Doqquzuncu dərs

Tövhidin həqiqəti

Rəhman və rəhim Allahın adı ilə
Qarşınızdakı cənab Ayətullah Misbah Yəzdinin hicri-şəmsi 89.05.30 tarixində (hicri-qəməri 1431-ci il, mübarək ramazan ayının 11-ci gecəsi ilə eyni vaxtda) böyük rəhbərlik məqamının dəftərxanasında çıxışından seçilmiş hissədir. Ümid edirik ki, bu tövsiyələr bəsirətimizi artıracaq, hidayət və səadət yolunda nurlu çıraq olacaq.

Tövhidin həqiqəti

Tövhid və ixlas arasında rabitə

... وَ أَشْهَدُ أَنَّ لَا إِلَهَ إِلَّا اللَّهُ وَحْدَهُ لَا شَرِیكَ لَهُ، كَلِمَةٌ جَعَلَ الْإِخْلَاصَ تَأْوِیلَهَا، وَ ضَمَّنَ الْقُلُوبَ مَوْصُولَهَا، وَ أَنَارَ فِی الْفِكْرَةِ مَعْقُولَهَا؛ (Bəlağətun-nisa, s27; Buharul-ənvar, c29, s220)
Bu gözəl xütbədə Allaha həmddən sonra tövhidə şəhadət verilir. Bu, girami peyğəmbər (s) və pak imamların sünnəsidir. Onlar xütbə deyərkən əvvəlcə Allaha həmd və şükür söyləyir, sonra tövhidə şəhadət verir və daha sonra digər mövzuları açıqlayırlar. Həzrət Zəhra (s) buyurur: Allahın birliyinə şəhadət kəlməsinin zahiri və batini var. Onun zahiri “şəhadət veririk ki, Allah birdir” cümləsini deməkdir; lakin bu cümlənin həqiqəti vardır. Onun həqiqətini dərk edib əməli şəkildə həyata keçirmək lazımdır. Həzrətin öz dilincə desək, uyğun şəhadətin həqiqəti ixlasdır. Daha sonrakı cümlədə bir nöqtəyə işarə edir, bu nöqtə ilahi mərifət mövzusunda geniş bir qapı açır; həzrət buyrur: “Uca Allah özü və birliyi üçün qəlblərdə bir növ mərifət qoymuşdur.” Üçüncü cümlədə işarə edir ki, uca Allah fikirlə hasil olan elmi və zehni mərifəti də çox aşkar etmişdir. Bu şəhadətdə bir neçə nöqtə nəzərə alınmışdır; ilk məsələ tövhidlə ixlas arasındakı rabitədir. İxlas yəni xalis və saf; lakin kütlə arasında ixlas adətən əməldə ixlas üçün istifadə olunur. Yəni insan əməl edərkən niyyəti xalis olsun, riyakarlıqla, nümayiş məqsədli olmasın. Uyğun rabitənin və burada nəzərə alınmış mənaların aydınlaşması üçün izaha ehtiyac var. Tövhid, yəni Allahı bir bilmək. “Tövhid” sözü “təfil” babına girmiş “vəhədə” sözüdür. Təfil babı hansı mənanı bildirir? Onun bir mənası “tədiyə”dir; yəni bir etmək;
وحّده yəni: عدّه واحداً، علمه واحداً
Lakin bizim etiqadlarımızdan olan tövhid, yəni bir bilmək, bir hesab etmək; bu isə təfil babının mənalarından biridir. Mən cavan tələbə dostlara təkidlə deyirəm ki, ərəb ədəbiyyatına ciddi yanaşsınlar! Hədis və rəvayətlərin səhv başa düşülməsinin səbəbi əksər halda bu elmin zəif öyrənilməsidir. Təəssüf ki, son zamanlar ədəbiyyata yaxşı qiymət verilmir. İnqilabdan öncə bir şəxs (təəssüf ki, ruhani libasında olan bir şəxs) tövhid haqqında bir kitab yazmış və marksizm fikirlərini İslam mətnləri ilə əsaslandırmaq istəyirdi. O şəxs buradan başlayırdı: “ Tövhid sözü “təfil” babındandır və onun mənası bir etməkdir. Allah barəsində bir etmək mənasızdır; çünki Allah birdir. Biz gərək bir olmayanı bir edək. İxtilaf və çoxluq cəmiyyətdədir, biz onun çoxluğunu aradan qaldırmalıyıq (yəni bir etməliyik). Biz cəmiyyəti bir etməliyik. Demək, islami əqidələrdən olan tövhid, yəni cəmiyyətin bir olmasına çalışaq. Bu isə yəni kommunizm. Ümumiyyətlə İslam, yəni bu!”
Bunlar kəlmələrlə oyundur. Tarix boyu hər gün bir rəng və formada zahir olur. Hətta bəzən yaxşı şəxslər yaxşı niyyətlə bu tələlərə düşürlər.

