Rəhbərlik Məqamının xüsusiyyətləri haqqında

“Pərtov” həftəliyinin Böyük Rəhbərlik Məqamının xüsusiyyətləri haqqında Ayətullah Misbah Yəzdi ilə xüsusi müsahibəsi

Pərtov: Söhbətin əvvəlində cənabınızın Ayətullah Xamenei ilə yaxından tanışlığı və rabitələrini nəzərə alaraq onun şəxsiyyətinin müxtəlif yönləri haqqında danışmağınızı istərdik. Cənab Rəhbərin siyasi fəaliyyət dairəsi geniş olduğundan onun elmi və mənəvi xüsusiyyətləri bir qədər kölgədə qalmışdır. Bu nöqtələri açıqlamağınızı istərdik.
Ayətullah Misbah: Rəhman və Rəhim Allahın adı ilə. Mən etiraf edirəm ki, nemətlər müqabilində olduqca naşükürük. Mənim bu etirafım Qurani-Kərimin həmin mövzuda olan ayələrinin bir təsdiqidir. “İnnəl-insanə ləzəlumun kəffar.” Biz Allahın bir çox nemətlərini yaddan çıxarırıq. Yaxınlarımızın, ata-anamızın, ustadlarımızın, dostlarımızın bir nemət olduğunu unuduruq. Axı hər birimiz saysız nemətlərə qərq olmuşuq. Əlbəttə ki, hər bir ümumi müddəada istisnalar da var. Amma insanın maddi, heyvani təbiəti onu nankorluğa sövq edir. İnsan unutqandır. Olsun ki, bu naşükürlüyün də kökündə həmin unutqanlıq dayanır.
Nəzərimcə, bəndənin və bütün digər iranlıların uzun illər boyu şükür etməklə yerinə yetirə bilməyəcəyi haqlardan biri mövcud İslam üsul-idarəsi, vilayəti-fəqihdir. Xüsusilə böyük Rəhbərin vücudu bir nemətdir. Allahın bəyəndiyi İslam quruluşu bütün peyğəmbərlər, övliyalar və salehlərin tarix boyu arzusu olub. Tarixin yalnız məhdud dönəmlərində və xüsusi məkanlarda həmin quruluşun nümunələrilə rastlaşa bilərik. Peyğəmbərlər arasında həzrət Süleymanın, son dövrdə islam Peyğəmbərinin (s) hökumətlərini misal göstərə bilərik. İslam Peyğəmbərinin (s) Mədinədəki hakimiyyəti bir neçə il sürdü. Həzrət Əmirəlmömininin (ə) də qısa müddətli hakimiyyəti daxili müharibələrlə müşayiət olundu. Bu sadalanan hallardan kənarda tarix boyu məsum bir şəxsin rəhbərlik etdiyi hökumət tapmaq çətindir. Vilayəti-fəqih hökuməti hazırki, dövrdə Allahın bizə lütf etdiyi böyük bir nemətdir. Bünövrəsi imam Rahil (r) tərəfindən qoyulmuş bu hökumət Böyük Rəhbərlik Məqamı Ayətullah Xamenei tərəfindən idarə olunmaqdadır.
Əgər bu hökumətin nə qədər dəyərli olduğunu nəzərdə saxlasaq, onu başqa nemətlərlə müqayisə edib əsil dəyərini verə bilsək, onu dünya nemətləri ilə bir sırada qoymağımız mümkün deyil. Bu da dünyada olan bir nemətdir. Amma axirətə, əbədi səadətə doğru bir körpüdür. O biri nemətlərlə bu nemət arasında müqayisə aparmaq çətindir. Başqa nemətlər nə qədər böyük olsa da, bu nemətlə müqayisədə sıfır həddindədir. Zəruridir ki, hər vaxt, hər yerdə fürsət düşəndə bu böyük ilahi neməti insanlara xatırladaq. Onlar bu nemətin qədrini bilib şükrünü yerinə yetirsinlər. Bu işin faydalarından biri də odur ki, bir insan bu nemətin əzəmətini dərk etdikdə digər nemətlərdən məhrumluğa dözmək asan olur. Yaşadığımız dünya elə bir dünya deyil ki, onda əskiklik olmasın. Quran da bunu təsdiqləyir. İnsanın dünya həyatı əzab-əziyyətlərlə yanaşıdır. Amma böyük nemətləri nəzərə aldıqda kiçik nemətlərdən məhrumluğa dözmək asan olur. Bank hesabında bir milyard dollar olan insan min dollar itirsə belə bunu tez bir zamanda yaddan çıxarar. Amma bir insanın bütün var-yoxu həmin min dollar olarsa və o bu məbləği itirərsə, dünyasına bir zülmət çökər. Əgər Allah-Təalanın vilayəti-fəqih timsalında bizə necə böyük bir nemət əta etdiyini düşünsək, dünyanın ayrılmaz hissəsi olan kiçik itkilərə dözmək qəpik-quruş itirmək kimi asan gələr.
