Birinci dərs

-Rəhman və rəhim Allahın adı ilə

Qarşınızdakı yazı cənab Ayətullah Misbah Yəzdinin ( sayəsi üzərimizdən əskik olmasın ) 1431-ci il mübarək Ramazan ayı (hicri-şəmsi 89.05.22 tarixi ilə eyni zamanda) əzəmətli rəhbərlik məqamının dəftərindəki söhbətlərinin xülasəsidir.
Bu tövsiyələrin bəsirətimizi, agahlığımızı artıracağına və hidayət, səadət yolunun çırağı olacağına ümid edirik.

Vəhdət və ixtilaf

Müqəddimə

Mübarək Ramazan ayının gəlişini İslama maraqlı olanların hamısına təbrik və xeyirli olsun deyirik. Ümidvarıq ki, uca Allah bu şərəfli ayda Zamanın İmamının ( canımız ona fəda) müqəddəs vücudunun bərəkəti səbəbi ilə hamımızı öz xüsusi lütfündən bəhrələndirsin. Həm bu ay, həm də gələn ildə həzrət Zəhranın (s) xütbəsi barəsində danışmağımız təklif olundu.
Doğrusu, biz 25 ildən çoxdur ki, cümə axşamları ruhani, bəzən isə qeyri-ruhani əziz qardaşların xidmətində oluruq. Bu illərdə Əhli-beyt (ə) şəfaətinə layiq olmağımız ümidi ilə Quran ayələri və Əhli- beyt (ə) kəlamlarını açıqlamışıq. Dəfələrlə həzrət Zəhranın (s) kəlamları barəsində danışmaq istəmişik;lakin adətən belə bir şübhə yaranıb ki, bu sözlərin açıqlanması Əhli-sünnə qardaşlarda həssaslıq yaradar və daha çox ixtilafa səbəb ola bilər; lakin bu il həzrət Zəhranın xütbəsi yüksək tirajla çap olub yayıldıqdan, həmçinin əzəmətli təqlid mərcələri ( Allah onları hifz etsin) onu təsdiqləyib imzaladıqdan sonra ayrı bir sual yarandı: Uyğun xütbənin geniş şəkildə nəşr olunmasından sonra onu açıqlayıb, təfsir etməkdən daşınmağın məntiqli bir dəlili varmı?
Adətən, istənilən vəhdət necə gerçəkləşməlidir? Bir çox həqiqətlər gizli qalmalıdırmı? Bu halda mümkündür ki, vaxt ötdükcə uyğun həqiqətlər danılsın. Yaxud da, elmi və analitik məsələlər təəssübdən kənar şəkildə İslam maarifindən istifadə ilə açıqlanmalıdır. Bu həqiqətlər İslamın və islami hədəflərin qorunmasında əsaslı rol oynayır. Uyğun həqiqətlər elmi yığıncaqlarda təəssübsüz şəkildə araşdırılmalıdır ki, səhvdə olanların səhvdən qurtulmaları üçün zəmin yaransın.
Elə fikirləşirəm ki, əvvəlcə vəhdətin qorunması pirinsipi barəsində danışsaq həzrət Zəhranın (s) qəlbi daha çox şad olar. Bir neçə məclis vəhdət və ixtilaf ( müxaliflik ) barəsində danışaq. Daha sonra isə Əhli-beytdən (s) nəql olunan ədəbi baxımdan ən gözəl və tarixi baxımdan heç bir şübhə olmayan bu gözəl xütbə haqqında danışarıq ki, həzrət Zəhranın (s) xüsusi lütflərinə nail olaq.

