Onuncu dərs

Allahşünaslığın növləri

Rəhman və rəhim Allahın adı ilə
Qarşınızdakı cənab Ayətullah Misbah Yəzdinin (sayəsi üzərimizdən əsgik olmasın) hicri-şəmsi 89.05.31 tarixində (hicri-qəməri 1431-ci il mübarək ramazan ayının 12-ci gecəsi ilə eynı vaxtda) böyük rəhbətlik məqamının dəftərxanasında etdiyi çıxışın seçilmiş hissəsidir. Ümid edirik ki, bu tövsiyələr bəsirətimizi artıracaq, hidayət və səadət yolunda nurlu çıraq olacaq.

Allahşünaslığın ( Allahı tanımağın) növləri

Hazır olan və hasil olan elm

و أشهد أن لا إله إلا الله وحده لا شریك له كلمة جعل الإخلاص تأویلها و ضمن القلوب موصولها و أنار فی الفكر معقولها؛
Həzrət Zəhra (Allahın salamı olsun ona) tövhidə şəhadəti üç xüsusiyyəti qeyd etməklə aydınlaşdırdı. Birincisi bu idi ki, şəhadət yalnız dillə deyilən söz deyil; əksinə onun çox dərin həqiqəti var və o həqiqətə çatmaq üçün çalışmaq lazımdır. Bu həqiqət ixlasdır. Ötən söhbətdə uca Allah tövfiq verdiyi qədər bu barədə danışdıq. Daha sonra buyurulur:” Uca Allah bu həqiqəti tapmaq hissini insanların qəlblərində qoymuşdur. Başqa sözlə, tövhidi fitri olaraq qəlblərdə yerləşdirmişdir. Lakin onun elmi izahı insanın zehnində, fikrində gerçəkləşir. Bunu da Allah çox işıqlı və aydın etmişdir. Bu gün uyğun iki cümlə və onların fərqləri barəsində bəzi söhbətlər edəcəyik. Açıqlamaq istədiyim mövzunun aydınlaşması üçün iki müqəddiməni nəzərə almaq lazımdır.
Birinci müqəddimə: Elm iki növdür; bəzən özümüzdə hansısa bir hissi dərk edirik. Bu dərk həmin canımızda, ruhumuzda olan hissin vücududur. Bizim aclığı dərk etməyimiz həmin aclıq hissidir. Bəzən deyirlər: Aclıq mədənin boş olması və bədəndə enerjinin azlığı nəticəsində yaranan bir haldır. Bu söz deyiləndə aclıq hissi etmirik və bizdə aclıq mövcud olmur; lakin uyğun anlayışlarla aclığın əqli, elmi mənasını dərk edirik. Aclığı hiss etmək bir növ dərk, aclığın mənasını təsəvvür etmək isə ayrı bir növ dərkdir. Alimlər deyirlər: Birinci növ dərk hazır olandır, ikinci növ dərk isə hasil olandır. Hazır olan dərkdə məlumla elm ( bilinənlə bilik) birdir.

