İslamda irfan və hikmət

İslamda irfan və hikmət   Ustad Məhəmməd Təqi Misbah Yəzdi

-Ön söz -İslam dünyasında irfan

- Irfan, təsəvvüf, hikmət və fəlsəfənin məfhumu

- İslam irfanının əsaslılığı

- Irfan və əql

-Irfan və şəriət

İşarə

Sizə təqdim olunan məqalə cənab Ayətullah Misbah Yəzdinin ikinci beynəlxalq İslam düşüncəsi seminarında çıxışından ibarətdir. Seminar hicri-qəməri 1417-ci ildə Qədir bayramında İstanbulda keçrilmişdir. Mərasim İstanbul mədəniyyət işləri mərkəzi tərəfindən təşkil olunmuşur.

Ön söz

İnsanlar bu günkü dünya səhnəsində fəzaya atılmış toplar kimidir. Onların daxilində ərş aləminə uçuş üçün bir enerji var. Təəsüf ki, yerin aldadıcı ləzzətləri, cazibəsi onları aşağı çəkir və süquta uğradır. Belə ki, nəfsani meyillər, maddi bağlılıqlar sürətlə güclənməkdədir. Bu arada az adamlar mənəvi həqiqətlərə diqqət yetirir, İlahi vəhyi qəlbən dinləyirlər. Az insanlar ilahi həqiqətlərin işığında qanad açıb təkamül yolunu yüksələ bilirlər. Onlar böyük zəhmətlər bahasına gözəlliklərin, qüdrətlərin, sevinclərin və kamilliklərin fövqünə, bir sözlə Allaha doğru hərəkət edirlər. Amma bir qisim insanlar da yerə süqut edərək maddi dalanlarda ilişib qalırlar. Onların təkrarən yüksəlişi və təkrar enişi də müşahidə edilir. Hətta qərb mədəniyyətinə uymuş zümrədə mənəvi dəyərlərə bir təşnəlik hiss olunmaqdadır. Onlar yanqılı bir vəziyyətdə sağa-sola vurnuxurlar. Əfsus ki, onların çoxu ovsunçuların tələsinə düşərək bir çaladan çıxıb o birisinə süqut edirlər.
Materialist mədəniyyətlərdən yaxa qurtarıb mənəvi aləmə üz tutmaq təkcə fərdi meyillərlə bağlı deyil. Biz bu gün dünyanın ən çirkin nöqtələrində belə İslama meyl müşahidə edirik. Dünya boyu bu hərəkatlara ilham verən boyük arif imam Rahilin rəhbərliyi ilə İslam inqilabı olmuşdur. O xalqın çiçəkləmiş istedadlarından bəhrələnərək şeytani qüvvələrə qalib gələ bildi. İlahi bir insanın, rəbbani bir arifin xalqı ayağa qaldıraraq belə bir hərəkat yaratması ilk dəfə deyil. Amma bu genişlikdə və bu əzəmətdə ikinci bir nümunə göstərmək çətindir. Bu böyük hadisə mənəvi təmayüllərin və İslam irfanının araşdırılmasında güclü amil ola bilər.

