On üçüncü dərs

Yaranışın hədəfi

Rəhman və rəhim Allahın adı ilə

Salam olsun sənə ey Məhəmmədin atası, ey Əlinin oğlu Həsən, ey Müctəba

Qarşınızdakı cənab Ayətullah Misbah Yəzdinin hicri-şəmsi 89.06.03 tarixində (hicri-qəməri 1431-ci il mübarək ramazan ayının 15-ci gecəsi ilə eyni vaxtda) böyük rəhbərlik məqamının dəftərxanasında etdiyi çıxışın seçilmiş hissəsidir. Ümid edirik ki, bu tövsiyələr bəsirətimizi artıracaq, hidayət, səadət yolunda nurlu çıraq olacaq.

Yaranışın hədəfi

Allah, mütləq ixtiyar sahibi!
... كَوَّنَهَا بِقُدْرَتِهِ، وَ ذَرَأَهَا بِمَشِیَّتِهِ، مِنْ غَیْرِ حَاجَةٍ مِنْهُ إِلَى تَكْوِینِهَا، وَ لَا فَائِدَةٍ لَهُ فِی تَصْوِیرِهَا؛
(“Bəlağətun-nisa”, s.27, “Biharul-ənvar”, c.29, s.220)
Ötən söhbətdə qeyd etdik ki, Allah bütün işlərini o cümlədən aləmi yaratmasını ixtiyari olaraq görür və bu aləmdə hər bir şey onun istəyinin çərçivəsindədir. Bu səbəbdən Qurani-kərim qəribə bir təkidlə hər bir şeyin ilahi istəkdən asılı olduğunu bildirməyə çalışır. Həm ruzinin azlığı və çoxluğu, yaxud ömrün uzunluğu kimi təbii işlər, həm də şəriətlə bağlı işləri Allahın istəyindən asılı bilir. Şəriətlə bağlı (təşrii) işlər barəsində Quran bildirir ki, həm şəriətin əsası Allahın izni ilə olmalıdır və bir dəstə nəyi isə haram yaxud, halal etdikdə buyurur: “De ki, Allah sizə icazə verdi ki, bunları deyəsiniz yoxsa Allaha iftira bağlayırsınız?” (“Yunus”, 59) Həm də şəriətə əməl etməyi Allahın istəyənə bağlı bilir və buyurur: “Və ma kanət linəfsin ən tuminə illa biiznillah; hətta sizin iman gətirməyiniz də Allahın istək dairəsindən xaric deyil.” (“Yunus”, 100) Ölüm və həyatdan əlavə bizim ixtiyarımızla gördüyümüz işlər də Allahın izin və istəyindən asılıdır. Bu qayda ilə, gözəl xütbənin uyğun qısa ibarəsində təkidlə işarə olunmuş mühüm nöqtə aləmin yaranışının Allahın istəyi ilə olmasına işarədir. (zərəəha biməşiyyətih) “zərəə” kəlməsi adətən hansısa bir varlığın sayının artması ilə bağlı işlədilir. Məsələn doğuş yolu ilə artma. Quranda buyrulur: “zərəə minəl-hərsi və-ənam; mövcudları yer üzünə yayan Allahdır.” (“Ənam”, 136) Yəni güman etməyin ki, ata və ananı yaratdıqdan sonra bu iş Allahın əlindən çıxıb, və daha onun iradə və istəyinə bağlı deyil.
Aləmdəki varlıqlar Allahın təyin etdiyi sünnələr, qaydalar əsasında vücuda gəliblər. Bəzən də möcüzə kimi xüsusi və istisna olan yollar olur. Aləmdə hər şey Allahın istəyi ilə gerçəkləşir və Allah heç bir işi məcburi olaraq görmür. O sonsuz ixtiyara malikdir. Digər ixtiyar sahibi olan mövcudların, o cümlədən insanın gördüyü işlərdə məcburi, qeyri-ixtiyari amillər mövcuddur. Odur ki, hər bir şey bizim ixtiyarımızda deyil. İşlərimizdə rolu olan vasitə və səbəblərin arasında bizim ixtiyarımız, seçimimiz bəlkə bir faiz də rol oynamır. Bu amilləri Allah təyin etmiş və bizim ixtiyarımızda deyil. Allah hər vaxt istəsə onları alır. Lakin Allahın işlərində ixtiyarlılıq tam mənası ilə mövcuddur. Allahın işləri üçün heç bir şərt, qeyd yaxud maneə yoxdur. Odur ki, həqiqi ixtiyar Allaha aiddir.

