Altıncı dərs

Mühəddəsə xanım

Rəhman və Rəhim Allahın adı ilə

Qarşınızdakı cənab Ayətullah Misbah Yəzdinin hicri-şəmsi 89.05.27 (qəməri 1431-ci il mübarək ramazan ayının 8-ci gecəsi ilə eyni vaxtda) tarixində əzəmətli rəhbərlik məqamının dəftərxanasında etdiyi söhbətlərin seçilmiş hissəsidir. Ümid edirik ki, bu tövsiyələr bəsirətimizi artırsın və hidayət, səadət yolunda nurlu çıraq olsun.

Mühəddəsə xanım

Vəhy və ilham anlayışları

“Həmd olsun Allaha, verdiyi nemətlərə görə; şükür olsun ona etdiyi ilhamlar üçün” (“Bəlağatun-nisa”, s.27; “Biharul-ənvar”,c.29,s.220); mübarək Fədəkiyyə xütbəsi bu cümlə ilə başlayır. İlk söhbətdə birinci cümləni Allah-taala tövfiq verdiyi həddə izah etdik. İkinci cümlədə buyurulur:” Şükür Allaha məxsusdur, etdiyi ilhamlar üçün.” Yəni yalnız Allaha şükür edirəm, etdiyi ilhamlara görə. İlham nə deməkdir? İlham vəhy kəlməsi kimi lüğətdə ümumi mənaya malikdir; lakin şəriətdə və xüsusi ilə kəlam və əqidələr elmi ilə məşğul olan alimlər arasında xüsusi bir termin olub. Vəhy və ilham kəlmələrinin Quranda işlədilmə yerlərindən belə nəticə əldə olur ki, vəhy və ilham adi vasitələrlə əldə olunmayan bir növ idrakdır (bəzən agahlıq olmadan, yaxud yarı agahlıqla gerçəkləşir). Deyilmiş ən yaxın məna belədir: Vəhy yəni sürətlə olan işarə. Kimsəyə hansısa iş üçün işarə edildikdə belə deyirlər: ”Əvha iləyh”. Necə ki, həzrət Zəkəriyya (s) barəsində buyrulur: “...Onlara işarə etdi ki, səhər və axşam Allahı pak sifətlərlə mədh edin...” (“Məryəm”,11) O həmin yerdə ibadətlə məşğul olan şəxslərə işarə etdi ki, siz zikir və ibadətlə məşğul olun.
Bu yerdə vəhy kəlməsi işlənmişdir. Hətta şeytani vəsvəsələr bəzi şəxslərə təsir etdikdə də vəhy kəlməsindən istifadə olunmuşdur: “Şeytanlar dostlarına vəhy edirlər.” (“Ənam”, 121) Şeytanlar şagirdlərinə, dostlarına və onlarla əlaqədə olanlara vəhy edirlər. Başqa bir yerdə buyurulur: “Beləcə (sənin kimi) hər bir peyğəmbər üçün insan və cin şeytanlarından düşmənlər qərar verdik. Onların bəziləri digərlərinə vəhy edirlər.” (“Ənam”,112) Burada şeytanların vəsvəsəsi də vəhy adlandırılmışdır. Bəzən insan hansısa bir işi görməli olduğunu hiss edir, yaxud fikrinə nəsə gəlir (bəzən pis, bəzən isə yaxşı); bu hallar üçün əsas ərəb lüğətində vəhy kəlməsi işlədilir. Vəhy edən bəzən şeytan olur, lakin biz bunu bilmirik. Hətta heyvanlar üçün, bəlkə bir mənada bütün mövcudlar üçün vəhy kəlməsi işlədilmişdir; “Rəbbin bal arısına vəhy etdi ki, dağlarda evlər düzəltsin.” (Biz bal arısına vəhy etdik ki, dağlarda evlər düzəltsin) Vəhy kəlməsi bu ayələrdə lüğətdəki mənasında işlənmişdir. Belə bir vəhyin mənası hansısa bir mövcudda bir növ idrak yaranmasıdır. Həmin mövcud özü bu idrakı əldə etməyib, hətta mümkündür ki, özündə belə bir şeyin olduğunu bilməsin.
Lakin alimlərin, xüsusi ilə kəlam elmi alimlərinin, həmçinin dindarların arasında vəhy deyildikdə Allah ilə peyğəmbərlər arasında olan bir növ öyrənmək və öyrətmək rabitəsi başa düşülür; peyğəmbər olana vəhy edilir. Vəhy termin kimi yalnız Allahın peyğəmbərlərə göndərdiyi qeyri-adi ilahi idrak mənasını bildirir. Belə bir məna daşiyan vəhy kəlməsindən hətta pak imamlar üçün də istifadə olunmur. Bu terminin qarşısında ilham termini var. İlhamla vəhy arasındakı fərq çox aydındır; hər ikisi insan səyləri ilə əldə olunmayan və adətən bir dəfəyə, qəfildən yaranan idrakdır; lakin ilham dindarlar, xüsusi ilə şiələr arasında xüsusi bir məna daşiyır: ilham Allahın öz dostlarına lütf etdiyi xüsusi idrakdır. İlham vəhy cinsindən olan bir növ idrakdır, lakin vəhydən zəifdir. Bəzi rəvayətlərdə deyilir ki, vəhy ilə ilham arasındakı fərq bundan ibarətdir ki, vəhy zamanı vəhyin daşıyıcısı olan mələk görünür, amma ilham zamanı mələk görünmür, yalnız onun təsiri qəlbdə hiss olunur.