İslam dünyasında irfan

İslam dünyasında hələ qədim dövürlərdən irfan və təsəvvüf adlı cərəyanlar olub. Hicri dördüncü əsrdən altıncı əsrədək İran və Türkiyə kimi ölkələrdə həmin cərəyanlar öz zirvə nöqtəsinə çatib. Hazırda da İslam dünyasının müxtəlif nöqtələrində təsəvvüf həyatı yaşanmaqdadır. Bu cərəyanların oxşarına başqa dinlərdə də təsadüf etmək olar. Mövcud müştərək nöqtələri nəzərə aldıqda belə bir sual yaranır ki, İslam irfanı adlanan bir həqiqət var, yoxsa müsəlmanlar onu başqa dinlərdən götürüb? İslam irfanı adlanan hadisə əslində İslamın, yoxsa müsəlmanların irfanıdır? İslamın irfan adlandırdığı hadisə bu gün mövcud olan hadisədir, yoxsa dəyişikliklərə uğrayıb?
Suala cavab olaraq bəziləri mütləq şəkildə İslamda irfanı inkar ediblər. Onu bidət sayanlar var. Bəziləri isə irfanın İslam mətinlərinə uyğun olduğunu, amma kənardan gəldiyini bildirirlər. Bəziləri irfanın İslamda yerini röhbaniyyətin məsihiyyətdə yerinə bənzədiblər. Bu barədə Qurani-kərimdə buyurulur ki, röhbaniliyi məsihilər özləri yaradıblar. (“Hədid”, 27) Ayədə qeyd olunur ki, röhbaniyyət vacib edilməyib və yalnız Allahın razılıqına xatir yerinə yetirilə bilər. Biz sözlə, bir qrup irfanı İslamın özlü, ruhu sayıb. Onların nəzərincə, irfan başqa məktəblərdən əxz edilməyib. Ayrı-ayrı məktəblərdə irfanın bənzərliyi onun iqtibası mənasında qəbul edilməməlidir. Bu eynilə şəriətlərin bənzərliyi kimidir.
Sonuncu baxış daha bəyəniləndir. Əlavə edirik ki, İslam irfanının əsaslı olması bu ad altında tarix boyu mövcud olan cərəyanların həqiqiliyini göstərmir. Əgər bütün cərəyanlar həqiqi qəbul edilsəydi İslam ziddiyyətli əqidələrdən ibarət olardı. Hər halda biz əsil irfanın mövcudluğunu etiraf etməklə yanaşı, ona yad ünsürlərin də qatılmasını inkar etmirik. Bizim nəzərimizcə, bu ad altında formalaşmış cərəyanlarda ziddiyyətli nöqtələr mövcuddur.

Irfan, təsəvvüf, hikmət və fəlsəfənin məfhumu


İslam irfanının əsaslı olduğunu aydınlaşdırmazdan öncə yaxşı olar ki, irfan və təsəvvüf sözlərini izah edək.
Irfan sözü də mərifət sözündən olan digər sözlər kimi lüğətdə tanımaq mənasını bildirir. Amma terminaloji baxımdan bu xüsusi bir tanışlıqdır. Irfan tanışlığı hiss, təcrübə, əql və ya nəql yolu ilə əldə edilmir. Bu tanışlıq daxili, batini bir görüşlə bağlıdır. Irfan müşahidələr və mükaşifələrlə müşayiət edilir. Bu qəbil müşahidələr isə xüsusi məşqlər, riyazətlərlə əldə edilir. Uyğun istiqamətdə əməli üsullar, seyr-sülük ayinləri də irfan adlandırılır. Belə bir irfan əməli irfan adlanır. Çünki qarşı tərəfdə nəzəri irfan da var. Nəzəri irfanda isə əqli dəlillər görürük. Təsəvvüf sözü isə ehtimal edilir ki, suf sözündəndir və yun libas geyən mənasında işlənir. Bu baxımdan təsəvvüf dedikdə çətin dolanışıq, ləzzətlərdən uzaqlıq nəzərdə tutulur. Burada daha çox əməli irfana yaxınlıq görünür. Irfan isə nəzəri irfana daha çox münasibdir.
Beləcə, irfan sahəsində üç ünsür müşahidə edilir:
1.Xüsusi göstərişlər, dəsturül-əməllər. Bu göstərişləri yayanlar iddia edirlər ki, onlara əməl etməklə həqiqi mərifətə, Allaha və onun adlarına münasibətdə həqiqi elmə çatmaq olar.
2.Xüsusi ruhani hallar, sonda mükaşifə və müşahidələr. Bu hal və müşahidələri seyr-süluk yolunu keçən şəxs yaşayır.
3.Bildirişlər və bəyanatlar. Onlar müşahidələrdən əldə edilən həqiqətlərdən danışır. Şəxsən əməli irfan yolunu keçməyənlər belə onları oyrənə bilər. Amma onların həqiqətini yalniz ariflər dərk edir.
Deyilənlərdən aydın olur ki, həqiqi arif xüsusi əməli proqramı yerinə yetirməklə müşahidələr yaşayaraq Allaha çatır nəzəri irfan isə müəyyən nöqsanlarla yanaşı məlumatlar və təfsirlərdən ibarətdir. Həqiqəti tapmaq yolunda bütün seyri-süluk hərəkətləri bu qəbildəndir. Hind, budda irfanlarını da bu sıraya aid etmək olar. Afrika qəbilələrində də deyilənlərin oxşarı müşahidə edilir. Din sözü də eyni baxımdan buddizm və totemizmə aid olunub. Bu yerdə hikmət və fəlsəfə məfhumlarına da işarə etmək yerinə düşər. Hikmət əsil ərəb sözüdür. Bu söz möhkəm mərifət mənasını bildirir. Adətən elmi maarif mənasında işlədilir. Qurani-kərimdədə uyğun sözü eyni mənada görürük. (“İsra”, 39) Ən çox yayılımış teriminaloji məna isə ilahi fəlsəfə, elmi fəlsəfə, əxlaq elmidir. Əxlaq elminin özündə də xüsusi bir termin olaraq bu söz nəfsani sifət, orta həd mənalarını bildirir. İstənilən bir halda uyğun söz küfr və şəkk fəlsəfələri mənasında işlədilmir. Hansı ki, yunan köklü fəlsəfə sözü istənilən bir əqli fəaliyyətə aid edilə bilər.