İnsanın işlərində son hədəf

Biz insanlar gördüyümüz işlərə nəzər salsaq yalnız stimulumiz olduqda hansısa bir işi gördüyümüzü müşahidə edəcəyik. Məsələn, biz yemək yeyə də bilərik, yeməyə də bilərik; lakin aclıq hiss etdikdə yemək yemək üçün bizdə stimul yaranır. İxtiyari iş bir təyin edici amilə ehtiyaclıdır. İxtiyarımızda olan iş faydalı olduqda, hansısa bir zərərə mane olduqda, ehtiyacımızı ödədikdə yaxud, hansısa bir çətinliyi aradan qalxızdıqda görülür; qısa sözlə deyək ki, gərək bir xeyiri olsun ki, insan onu yerinə yetirsin. Hansısa bir mənfəətə malik olmadığımız üçün və həmin mənfəəti əldə etmək istədiyimiz üçün ona tərəf gedirik. Əgər yemək yeməyə gediriksə demək toxluq bizim üçün xeyirlidir və bu xeyir bizdə yoxdur. Yemək yeyirik ki, doyaq. Yəni ixtiyari işlə malik olmadığımız əldə etmək istəyirik. İşi görməklə əldə etmək istədiyimiz həmin işdəki hədəfimizdir. Fəlsəfi termin kimi bu son hədəf, məqsəd amili adlanır. Bəziləri deyirlər ki, bu hədəf barəsində olan elm, agahlıq son hədəfdir. Bəziləri isə o hədəfə olan şövqün son hədəf olduğunu deyirlər. Mən daha sadə, öz dilimizlə belə deyirəm: “Həmin hədəfə olan maraq son hədəfdir.”