Şükür etməli olduğumuz ikinci nemət mərhum imam Rahilin (r) varlığı idi. Biz çox qısa bir vaxt onunla müasir olduq. Onun haqqında söz demək səlahiyyəti çatan şəxslər etiraf edirlər ki, ən azı son əsrlərdə tarix belə bir şəxsiyyət görməyib. Əllbəttə ki, onların da dəyərləndirməsi maddi meyarlara əsaslanır. Onların əksəriyyəti imamın mənəvi cazibəsini dərk etməyiblər. İmamın gördüyü ən böyük iş insanlarda yaratdığı daxili inqilab idi. İmam küçə və prospektləri dolaşan sadə uşaqları çox böyük irfani və mənəvi məqama çatdırdı. İmamın mənəvi xüsusiyyətləri onun maddi xüsusiyyətləri ilə müqayisə ediləsi deyildi. İmamı eyni zamanda əsrin ən böyük şəxsiyyəti sayırlar. Biz imamın bu xüsusiyyətinə çox diqqət yetirməliyik. Dərk etməliyik ki, onun rəhbərliyi altında hansı zillətlərdən, alçaqlıqlardan qurtulmuşuq. Baxın görün ölkəmiz beynəlxalq müstəvidə hansı izzətə çatıb?! Həm maddi, həm mənəvi-əxlaqi baxımdan cəmiyyətimiz tərəqqi edib. Ölkəmizdəki bu tərəqqi başqa cəmiyyətlərə də sirayət etməkdədir.
Doğrusu, mən imamın həyatı dövründə ondan sonra vəziyyətin necə olacağı barədə düşünür və bir qədər pərişan olurdum. Çalışırdım ki, bu barədə düşünməyim. Çünki suallarıma qaneedici cavab tapa bilmirdim. İmamdan sonra cəmiyyətə rəhbərlik ehtiyacının hansı həddə ödənəcəyi barədə düşünmək mənim üçün olduqca ağır idi. Amma Böyük Rəhbərlik Məqamı Ayətullah Xamenei həmin məsuliyyəti öz üzərinə götürdükdən sonra sanki alov üzərinə sərin su səpildi. Etiraf edim ki, ilk vaxtlar mən Böyük Rəhbərin istedad və imkanlarından yetərincə xəbərdar deyildim. Bircə onu bilirdim ki, ətrafdakı insanlar arasında o, hamıdan üstündür. Amma sonralar aydın oldu ki, sanki imam Rahilin (r) ruhu onda hülul edib. İmamın şəxsiyyətindəki əzəmət Böyük Rəhbərlik məqamında zahir oldu. Əllbəttə ki, mən imamın bütün xüsusiyətərini Rəhbərin xüsusiyyətləri ilə müqayisə edə bilmərəm. Deyə bilmərəm ki, hansı xüsusiyyətlər bərabər olub, hansı məqamlarda fərqlər yaranıb. Belə bir mühakimə üçün yüksək səlahiyyətə malik olmaq lazımdır. Amma qısaca bunu bilirəm ki, Ayətullah Xamenei imamdan sonra cəmiyyətə rəhbərlik üçün ən üstün seçim idi. Günlər ötdükcə bu etiqadım güclənir. Hamımız şahidik ki, Allah bu insanı necə tutumlu, ləyaqətli, istedadlı yaradıb. Əlbəttə ki, həmin tutumlar və istedadlar zaman keçdikcə inkişaf etməkdədir. Rəhbər nə qədər səmimi, ixlaslı və fədakardırsa, bir o qədər də ilahi yardımlar artır. Amma insandakı kamilliklərin üzə çıxması üçün şərait olmalıdır. Allahın bir şəxs üçün belə bir şərait yaratması xüsusi lütfdür.
Nəticə olaraq bunu deyə bilərəm ki, onun şəxsiyyəti hər bir müsəlman, hər bir iranlı, xüsusilə hər bir iranlı şiə üçün əzəmətli nemətdir. Başqa heç bir neməti bu nemətlə müqayisə etmək olmaz. Əgər bütün nemətləri tərəzinin bir gözünə, rəhbərlik nemətini tərəzinin o biri gözünə qoysaq, bu şəxsiyyətin ölçüyə gəlməz üstünlüyünə şahid olarıq. O, bizim hər birimiz üçün, bütün cəmiyyət üçün nemətdir. Allahın hər birimizə verdiyi nemətlərlə müqayisəyə gəlməyəcək bir nemət! Əlbəttə, Allahı və Əhli-beyti tanımaq nemətinin öz yeri var. Bu nemətlərin dəyərini rəqəmlərlə təyin etmək cəhdi səmərəsizdir.