Agahlıqla yanaşı olan idrak və agahlıqla yanaşı olmayan idrak

Digər bir müqəddimə belədir: İdrak başqa bir cəhətdən iki qismə bölünür: Agahlıqla yanaşı olan, agahlıqla yanaşı olmayan. Bəzən insan nəyi isə bilir və bunu bildiyini bilir. Bu agahlıqla yanaşı olan idrakdır. Bəzən insan nəyisə bilir, lakin həmin şeyi bildiyindən tam xəbərsizdir. Gərək müəyyən şərayit yaransın ki, insan nəyisə bildiyini anlasın. Bu idrak agahlıqla yanaşı olmayandır.
Hamımız Peyğəmbərdən (s) olan bu rəvayəti eşitmişik:
كُلُّ مَوْلُودٍ یُولَدُ عَلَى الْفِطْرَةِ فَأَبَوَاهُ یُهَوِّدَانِهِ وَ یُنَصِّرَانِهِ وَ یُمَجِّسَانِه‏؛”
Hər bir insan tövhid fitrəti ilə doğulur; onu yəhudi, nəsrani və məcusi edən valideyinlərdir.” (“Biharul-ənvar”, c.58, s.187) Bir çox rəvayətlərdə deyilir: “Allah insanı tövhid fitrəti ilə yaradır.” (“Biharul-ənvar”, c. 64, s. 44) Yaxud “Allah həmin ilahi fitrət əsasında insanları yaratmışdır” (“Rum”, 30) ayəsinin təfsirində müfəssirlər deyirlər: Bu fitrət, tövhiddir. Böyüklər ilahi mərifət mövzularında Allahtanımanın fitri olduğunu deyirlər. Belə bir sual yaranır ki, insanın fitri olaraq Allahı tanıması nə deməkdir? Əgər insan başqalarından, hətta valideyinlərindən Allah kəlməsini eşitməsi, heç bir kitabda bu barədə heç nə oxumasa yenə də Allahı tanıyacaqmı? Bu məsələ fikrimcə qeyd etdiyimiz müqəddimələri nəzərə almaqla həll olası bir məsələdir.
Agahlıqla yanaşı olmayan digər bir növ idrak var; yəni bir növ elmimiz var lakin ondan xəbərsizik. Adi həyatla bağlı bu cür düşüncələrimiz çoxdur. Agahlıqla yanaşı olmayan idrak özü də iki qisimdir: 1.Yarımagahlıqla olan idrak; yəni sadə bir xatırlarma ilə insanın yadına düşür və o öz elmini görür. 2. Agahlıqla yanaşı olmayan idrak; bu halda sanki insan öz elmini unutmuşdur. Zehninin dərinliyində belə bir şeyin olduğunu bilməsi çətinliklə mümkündür. Məsələn kiçik uşaqlar bir səs eşitdikdə səsin haradan gəldiyini axtarırlar. Əgər elmi dildə açıqlamaq istəsək bu halda deyirik: Uşaqlar uyğun hadisənin səbəbini axtarırlar; çünki səsin öz-özündən yaranmadığını, onun hökmən bir amili olduğunu bilirlər. Lakin siz üç yaşlı uşaqdan “sən səbəb qanununu qəbul edirsənmi?” deyə soruşsanız, o bu sualı dərk etməyəcək. Bu bir növ agahlıqla yanaşı olmayan idrakdır; lakin uşaq axtardığını tapan kimi zehnində həmin ümumi idrakı bu tapdıqğına aid edir. Körpə səbəb qanununu bilir; lakin öz elminə agahlığı yoxdur. Onda belə bir biliyin olmasını bilmir.

İnsanın tövhid fitrəti

Quranda təəssüf ki, sadəliklə ötüb keçdiyimiz ayələr var; məsələn: “Əgər onlardan səmaları və yeri kimin yaratdığını soruşsan, şübhəsiz deyəcəklər: izzətli, elimli yaradıb.” Əgər bütpərəstlərdən soruşsan ki, göyləri və yeri, bu qədər sirlər, hikmətlərlə dolu aləmi kim yaradıb, onlar deyəcəklər: Bu aləmi şübhəsiz ki, son dərəcə qüdrətli və elimli biri yaradıb. Bəlkə onlar heç bu barədə düşünməyiblər; lakin sual olunduqda aləmdəki əzəməti, hikmətləri, sirləri görüb deyirlər: Şüursuz mövcud bunu yarada bilməz; bu təsadüfən də ola bilməz; şübhəsiz ki, bilikli və qüdrətli biri bu aləmi yaratmışdır. Quranda bu kimi çox suallar açıqlanmışdır; “əmmən yucibul-muztərrə iza dəahu və yəkşifus-su” ayəsi