Allahın işlərindəki son hədəf

Mümkündür soruşulsun: İxtiyari olaraq aləmi yaradan Allahın bu işindən hədəfi var idi yoxsa yox? Əgər hədəfi var idisə onun hədəfi nə idi? Onun nəyi yox idi ki, istəyirdi bu işlə ona çatsın?
Bəziləri deyirlər ki, ümumiyyətlə Allahın heç bir hədəfi yoxdur. Ümumiyyətlə hədəf, məqsəd və son hədəf anlayışlarını Allaha aid etmək səhv bir fikirdir. Hədəf və məqsəd yaranmışlara aid olur. Bəziləri deyirlər ki, Allah aləmi özü faydalanmaq üçün yox, başqalarının faydalanması üçün yaratdı. Bu sözdən belə nəticə alınır: Allahda bəndələrinin razılığı, yaxud kamilliyi yoxdur və o bunu əldə etmək istəyir. Bu sözün mənası Allahın ehtiyaclı olmasıdır! İslam filosofları çox dəqiq fəlsəfi bir məsələ açıqlamışlar. Mən burada həmin məsələnin nəticəsini bir cümlədə deyəcəyəm. Onlar belə deyirlər: Uca Allah, bəlkə də bütün mücərrəd varlıqlar barəsində əsas amillə işin görülmə amili (illəti-faili) birdir. Bu sözün mənası nədir? “Özü özü üçün əsas amlildir deyildikdə Özü yoxdur və Özünü əldə etmək istəyir mənası nəzərdə tutulurmu?
Mənim fikrimcə əsas amil əslində ixtiyar sahibi olan varlığın həmin məqsədə olan marağıdır. Daha ümumi desək istəmək (maraq mənasında olan istəmək) ixtiyari olaraq görülən işdə stimuldur. Lakin istəmək müxtəlif mövcudlarla bağlı fərqlidir. Uca Allah üçün elə bir istəmək fərz etmək olar ki, bu istəmək digər zati sifətlər kimi Onun zatının özü olar. Allah yaxşılığı və xeyiri sevir, istəyir və mütləq xeyir öz zatıdır. Beləliklə Onun xeyirinin bir mərtəbəsini özündə əks etdirən hər bir şey təbii olaraq Onun üçün istənilən, sevilən olur. Biz bəzən müəyyən şeyləri özünə görə sevir, bəzən isə başqa bir şeyə aid olduğu üçün sevirik. Siz bir şəxsi çox sevdikdə onun şəkilini də sevəcəksiniz. Bu şəkilin bir kağızdan savayı bir şey olmadığına baxmayaraq, onu sevirsiniz. Çünki bu şəkil sevdiyinizi nümayiş etdirir. Nəqədər ki, o şəxsi sevirsiniz bu şəkili və o şəxsə aid olan hər bir şeyi təbii olaraq sevəcəksiniz. Biz həzrət Məsumənin (s) hərəminin qapısını, divarını öpürük. Çünki bizim sevdiyimizə aiddir və bu baxımdan onlar da bizim üçün istənilən, bəyəniləndir. Bu məhəbbətin xasiyyətidir.
Allah üçün əsas olaraq dəyərli olan zatıdır. Heç nə Allahdan sevimli deyil. O bütün kamilliklərə ən yüksək və kamil həddə malikdir. Kimdə nə kamillik varsa ondandır. Demək ən sevimli olan şey Allahın zatıdır. Allah əsas olaraq özünü sevir. Bu səbəbdən öz nişanələrini də təbii olaraq sevir. Onu daha çox numayiş etdirə bilən şey Onun üçün daha bəyənilmişdir. Nə üçün Allah Quranda təkrar-təkrar “Allah səbirliləri sevir, tövbə edənləri sevir, pakları sevir və ...” deyir? Çünki bu sifətlərə malik olanlar Allahı daha yaxşı, daha əhatəli nümayiş etdirə bilirlər. Kamil insan yəni girami Peyğəmbərin (s) müqəddəs varlığı Allah üçün bəndələrin ən sevimlisidir. Çünki onun vücudu və sifətləri hər şeydən çox Allahı göstərə bilir. O Allahın sevimlisidir. Çünki xeyirli cəhətləri və kamillikləri hamıdan çoxdur və Allahın sifətlərini yaranmışlarda göstərməyi hamıdan daha yaxşı bacarır. Pak imamlar, peyğəmbərlər və ilahi övliyaların da kamillikləri (onların aralarındakı məqam və mərtəbə fərqlərini nəzərə almaqla) belədir.
Diqqət yetirməli olduğumuz digər bir nöqtə budur ki, biz bəzən nəyi isə sevirik, istəyirik lakin onu əldə etmək üçün, ona çatmaq üçün çox işlər görməli olduğumuzu görürük. Məsələn, bir gənc hansısa varlı və ad-sanlı bir ailənin qızı ilə evlənmək istəyir. O bu qızla evlənmək üçün həm pul, həm abırlı iş, həm də yaxşı təhsilə sahib olmalıdır. O bütün bunları əldə etməyi qərara alır. O əslində həmin qızla ailə qurmaq istəyir və qalanları bir müqəddimədir. Sadaladığımız uyğun işləri məşuqa qovuşmaq üçün bir müqəddimə olduqları üçün yerinə yetirir. Allah evini ziyarət etmək arzusunda olan kəs halal qazanc əldə etməyə çalışır ki, ziyarət səfərinin xərclərini hazırlasın. Bu şəxs eyni qayda ilə lazım olan digər müqəddimə işləri də görməyə çalışır. Bütün bunlar onun üçün bəyənilmiş, istəniləndir. Lakin daha sevilən, əziz bir şeyə xatır! Əgər həmin şey olmasaydı bu müqəddimələri də yerinə yetirməzdi. İki yaxud, daha çox şeyi bir-birinə bağlı olaraq sevmək olar. Onlardan biri əsas, qalanları isə ikinci dərəcəli olur. Həcdə əsas olaraq Allah evini ziyarət etmək istənilir, tələb olunur. Lakin insan peyğəmbərin də qəbrini ziyarət etmək istəyir və bu işi bəyənir. Bu iki iş bir-birləri ilə təzad daşımadığı üçün hər ikisi bəyənilir. Lakin əslində onların biri digərinin kənarındadır. İki hədəf var; lakin hər ikisi bir həddə bəyənilmiş deyil. Onlardan biri ikinci dərəcəlidir.