İnqilabın həzrət Zəhra (s) adını dirçəltməsi

İslam inqılabının bərəkətlərindən biri kimi həzrət Zəhranın adının cəmiyyətdə dirçəlməsi bir həqiqətdir. Biz cavanlığımızın böyük bir hissəsini İnqilabdan qabaqkı dövrdə keçirmişik. Dini şəhərlərdən hesab olan Yəzd şəhərində ümumiyyətlə Fatimiyyə ongünlüyü adlı bir şey mövcud deyildi və bu barədə söhbət olunmurdu. Bir neçə amil həzrət Zəhranın adının cəmiyyətimizdə xüsusi bir formada dirçəlməsinə və İslam dünyasına çox əzəmətli bərəkətlər gətirməsinə səbəb oldu. Mənim bildiyim amillərdən biri həzrət İmamın ( Allah ondan razı olsun ) həzrət Zəhra barəsində olan çıxışları idi. Buna oxşar çıxışlar çox az şəxslər tərəfindən bəyan edilib. Onun bu dövrdə həzrət Zəhranın adını dirildən şəxslərdən biri olması həqiqətdir. Bununla yanaşı bizim döyüşçülər arasında həzrət Zəhraya qarşı bir mənəvi cazibə yarandı. Mən bunun səbəbini özüm üçün adi amillərlə izah edə bilmirəm. Bunlarla yanaşı başqa bir səbəb də Qumun böyük mərcələrindən bir neçəsinin Fatimiyyə ongünlüyünün dirçəldilməsi üçün atdığı addımlar oldu. Onlar əzadarlıq məclislərində hətta ayaqyalın şəkildə iştirak edirdilər. Sonra iş o yerə gəldi ki, bu il həzrət Zəhranın xütbəsi bir sənəd kimi təsdiqləndi və mərcələr əvvəllərdə görünməmiş bir formada onu təsdiqləyib, imzaladılar. Bəlkə elə bu iş səbəb oldu ki, bizə uyğun xütbə barəsində söhbət etməyimiz təklif olunsun.


Vəhdət - eyni meyarların, dəyərlərin gücləndirilməsi

Əhli-beyti, onların münasibətlərini, tarixlərini düzgün və elmi şəkildə açıqlamaq vəhdətin ziddinədirmi? Yoxsa əksinə, İslam ümmətinin birliyinə səbəb ola bilən imamət və vilayət məsələsidir? Bu növ sualları nəzərə alıb bir növ şəri vəzifə hiss etdim ki, vəhdət və ixtilaf məsələsi barəsində geniş bir söhbət edəm. Bununla da söhbət əsnasında bəzi suallar açıqlansın və əziz araşdırmaçılarımız onları araşdırıb nəticə alsınlar.
Vəhdət kəlməsinin həqiqi mənası aydındır və bu barədə qaranlıq heç nə yoxdur. Lakin mövzunun daha əhatəli olması üçün bəzi ehtimalları açıqlayıram. Əgər vəhdət yaranması deyildikdə insanların tamamilə bir olması, yəni heç bir ayrılığın olmaması nəzərdə tutulsa, hamı bilir ki, bu mümkün olmayan bir işdir. İki insan iki mövcuddur və heç zaman bir olmurlar. Cəmiyyətdəki bütün insanlar arasında həqiqi vəhdətin yaranması mümkün deyil.
Sosioloqlar belə bir mövzunu araşdırıb ki, bir cəmiyyəti təşkil edən insanlar toplusu həqiqi vəhdətə malik ola bilərlərmi? Yəni fərdlərin şəxsiyyətindən əlavə yeni bir şəxsiyyət yarana bilərmi? Bu ictimai fəlsəfənin mövzüsu olan bir məsələdir. Bu məsələlər hal-hazırda bizim söhbətimizə aid olmur. Söhbətimizə aid olan vəhdət budur ki, biz, bir cəmiyyətdə yaşayan çoxsaylı və hər biri müstəqil vücuda sahib olan insanlar arasında olan ixtilafları, fərqləri nəzərə almaqla vəhdətə meyilli olmaq üçün nə dərəcədə çalışmalıyıq? Burada vəhdət yaranmasında məqsəd həqiqi fəlsəfi vəhdət deyil; Burada vəhdət eyni meyarları öyrənib, onları gücləndirmək və pərakəndəliyə, düşmənliyə səbəb olan amilləri azaldıb, zəiflətməkdir. Vəhdət yaratmaq dedikdə sözün əsil mənasında olmayan (etibari) vəhdət nəzərdə tututur.
Məqsəd çoxluğun və ixtilafların tamamilə yox edilməsi deyil. Məqsəd hövzə ilə institutun, şiə ilə sünninin və ölkədə yaşayan bütün tayfaların arasında yaratmağa çalışdığımız vəhdətə oxşar bir vəhdətdir. Yəni eyni meyarları öyrənək və onların daha çox diqqət mərkəzində olmasına, güclənməsinə çalışaq. Nəticədə bu meyarların güclənməsi sayəsində ixtilafa səbəb olan məsələlər rəngini itirib, zəifləsin.
Vəhdətin bu mənası aydındır; lakin bəzən bəzi məsələlər açıqlanır ki, biz vəhdətə xatir onlara göz yummağın, yoxsa ayrı bir işin faydalı olmasını bilmirik. Bizim söhbətimizə aid olan və zehnimizi məşğul edən məsələlərdən biri budur ki, şiə ilə sünninin vəhdətindən danışırıqsa, gərək ümumiyyətlə şiə sünni məsələləri olmasın və yalnız İslamın, nübüvvətin və məadın həqiqət olmasından danışaq. Bəhanəmiz də belədir ki, ixtilaflı məsələlər açıqlandıqda qəlblər bir-birlərindən qırılır, soyuyur. Bütün bunlara baxaraq biz ixtilaflı məsələləri tərk etməliyikmi? Vəhdətin mənası budurmu?!