bu qəbil ayələrdəndir. Ayədə buyrulur: ”Bunlardan soruş: Kədərli, pərişan şəxs bir şey istəyəndə ona bunu əta edən kimdir?” Bu suallar insan fitrətindən edilən suallardır; yəni insan bunların cavabını bilir; lakin bunları bilməsini bilmir. Bu sual ona verildikdə və o bu barədə düşündükdə cavab verə bilər. Bu yarımagahlıqla yanaşı olan idrakdır. Bəzən insanlar idraklarının dərinliklərində olanları inkar edirlər. Uyğun idrak toz-torpaqla tam örtüldüyündən insan daha onu dərk etmir. Məsələn, hamımızın varlığımıza elmimiz var və varlığımızı bilirik; lakin “mən” dedikdə məqsədimiz həmin bədəndirmi?! Bu ki şüursuz hüceyrələrdir! Hətta beyindəki hüceyrələr də bir vasitə kimi rol oynayırlar və özləri dərk etmirlər. Əslində “mən” deyən insanın ruhudur və bədən bir vasitədən savayı deyil. Həqiqətdə eşidən, görən, qərar qəbul edən, söhbətləşən və... ruhdur. Bir qrup insan həmin ruhla deyirlər: Ümumiyyətlə ruh yoxdur!
Əqli elimlərdə sübut olunmuşdur ki, nəfsə elm (özünü tanımaq) nəfsin özüdür və bunlar bir-birlərindən ayrılmazdılar. Bu hazır olan elmin bariz nümunəsidir. Burada elm, alim və məlum birdir; lakin buna baxmayaraq ruhu inkar edənlər deyirlər: Biz həmin bədəndən savayı bir şey deyilik! Yoxsa bu şəxslərin ruh barədə elmləri yoxdurmu? Nəfsə (mənə) elmin nəfsin özü olduğunu dedik. Mümkün deyil ki, insanda bu elm olmasın; lakin bu idrak o agahlıqdan çox uzaq və rəngsiz olduğu üçün unudulur və insan elə güman edir ki, “mən” elə həmin bədəndir. İnsan nəfsini paklaşdırdığda, ruhu gücləndirdikdə yavaş-yavaş bu bədəndən savayı ruh adlı bir şey olduğunu anlayır. Ruh kamilləşdikcə daha yaxşı anlayır ki, ümumiyyətlə bədən və “mən” ayrı ayrı şeylərdir. Bədən yalnız bir vasitə və minikdir. Quranda uyğun həqiqətlərə işarə olunmuş ayələr var. “Ənkəbut” surəsinin 65-ci ayəsində buyrulur: Gəmiyə mindikləri zaman Allahı ixlasla çağırırlar; lakin onlara nicat verib sahilə çatdırdığı zaman yenə də müşrik olurlar.” Bu mövzunu Quran bir neçə bəyanla xatırlatmışdır. (“Ənam”, 63; “Loğman”, 32) Qurani-kərimdən əlavə rəvayətlərdə də həmin agahlıqla yanaşı olmayan yaxud, yarımagahlıqla olan elmə işarə olunmuşdur. Demək “tövhid insanın fitrətində var” sözünün mənası belə deyil ki, insan tam agahlıqla müəyyən sifətlərə malik Allahın olmasını bilir. Bu sözün mənası belədir: Bizim idrakımız yarımagahlıqladır və bizdən “səmaları və yeri kim yaradıb” soruşulduqda özümüzə gəlirik və elmimizin üzərinə çəkilmiş həmin nazik pərdə kənarlaşır, agah oluruq. Bu pərdə bəzən çox qalın olduğundan o qədər də asanlıqla kənarlaşa bilmir; insanın agah olması üçün xüsusi bir şəraitin yaranmasına ehtiyac görülür. Məsələn, təyyarədə oturmuş şəxs qəfil, təyyarənin problemli olduğunu və süqut halında olmasını bilir! Bu insanın ümidi nəyədir? Kim onu xilas edə bilər? Bu halda qəfil, nəyəsə ümidi oduğunu görür və qəlbinin dərinliyində kiminsə olduğunu bilir. Bu həmin dediyimiz idrakdır. Bu idrak agahlıqla yanaşı olmayan hazır olan (hüzuri) elmdir. Bu elm dəlillər, düşüncə yolu ilə əldə olunmur; əksinə insan nəyi isə tapır. Bu iki müqəddimə digər məsələlərdə də istifadə olunur və araşdırmaçılar üçün bir mövzu ola bilər.