İslam irfanının əsaslı olması

Qurani-kərim ayələri, peyğəmbər və onan Əhli-beytinin buyuruqlarını diqqətlə nəzərdən keçirənlər irfan dedikdə çox uca mənalar, əməli göstərişlər nəzərdə tuturlar. Ayələr srasında Tövhid, Hədid, Həşr surələrindəki ayələr həmin mənalardan danışır. Bu ayələrdə zati və sifati tövhid, feli tövhid, məxluqların təsbih və səcdəsi yada salınır.
Bəzi ayələrdə isə xüsusi qaydalardan danışılır. Onları islami seyr-süluk qaydaları adlandırmaq olar. Ayələr barədə təfəkkür, daimi zikr və diqqət, süb oyanmaq, gecəni oyaq qalmaq, oruc tutmaq, uzun səcdə və təsbihlər, xüzu və xuşu, ağlamaq, torpağa düşmək, ayələri dinləmək, ibadətdə ixlas, eşqlə xeyir işlər, Allaha məhəbbət, İlahi razılığa çatmaq, təvəkkülə yiyələnmək bu qəbildəndir. Bu mənanı təstiqləyən nöqtələr peyğəmbər və onun Əhli-beytində (ə) nəql olunmuş dua və minacatlarda çoxdur.
Nəzərdə tutulan ayələr və məsumların buyuruqlarına münasibətdə bəziləri ifrat, bəziləri təfrit yolu tutmuşlar. Təfritçilər məsələyə səthi yanaşmış, hətta Allah üçün cismani dəyişmə və nüzula inanmışlar. Belələri İslam mətnlərində irfan adlı bir hadisənən olmadığını idda edirlər. Digər bir qrup isə bəzi ictimai amillərin təsiri altında ifrata vararaq dini mətnlərdə olmayan nöktələri dinə aid etmişlər. Onlar özlərindən adət-ənənələr yaratmışlar. Onlar hətta düşünürlər ki, Allaha çatmış arif adi vəzifələrdən azad olur. Bütün arif və sufilərə müsbət münasibətdə olanlar onların addımlarını da müəyyən şəkildə yozurlar. Amma insafla yanaşsaq onlardan bəziləri məqbul deyil. Biz bu sahədə bütün deyilənləri gözüyumulu qəbul edə bilmərik. İstənilən bir halda araşdırma aparmaq, həqiqəti axtarmaq lazımdır. İfrat istək və ya bədbinliklə həqiqətə göz yummaq olmaz. Həqiqətin müəyyənləşdirilməsində Allah-taaladan yardım istənilməlidir.
Şübhəsiz ki, irfan, təsəvvüf, hikmət, fəlsəfə onların rabitələri ilə bağlı bütün məsələləri bir məqalədə araşdırmaq olmaz bu səbəbdən də yalnız mühüm nöqtələri nəzərdən keçirir, əhatəli araşdırmalıarı soraya saxlayırıq.