Bu müddəanı sübut etmək o qədər də çətin deyil. Əgər onun həyatını ötəri nəzərdən keçirsək, Ayətullah Xameneinin rəsmi prezidentlik dövründən başlayaraq fəaliyyətlərini izləsək, onun dünyadakı başqa prezidentlərlə müqayisəyə gəlməyəcək xüsusiyyətlərinə şahid olarıq. Müdiriyyət bacarığı, geniş qəlb, komplekslik, təqva, mehribanlıq, canıyananlıq və yüzlərlə başqa fəzilətlər baxımından onunla başqaları arasında böyük fərq var. Siz başqa ölkə prezidentlərinin bioqrafiasını səthi mütaliə edin. Təkcə əxlaq baxımından onlarla tanış olmağa çalışın. Prezidentlərin tarixçəsində zəif nöqtələr, əxlaqi pozğunluqlar, korrupsiya, bu kimi başqa mənfi hallar yetərincədir. Amma rəhbərin otuz illik fəaliyyətində xırda bir qara nöqtə də tapmaq mümkünsüzdür. Bu misilsiz fərqi necə görməmək olar?! Onu ölkə daxilindəki şəxsiyyətlərlə müqayisə etməyək. Miqyası daha böyük götürək.
Siz cənab Rəhbəri başqa prezidentlərlə müqayisə edin. Əmin olarsınız ki, Allah bizə böyük bir nemət verib. Bilirsinizmi, başqa ölkələrdə prezidentlik məqamına qalxmaq üçün nə qədər pul xərcləyir, mənfi təbliğat aparır və insanların hüquqlarını pozurlar? Vəzifə kürsüsünə oturduqdan sonra öz imkanlarından sui-istifadə edirlər. Allah-Təala bizə necə misilsiz rəhbərlər lütf edib! Bu insan rəyasətə, rəhbərliyə çatmaq üçün bircə qəpik də xərcləməyib. Bütün bu vəzifələr demək olar ki, ona zorla qəbul etdirilib. O da yalnız məsuliyyət hiss edərək bu vəzifələri qəbul edib. Bu nöqtələri nəzərə aldıqda aydın olur ki, onlardan xəbərdar olan mənim kimi insanlar nə qədər naşükürdür. Onlar nəinki naşükürlüklərini etiraf etmir, hətta həqiqətədən uzaq iddialarla çıxış edirlər. Əgər bu insanların Allaha və qiyamətə etiqadları varsa, Allaha nə cavab verəcəkləri barədə düşünmürlərmi?!
Cənab rəhbərin şəxsiyyəti böyük ruha malik təqvalı insan şəxsiyyəti olaraq nəhayətsizdir. Bunu hamı görür və aydınlaşdırmağa ehtiyac yoxdur. O, cəmiyyətin istənilən bir qrupu, istənilən peşə sahibləri ilə söhbət etdikdə nəinki deməyə söz tapır, hətta mütəxəssisləri geridə qoyur. Əlbəttə ki, bir ruhaninin tibb və fizika kimi xüsusi sahələrlə bağlı ətraflı məlumatı olmaya bilər. Amma cənab Rəhbər ictimai-siyasi fəzaya aid olan bütün məlumatlara malikdir. Onun ədəbiyyat, şer, musiqi, idman, xəttatlıq kimi sahələrdə peşəkar məlumatları var. Ölkəyə rəhbərlik baxımından onun üstünlüyü göz qarşısındadır. Təəssüflər olsun ki, onun rəhbərlik və vilayətlə bağlı bir sıra xüsusiyyətləri pərdə arxasında qalıb. Bu sırada ilkin yerdə onun fəqihliyi dayanır.