İxtilaf növləri


Əqli bəhslərdə vəhdət çoxluğun müqabilində işlənir; lakin burada vəhdət ixtilafın müqabilindədir. Burada vəhdət yəni ixtilafın yoxluğu. Vəhdətə dəvət etmək, yəni ixtilafların kənara qoyulmasını istəmək. Demək, əslində vəhdət və ixtilaf anlayışlarını bir-birləri ilə müqayisə etməliyik. Bu söhbətdə vəhdət ixtilafın müqabilində işləndiyi üçün, əvvəl ixtilafın mənasını araşdıraq.
Tam eyni iki varlığın olması mümkündür. Adətən fabriklərdə xüsusi texnika ilə istehsal olan mallar kimi. Hansının “a”, hansının “b” olmasını çox çətinliklə ayırd etmək olar. Çoxluq var, lakin fərq yoxdur və bir-birləri kimidirlər. Demək, buradakı vəhdət nə oxşarlıqla, nə də çoxluq və sayla təzad daşımır. İxtilaf, yəni iki şey eyni olmasın. İki şey eyni olmadıqda ixtilaf olduğunu deyirik. İxtilaf dava və savaş mənasında deyil. İxtilaf yəni fərq olması. İxtilafın, fərqin olması pis şeydirmi? İki varlıq təbii olaraq bir-birlərindən fərqlidirlərsə, bu pisdirmi? Mən soruşuram: Əgər ixtilaf, fərqlilik olmasaydı, ümumiyyətlə aləm olardımı? Təbii ixtilaflar, fərqlər olmasa ümumiyyətlə, insan yaşaya bilməz və insani cəmiyyət formalaşmaz. Aləmin əsası belədir; əgər təbii ixtilaflar olmasa, aləm gerçəkləşməz. Qadın və kişi arasında təbii ixtilaflar olmasa, insan nəsli davamlı olmaz. Demək, əməllərimizə, seçimimizə, ixtiyarımıza aid olmayan təbii ixtilaflar bu aləmin varlıq şərtidir; bunlar olmasa İlahi feyz, nemət yolu bağlanar. Aləmin bu gözəlliklərlə davamlı olması ondakı fərqlərə, ixtilaflara görədir.
Bu gözəlliyin özüdür. “O kəs ki, hər şeyi ən gözəl formada yaratdı.” (“Səcdə”, 7) Beləliklə, ixtilaf kəlməsinin uyğun mənası söhbətimizə aid olmur.
Şəxslərin ixtiyarının, seçiminin tam rol oynadığı ayrı bir növ ixtilaf, müxaliflik var. Bunun aşkar nümunəsi aləmdəki təbii nemətlərdən istifadədədir. Bu zaman bir dəstə varlı, bir dəstə kasıb olur. Dəyər hesab olunan digər məsələləri nəzərə almadan insanların bacarıqlarının müxtəlif olması və bunun nəticəsində onların ixtiyari olaraq yeni faydalar əldə etməsi yaxşıdır, yoxsa pis? Burada onların öz iradə və işləri təsirlidir. Lakin əsas səbəb İlahi vergi olan təbii fərqlərdədir. Güclü yaddaşa malik, daha bacarıqlı və daha istedadlı olan biri fiziki gücündən daha çox istifadə edir və artıq maddi faydalar əldə etmək üçün zəmin yaradır. Tam əminliklə demək olar ki, bu məcburilik deyil! Lakin eyni zamanda yaranış nizamı və aləmin tədbirində nəzərə alınmış bir işdir. Allah-taala buyurur: “ Və O, o kəsdir ki, sizi təbii nemətlər baxımından fərqləndirdi və bəzilərinizi bəzilərinizdən üstün etdi ki, əta etdikləri ilə yoxlasın.” (“Ənam”, 165) Daha çox maddi nemətə sahib olanların öhdəsinə xüsusi vəzifələr düşür və bu onların imtahan olunması üçün zəmin