Irfan və əql

Irfanın tərəfdarları və müxalifləri arasında ixtilaf yaradan əsas məsələlərdən biri budur ki, irfanda kəşf və müşahidə yolu ilə əldə edilənləri ağıl inkar və ya təsdiq edə bilirmi? Bu sualın cavablandırılması əhəmiyyətlidir. Çünki bir çox ariflərin ağılla təsdiqlənməyən iddiaları var. Onlar bu həqiqətlərə batini yolla çatıblar və ağıl onları dəyərləndirmək imkanında deyil. Belə mübahisəli mövzulardan biri vəhdəti-vücuddur. Bu mövzu müxtəlif şəkillərdə bəyan olunmuşdur. Münasibətlərdən biri budur ki, əslində Allahdan başqa heç bir mövcud yoxdur. Və nəzərdə tutulan bütün digər mövcudlar xəyaldan başqa bir şey deyil. Mövzuya digər bir yanaşmaya əsasən, Allahın zatı və ya elm əhatəsindən kənarda heç nə yoxdur. Burada bir növ vəhdətdə çoxluq qəbul edilir. Daha çox yayılmış müddəalardan biri budur ki, ilahi yol yolçusu olan salik öz səfərinin sonunda fəna məqamına çatır və ondan qalan təkcə ad olur. Müddəanın digər bir forması budur ki, salik Allahdan başqasını görməyəcək bir məqama çatır. Daha dəqiq təbirlə desək hər şeyin Allahın vücudunda məhv olduğunu müşahidə edir. Necə ki, zəif işıq güclü işıqda məhv olur. Müxaliflər adətən əqli dəlillərdən isdifadə edirlər. Qarşı tərəf isə bu mövzuların təhlilinin ağılın gücündə olmadığını bildirirlər.
Bu cərəyanları nəzərdən keçirdikdə sual yaranır ki, ağılın dərk və ya təsdiq edə bilməyəcəyi həqiqətlər varmı? Bilirik ki, ağılın işi məfhumları dərk etməkdir. Onun nəinsə kökünə varmaq gücü yoxdur. Belə bir halda ağılın Allah-taalanın vücudunu dərk etməsi müşküldür. Amma aksiomlar əsasında məfhumlar vasitəsi ilə xarici nümunələri təhlil etmək olar. Başqa sözlə, ağılın işi küllü məfhumu dərk etmək olmasa da müəyyən şərtlər daxilində mövzuya müdaxilə edə bilər.
Vəhdəti-vücud mövzusu ilə bağlı deməliyik ki, Allahdan qeyrilərinin mövcudluğunun inkarı ağılın hökmlərinin inkarı ilə müşayiət edilmir. Bu eyni zamanda nəfs, fellərlə bağlı hüzuri elmlərin etibarının inkarıdır. Bir halda ki, etibarlılığın əsasi hüzurilikdir, müşahidə üçün etibarlılığı nece əsas götürmək olar?! Demək, belə bir təfsirlə vəhdəti-vücudun qəbulu mümkünsüzdür. Amma onun üçün məqbul bir təfsirdə nəzərdən keçirmək olar. Həmin təfsir hikməti-mütəaliyyədə açıqlanmışdır. Həmin təfsirdə bildirilir ki, məxluqların mövcudluğu Allahla müqayisədə asılı bir mövcudluqdur. Bu mövcudluğun heç bir müstəqilliyi yoxdur. Arifin müşahidə etdiyi digər mövcudların müstəqilliyinin inkarıdır. Burada sualı başqa şəkildə ünvanlamaq olar: Ağılın hökmünü vicdan və kəşfdən önəmli saymaq olarmı? Başqa sözlə, ağılın hökmü əsasında hüzuri elmin etibarını inkar etmək olarmı? Cavabda deməliyik ki, hüzuri elm həqiqəti tapmaqdan ibarətdir. Amma bu elm daim zehni təfsirlə yanaşıdır. Onları bir-birindən ayırmaq üçün böyük diqqətə ehtiyac var. Bu zehni təfsirlər hüsuli elmlər zümrəsindən olmaqla xətalıdır. Ağılın dəlilləri ilə inkar edilən də həmin zehni təfsirdir. Vəhdəti-vücud haqqında bunu demək olar ki, müstəqil vücud yalnız Allaha aiddir və başqa mövcudların heç birinin həqiqi vücudu yoxdur.
Bunu da qeyd etmək yerinə düşər ki, ariflər bəzi mükaşifələri şeytani sayır və onların ilahi mükaşifələrdən seçilməsi yolunu göstərirlər. Belə ki, onlar əqli dəlillər, kitab və sünnə əsasında fərqləndirilir.