Fiqh sahəsində insaf və təqvası ilə tanınmış böyük şəxsiyyətlər şəhadət verirlər ki, rəhbər bu sahədə nəinki onlardan geri qalmır, hətta bir sıra mövzularda öndə dayanır. Fiqhdə istifadə olunan elmlərdən biri də rical elmidir. Əgər şiə aləmində rical sahəsində üç böyük alim varsa, onlardan biri cənab rəhbərdir. Təəssüf ki, bundan başqa da bir sıra sahələrdə rəhbər yetərincə tanınmır. Onun misilsiz bir yaddaşı var. Şəxsiyyətlərin bioqrafiyasını, tarixi hadisələri heyrətamiz bir şəkildə yadda saxlayır. Onu sevdirən başqa bir xüsusiyyət mehribanlığı, səmimiyyət və canıyananlığıdır. O, xalqa münasibətdə misilsiz səviyyədə qayğıkeşdir. Onun bəzi şəhid ailələri və fədakar insanlarla rabitələrini müşahidə etdikdə deyilənlərə əmin olursan. Digər bir tərəfdən, onun təqvası, sadə həyat tərzi, zahidliyi tarixə yazılası nümunələrdir. Belə bir yüksək məqam tutan, misilsiz imkanlara malik olan bir insanın bu qədər sadə həyat tərzini qoruyub saxlaması adi iş deyil. Bütün bu xüsusiyyətləri və fəzilətləri sadalayıb qurtarmaq çox çətindir. Onun xüsusiyyətlərinin birinə malik olan insan cəmiyyətdə sayılıb-seçilir. Əgər Allah bütün bu imtiyazları toplayıb bir şəxsə vermişsə və onu cəmiyyətə rəhbərlik məqamına qaldırmışsa, bu nemətə nə qədər şükür etməliyik?! Allah eləməsin ki, ondan bircə saat məhrum olaq. Onda aydın olar ki, o necə qiymətli bir gövhər imiş. Bəli, belə bir şəxsin oxşarını tapmaq mümkünsüzdür!
Rəhbərlə yaxından tanış olan insanlar onu ətrafdakııarla müqayisə edə bilərlər. Görərlər ki, yerlə göy arası fərq var. Bəli, başqa rəhbər vəzifə tutan insanlarla cənab Rəhbər arasında fərq yerlə asiman arası qədərdir. Mənim kimiləri yalnız bunu dərk edir ki, o başqalarından çox üstündür. Amma nə qədər üstün olduğunu dəyərləndirə bilmirik. Bəzən həmin üstünlüyün nümunələri özünü göstərir. İnsan diqqətli olduqda bu fərqləri dərk edə bilir. Cənab rəhbərin başqalarından üstünlüyü son fitnəkarlıq hadisələrində zahir oldu. Biz bu fitnələrin dərinliyini görə bilmədiyimiz bir vaxtda cənab Rəhbər həmin problemləri məsumlara yaxın bir tərzdə yoluna qoydu. Onda elə bir qəlbigenişlik var ki, yalnız məsumlarda müşahidə edilə bilər. Başqaları ilə müqayisədə bu səbir, qəlbigenişlik müqayisəyə gəlmir.
Allah-Təala bütün fəzilətləri toplayaraq bir şəxsdə qərar verib və onu İran xalqının ixtiyarında qoyub. Bu mövzu ilə yaxşı tanış olmayanlar dünya miqyasında böyük şəxsiyyətlərin həyatını araşdırsınlar və onu rəhbərlə müqayisə etsinlər. Bəzi ölkə başçıları cənab Rəhbər haqqında fikir bildirərkən ona heyran olduqlarını dilə gətirir və İran xalqının belə bir rəhbərlə məğlub olmayacağını bildirirlər. Bu fikri dilə gətirənlərdən biri də Rusiyanın baş naziri Putindir. Rusiyanın sabiq pirezidenti, bugünkü baş naziri Putin cənab Rəhbərin bənzərsiz bir şəxsiyyət olduğunu dilə gətirib. Hansı ölkə başçısı haqqında başqa bir ölkənin başçısı bu sözləri deyir?! Onlar cənab Rəhbərlə görüşdə öz kiçikliklərini hiss edir və həmin hissləri gizlədə bilmirlər. Mənafelərinə zidd olsa belə cənab Rəhbərin üstünlüklərini etiraf edirlər. Hər halda biz bu nemətə görə şükür etməliyik. Bu neməti cəmiyyətə tanıtdırmalıyıq ki, onlar Allahın xalqa lütfünü görsünlər. Bu halda onların şükür etməsi üçün şərait yaranar. Onlar bu neməti lazımınca dəyərləndirərlər və başqa çətinliklərə dözmək asan olar.
“Pərtov”: Ötən il baş vermiş fitnəkarlıq (hicri-şəmsi 1388) və cənab Rəhbərin həmin fitnəkarlığı aradan qaldırması haqqında danışdınız. Fitnəkarlıq başlayan dövürdən, xüsusilə 9 dey tarixindən sonraki bir ildən artıq müddətdə bir çoxları cənab Rəhbərin tədbirləri sayəsində səhv etdiyini anladı və düzgün mövqe tutdu. Həmin hadisələrdən sonra İslam düşmənlərinin ixtiyarında olan KİV-də cənab Rəhbərin şəxsiyyətinə qarşı müharibə başladı. Hazırda məktublar və başqa vasitələrlə ona qarşı çıxışlar olur. Sizin nəzərinizcə, bütün bu işlərdə düşmənin məqsədi nədir? Bu azğın hücumlara münasibətdə xalq, xüsusilə elm hövzələri hansı mövqe tutmalıdır? Bu strateji hücumlara necə cavab verilməlidir ?
