilməz. Burada insanlar üçün işıq haqqı nəzərdə tutulur.
Hüquqi və əxlaqi mənada haqq sözü azad fail tərəfindən ixtiyari işlənmə imkanının olmasıdır. Çünki əxlaq və hüquq mövzuları ixtiyari rəftarlardan ibarətdir. İxtiyari fellə əlaqəsi olmayan şey əxlaqi və hüquqi mövzulardan kənardır.
Amma əsas məsələ budur ki, haqq və vəzifə etibariliyinə yer olduqda bu etibariliyin mənşəsi nədir? Haqq və vəzifə hansı əsasla təyin edilir?
Sualı cavablandırmaq üçün müxtəlif hallar nəzərdə tutulur:
1.Haqq və vəzifəni təbiət təyin edir. Yəni ağacın təbiəti ona işıq, su, havadan istifadə haqqı verir. Heyvanın təbiəti ona otlardan istifadə haqqı verir. İnsanın təbiəti ona bitgi və heyvanlardan istifadə haqqı verir. Sonda cəmiyyətin təbiəti fərdlər üçün haqq və vəzifələr təyin edir. Amma təbiətin real vücudu olmadığından, başqa sözlə, onun sübutu mümkünsüz olduğundan başqa iki irad ortaya çıxır:
Əvvəla, bir şey və ya bir kəs üçün haqq o zaman yaranır ki, azad bir fail üçün vəzifələr müəyyənləşsin. Məsələn, sudan istifadə haqqının verilməsi o zaman düzgün olur ki, insana buna mane olmamaq vəzifəsi qoyulsun. Əslində haqq yaradan tərəf vəzifə müəyyənləşdirmiş olur. Indi sual edilir ki, ağacın təbiətinin insan üzərində hansı hakimiyyəti var? Ağacın təbiəti insana vəzifə təyin edə bilərmi? Insan nə üçün ağacın təbiətinin əmrinə itaət etməlidir?
İkincisi, iki mövcud arasında ziddiyyət yaradan şey hər iki tərəfin faydalanmaq istədiyi şeydir. Bəs bu iki tərəf üçün haqq və vəzifə necə təyin edilir? Məsələn, insanın həyatı onun su içməsindən aslı olduqda və bir heyvan həmin suyı içmək istədikdə su hansının haqqıdır? Bu haqqı təyin edən kimdir?
İradları cavablandırmaq üçün deməliyik ki, bütün varlıq aləminin təbiəti varlıqların təbiətini ərsəyə gətirib. İnsana heyvandan, heyvana bitgidən çox haqq verilib.
Amma dünya bütün varlıqın təbiətini yekdil qəbul etmədiyindən yenə əvvəlki suala qayıdırıq. Əgər üstünlük verərkən tərəfin gücü nəzərə alınırsa, bu qanunlar meşə qanunları olur və əxlaqdan kənardır.
2.Digər bir halda haqq və vəzifələr məqsədə uyğun olaraq təyin edilir. Məsələn, ağac öz son kamilliyinə doğru hərəkətdədir. O bu kamilliyi təmin edəcək vasitələrdən istifadə etməlidir. İnsanın da təkamül məqsədi onun üçün hüquqlar müəyyənləşdirib. Ümumi hüquq və vəzifələr təyin edildikdə son olaraq cəmiyyətin kamala doğru hərəkəti əsas götürülməlidir. Amma bu cavab da qaneedici deyil. Deyilənlər insanın öz mənafeyindən əl çəkməsi üçün yetərli dəlil sayılmır. Eyni zamanda bu əsasla başqası üçün də vəzifə təyin etmək olmaz. Çünki onların hər birinin öz hərəkəti var. Onların hər biri öz məqsədinə çatmaq üçün hərəkətdədir. İnsan hansı əsasla öz bəhrələnməsinə hədd qoymalıdır?
3.Üçüncü hal budur ki, hər bir mövcudun hüququ onun öz ehtiyacı əsasında təyin edilir. Cəmiyyətdə hər bir fərdin cəmiyyətdən bəhrələnmə hüququ var.
Bu hal da əvvəlki hal kimi iradlara malikdir. Ehtiyac məfhumu haqq və vəzifənin təyini üçün bəs etmir.
4.Dordüncü hala əsasən haqq və təklif yanaşıdır. İnsan cəmiyyətə verdiyi fayda müqabilində ondan faydalana bilər. Ədalət bu tarazlığı tələb edir.
Deyilənlər insanın öz istəyi ilə qəbul etdiyi məsuliyyətlərə münasibətdə məqbuldur. Amma ibdidai hüquqlar barədə bunu demək olmaz. Yeni doğulmuş körpənin ata-ana üzərindəki haqqı bu qəbildəndir. Əlillərin də hüquqları buna misal ola bilər.