Əqidədə ixlas

Demək, tövhidin mənası “ bir etmək” deyil. Baxmayaraq ki, bu məna da işlədilir; lakin bizim əqidəvi əsaslarımızdan olan tövhid yəni Allahı bir bilmək. Təbii olaraq tövhid öncə ilahi mərifətə ehtiyaclıdır; yəni öncə Allahın varlığını öyrənirik və daha sonra Onun sifətlərini o cümlədən bir olmağını dərk edirik. Belə güman edirik ki, o vaxt ki deyirik: Allahın zatı birdir; yəni iki yaxud daha çox deyil və düzgün fərz budur ki, O bir olsun; lakin Allahın özünün hissələri olsa onun bir olmağı ilə ziddiyyət daşımır! Əslində hissələrin olmaması da Allahın birliyinin mənalarındandır. Cəməl döyüşündə bir şəxs döyüş meydanında komandirin, Əmirəl-mömininin (ə) yanına getməyə israr edirdi. Onu həzrət Əmirin yanına apardılar. Bu şəxs dedi: “Ey Əli! Deyirlər Allah birdir, bunu necə başa düşək?” Ətrafdakılar narahat olub dedilər: Hazırkı həssas vəziyyətdə bu nə sualdır soruşursan? Həzrət ətrafdakıları sakitliyə dəvət edib buyurdu: “Biz ümumiyyətlə tövhidə xatir döyüşürük.” Daha sonra səbir və hövsələ ilə buyurdu: “Vahid dedikdə bir neçə məna nəzərdə tutulur. Mənalardan biri də budur ki, Allahın hissələri yoxdur...” (“Əttövhid lissəduq”, s.83) “Allah birdir” cümləsinin batini vardır. Mövzunun dərinliyini dərk etmək üçün diqqətli olmalıyıq. Biz həm fikri, nəzəri və əqidəvi baxımdan dərin mənalı tövhidə yiyələnməli, səthi bir düşüncə ilə kifayətlənməməliyik, həm də əməl zamanı tövhidimizin şirklə qarışmamasına çalışmaliyıq. Əksər möminlərin tövhidi bir növ şirklə yanaşıdır. Təəccüb etməyin! Quranda buyurulur: “Onların çoxu Allaha yalnız şərik qoşaraq iman gətirirlər.” (“Yusif”, 106)
Xalqın əksəriyyətinin imanı şirklə yanaşıdır.
Tövhidin şirkə qatışmasının da mərtəbələri var. Xalis odur ki, heç bir qatışığı olmasın; odur ki, yalnız bir mərtəbəsi var və qatışıq kimi müxtəlif mərtəbələrə malik deyil. Əgər zərrə qədər nə iləsə qatışsa o zaman xalislikdən xaric olur. Xalislikdən xaric olan kimi minlərlə müxtəlif mərtəbələr yaranır. Xalis tövhid odur ki, onda heç bir şirk olmasın; nə əqidə, nə də əməl məqamında! Təəssüf ki, bizim tövhidimizdə xalislik azdır və adətən qatışıq var. Bu qatışıqları azaldıb həmin əsas maddəni gücləndirməyə, inkişaf etdirməyə çalışmalıyıq. Aşkar şirk, şirkin mərtəbələrindən biridir. Bütpərəstlərin etiqadları kimi. Onlar bir neçə Allahın varlığına inanırdılar. Bu növ şirki inkar etmək