Ayətullah Misbah: Belə görünür ki, düşmənin hücumları və həmin sahədə artan fəaliyyətlər tam təbiidir. Cənab Rəhbərin müvəffəqiyyətləri artdıqca cəmiyyətdə ona olan sevgi də güclənir. Zaman ötür və cənab Rəhbərin ölkənin taleyindəki rolu daha çox üzə çıxır. Bu isə düşmənləri narahat edir, onları nəzərdə tutduqları hədəflərə münasibətdə bədbinləşdirir. Onlar bütün vasitələrə əl atırlar. Demək, bütün düşmən təbliğatlarının və fəaliyyətlərinin cənab Rəhbər üzərinə yönəlməsi təəccüblü deyil. Başqa bir məsələ budur ki, biz hansı mövqeni tutmalıyıq. Ümumi şəkildə belə cavab vermək olar ki, biz bütün gücümüzlə düşmən hücumları qarşısında dayanmalıyıq. Amma bunu da yadda saxlamalıyıq ki, ins və cinndən olan şeytanlar qılıncları həmişə libasın üstündən bağlamırlar. Onlar, ölümlə həyat arası son məqamda qılınca əl atırlar. Amma həmin mərhələyədək fitnəkarlıq və hiylələrlə hərəkət edirlər. Bu fəaliyyətlər inqilabın ilkin illərindən başlayıb. Amma bu gün cənab rəhbərin şəxsinə münasibətdə həmin hücumların zirvə nöqtəsinə çatdığını görürük. Bu fəaliyyətlərlə təkcə xarici düşmənlər məşğul olmur. Onlara ölkə daxilindəki qüvvələr də kömək edir. Dəşmən isə həmişə zəif xarakterli, alçaq mənəviyyətlı insanlardan istifadə edir.
Əlbəttə ki, bütün bu rəqabətləri və düşmənçilikləri dəyərləndirmək, onların harada qaynaqlandığını bilmək üçün psixoloji təhlillər aparılmalıdır. Amma Qurani-Kərimdə oxşar fəaliyyətlərin arxasında həsəd amilinin dayandığı bildirilir. Adəm övladını ilk cinayətə aparan da həsəd olub.
Bəzilərində sual yarana bilər ki, nə üçün xalq bir şəxsi bu qədər sevir? Axı yaşda və təcrübədə ondan öndə olanlar da var. Nə üçün həmin insanlar cənab rəhbərdən daha çox sevilmir? Hansı ki, cənab Rəhbər heç zaman hörmət və sevgi qazanmaq üçün addım atmamışdır. Bu mövzu bəzilərini hövsələdən çıxarır. Onlar çalışır, pul xərcləyir, plan cızırlar, amma bütün zəhmətləri bada gedir. Cənab Rəhbər isə sevgi sorağında olmadığı halda Allah onu sevdirir. Bu məsələnin müxalifətçilik və fitnəkarlıqlara necə təsir göstərdiyindən xəbərsizik. Bir çox düşmənçiliklərin səbəbi məhz bu psixoloji amildir. Daxildəki insanlardan birində bu münasibət yarandıqda xarici düşmənlər dərhal ondan bəhrələnirlər. Düşmənin kimisə tərbiyə etməsinə ehtiyac qalmır. Onlar sadəcə arayıb-araşdırır və həsəd alovunda yanan insanları tapırlar. Bu insanlar üzərində iş aparılır, onların maddi imkanları genişləndirilir ki, cəmiyyətdə fitnəkarlıq alovlansın.
Əgər biz bu firnəkarlıq amillərini araşdırsaq görərik ki, onlardan qurtuluş özü bir möcüzə olub. Otuz il bu hadisəni yaratmağa çalışıblar. Xarici düşmənlar, daxildəki zəif xarakterli insanlar inanırdılar ki, bu son zərbədir. Amma şahid oldular ki, onların zəhmətləri öz zərərlərinə tamamlandı. Bunun adını möcüzədən başqa nə qoymaq olar?! Məgər bu Allahın lütfü deyilmi?! Allah hüzürunda səcdə qılıb şükür etməkdən başqa əlimizdən nə gəlir? Yanlız bununla misilsiz ilahi nemətin haqqını əda edə bilərik.
“Pərtov”: Məsulların, tanınmış insanların və xalqın hazırki şəraitdə vəzifəsi nədir?