yaradır. Aləm əsasən buna görədir ki, insanlar müxtəlif imtahanlarla qarşılaşsınlar, öz yollarını seçsinlər və Allaha nə qədər itaət etdikləri aşkarlansın. Bu, Allahın mənə verdiyi zati istedaddır. Bu ixtilaflar, fərqliliklər şəxslərin cəmiyyətdə müxtəlif mövqelərə, məqamlara sahib olmasına zəmin yaradır. Bu məqamlar fərqli vəzifələr tələb edir. Bu isə imtahan üçün zəmindir. Bu bir növ fərqlilik, ixtilafdır. Bu ixtilaf yaxşıdır, yoxsa pis? Əgər belə zəminlər yaranmasa imtahanlar baş tutmaz. İmtahanlar baş tutmazsa təkamül, inkişaf olmaz. Bu halda yaranışdakı məqsəd gerçəkləşməz. Ümumiyyətlə, Allah insanı yaradıb ki, o öz ixtiyar və seçimi ilə yolunu təyin edib, Allahın ona itaət və bəndəlik sayəsində təyin etdiyi kamilliyə nail olsun. Əgər bu imtahanlar olmasa kamilliklər də olmaz. İxtilafların, kamilliklərin mövcudluğunda insanın ixtiyarı, seçimi təsirlidir. Bunlar yaranışın əsas hədəfində nəzərə alınmış varlığın gözəlliklərindəndir. Bunlar zərurətdir. İnsan ixtiyarı və seçiminin daha çox rol oynadığı ayrı növ ixtilaflar da mövcuddur. Bu növ ixtilaflar yaranışın son hədəfi olan Allaha itaət və ibadət məsələsinə aid olunur. Burada din məsələsi açıqlanır. Qeyri-ixtiyari olmayan və təbii ixtilaflar, müxalifliklər. Yəni belə deyil ki, kimsə dünyaya gələrkən əvvəlcədən məcburi olaraq hansısa xüsusi bir dində doğulmuş olsun. Din və yol seçmək fərdlərin öz seçimlərinə və ixtiyarlarına bağlıdır. Burada çox amillər təsirlidir və çox incə formullar mövcuddur. Din dedikdə məqsədimiz bir sıra inanclardır. Bu inancların ardında müəyyən dəyərlər açıqlanır və bu dəyərlər xüsusi əməllər və rəftarlar tələb edir; dində məqsəd inanclar, dəyərlər və onlardan doğan rəftarlardır. Beləliklə, əqidələr, dəyərlər və hökmlər seçimi və onlara əməl məsələsi ortaya çıxan bu məqamda ixtilaflar çoxalır və hər gün əhatələnir. Qərb ölkələrində bəlkə də yeni bir dini firqə yaranmayan gün yoxdur. Adətən Qərbdə, xüsusi ilə Amerikada hər il yüzlərlə dini firqə yaranır. Burada cəza və şəri vəzifələr ortaya çıxır.
Quranda buyrulur: “Xalq vahid bir ümmət idi. Allah elçilərini müjdə vermək və qorxutmaq üçün göndərdi. Və onlarla birlkdə haqq kitab göndərdi ki, insanlar arasında ixtilafda olduqları məsələlərdə hökm etsin. Sonra başqa kimsə yox, kitab göndərilənlər özləri (aşkar dəlilləri gördükdən sonra) bir- birlərinin haqqına təcavüz etmək üçün onda ixtilaf yaratdılar.” (“Bəqərə”,213)