Allah üçün bəyənilən, istənilən ilk şey əslində heç bir çatışmamazlığı olmayan öz zatıdır. O təklikdən də heç bir əziyyət çəkmir. Allah əvvəldən tənha olub, axıradək də tənha olacaq. Çox dəyərli ziyarətlərdən olan “Cameye-əimmətul-müminin” ziyarətində (yaxşı olar ki bu ziyarət çox diqqətlə oxunsun) buyurulur:
یَا ذَا الْقُدْرَةِ الَّتِی صَدَرَ عَنْهَا الْعَالَم ...ابْتَدَعْتَهُ ... لَا لِوَحْشَةٍ دَخَلَتْ عَلَیْكَ إِذْ لَا غَیْرُكَ وَ لَا حَاجَةٍ بَدَتْ لَكَ فِی تَكْوِینِهِ وَ لَا لِاسْتِعَانَةٍ مِنْكَ عَلَى مَا تَخْلُقُ بَعْدَهُ بَلْ أَنْشَأْتَهُ لِیَكُونَ دَلِیلًا عَلَیْكَ بِأَنَّكَ بَائِنٌ مِنَ الصُّنْع؛ (“Biharul-ənvar”, c.99, s. 167, bu cümlələrdə aləmin yaranması ilə bağlı “südur” kəlməsindən istifadə olunmuşdur. Filosoflara nə “üçün aləm Allahdan sadir olub deyirsiniz”- deyə irad bildirənlər bilməlidirlər ki, rəvayətlərdə də bu kimi cümlələr istifadə olunmuşdur.)
Onu razı salan ən yaxşı şey özünə diqqət və özünə olan agahlığıdır. Bu şövqün, sevincin ən üstün dərəcəsidir. Öz zatından alınan sevinc və şövqdən sonra ən kamil sevinc məxluqlarının vücudundan aldığı sevinc və şövqdür. Bu məxluqlar ilk növbədə girami peyğəmbər, (s) daha sonra həzrət Zəhra və Əmirəl-müminin və ondan da sonra digər imamlar, nəhayətdə onlara yaxın olanlardır. Allah aləmi yaratdı. Çünki özü üçün bir növ güzgülərin olmasını istəyirdi. “Ey Allahın rəsulu əgər sən olmasaydın aləmi yaratmazdım və əgər Əli (ə) olmasaydı səni yaratmazdım. Əgər Fatimə olmasaydı, sizin heç birinizi yaratmazdım” qüdsi hədisinin sənədi düzgündürsə bu hədisin başa düşüləcək izahı belədir: Uca Allah girami peyğəmbər və onun kimiləri (aralarında olan mərtəbə fərqləri ilə) yaratmaq istədikdə ardıcıl silsilə olmalı idi. İmamzaman (Allah zühurunu tezləşdirsin) İmam Həsən Əsgəri (ə) kimi ata və Nərcis xanım kimi ana olduqda vücuda gələ bilər; bu qayda ilə növbə çatır həzrət Zəhraya. Əgər həzrət Zəhra (s) olmasaydı imamlar (ə) olmazdılar və əgər imamlar vücuda gəlməseydi girami Peyğəmbərin nuru və risaləti davamlı qalmazdı. İslam pak imamların bərəkəti ilə yaşadı, qaldı. Bütün bunları bir-birinə bağlayan həzrət Zəhradır. Odur ki, buyurur: “Əgər Fatimə olmasaydı siz ikinzi yaratmazdım.” Şübhəsiz bilirik ki, böyük peyğəmbərimizin məqamı onların hamısının məqamından üstündür. Peyğəmbərin vücudunun həzrət Zəhranın vücudunun kənarında olması (həzrət Zəhranın vücudunun əsas, peyğəmbərkinin ikinci dərəcəli olmasını) deyə bilmərik. Lakin belə deyə bilərik: Bu məcmuə Allahın istəyidir. Bu məcmuə bir-birlərinə bağlıdır və bu məcmuəni bir-birlərinə bağlayan, həzrət Zəhradır.
Yuxarıda dediklərimizi nəzərə almaqla əgər bizdən soruşulsa ki, Allah aləmi nə üçün yaratdı, belə cavab veririk: Allahda çatışmayan nə isə yox idi ki, aləmi yaratmaqla qane olsun; lakin həmin yaradılan, məxluq ehtiyaclı ola bilər. Allah almanı yaradıb; sonradan almanın qoxusunu yaradır; lakin almanın qoxusu alma olduqda olur. Qoxunun ehtiyacı var ki, bir “cövhər” (məntiq elmində termin) olsun və o bu cövhərin üzərində dursun. Ehtiyaclı olan allah deyil. Bu məxluqun gerçəkləşmə şərtidir, onun feyz vermə, əta etmə şərti deyil. Qəbul edənin qabiliyyət şərtidir, failin (işi görənin) failiyyət (işi görmə) şərti deyil. Onun ehtiyacı yoxdur. Aləmi xəlq etdi. Çünki əsas olaraq özünü sevir, istəyir; uyğun sevgidən təbii olaraq ən kamil məxluqlara sevgi hasil olur. Çünki peyğəmbər (s) Allaha ən yaxın və ən kamil varlıqdır. Belə deyə bilərik: Aləmi peyğəmbər üçün yaratdı; əlbəttə, o hər bir şeyi həmin şeydə olan xeyirin miqdarında sevir. Varlıqlar Allahın hikmətini, əzəmətini, elmini və ... göstərə biləcəkləri həddə istənilən, seviləndirlər. Allah bütün məxluqları sevir. Lakin bizimlə böyük Peyğəmbər və pak imamlar arasında olan fasilə müqayisə olunmayacaq qədərdir. Onların müqabilində aləm bütövlükdə dəyərsizdir. Bu yalnız bir mübaliğə və yaxud məcazi söz deyil. Onların öz buyruqlarıdır.