Ayətullah Misbah: Təəssüflər olsun ki, sadaladığımız problemlərin çoxuna elə tanınmış adamlar səbəbkardır. Onlara nə vəzifə təyin edilir edilsin, fərqi yoxdur. Belələri yanlız şəxsi mənafe üçün çalışır. Bu sahədə bizim əsas vəzifəmiz aldanmaq qorxusu olan şəxslərə agahlıq vermək,onlara xəbərdarlıq etməkdir. İnadkar adamlara təsir etmək olmaz. Quranda da buna işarə olunur. Quran bəziləri haqqında “onların qəlbi möhürlənib” buyurulur. Nə edirsən et, onlara təsirsizdir. Cəmiyyətə mənfi təsir göstərən, onu azdırmaq üçün fəaliyyət göstərənlər barmaqla sayılası kiçik bir qurupdur. Biz də öz növbəmizdə gücümüz həddində çalışmalı, onların mənfi təsirinin qarşısını almalıyıq. Biz bu vəzifəni o zaman yerinə yetirə bilərik ki, özümüz doğru yolda olaq. Şəxsi mənafelər, vəzifə istəyi bu sahədə böyük maneədir. Biz də bir bəhanə ilə xalqın xoşuna gələn sözlər demək istəsək, bu yolla səs qazanmağa çalışsaq, vəzifə umacağında olsaq müsbət bir addım ata bilmərik. Bütün bunlar azğınlıq amilləridir. Əyri yollarla həqiqətə xidmət etmək olmaz. Bu vəzifəni o insanlar yerinə yetirə bilir ki, özləri ixlaslıdırlar və məqsədləri İslama xidmət, dini dəyərlərin qorunmasıdır. Onlar nə hədələrdən qorxurlar, nə vədlərə aldanırlar. Təkcə vəzifələrini yerinə yetirirlər.
“Pərtov”: Böyük Rəhbərin Qum ustanına səfəri astanasındayıq. Xalqın, hövzələrin, tələbələrin, alimlərin bu səfərlə bağlı vəzifələri nədir?
Ayətullah Misbah: Xalqımız böyük Rəhbəri o qədər sevir ki, onlara istiqballa bağlı göstəriş verməyə ehtiyac qalmır. Biz də bu əzəmətli cəmiyyətin arasında kiçik zərrə olaraq iştirak edib savab qazanacağıq.
“Pərtov”: Siz özünüz Rəhbərin istiqbalına qatılacaqsınızmı?
Ayətullah Misbah: İnşaallah, əgər tövfiq olsa. Bizdən daha çox tələb olunan dilimizlə, qələmimizlə, xalqla rəftarımızla Allahın Ayətullah Xamenei nemətinə şükür etməkdir. Biz xalqı məlumatlandırmalı, onlara aydınlaşdırmalıyıq ki, bu nemət heç bir başqa nemətlə müqayisə ediləsi deyil. Onun şükrünü yerinə yetirmək də çox çətindir. Əgər insan o nemətin böyüklüyünü bilsə, qorxar ki, bəhrəsi az olsun. Onda əlindən gələni edər ki, həmin nemətdən daha çox bəhrələnsin. Məni də narahat edən odur ki, xalqı oyatmaq istiqamətində vəzifəmizi yerinə yetirə bilirikmi? Xalq sübut edib ki, vəzifə bildiyi bir işi süstlük göstərmədən yerinə yetirir və bu sahədə fədakarlıq göstərir. Biz Rəhbərin varlığına şükür etməklə yanaşı onu qiymətləndirən xalqa görə də şükür etməliyik. Şükür etməliyik ki, qədirbilən bir millət arasında yaşayırıq. Bu cəmiyyət oyaqdır, yalanlara uymur, hətta bəzi məqamlarda böyük şəxsiyyətlərdən də agahdır. Onlar öz düşüncələri ilə elə həqiqətləri dərk edirlər ki, onu mütəxəssislər dərk etmir. Bu xüsusiyyətlər Allahın millətə əta etdiyi böyük bir nemətdir və biz bu nemətlərə görə şükür etməyə borcluyuq. Narahat olmalıyıq ki, özümüz vəzifəmizi yerinə yetirə bilirik, yoxsa yox?
Allah-Təaladan diləyirəm ki, əziz Rəhbərin ömrünü uzun etsin, ona işlərində tövfiq əta buyursun, vücudunun bərəkətini artırsın. Bizə də bütün nemətlər, xüsusilə Rəhbər neməti müqabilində şükür etməyə yardımçı olsun. Allahdan onun və övliyalarının bəyənəcəyi xidmət üçün yardım diləyirəm. İnşaallah.