Allahşünaslığın iki növü

Bu iki müqəddiməni nəzərə almaqla həzrət Zəhranın tövhidə şəhadətin davamında dediyi iki cümləni təkrarlayırıq;
و ضمن القلوب موصولها و أنار فی الفكر معقولها؛
Həzrət tövhidə etiqadla bağlı iki məsələni qəbul edir; onlardan biri “məvsul” digəri isə “məquldur”. “Məvsul”, yəni əldə olunmuş, alınmış. Bəzən tövhidin həqiqəti bizə çatır, biz onu əldə edirik. Bəzən isə onun barəsində düşünürük. Bir mərhələdə bu həqiqət əldə olunur. Bu bizim elmi terminimizdə hazır olan elm (elmi-hüzuri) adlanır. Digər bir mərhələdə isə həmin həqiqət barəsində düşünürük və bu bir elmi termin kimi hasil olan elmdir. Hasil olan elm düşüncə və fikirə aiddir; lakin hazır olan elm qəlbə aiddir. Qəlb insan ruhunun mərhələlərindən biridir. Onun işi həqiqətlərə şahid olmaqdır. Qəlb görür; “Nəcm” surəsinin 11-ci ayəsində buyrulduğu kimi:
ما كَذَبَ الْفُؤادُ ما رَأى‏؛ Göründüyü kimi surədə ما کذب الفؤاد ما علم. deyə buyurulmadı. Qəlbdə hansısa bir həqiqət gerçəkləşərsə, qəlb onu tapır. Burada qəlbə aid edilən iş fikirin qarşısındadır; əlbəttə, qəlbə çox şeylər aid olur; lakin adətən qəlbdə məqsəd hazır və müşahidə olunan dərklərə malik, hisslər və duyğuları özündə tapan bir şeydir; qəlb o şey deyil ki, var olmasını bilir.
Həzrət Zəhra (s) buyurur: Uca Allah tövhidi tapmağı qəlblərdə qoydu; bu mənadan sankı ayrı bir təbir də olunur: Allah qəlbi tövhid fitrəti ilə yaradıb. Əgər qəlbin gözü açılsa və onun üzərində heç bir pərdə olmasa açıq-aşkar görəcəkdir. Uca Allahın belə bəndələri də var. Onların bariz nümunəsi məsumlardır (xüsusi ilə 14 məsum). Onların doğum zamanı da Allaha elmləri olduğuna şəkkimiz yoxdur; doğuşdan öncə ana bətnində də Allaha təsbih deyirdilər. Bəzi ilahi övliyaların uşaqlıq dövürlərində də böyük ilahi mərifətə malik olmaları mümkündür. Biz bilmədiyimiz hər bir şeyin yox olduğunu və ya olmasının mümkünsüzlüyünü deməyə haqlı deyilik! Bir çox şeylərin mümkünsüz olduğunu güman edirik. Lakin bəzən Allah mümkün olduğunu göstərir. Bəzən həmin adi insanlar başqalarının bilmədikləri bir çox şeyləri anlayırlar; bəzən başqalarının çatmadığı mənəvi kamilliklərə çatırlar və bəzən zahid, alim pirlərin uzun illər sonra əldə edib etməyəcəkləri məlum olunmayan mənəvi kəşflər əldə edirlər. “Bu Allahın fəzlidir. Onu istədiyinə əta edir.” (“Maidə”, 54)
Demək, bizim tövhidi tanımağımız iki növdür: Biri tapıntıdır. Bu halda insan məhəbbəti tapdığı kimi Allahı da qəlbində tapır. Belə insanlar üçün ümumiyyətlə Allahın varlığı şübhəolunmazdır; Ərəfə duasında oxuyuruq: “ Aləmdə Səndən də aydın bir şey tapılırmı ki, biz onun işığında Səni dərk edək?!” (“Biharul-ənvar”, c.64, s.142) Allah belə bir idrakın kiçik mərtəbəsini hamımıza vermişdir. O adətən hicab, pərdə arxasında qalıb düzgün dərk olunmayan fitri idrakdır. Lakin bütün bunlara baxmayaraq o var və münasib vaxtda zahir olur. Bu idrak tapılmış idrakdır.
Allahtanımanın digər bir növü “məqul” idrakdır. Allahı dəlillərlə tanımaq istədikdə məqsəd bu növ tanımaqdır. Uyğun istidlaldan (dəlillərlə isbatlamaqdan) zehnimizdə bir məsələ yaranır. Bu məsələnin mövzusu və “məhmul”u (mövzuya aid edilən) vardır. Biz mövzu ilə məhmulun (mövzuya aid edilənin) rabitəsini dərk edirik. Bu növ tanımaqla, Allahın özünü dərk etmək arasında çox fasilə vardır. Bu anlayış zehnin düzəltdiyidir. İmam Baqirin (s) dediyi kimi:
كلما میزتموه بأوهامكم فی أدق معانیه مخلوق مصنوع مثلكم مردود إلیكم؛
Zehninizlə hazırladığınız (əqli, fəlsəfi, irfani və sair) anlayışlar hamısı zehninizin istehsalıdır. Onları hər nə qədər dəqiq dərk etsəniz öz zehninizin məxluqlarından birini dərk etmişsiniz.(“Biharul-ənvar”, c.66, s.292)
Allahı tanımaq üçün O özü qəlbinizə bir nur saçmalıdır ki, nəticədə onun bir cilvəsinə tamaşa edə biləsiniz. Demək bizim üçün tapıntı olan bir dərk var. Bu idrakı Allah qəlblərdə yaradıb; ضمن القلوب موصولها Bəzən buna elmimiz olur; xoş belə olanların halına; xoş o kəslərin halına ki, əvvəlcədən belə olublar. Məsum imamlar kimi. Yaxud sonradan şəri göstərişlərə əməl, riyazətlər nəticəsində bu şühudi (hazır olan elmi) tapıblar. Bu elm zehnə və fikrə yox, qəlbə aiddir. Lakin bu dərkin əqli forması və ağılla isbatı, sübut olunması fikrə aiddir: أنار فی الفكر معقولها
Bu növ tanımaq da Allahın lütflərindəndir. Allah bu yerdə də aşkar dəlillər qoymuş və heç bir ağıllı insan “mən Allahın varlığı üçün bir dəlil tapmadım” deyə bəhanə gətirə bilməz; bu səbəbdən həzrət Zəhra (s) buyurur:
أنار فی الفكر معقولها؛
“Allah fikir və düşüncə aləmində də tövhidin məntiqli olmasını açıq-aşkar bildirmişdir. ”Uca Allahdan istəyirik ki, həm tövhidin əqli mərtəbəsini yaxşı dərk edək, həm də hazır olan, müşahidə olunan dərkdən bir damla olsa belə bizə nəsib etsin. İnşaallah.