Beşinci dərs

Rəhman və Rəhim Allahın adı ilə

 

5
Quran nəzərində ləzzət və şəhvət


Qarşınızdakı yazı Ayətullah Misbah Yəzdinin Ayətullah Xameneinin dəftərxanasındakı çıxışından seçmələrdir. Çıxış 27.12.2006-cı ildə baş tutub. Ümid edirik ki, bu göstərişlər bizim hidayət və səadət yolumuza nur saçan çıraq olsun.
İmam Əli (ə) buyurub: “قَدْ خَلَعَ سَرَابِیلَ الشَّهَوَاتِ وَ تَخَلَّى مِنَ الْهُمُومِ كلّها إِلَّا هَمّاً وَاحِداً انْفَرَدَ بِهِ” [1]
Həzrət Əli (ə) “Nəhc əl-bəlağə”nin 87-ci xütbəsinin bir hissəsində Allahın ləyaqətli bəndələrini vəsf edərkən, belə buyurur: “Onlar şəhvət köynəyini özlərindən uzaqlaşdırırlar. Dünyanın qəm-qüssəsindən ancaq dözə biləcəkləri qədərlə kifayətlənər və rahat olarlar”.
Şəhvətlər haqqında müxtəlif suallar var. O cümlədən, ümumiyyətlə şəhvət nə deməkdir? Nə üçün şəhvət köynəyə bənzədilib? Şəhvət köynəyini uzaqlaşdırmaqda məqsəd nədir? Bəzilərinin təsəvvür etdikləri kimi dünya ləzzətləri və şəhvətlər mütləq pislik və mənfurdurmu? Allah yolunda addımlamaq istəyən şəxs bunların hamısından üz çevirməlidirmi?
Şəhvət lüğətdə “meyl” anlamındadır və “iştaha” da bu sözdən götürülüb. Bu məna öz-özlüyündə nə mənfi yüklü sayılır, nə də müsbət. Bunun dəyərləndirilməsi harada və hansı niyyətlə istifadə olunmasından asılıdır. Bəzən meyl qeyri-ixtiyaridir və dəyər yükü əldə etmir. Çünki əxlaqi dəyərlər istər müsbət olsun, istərsə də mənfi ixtiyari işlərə aiddir. İnsan acarkən, təbii olaraq yeməyə meyl edir. Bunun əxlaqi baxımdan yaxşı və ya pisliyi yoxdur.
Quran cənnət haqqında buyurur: “فِیها ما تَشْتَهِیهِ الْأَنْفُس” [1] (Orada onların ürəkləri istəyən hər şey olacaqdır.), “أَنْهارٌ مِنْ خَمْرٍ لَذَّةٍ لِلشَّارِبِین” [2] (İçənlərə ləzzət verən şərabdan nəhrlər) Bu, ləzzət və iştahanın pis olmadığını göstərir. Lakin ürfdə (adi danışıqda) adətən şəhvət insanın bədənindən bəzi hissələrə, xüsusilə də qarnına aid edilir. Buna görə də, Allahla minacata meylə də şəhvət deyirlər.