“Pərtov”: Son sual olaraq mərhum İmamın “Səhifeyi-Nur” əsərinə müraciətlə mədəniyyət mövzusunu yada salırıq. İmam bu əsərdə həmin mövzu üzərində xüsusi dayanır. O həmin kitabda mədəniyyət sözünü 480 dəfə işlətmişdir. Buyuruqlarından biri budur: “Əgər İslam məmləkətimiz siyasi, iqtisadi, hərbi baxımdan zirvə həddinədək yüksəlsə, amma mədəniyyət sahəsində iş görülməsə, bu işin sonu puçdur.” Bu İmamın sözləridir və İmam bu mövzu üzərində xüsusi dayanır. Həmin mədəniyyətin nümunəsini də göstərir və “əsil İslam” ifadəsini işlədir. Böyük Rəhbər də 21 illik rəhbərlik fəaliyyətində İmamın bu xəttini əsas götürərək mədəniyyət mövzusunu gündəmdə saxlayır. O da həqiqi Məhəmməd (s) İslamını mədəniyyətin əsil nümunəsi kimi göstərir. Biz az adam tanıyırıq ki, bu mövzuya bir bu qədər həssas yanaşsın.
Cənabınız da Xibrə məclisinin son iclaslarında mədəniyyət mövzusu üzərində dayanmısınız və bu sahədə alimlərin, ruhanilərin məsuliyyətindən danışmısınız. Böyük Rəhbərlik Məqamı da öz söhbətlərində alimlərin bu sahədəki vəzifələrini vurğulayır, onları bu sahəyə diqqətlə yanaşmağa çağırır. Şübhəsiz ki, bu sahədə əsas vəzifə ruhanilərin və elmi hövzələrin üzərinə düşür. Olsun ki, cənab Rəhbərin Quma səfərinin əsas məqsədlərindən biri mədəniyyət mövzusu, ruhanilərə bu sahədə vəzifələri anlatmaqdır.
“Pərtov”: Sizin nəzərinizcə ruhanilərin bu sahədə vəzifəsi nədir? Texnologiyaların kosmik sürətlə inkişaf etdiyi bir vaxtda düşmənlər ondan yararlanaraq şübhələri artırırlar. Nə üçün mərhum İmamın bu sahədəki təkidləri, Böyük Rəhbərlik Məqamının buyuruqları 31 il ötməsinə baxmayaraq gündəmdə deyil? Doğrudanmı onların buyuruqlarını həyata keçirməyə imkan yoxdur?
Ayətullah Misbah: Bu məsələ olduqca mürəkkəb bir məsələdir. Mən də çıxış yolu göstərəcək səviyyədə deyiləm. Amma nəzərimcə bir neçə iş görülməlidir. Əvvəla, öncə bilməliyik ki, bu vəzifənin icrası bir mərkəzin, qurumun və ya zümrənin gücündə deyil. Onun müxtəlif yönləri var və bu yönlər dövlətlə millət arasında bölüşdürülməlidir. Millətə aid vəzifələrin də öz bölgüsü var. Əlbəttə ki, bu sahədə əsas işlərdən biri mədəniyyətin düzgün məzmununu hazırlamaqdır. Bu iş ruhanilərin işidir. Onlar da təklikdə bu işin öhdəsindən gələ bilməzlər. Böyük Rəhbərlik Məqamı işarə etdiyi kimi, məzmunu hazırlamaq ruhanilərin işidir. Amma zəminələr dövlətin fəaliyyət sahəsidir.
Bir sözlə, nəzərdə tutulmuş məqsədə çatmaq asan deyil. Bu elə bir işdir ki, cəmiyyətdə qarşıdurma yaradır və bu elə belə də olmalıdır. Bu işin özəyində İslam dayanır və İslam mədəniyyət yönlü anlayışdır. İnamlar, dəyərlər bütün bunlar mədəniyyətdir. Əgər bütün cəmiyyətimiz bu işə vaxt sərf etsə, yersiz olmaz. Əslində əsas məqsəd də budur. Təkcə bizlərin, inqilabçıların yox, bütün peyğəmbərlərin məqsədi bu olub.
Bəs nə üçün bu iş irəli getmir? Onun müxtəlif səbəbləri var. Əlbəttə ki, uğursuzluğun əsas səbəbi andlı düşmənimiz olan şeytanın qurğularıdır. O özü, əlaltıları vasitəsilə, ins və cindən olan şeytanlarla iş görür. Məqsəd insanın təkamülünün qarşısını almaqdır. Başqa amillər də var və onları müəyyənləşdirmək lazımdır. Hamı bu sahədə çalışmalı, inkişaf amillərini gücləndirməlidir.
Bu məqamda məntiqi baxımdan maraqlı bir nöqtəni də nəzərinizə çatdırım. Əslində mədəniyyət sözü çoxlarına aydın deyil. Hazırda ölkənin müxtəlif nazirliklərində, qurumlarında mədəniyyət layihələri hazırlanır. Musiqi, idman, kino, teatr kimi sahələrə büdcə ayrılır. Məgər bunlar mədəniyyət işidir? Əgər onlardan nə üçün mədəniyyətlə bağlı iş görmürsünüz soruşulsa, həmin bunları sadalayıb deyərlər ki, iş görürük. Etiraf etməliyəm ki, həmin işlər çox vaxt bir bəhanədir. Yəni əsas işi görməkdən çəkinirlər. Əslində mədəniyyətə aid olmayan işlərin üzərinə mədəniyyət adı qoyurlar. Bu yolla xalqı aldadır, düşmənlərin məqsədini həyata keçirirlər. Bu zəif nöqtə həm xalq, həm də məsulların bir hissəsində müşahidə edilir.