İlhamın növləri

Qurani-kərim bütün insanlara şamil olan bütün ilhamlardan danışır. “Şəms” sürəsində 11 anddan sonra buyrulur: “ Ona pisliyini və təqvasını ilham etdi.” (“Şəms”,8) Bütün insanlar Allahdan olan bir idrakla yaxşı ilə pisi tanıyırlar, yaxud özlərindəki yaxşı və pis işə olan meyli hiss edirlər. Onlar bu meylləri özləri əldə etməyib, yaxud kimdənsə öyrənməmişlər; əksinə bu ilahi ilhamdır.
İlham mümkündür idrak cinsindən olsun; yəni Allah insana nəyisə anladır. Həmçinin ilham meyl cinsindən də ola bilər; yəni insandakı nəyəsə meyl ona ilham olunur. Vəhy barəsində də belədir. Quranda buyrulur: “Biz onlara xeyir işləri görməyi vəhy etdik.” (“Ənbiya”, 73) Quranda “xeyir işlərə elm” deyilmir, əksinə “xeyir işlərin görülməsi” deyilir. Belə görsənir ki, işin özü vəhy olunur; yəni Allahın lütfü ilə ilahi övliyalarda xeyir işə meyil yaranır. Allahın bu kimi çox işləri var; məsələn: “ İmanı sizin üçün sevimli etdi və onu qəlbinzdə zinətləndirdi, küfür, pislik və üsyanı sizin üçün ikrahdoğurucu etdi.”; Allah möminlərin qəlblərində iman və təqva sevgisi qoyur. Bu allahın işidir. Mömin öz qəlbi ilə iman gətirib, Allahın hidayət nemətindən istifadə edib, şükürünü yerinə yetirdikdə Allah da ona mükafat verir. Allahın möminə verdiyi mükafat budur ki, iman və saleh əməl onun üçün sevimli olsun. Həmçinin küfr, itaətsizlik (fisq) və üsyanı xoşlamır. Ümumiyyətlə günah etməkdən acığı gəlir. Bəlkə də uyğun üç pisliyin ardıcıllığı onların dərəcələrinə işarədir. Bütün mömın insanlar küfrü xoşlamırlar. Sonrakı mərtəbə itaətsizliyə (fisqə) qarşı ikrahdır. Mömin sərhəd qoymamağı sevmir. İmanı daha da gücləndikdə, Allahın hidayət nemətindən daha çox istifadə etdikdə böyük Allah elə bir lütf edir ki, günaha da nifrət edir.. Günah mömin üçün iyrənc bir şeydir, ona nifrəti var. Bu Allahın işlərindəndir. Bütün insanlarda iki meyl qoymuşdur. Bir tərəfdən biz hamımız yaxşı işi sevirik, bir şəxs yaxşı iş gördükdə bizə aid olmasa belə xoşumuza gəlir. Bu Allahın insanlara lütfüdür. Bu barədə “təqvanın ilhamı” ibarəsi işlənmişdir. Digər bir tərəfdən bütün ləzzətlərə qarşı (günah olsa belə) meylimiz var. İmanı zəif olanlar ləzzətin haram, yaxud halal olmasını nəzərə almırlar. Əvvəlcə təbii olaraq bütün insanlar bu ləzzətləri sevirlər; lakin iman yolunda irəli getdikcə uyğun meyillər üçün hədd yaranır və mömin daha günah ilə əldə olunan ləzzətləri sevmir. İbadət və itaət etdikdə Allahla ünsiyyət meyli onun vücudunda gündən günə gücləşir və o elə bir həddə çatır ki, daha Allaha ibadət etmək üçün qərarsız olur.