Cəhənnəmin yaranışındakı məqsəd

İxtiyar sahibi olan, seçim imkanına malik bir mövcudun yaranması qərara alınıbsa gərək həm yaxşı, həm də pis yolu seçmək üçün zəmin yaransın. İxtiyar, seçim üçün zəmin yaranması üçün uca məqamlara çatmaq yolundan əlavə əks istiqamətə olan yol da mövcud olmalıdır. Behiştə getməyə o şəxs layiq olur ki, onun üçün cəhənnəmə getmək imkanı da var idi. Yalnız bir yol varsa, seçim mənasızdır. Bu səbəbdən cəhənnəm yolu da olmalıdır. Bu halda cəhənnəmin vücudu, varlığı “bil-ərəz” (ikinci dərəcəli olaraq, nəyinsə kənarında) olaraq bəyənilir. Əgər aləmdə ixtiyar sahibi olan bir varlığın yaranması, xəlq olması qərara alınmasaydı Allah cəhənnəmi yaratmazdı. Cəhənnəmi də “bil-ərəz” (əsas hədəfin kənarında, ikinci dərəcəli olaraq) dostlarına xatir yaratdı. Çünki onların kamilliyə çatması ixtiyari şəkildə olan ibadətləri sayəsində mümkündür və ixtiyari ibadətlərin gerçəkləşməsi üçün iki yol olmalıdır; bir Allah yolu və bir qeyri-Allah yolu. Allah yolunun sonu behiştdir. Qeyri-ilahi yolun da bir sonu olmalıdır və bu son cəhənnəmdir. Demək, cəhənnəm “bil-ərəz” (əsas olmayaraq, nəyinsə kənarında) tələb olunur, istənilir.

Salam olsun Məhəmməd və onun pak ailəsinə.