İkinci məsələ budur ki, həqiqətən də mədəniyyət sahəsində addım atmaq istəyənlər bu işin əzəmətindən, ağırlığından qorxurlar. Bu işin ağırlığı inqilabın ağırlığı ilə müqayisə oluna bilər. Şah rejimini devirən inqilab siyasi inqilab idi. Bu isə mədəni inqilab olmalıdır. Müəyyən baxımlardan mədəniyyət inqilabı siyasi inqilabdan ağır, dərin və əhəmiyyətlidir. Bu sahədə addım atmaq istəyən insan düşünür ki, mən İmam kimi bir şəxsiyyətin rəhbərliyi altında xalqın gördüyü işi görə bilərəmmi? Hamı bu işin əzəmətindən qorxur. Bu səbəbdən də yaxalarını kənara çəkirlər.
Bu işi görəçək insanlar da var. Amma onlar dostlarını itirməkdən ehtiyatlanırlar. Olsun ki, tərəfdarlarını itirəcəkləri də onları qorxuya salır. Əsil mədəniyyət işləri uzunmüddətli olur və nəticəsi tez zamanda görünmür. Xalq nəticəsi dərhal görünməyən işlər müqabilində kimsəyə səs vermir. Vəsvəsə yaranır ki, nə üçün belə uzunmüddətli layihələrə vaxt sərf olunmalıdır? Deyirlər elə iş görək ki, onun nəticəsi dərhal görünsün və xalq razı qalsın. Dərhal görünən təsirləri olmayan bir işə nə üçün vaxt sərf edək?!
Başqa bir tərəfdən insanlarda heyvani meyllər var və bu meyllər İslam mədəniyyətinin inkişafı ilə bir araya sığmır. Onlar bilirlər ki, İslam mədəniyyəti tərəqqi etsə onların nəfs istəkləri gözlərində qalacaq. Rahat yaşaya bilməyəcəklər, qonşu ölkələr də onları mürtəce sayacaq. Düşünürlər ki, nə üçün özümüzə başağrısı yaradaq?! Ona görə də xalqın mədəniyyət ehtiyacına idman, kino kimi fəaliyyətlərlə cavab vermək istəyirlər. Bəziləri də bu işləri ruhanilərin vəzifəsi sayır. Deyirlər ki, biz kömək etməyə hazırıq, amma ruhanilər bu istiqamətdə çalışmalıdır.
Ruhanilər arasında da mədəni tərəqqiyə mane olanlar var. Onlardan bəziləri bilməyərəkdən bu mövqeni tutublar. Təsəvvür edirlər ki, ruhaniyyətin vəzifəsi yalnız fiqh, üsul, risalə yazıb, şəri vergi toplamaqdır. Anlamırlar ki, mədəniyyət də ruhanilərin işidir.
İslam mədəniyyəti üçün görüləcək işlərdən bir qismi humanitar sahələrdə universitet səviyyəli kitabların yazılmasıdır. Biz universitetlərdə on illər boyu tədris olunmuş qərb filosoflarının kitablarını əvəz edəcək kitabları o zaman yaza bilərik ki, onlar qədər çalışmış olaq. Mahiyyətcə dolğun, zahirən cazibəli kitablar hazırlamalıyıq. Bu çox çətin işdir. Bəzən həmin çətinlik səbəbindən biz də onu bir kənara qoyuruq.
Bütün bu səbəblərdən durduğumuz yerdə sayırıq. Ölü nöqtədən tərpənmək üçün fədakar insanlara ehtiyac var. Cəbhə xəttini yaran insanlar kimi qəhramanlar lazımdır. Onlar öz rahat həyatlarına, dünya ləzzətlərinə, vəzifələrinə göz yumub təlaş göstərməli, layihələr ortaya qoymalıdırlar. Belə ki, on il sonra üçün humanitar sahəni öhdəsinə götürəcək alimlər hazırlanmalıdır.
Bu cəbhə nə qədər güclənsə, daha çox iş görülər, fədakarlıq artar. Bu işi görən insanların komandaya da ehtiyacı var. Amma nəzərdə tutulmuş məqsədin qısa bir müddətdə dövlət büdcəsi ilə və ya bir neçə ruhaninin fəaliyyəti ilə həyata keçəcəyini gözləmək olmaz.