Qurani-kərimdə “şəhəvat” (şəhvətlər) kəlməsi üç yerdə işlənib və hər üçündə mənfi yüklüdür [3]. Bunlardan birində Quran buyurur: “زُیِّنَ‏ لِلنَّاسِ حُبُّ الشَّهَواتِ مِنَ النِّساءِ وَ الْبَنِینَ وَ الْقَناطِیرِ الْمُقَنْطَرَةِ مِنَ الذَّهَبِ وَ الْفِضَّةِ وَ الْخَیْلِ الْمُسَوَّمَةِ وَ الْأَنْعامِ وَ الْحَرْثِ ذلِكَ مَتاعُ الْحَیاةِ الدُّنْیا وَ اللَّهُ عِنْدَهُ حُسْنُ الْمَآب” [4] (Qadınlar, uşaqlar, qızıl-gümüş yığınları, yaxşı cins atlar, mal-qara və əkin yerləri kimi nəfsin istədiyi və arzuladığı şeylər insanlara gözəl göstərilmişdir. (Lakin bütün) bunlar dünya həyatının keçici zövqüdür, gözəl dönüş yeri isə Allahın dərgahıdır) Dünyada insanlar üçün qadın, övlad, qızıl-gümüş və sair şeylərə şəhvət qərar verilmişdir. Amma bu qızıllar, gümüşlər, gözəl minik atları və sair dünya həyatında vasitələrdir. Gözəl aqibət və dönüş yeri isə Allahın yanındadır. İnsan başa düşməlidir ki, dünya ləzzətləri ötəridir. Əgər insan bilsə ki, aludə olsa onu səadətdən saxlayacaq. Digər tərəfdən bilməlidir, bəzi ləzzətlər var ki, təbii meyllə şövqə gəlmir və bədəndə hansısa üzvə malik deyil. İnsanın ağlı onu dərk etməli və arxasınca getməlidir. Onu bu ötəri ləzzətlərdən üstün saymalıdır:
“قُلْ أَأُنَبِّئُكُمْ بِخَیْرٍ مِنْ ذلِكُمْ لِلَّذِینَ اتَّقَوْا عِنْدَ رَبِّهِمْ جَنَّاتٌ تَجْرِی مِنْ تَحْتِهَا الْأَنْهارُ خالِدِینَ فِیها وَ أَزْواجٌ مُطَهَّرَةٌ وَ رِضْوانٌ مِنَ اللَّه والله بصیر بالعباد” [5] ((Ya Rəsulum!) Söylə: "Sizə bunlardan (dünya zinətlərindən) daha yaxşısını xəbər verimmi? Allahdan qorxub pis əməllərdən çəkinənlər üçün Rəbbi yanında (ağacları) altından çaylar axan cənnətlər (bağlar) vardır, orada əbədi qalacaqlar. Onlar üçün orada (hər cür eybdən) pak olan zövcələr və (ən böyük ne’mət olan) Allah rizası (razılığı, hüsn-rəğbəti) vardır. Allah, həqiqətən, bəndələrini görəndir!) Dünyanın bütün ləzzətlərindən yaxşı olanı, o ləzzətlərdirlər ki, ən ali keyfiyyətdə, ən uzun müddətdə (əbədi) sizin üçün axirətdə Allah yanındadır. Bu şərtlə ki, təqvalı olasınız. Bu dünyada böyük pəhləvanları yerə vuran ən güclü şey cinsi şəhvətdir. Lakin bundan yaxşısı Allah-taalanın cənnətdə sizə verəcəyi və heç bir aludə və çirkinliyi olmayan yoldaşlardır. Bunlardan əlavə, daha mühüm bir ləzzət var ki, onu dərk etmək üçün xüsusi bir istedad lazımdır. O da, ilahi rizvandır (razılıq). Allah agahdır və o ləzzəti dərk etmə səlahiyyəti olan bəndələrinə əta edir. Bu ayədə tam aydındır ki, Allah şəhvəti, xüsusilə də şəhvətləri sevməyi tərifləmək məqamında deyil. Əksinə, onları danlamaqdadır.
Şəhvətlərdən istifadə və şəhvətlərə aid olan şeylərdən faydalanmaq bir məsələdir, şəhvətləri sevmək isə bir başqa məsələ. Şeytan dünyanın ləzzətli işlərini insanın nəzərində elə zinətli və güclü edir ki, bu vəsvəsələrlə tükü tir kimi göstərir. Məhz doyan kimi faydalanmanın bitdiyi və insanın elə də dəyərli saymadığı ləzzətləri şeytan insanın nəzərində elə zinətləndirir ki, bir saat sonra ya bir gün sonra insan yenə həmin tamaha düşür. Özünün vaxtını, pulunu və ömrünü sərf edir və təsəvvür edir ki, davamlı ləzzətə çatacaq. Elə ki, ləzzətə çatdı yenidən bir dəyərli şey olmadığını anlayır.
İnsan şeytana tabe olduqca dəliliyə oxşar bir həddə çatır. Əlbəttə, bəzən özündən soruşur: Məgər mənim ağlım yox idi? Bu işlərin nə qədər dəyəri var idi ki, bu qədər vaxt, pul və ömrümü ona sərf edim? Amma, səhəri gün yenidən həmin şey təkrarlanır. Şeytan insana elə müsəllət olur ki, o halda ağlını tam əldən verir.