Xalq vahid bir ümmət idi və onların fitri baxımdan eyni ehtiyacları, tələbləri var idi; lakin onların arasında ixtilaf, müxaliflik yarandı. Bu ixtilaflar yavaş- yavaş səbəb olur ki, əqidəvi məsələlərdən başqa dəyər hesab olunan məsələlər də ortaya çıxsın; Çünki bir qisim insan şəxsi meyllər və amillər səbəbindən daha çox mənfəət əldə etmək və başqalarının hüququna təcavüz etmək istəyir. Bu yerdə ədalət, zülm, qanun və... məsələləri açıqlanır. Beləliklə, qanun təyin etmək istəyən şəxslər özləri ixtilaf, müxaliflik amillərindən, maraqlarından azad deyillər. Bu amillər, maraqlar onların təyin etdiyi qanunlarda özünü göstərir. İxtilaf amillərindən azad olan və ehtiyacsız biri həqiqi qanun təyin edə bilər. “ Allah Peyğəmbərlər göndərdi.”
Allah Peyğəmbərlər göndərir ki, bu ixtilafları, müxaliflikləri aradan qaldırsın.
İnsan o qədər qəribə bir varlıqdır ki, ixtilafı aradan qaldıran amillərin özündə ixtilaf, müxaliflik yaradır. Allah peyğəmbərlər, kitablar göndərdi ki, xalq arasındakı ixtilafları həll etsin; yəni bu işi gördü ki, hamı qanuna boyun əysin, haqqı bərpa etsinlər və bir-birlərinə zülm etməsinlər, nəticədə isə səadətlə yaşasınlar; lakin nankor insan dinin özündə ixtilaf yaratdı.
“Sonra başqa kimsə yox, kitab göndərilənlər özləri (aşkar dəlilləri gördükdən sonra) bir-birlərinin haqqına təcavüz etmək üçün onda ixtilaf yaratdılar.”(“Bəqərə”,213)
Ayə zülm, təcavüz, üsyan və nahaq ixtilaf üzərində təkid edir. Ayədəki “bəğy” kəlməsi haqqın müqabilindədir. “O kəslər ki, dində nahaq ixtilaf yaratdılar!” Bu şəxslər müxtəlif yollarla ixtilaf yaradırlar. Yollardan biri budur ki, biri “ Allahın məqsədi belə idi”, digəri isə “Allahın məqsədi başqa idi” deyir! Hətta iş o yerə çatdı ki, özləri düzəltdiklərini Allaha aid etdilər. “Vay olsun o kəslərə ki, öz əlləri ilə kitab yazır, sonra deyirlər: Bu Allah tərəfindəndir” ( “Bəqərə”,79 ) İlahi kitablarda yaratdıqları təhriflər, dəyişikliklər daha çox mənəvi dəyişikliklərdir. Yəni İlahi ayələrin məqsədində təhrif yaratdılar. Bu, günümüzdə “müxtəlif baxışlar” adı altında yayılmış bir məsələdir. Bu cənab İblisin yaradıcılığıdır ki, belə şagirdlər yetişdirmişdir. Onun şagirdləri Allahın birlik, haqq və səadətə qovuşmaq üçün təyin etdiyini ixtilaf, parçalanma, kin, savaş, dünya və axirət bədbəxtliyi üçün bir alət etdilər. “Allaha yalan isnad edən, iftira yaxan ya onun ayələrini təkzib edəndən daha zalımı kimdir?!” (“Əraf”,37) Daha bundan da pis nə iş görmək olar? Din və kitab nazil olmamışdan öncə üzrləri var idi və deyə bilərdilər ki, biz haqqın nə, batilin nə olduğunu və Allahın nədən razı olduğunu bilmirdik. Lakin Allah kitab nazil edib, peyğəmbərlər göndərdikdə və bu peyğəmbərlər xalqı hidayət etdikdə, nə üçün həmin birlik vasitəsində ixtilaf, müxaliflik yaratdılar?! Bu aləmdə yaranan ən pis ixtilafdır.
Bir qədər aşağı dərəcəsi budur ki, dini qəbul edirlər və fitva vermək zamanı haqqın nə olduğunu deməyə hazırdırlar. Lakin əmələ gəldikdə riayət etmirlər. Əməl zamanı gəldikdə nəfs istəkləri insanı bildiklərinə əməl etməyə qoymur.
Bunlar cəmiyyətdə yaranan ixtilaflardır.