Urfan və şəriət

Məqalənin sonunda yaxşı olar ki, bir mövzunu da nəzərdən keçirək. Bu əməli irfanın şəriətlə əlaqəsidir. Başqa sözlə təriqət və şəriətin əlaqəsi. Bəziləri belə təsəvvür ediblər ki, əməli irfan həqiqətlərin kəşfi üçün müstəqil bir yoldur. Hətta şəriət hökmlərinə əməl etmədən bu işi görmək olar. Islam bunu imzalamış, ən azı qadağan etməmişdir. Bəziləri bu işdə o qədər irəli gedmişlər ki, irfani məqama çatmaq üçün heç bir dini zəruri saymamışlar. Bəziləri də bir dinə bağlılığı orta bir həddə kafi saymışlar. Amma İslam baxımından seyr-süluk yolu şəriət yolundan ayrı deyil. Əksinə bu yol şəriət yolunun daha dəqiq və lətifidir. Əgər şəriət terminini yalnız zahiri hökmlər mənasında qəbul etsək deməliyik ki, təriqət şəriətin batinində yerləşir. Təriqətə yalnız şəriət hökmlərinə əməl etməklə çatmaq olar. Nümunə olaraq qeyd edək ki, şəriət namazın zahirini təqdim edir. Təriqət isə namazda təmərküz, hüzuri-qəlbə təminat verir. Şəriət ilahi əzabdan qurtuluş üçün ibadəti zəruri sayırsa, irfan Allahdan qeyrisindən qırılmaqla səadətə çatmağı mümkün sayır. Əhli-beyt (ə) rəvayətlərində bildirilir ki, ibadətiniz hürr insanların ibadəti olsun. Şəriətdə şirk dedikdə bütpərəstlərin şirki nəzərdə tutulur. Təriqətdə isə gizli şirk qeyd olunur. Insan Allahdan qeyrilərinə ümid etdikdə bu gizli şirk ortaya çıxır.
Bu səbəbdən də qondarma ayinlər, bidətlər heç şəkildə qəbul edilən deyil. Onlar həqiqi irfan qarşısında da bir maneədir. Onların hər biri insanın süqutu üçün şeytan tələsi ola bilər. Həqiqi yol yalnız Allah-taalanaın buyurduğu yoldur: (Yunis, 32)