Çox pisdir ki, insan Allahın xalis bəndələri olan öz saleh sələfindən uzaqlaşsın və zəlalətə düşsün. Allah özünün ləyaqətli bəndələri və övliyalarının sifətlərinə işarə ilə buyurur: “فَخَلَفَ مِنْ بَعْدِهِمْ خَلْفٌ أَضاعُوا الصَّلاةَ وَ اتَّبَعُوا الشَّهَواتِ فَسَوْفَ یَلْقَوْنَ غَیًّا” [6] (Onlardan sonra namazı tərk edib şəhvətə uyan bir nəsil gəldi. Onlar öz zəlalətlərinin əzabını görəcəklər.) Mənim saleh bəndələrim minacat və ibadətə aşiq idilər. Allah kəlmələrini eşidərkən səcdəyə düşürdülər və gözlərinin yaşı axırdı. Amma bunlardan sonra bir nəsil gəldi ki, saleh bəndələrdən iki fərqli xüsusiyyətləri var idi: Biri budur ki, namazı zay edirdilər (tərk etmirdilər, əksinə, onu qılmaqda süstlük və səhlənkarlıq edirdilər). İkinci budur ki, onlar şəhvətlərinə tabe idilər. Onların bütün pisliklərinin arasından Quran yalnız bu iki şeyə təkid edir. Təəccüblü burasıdır ki, bu iki xüsusiyyətin bir-birilə dərin bağlılığı var. İnsan şəhvətlərdə nə qədər qərq olsa, namaz, minacat, Allahla ünsiyyətdən məhrum olacaq və namaz qılmağa hal tapmayacaq. Şəhvətlərdən nə qədər uzaqlaşsa, Allahla minacatın ləzzətini və namazın dəyərini dərk etməyə bir o qədər çox hazırlıq əldə edəcəkdir.
Bu ikisinin (namazı yüngül saymaq və şəhvətlərin ardınca getməyin) nəticəsi azğınlıqdır və insan elə bir vəziyyətə düşür ki, şeytan ona hakim olur. Əgər pis şərh olmasa, şeytan onun yüyənini əlinə alır, ona minir, onun ağıl və şüurunu ixtiyarına alır, amma o, öz xəyalına əsasən çox ləzzət alır və kef edir! Çox keçmədən, öz ixtiyarını şeytana verməklə hansı səhvi etdiyini başa düşür. Deməli, “Allahın sevimli bəndələri şəhvətlər köynəyini bədənlərindən çıxarırlar cümləsinin” mənası belədir: Yəni, şeytanın onların bədəninə geyindirdiyi köynəyi. Çox məzəmmət olunmuş və onlarda vücuda gəlmiş şəhvətlərə xüsusi maraq köynəyini bədənlərindən çıxarırlar.
Dünyaya meyl və ondan istifadə öz-özlüyündə qadağan deyil. Bəzən şəri baxımdan vacib olduğu halda, necə ola bilər qadağan olsun? Dəfələrlə demişik: Allahın hikmət üzündən yaratdığı dünya ləzzətləri insanın istifadə etməsi üçündür. İnsan istəməsə, ondan istifadə etmir. Əgər ləzzət olmasa, insan onun ardınca getməz. Bütün dünya məsələləri insanın öz həyatını düzgün formada davam etdirməsi üçündür. Əgər insan yemək yeməsə xəstələnər və ölər. Deməli, iştahası olan zaman yemək yeməlidir. Əgər öz cinsi qərizəsindən istifadə etməsə insanın nəsli kəsilər. Deməli istifadə etməlidir. Lakin bunların vasitə olduğunu və hədəf olmadığını bilmək lazımdır. Eyb olan budur ki, dünya qürur mənbəyi olsun və dünyaya məhəbbət insanı məqsəddən kənarlaşdırsın.