5.Beşinci halda hər bir şəxsin hüquq və vəzifəsi fərdi və ictimai məsləhət əsasında təyin edilir. Burada haqq və məsləhət arasında rabitə aydınlaşır. Amma müəyyənləşdirilməlidir ki, məsləhət təkcə dünyaya aiddir, yoxsa əbədi səciyyəlidir? İkincisi, ən məsləhətli halı tapmaq çox çətindir. Adi insanlar bunu bacara bilməz. Elə bu məqamda insanın vəhyə ehtiyacı aydın olur.
Amma yenə bir nöqtə qaranlıq qalır. İnsan hansı haqla ətrafından istifadə edir? Əgər razılaşmaları, şərtləşmələri nəzərə almasaq, insan hansı əsasla ətrafdakılardan faydalanır? Onun hətta öz bədən üzvləri üzərində haqları nəyə əsaslanır?
Dini dünyagörüşünə əsaslanmadan bu suala məntiqi cavab vermək mümkünsüzdür. Amma ilahi baxış əsasında ona cavab verə bilərik:
İnsan öz hərəkət və rəftarlarına istiqamət vermək üçün haqq və vəzifə kimi etibari məfhumlara ehtiyaclıdır. Öncə mövcudlar arasındakı rabitələr nəzərdən keçirilməlidir. Amma əsil rabitə xaliqlə məxluq arasındadır. Allahın insan üzərində həqiqi maliklik haqqı var. Demək, Allahın yaratdıqları üzərində haqqı sübut olunub. Yaranmışlar üzərində istənilən bir işdə Alahın izninə ehtiyac var. Əgər Allah insana öz bədən üzvlərinin üzərində hakimiyyət verməsəydi onun belə bir haqqı olmazdı. Belə bir halda onun ətrafakılar üzərində hansısa haqqından danışmağa dəyməz. İnsana ilkin vəzifəni yaradan da onun Allah tərəfindən yaradılmasıdır. Digər haqq və vəzifələr üçün də öncə qeyd etdiyimiz prinsip əsas sayılır. İnsan Allah-taaladan və onun həqiqi malikliyindən qəflətdə qaldıqda özünü əzaları üzərində hakim bilir. Amma bəndəliyini dərk etdikdə belə bir haqqı olmadığını anlayır. Insan nemətlər üzərində haqqı olduğunu düşünür. Yalnız başqaları ilə ziddiyyət yarandıqda dayanır. Onun ictimai sabitliyə ehdiyacı var. Normalar qoyulmadıqda bu əldə edilmir. Sual olunur ki, onun xarici maddə üzərində işi haqq üçün mənşədir? Nə üçün onun və bütün dünyada olanların yaradılması yaradan üçün haqq mənbəsi olmasın? Əgər ictimai həyatda sabitlik istəyi onun üçün vəzifələr müəyyənləşdirirsə nə üçün əbədi sədati üçün vəzifələri qəbul etməməlidir?
Əlbəttə ki, ictimai rabitələrdən kənarda müəyyənləşən haqq və vəzifələr onların həqiqi məfhumundan əhatəlidir. Amma hüquq sisteminin ümumi dəyər sisteminin bir hissəsi olduğunu yadda saxlasaq onları təcrid olunmuş hesab etməməliyik.
İlahi dünya görüşü əsasında deməliyik ki, insana öz əzaları üzərində haqq verən Allahın iradəsilə onun üçün təkamülün nəzərdə tutulmasıdır. Təkamülə maneələr yarandıqda naqis mövcudlar kamil mövcudlara fəda edilir. Elə bu səbəbdən də insan öz təkamülü üçün bitki və heyvanlardan faydalanır. Əgər cəmiyyətin kamalı bəzi fərdlərin fədakarlığından asılı olarsa və fərdlər özünü fəda edərsə Allah bunu mükafatsız qoymur. Həmin insanlar əbədi həyatda öz mükafatını alır.
Demək bütün hüquq və vəzifələr əxlaqi və ya hüquqi olmasından asılı olmayaraq Allahın iradəsinə bağlıdır. Əgər ağıl hikmət zərurətini aça bilsə vəhyə ehtiyac qalmaz. Amma əksər hallarda bu formulların mürəkkəbliyi ağılı gücsüz qoyur. Belə məqamlarda vəhy və peyğəmbərlərə ehtiyac yaranır. Allah-taala öz mərhəməti və hikməti ilə peyğəmbərlər göndərir, səmavi şəriətlər müəyyənləşdirir. Məqsəd insanlara təkamül yolunu tanitdirmaqdır. İnsana təkamül yolunu getmək üçün ölçülər təqdim edilir. Beləcə, təbiətlə şəriət arsındakı uyğunluq üzə çıxır.