Quranın tövsiyəsi, haqq çərçivəsində vəhdət

Bəs bu ixtilafları nəzərə alıb nə etmək lazımdır? Quranın bizim qabağımıza qoyduğu əsaslı yollardan biri haqq əsasındakı vəhdətdir. Quran cəmiyyəti islah etmək istəyənləri, özlərinə, başqalarına, dünyalarına və axirətlərinə ürək yandıranları, çatışmamazlıqlar və pisliklərdən əzab çəkib onlarla mübarizə aparmaq istəyənləri həqiqət əsasında olan vəhdətə dəvət edir. Quranın bir çox ayələrində, bütün peyğəmbərlərin dinlərinin şüarı belə göstərilir: “Dini bərpa edin və dində parçalanma, ixtilaf yaratmayın.” (“Şura”, 13) Dini eyni və şəffaf məzmunla, şübhə yaratmayacaq aşkar qanunlar formasında çatdırın ki, xalq arasında ixtilaf, parçalanma səbəbi olmasın. Əgər sağlam, vahid din mövcüd olarsa xalq arasındakı müxaliflikləri həll edib, problemləri aradan qaldıra bilər; lakin əgər dinin özündə ixtilaf, müxaliflik olarsa, daha vəhdətin qorunması üçün hansı amil qalasıdır?
Bütün vəhdətlər yox, haqq əsasında olan vəhdət bəyənilir. Bütün insanların zülm üzərində birləşməsi yaxşı işdirmi? Bu Peyğəmbərlərin dediyidirmi? Bu bütün elm əhlinin dediyi vəhdətdirmi? Vəhdət olsun deyə hər şeyə göz yummağın eybi yoxdurmu?!
Vəhdət əslində haqqın yayılması, ondan daha çox istifadə olunması və kimsənin Allahın bütün bəndələrə bəxş etdiyi bu ilahi nemətdən istifadəyə mane olmaması üçün bir vasitədir.
Allahın bu tövsiyəsinə əməl olundumu? Hamımız bilirik ki, ilk əvvəldən ixtilaflar, müxalifliklər yarandı; və sonda, qiyamət gününədək insanların bütün ictimai problemlərinin həlli olası son din, Allahın qiyamət gününədək insanlara olan son neməti peyğəmbərin vəfat etidiyi an ixtilafa, müxalifliyə düçar oldu.
İndi əgər kimsə dinə vəfalı olub, ixtilafların, müxalifliklərin qarşısını almaq istəsə hansı yolu tutmalıdır? Bu ixtilaflar dində nahaq şaxələrin yaranması ilə baş verdi. Əgər arada təkcə haqq olarsa heç bir ixtilaf, müxaliflik olmaz. Əgər ixtilafları, müxalifətçilikləri aradan qaldırmaq istəsələr gərək nahaqdan yaranmış şaxələr kəsilsin və Allahın göndərdiyi xalis din bütün insanlar üçün aydınlaşıb, onlara hakim olsun. Vəhdət haqq əsasında olanda bəyənilir. Biz çalışmalıyıq ki, haqqı aşkar edək, xalqın ixtiyarına verək və batil şaxələri kimsənin ona düçar olmaması üçün tanıtdıraq. Bu, öncə peyğəbərlərin (dini bərpa edin və onda parçalanma yaratmayın) daha sonra isə peyğəmbərlərin ardıcıllarının ( hamınız Allahın ipindən yapışın və parçalanmayın ) gerçəkləşdirməli olduqları ümumi bir ideyadır. Sonrakı məsələ isə dediklərmizin baş tutmadığı halda, yəni ixtilaflar yarandığı halda nə etməyin lazımlı olmasıdır. Allahın istəyi ilə növbəti məclisdə bu mövzunu açıqlayacağıq.
Məhəmməd və onun pak ailəsinə salam olsun!