Avtomobil insanın minməsi və məqsədə çatması üçün bir vasitədir. Deməli, əgər bir şəxs bir avtomobil alsa və səhərdən axşama kimi bərq vursun deyə onun şüşələrini təmizləsə, onu elə bəzəsə ki, səhərdən axşama kimi onun nökəri olsun, ağıllı iş görməyib. Vasitənin yaxşı olması o demək deyil ki, insan ona daha çox vaxt sərf etsin. Əksinə, yaxşı o deməkdir ki, onu məqsədə çatdırsın və məqsəddən uzaqlaşdırmasın. Deməli, mühüm olan budur ki, dünya hədəf olmamalıdır. “وَاعلَمُوا اَنَّما الْحَیاةِ الدُّنْیا لَعِبٌ و لَهْو” [7] ((Ey insanlar!) Bilin ki, dünya həyatı oyun-oyuncaqdan ibarətdir.) Əgər belə olmasa, bir şəxs dünya ləzzətlərindən istifadə etməsə, evlənməsə, uşağı olmasa, dostları ilə əlaqəsi olmasa, yemək yeməsə, münasib paltar geyinməsə və sonra da bunların hamısını imamların (ə) buyruqlarına əsaslandırsa, həqiqətdə sui-istifadə etmişdir. Azğın və azdırıcı firqələr buradan peyda olurlar. Ayə və hədislər dünyaya bağlılığı, dünyaya bir müstəqil mövzu olaraq baxmağı və onun bir vasitə olduğunu unutmağı məzəmmət etmək məqamındadırlar. Dünyanı büt etmiş, gecə-gündüz fikir-zikri dünya olan şəxs məzəmmət olunub. Dünyaya bağlı olmayan və şəriətin göstərişlərinə əsasən dünya vasitələrindən istifadə edən və onun qulu olmayan şəxs azaddır. Belə bir şəxs dünya qəm-qüssəsindən xilas olur.
Bizim dünyada olan qüssələrimizin hamısı, bizim şəhvətlərimizi doyura biləcək şeyləri əldə etmək üçündür. Əgər çox fikirli, qüssəli və ruhdan düşmüş şəxslərin psixologiyasını yoxlasanız görərsiniz ki, onların heç biri Allaha məhəbbət, axirətə əlaqə və İlahi razılığı əldə etməyin təsirinə görə bu hala düşməyiblər. Bütün bu qəm-qüssələr dünya məsələlərinə qayıdır.
Məzəmmət olunası budur: insan gic olsun və xəyal etsin ki, dünyanın bu ötəri ləzzətlərinə büt kimi sitayiş etməli və bütün himmətini ona sərf etməlidir. Bəzən bu ləzzətlərin ardınca getmək insanı o qədər alçaldır ki, insan insanlıqdan və Allahla əlaqədən uzaqlaşır. Allahdan uzaqlaşmaqla şəhvətlər bir-birinə bağlıdırlar. Hətta halal ləzzətlərdən asılılıq da namaz, Allahla ünsiyyət və minacat halını insandan alır.
Bəzən dünya ləzzətləri insana elə hakim olur ki, onun rahatlığını əlindən alır. Bəzi şəxslər təsəvvür edirlər ki, dünya ləzzətlərindən bəhrələnən şəxslər rahatlıqdadırlar. Bunlar bilmirlər ki, onlar ani ləzzətləri əldə etmək üçün saatlarla düşünmüş, qüssələnmiş, hansı həddə asayiş və rahatlığı əldən vermiş, nə çox xəyanət etmişlər və nəticədə onlar bir ləzzəti əldə ediblər. Siz bu qəm-qüssələri, kədərləri və narahatlıqları hesaba almırsınız. Onlar üçün qüssə və ləzzətin ortaq nəticəsi sıfra bərabərdir! Dünyanın gözəl həyatı budurmu?