xalis tövhidə çatmaq üçün kifayət deyil. Gərək Allahın zatının da hissələrdən ibarət olmadığını, bir neçə üzv və ya hissədən təşkil olunmadığını bilək. İndi əgər Allahın bəsit, sadə olmasına, zatında mürəkkəbliyin olmadığına inansaq bu halda əqidəvi baxımdan tövhidimiz kamildirmi? Əmirəl-mömininin (ə) buyruğuna əsasən kamil deyil. Həzrət “Nəhcül-bəlağə”nin birinci xütbəsində buyurur:
كَمَالُ تَوْحِیدِهِ الْإِخْلَاصُ لَهُ وَ كَمَالُ الْإِخْلَاصِ لَهُ نَفْیُ الصِّفَاتِ عَنْهُ لِشَهَادَةِ كُلِّ صِفَةٍ أَنَّهَا غَیْرُ الْمَوْصُوفِ وَ شَهَادَةِ كُلِّ مَوْصُوفٍ أَنَّهُ غَیْرُ الصِّفَةِ.
Bu nöqtəni bir misalla izah edirik. “Bu kağız ağdır” dedikdə “kağız” vəsf olmuş, ağlıq isə kağız üçün vəsf və sifətdir. Bizim sifət və vəsf olmuşun mənasından anladığımız budur ki, vəsf olmuş bir şey və vəsf, yəni sifət həmin vəsfolmuşa əlavə olunmuş digər bir şeydir. Kağızın cismi “cövhər” və onun ağlığının “ərəzi” olduğunu deyirik. Odur ki, kağız mümkündür kağız olsun, lakin rəngi dəyişin. Demək, rəng kağızın özündən əlavə bir şeydir. Adətən sifət və vəsf olmuşdan belə çıxarış əldə edirik. İndi “Allah həyata, elmə, qüdrətə və s. malikdir dedikdə məqsədimiz budur ki, Allah bir şeydir və həyatı, elmi qüdrəti və sair sifətləri digər bir şey? Bu sifətlər Allaha əlavə olunurmu?! Allahın qüdrəti bizim qüdrətimiz kimidir ki, azalması, yaxud yox olması mümkün olsun!? Tövhid mərhələlərindən olan ilk iki mərhələni arxada qoyan bir çox şəxslər uyğun üçüncü mərhələdə müvəffəq olmayıblar. Bəlkə bu gün uyğun meil, yəni Allahın sifətlərini onun zatından ayrı bilmək əhli-sünnə qardaşların əksəriyyətinin meylidir. Ola bilsin Əmirəl-möminin (ə) İslam dünyasında bəlkə də ümumiyyətlə fikir dünyasında ilk dəfə olaraq bu cümləni açıq-aşkarcasına deyib: ”Ona kamil ixlas Onun sifətlərini inkar etməkdir.” Əlbəttə burada sifət yəni vəsf olmuş və zatdan əlavə bir şey. Belə bir şeyi Allah üçün sübut etmək olmaz; Əksinə onun Allahda olmasını nəfy etmək, inkar etmək lazımdır. Gərək deyək: Allahın zatından əlavə olan sifəti yoxdur; Allah alimdir; lakin elmi eynən özüdür və özü də elmin özüdür. Allah qüdrətlidir, lakin özü qüdrətin özüdür. Allah bəsit bir zatdır ki, biz ondan bir neçə anlayış əldə edirik; zat anlayışı, elm sifəti anlayışı, qüdrət sifəti anlayışı və sair. Bunlar zehnimizin uyğun anlayışları cəzb etmək üçün ortaya qoyduğu tələlərdir.