Ümumi ilhamların müqabilində xüsusi ilhamlar vardır. Xüsusi ilhamlar birinci, yəni ümumi ilhamlardan gözəl istifadə edənlərə aid olur. Xüsusi ilhamların həm nəzəri, fikri hissəsi, həm də əməli hissəsi ilahi övliyalara məxsusdur. Onlar başqalarının anlamadıqlarını anlayırlar. Bəzən onlarda hansısa işə meyl yaranır. Sanki vücudlarında bir çağırışçı “fılan yaxşı işi et!” deyə səslənir. Qəfildən həmin yaxşı işi görmək üçün onlarda stimul yaranır. Pak imamlar (ə) və həzrət Zəhra (s) Allahın bu nemətindən çox faydalanmışlar.
İlhamla bağlı rəvayətlərdə ayrı sözdən istifadə olunmuşdur. Bu söz “təhdis” kəlməsidir. Həzrət Zəhranın (s) ləqəblərindən biri mühəddəsədir. Bəzən səhvən mühəddisə deyilir. Elə güman olunur ki, həzrət Zəhra (s) başqaları üçün hədis söylədiyi üçün ona mühəddisə deyilmişdir. Lakin, (bu mühəddis yox, mühəddəsdir) mühəddəs o şəxsə deyilir ki, mələklər onunla danışırlar və ona hədis deyirlər. Bütün peyğəmbərlər və məsum imamlar mühəddəs olmuşlar.
Böyük Allah peyğəmbər olmayanlar üçün də ilham edir; hətta imam olmayanlar üçün də ilham var; yəni bir mələk insanla danışır, lakin həmin şəxs mələyi görmür. Bu Allahın xüsusi bəndələrinə verdiyi məqamdır. Bu yerdə soruşula bilər: Bir tərəfdən məsumların müəyyən şəxslər olduğunu deyirik, digər bir tərəfdən isə bəzi imamzadələrin və ilahi övliyaların heç zaman günah etmədiklərini və bir növ məsum olduqlarını bilirik; bu iki məsələ bir yerə necə sığır? Bu iki məsələnin bir yerə sığması belədir: Allah-taala peyğəmbərlərin məsumluğu barədə bizə zəmanət verdiyi kimi (yəni onlar üsyan və xəta etmirlər) pak imamlar və həzrət Zəhranın da məsumluğu barədə zəmanət vermişdir. Onların məsumluğunun zəruriliyi barədə qəti dəlilimiz var. Lakin bu o demək deyil ki, onlardan başqa kimsənin məsum olması mümkün deyil. Mərhum Ayətullahul-üzma Behcət (Allah ondan razı olsun) buyururdu: “Nəcəfdə sadə bir fəhlə taniyırdım. O, canını tapşıran zaman mərhum Ağa Xoyi və mərhum Ağa Milani başı üzərində idilər. Həmin şəxs can verən zaman belə dedi: ”İlahi, sən şahidsən ki, büluğ həddinə (yetkinlik yaşına) çatdığım gündən indiyədək bilərəkdən və qəsdən heç bir günah etmədim!” Çox güman edirəm ki, mərhum Ayətullah Behcət hətta yetginlik yaşına çatmamışdan öncə belə günah etməmişdir. Yetginlik, vəzifəlilik yaşına çatdıqdan sonra da məkruh olduğu sübut olunan bir iş görməsini görmədik! Allahın belə bəndələrinin olması mümkündür; lakin bu o demək deyil ki, məsumlar 14 yox, 15-dir!