Hazırda dünyanın ən çox, bizim yuxuda belə görmədiyimiz ləzzət vasitələrinə malik olan və bu ləzzətləri az-çox bütün əhalisinin ixtiyarında qoyan ölkələr, narkotik dərmanların ən çox istehsalçısı və istifadəçisidirlər. Ən çox ruhi xəstəxanalar və ən yüksək dozada narkotik dərmanlar oradadır. Ən təchizatlı xəstəxanalar ruhi xəstəxanalardırlar. Əgər bu ləzzətlər rahatlıq və asayişə xidmət edirsə, onda niyə orada bu qədər sarsıntı və ruhi xəstəliklər ortaya çıxır? İndi isə, ən az imkana malik olan kəndlərə baş çəkin. Görün 70-80 yaşlı qoca kişi və qadınlar övladlarının yanında necə də sevinc və şadlıqla rahat yaşayırlar. Bir neçə gün öncə, İran İslam Respublikasının televiziyası evliliklərinin 80-ci il dönümünü qeyd edən 120 yaşlı bir qoca kişini yoldaşı ilə yanaşı göstərirdi. Bu qoca kişi deyirdi: “Mən ömrümdə həkim yanına getməmişəm və dərmandan istifadə etməmişəm”. Bunlar həmişə Allaha şükür edir və həyatlarından ləzzət alırlar.
Allahın yaxşı bəndələri üçün bəyənilən qəm-qüssədən başqa bir qəm-qüssə yoxdur. O da məqsədə çatmağın qəm-qüssəsidir. Əgər insanda məqsəd və hədəfə çatmaq üçün təşviş olmasa, hərəkət etməz. Müsafir səfərdə olduğunu unutmayınca təşvişsiz ola bilməz. Biz bu dünyada hərəkətdəyik. “إِنَّكَ كادِحٌ إِلی‏ رَبِّكَ كَدحا” [8] ((Ey insan!) Sən (ölənə qədər) Rəbbinə doğru çalışıb çabalayırsan.) Dünya həyatı başdan ayağa seyr və səfərdən ibarətdir. Allaha doğru hamı üçün bir yaradılış seyri, ağıl və dərrakə ilə Onun ardınca olanlar üçünsə bir şəriət seyri vardır. Müsafirin məqsəd təşvişinin olmaması mümkün deyil. Əgər belə olmasa hərəkət etməz. İnsanın yola düşməsinə səbəb, onun hədəfə çatmaq istəyidir. O, məqsədə çata bilməyəcəyindən nigərandır. Əgər tənbəllik etsə, rahatlıq istəsə və səfər tədarükü görməsə məqsədə çatmayacaq. “اجعل همّك همّاً واحدا” [9] (Öz qəmini bircə qəm et!) Siz başqa qəm-qüssələri kənara atın. Bunların o qədər dəyəri yoxdur ki, insan onlar barədə fikirləşsin. Düşünüləsi şey məqsəd və hədəflə bağlı qəm-qüssədir. Bu dünyada insan hədəf üçün kədərlənməlidir ki, başqa şeylərə görə kədərlənməsin. Belə şəxslər üçün artıq orada qorxu və kədər mövcud deyil. “لا خَوْفٌ عَلَیْهِمْ وَ لا هُمْ یَحْزَنُون” [10] (Onların (axirətdə) heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər!) Onlar istədiklərinə çatacaqlar. Buna görə, mələklər canvermə halında olan insana müjdə verirlər: “نحن اولیاؤكم فی الحیاة الدنیا” [11] “Biz dünyada da sizin dostlarınız idik” və sizə kömək edirdik. Nigəran olma. Dünyanın qəm-qüssələri sona çatdı. Sənin məqsədə görə olan qəm-qüssən də sona çatdı.
Qeydlər:
1. “Zuxruf” surəsi, 71-ci ayə.
2. “Muhəmməd” surəsi, 15-ci ayə.
3. “Ali-imran” surəsi, 14-cü ayə. “Nisa” surəsi, 27-ci ayə. “Məryəm” surəsi, 59-cu ayə.
4. “Ali-imran” surəsi, 14-cü ayə.
5. “Ali-imran” surəsi, 15-ci ayə.
6. “Məryəm” surəsi, 59-cu ayə.
7. “Hədid” surəsi, 20-ci ayə.
8. “İnşiqaq” surəsi, 6-cı ayə.
9. “Bihar əl-ənvar” c-74, s-28.
10. “Bəqərə” surəsi, 277-ci ayə.
11. “Bihar əl-ənvar” c-56, s-116.