Əməldə ixlas

Bura qədər əqidədə ixlasdan danışdıq. Bundan əlavə tövhidin davamında əməli mərtəbələr mövcuddur. Bu mərhələlər belədir ki, biz Allahı uyğun sifətlərə sahib tanıdıqdan sonra əməlimiz həmin ilahi sifətlərin tələbinə uyğun olsun; o cümlədən inanmalıyıq ki, bütün varlığın mənşəsi Allahdır və heç bir varlıq ilahi iradə amilindən başqa bir amil tərəfindən gerçəkləşə bilməz. Öz zatı səbəbindən var olan yalnız Allahdır və qalan hər bir şeyi o yaratmışdır. “... Sizi və əməllərinizi Allah yaradıb.” (“Saffat”, 96) Bu mənanı müxtəlif qəliblərdə bəyan edirlər. Onlardan biri “tövhide-əfali”, yəni fellərdə, işlərdə, əməllərdə tövhiddir. Fellərdə tövhidin zərurəti budur ki, insan bütün xeyirlərin mənşəsini Allah bilsin. Bütun xeyirlərin Allahdan olduğuna inanan şəxs daha ondan başqasına ümid bağlaya bilməz. Əgər şəxs kimsəyə zərər vermək istəsə, hansı amillə bunu edə bilər? Ziyan vermək üçün qüvvəyə ehtiyac var. O qüvvə haradan gəlir? Bu da Allahdandır. Demək, hər bir xeyir və ziyan Allahın iradəsinə bağlıdır; “və əgər Allah sənə bir zərər yetirsə, onu Ondan başqa aradan qaldıran olmaz və əgər sənə bir xeyir vermək istəsə Onun fəzlini əsla dəf edən olmaz.” (“Yunus”, 107) Bu baxışı anlamaq bir az çətin, əməli baxımdan yerinə yetirmək isə daha çətindir. Biz adət etmişik ki, belə deyək: Bu mənim işimdir, bu da filankəsin işidir! Bəzən də belə deyirik: Bu işin Allaha heç bir dəxli yoxdur, özün etdin! Lakin Quran bizimlə ayrı bir şəkildə danışır; Quran deyir: “Küləkləri rəhmətindən qabaq müjdəçi olaraq göndərən Odur. Belə ki, ağır yüklü buludları götürdüyü zaman, Biz onu ölü məmləkətə tərəf qovuruq. Beləliklə, onun vasitəsilə suyu nazil edir, bu yolla hər növ meyvə və toxum çıxarırıq.” (“əraf”, 57) Küləyi Allah cərəyan etdirir; Allah bulud vasitəsi ilə yağış yağdırır; bu Allahın işidir; bitgini torpaqdan çıxaran Odur. Bu xüsusi bir mədəniyyətdir və bizim tanış olduğumuz, söhbət etdiyimiz, kitablarda oxuduğumuz və yazdığımızla fərqlidir. Bu növ bəyanın sirri bundadır ki, O həmişə hər şeyin Allaha bağlı olduğunu yadda saxlamazımı istəyir. Doğrudur, vasitə kimi faillər var; lakin varlığın əsası əlində olan, bu nizamı quran və istədiyi vaxt ona son qoya biləni tanımaq lazımdır. Hansısa bir məsul şəxs sizin üçün bir hökm yazanda ümidiniz qələmədirmi? Yoxsa o şəxs yazanda siz “cənab qələm, çox təşəkkür edirəm” deyirsiniz? Bu qələm bir vasitədir. Bu qələm ilə yazan yazıçının əlidir. Bütün aləm vasitədir; baxmayaraq ki, bu səbəblər, vasitələrin bəziləri şüur və ixtiyar sahibidirlər; lakin səbəblərin səbəbi digər bir şəxsdir. Qalanları cüzi vasitələrdilər. Əgər insan bunu doğru anlasa bu zaman onda elə bir hal yaranır ki, artıq heç bir şəxsdən qorxmur. İmam Rahil (ə) belə bir dərkə sahib olduğu üçün deyirdi: “And olsun Allaha bütün ömrüm boyu heç nədən qorxmadım!” O anlamışdır ki, aləmdə heç bir şey Allahın izni və iradəsi olmadan baş vermir. İnsan hər bir şeyi onun yaxşı olduğu üçün sevir; indi əgər bütün yaxşılıqların Allahdan olduğunu və hər kəsə hər şeyi Allahın verdiyini dərk edə bilsə artıq ondan başqasına bağlanmaz. Bütün gözəllikləri Ondan görər. Bu əməldə tövhiddir! Belə bir şəxs başqalarına görə namazını uzatmır; hətta başqalarının onun mərifət və ibadətin hansı mərtəbəsində olduğunu və hansı yaxşı işlər gördüyünü bilməsini istəmir. Bacardığı qədər çalışır ki, başqaları onun xeyir işlərindən xəbərdar olmasınlar; çünki o bilir ki, Allah bəndəsinin yalnız ona məxsus olmasını istəyir; De ki, nəinki namaz və ibadətim, hətta ölüm və həyatım da aləmlərin Rəbbi üçündür (mən özüm üçün heç nə istəmirəm).” (“ənam”, 162) İslam gəlib ki, öncə uyğun maarifi bəşərə anlatsın və daha sonra onu elə bir formada tərbiyə etsin ki, uyğun tərzdə inkişaf edə bilsin; hər yerdə Allahın əlini müşahidə etsin; işləri Allaha görə görsün; yalnız Allaha arxalansın; Allahdan başqasından qorxmasın; Allahdan başqa kimsəyə həqiqi məhəbbət bəsləməsin; belə bir insan xalis tövhidə sahibdir; həzrət Zəhra (s) buyurur:
کلمة جعل الاخلاص تأویلها؛
“Allaha şəhadətin bir zahiri mənası var; lakin bu şəhadət ilk dəfə başa düşüləndən daha uca həqiqətə malikdir və bu həqiqət insanın Allah üçün xalis olmasıdır; insan elə bir şəkildə Allah üçün xalis olur ki, nə inki təkcə əqidəvi baxımdan heç bir şirkə yol vermir, hətta əməlində və hisslərində də Allahdan savayı üçün heç bir yer yoxdur.” Sanki belə demək istəyir: “ Bu bizim sahib olduğumuz tövhid mərtəbəsidir. Siz də özünüzü yoxlayın, tövhiddən nə dərəcədə faydalandığınızı müşahidə edin. Bizim tövhidimiz adətən şirklə qatışıq olduğu üçün təkidlə buyurur: “Mən Allahın birliyinə şəhadət verirəm, lakin bu şəhadətin batini, həqiqəti var və bu həqiqət etiqad və əməldə şirk qatışıqlıqlarından xalis olmaqdır.”
Allah bizə və sizlərə ruzi versin.