İlahi ilhamların açıqlanması üçün zəmin yaratmaq

Həzrət Zəhra (s) bu gözəl xütbədə ilahi nemətlərə həmd etdikdən sonra buyurur: “Allaha şükür edirəm, lütf etdiyi ilhamlara görə.” Bu məqamda iki ehtimalın olduğunu açıqlamaq olar: Birinci ehtimal belədir ki, cümlədəki ilhamda məqsəd Allahın bütün insanlara, hətta insan olmayanlara ümumi ilhamdır. Həzrət Zəhra da insan olduğu üçün və bu nemətin ona verilməsi üçün Allaha şükür edir. Necə ki, bizə göz verdiyi üçün Allaha şükür edirik. Allah çox insanlara göz verib; lakin Allahın çox insanlara göz verməsi bizim uyğun nemət üçün Allaha şükür etməyimizə mane olmur. Bəlkə də daha güclü ehtimal budur ki, həzrət Allahın bu ailəyə xüsusi ilhamlar etdiyi üçün ona şükür edir. Bu halda isə şükür kəlməsindən istifadə etmək həmd kəlməsindən istifadə etməkdən daha münasibdir; şükür kəlməsində belə bir məna nəzərə alınmışdır: Mənə xüsusi olaraq nemət verənə təşəkkür edirəm; əlbəttə birinci məna da səhv deyil; lakin elə düşünülür ki, ikinci məna daha münasibdir.
Bu bir növ gözəl ədəbi danışmaqdır; uyğun xütbədə uca Allahın onlara ilham etdiyi bir sıra məsələlərin xatırlanması nəzərə alındığı üçün xütbənin əvvəlində qeyd edir ki, Allah bizə bəzi şeyləri ilham edib və mən hər şeydən öncə bu xüsusi nemətə görə ona şükür edirəm.

Fatimənin (s) müshəfi (kitabı) barədə

Həzrət Fatimənin (s.ə) kitabını təşkil edən ilhamlar uyğun ilhamlardandır. Bir çox rəvayətlərdə deyilir ki, həzrət Fatimə (s.ə) böyük və təsəvvürolunmaz müsibətlərlə rastlaşan zaman, yəni peyğəmbərin vəfatından sonrakı bir neçə gündə, uca Allah Cəbraili göndərirdi ki, həzrət Zəhra ilə danışsın və bu onun üçün bir növ təsəlli olsun, nəticədə həzrət həmin müsibətlər və kədərli hadisələr barədə çox düşünməsin. Cəbrail sonradan baş verəcək hadisələr barədə həzrətə danışırdı. Sonralar bu söhbətlər toplandı və Fatimənin (s.ə) müshəfi (kitabı) adlandı. Bəzi rəvayətlərdə deyilir ki, bu səhifələrdə halal, haramlar barəsində heç nə yox idi, yalnız Cəbrailin həzrət Zəhra üçün gələcəkdə baş verəcək hadisələr haqqında söylədikdəri idi. Həzrət də həmin sözləri yazdı və kitab formasına saldı. (“Biharul-ənvar”, c.26, s. 44) Müshəf toplanmış deməkdir. Bəzi məlumatsız şəxslər elə fikirləşirlər ki, bu müshəf Quran müqabilində olan bir şeydir; yəni Quran peyğəmbərin toplamış səhifələridir və bunun kimi həzrət Zəhranın da toplanmış səhifələri (müshəfi) var. Şiələrə edilən yersiz ittihamlardan biri də budur: Şiələr həzrət Zəhranın peyğəmbər olduğuna və Qurandan savayı digər bir kitabı olmasına inanırlar, şiələr başqa bir Quranın olduğunu deyirlər!

Lakin o müshəf Cəbrailin uyğun vaxtda həzrət Zəhra ilə danışdıqları sözlərdən ibarət idi və həzrət o sözləri topladı, kitab formasına saldı. Pak imamlar bir çox rəvayətlərdə buyururlar: “Fatimənin müshəfində (kitabında) gördüm...” (“Əl-kafi”, c.1, s.240; “Biharul-ənvar” c.26, s.44) Hər halda bu müshəf (kitab) həzrət Zəhraya (s.ə) məxsus olan ilhamların bir nümunəsidir. “Etdiyi ilhamlara görə ona şükür olsun” cümləsi xütbə mətnində xatırladılacaq ilhamlara bir işarə ola bilər.