Şahrud Universitetində

Şahrud Universitetində sual-cavab (11.03.79)

Rəhman və Rəhim Allahın adı ilə

 

 

 

- Bir müddətdir cəmiyyətdə təsahül və təsameh haqqında mübahisələr gedir, onun tərəfdarları və müxalifləri var. Xalq bu mövzulara münasibətdə çaş-baş qalıb. Lütfən bu mövzulara aydınlıq gətirin.

- Nə üçün Həqqani mədrəsəsinin məzunları qrup şəklində İTTİLAAT nazirliyi və ruhanilərə məxsus məhkəmə orqanlarında başda dayanır? Bu sualı sizə ünvanlamaqda əsasım sizin də uzun illər Həqqani mədrəsəsində hüzurunuzdur.

- Berlin konfransı filmindən seçmələrin nümayişinə münasibətiniz nədir?

- Böyük rəhbərlik məqamının “özümüzünkülər” və “özgələr” sözlərini işlətməkdə məqsədi nədir?

- Vilayəti-fəqihin mütləqliyinə inananlar onu fiqhi hökmlərin icraçısı sayırmı? Fiqhi adətən Allahın ilkin hökmləri kimi dəyərləndirirlərmi? Onlar deyirlər ki, məsləhətlər verən fəqih cəmiyyətin bugünki ehtiyaclarını əsas götürür. Bu məsləhətlər ilkin hökmlərə münasibətdə problemli deyil. Amma ilkin hökmlər mövcud olan yerdə məsləhətlərin nə faydası?

 

Sual: Bir müddətdir cəmiyyətdə təsahül və təsameh haqqında mübahisələr gedir, onun tərəfdarları və müxalifləri var. Xalq bu mövzulara münasibətdə çaş-baş qalıb. Lütfən bu mövzulara aydınlıq gətirin.

 

Cavab: Təsahül deyəndə nəyi nəzərdə tuturlar? Əgər onu nəzərdə tuturlarsa ki, əqidə, siyasi baxışlar, ictimai rəftarlar baxımından bizimlə müxalif olan tərəflə müdara, səmimiyyət və mehribanlıqla keçinək, bu İslam əxlaqından olan bir məsələdir. İslam nəzərincə, hətta doğru yola çəkmək istədiyimiz kafirlə ehtiramla keçinməli, səmimi münasibət yaratmalıyıq. İslami dəyərlərdən biri budur ki, 100 % müxalif olan və İslamı inkar edən bir şəxslə söhbətdə güzəştsiz, tünd söhbətə başlamayaq. Hətta belə deyək:

“İnna əv iyyakum ləəlla hudən əv fi səbələl mubin” (“Səba”, 24)

Ya mən doğru deyirəm, ya da siz. Gəlin, bir araya gəlmək istiqamətində düşünək. Görək kim düz deyir? Siz düz deyirsinizsə, mən qəbul edim. Mən düz deyirəmsə, siz qəbul edin. Əgər təsahül deyəndə bu məna başa düşülürsə, bu İslam əxlaqındandır və Quranın göstərişidir.

Amma təsameh və təsahül dedikdə İslam qanunlarında güzəştə getmək, kiməsə göz yummaq nəzərdə tutulursa, bu qeyri məqbuldur. Bizim konstitusiyaya görə yalnız İslam qanunları mötəbərdir. Konstitusiyanın 4-cü fəslində deyilir: “Ayə və mötəbər rəvayətlərə zidd olan müddəalar etibarsızdır.” Qəbul olunan hər bir qanun İslam qanunlarına əsaslanmalıdır. Bizim ölkənin qanunları İslam qanunlarıdır. Əgər onların icrasında səhlənkarlıq edilsə, xətaya yol verilib. Əgər qanun deyirsə ki, rüşvətxor filan qədər cərimələnməlidir, ya oğrunun əli kəsilməlidir, bu hökmlər icra olunmalıdır. Olmaz ki, birinci dəfə bağışlayaq, ikinci dəfə ailə-uşağını, borclu olduğunu nəzərə alaq, üçüncü-dördüncü dəfə də bir üzr tapaq. Əgər belə etsək qanunlar qüvvədən düşər. Bu halda qanun nəyə lazım? Belə qanunlar nə üçün tənzimlənib. Əgər təsahül qanunların icrasında səhlənkarlıq mənasında nəzərdə tutulsa, qanunun tənzimində əsas hikmətə zidd olar. Qanunun tənzimi buna görədir ki, icraçı qüvvə onu nöqtə-nöqtə yerinə yetirsin. Əgər təsahül dedikdə mötəbər qanunun icrasında səhlənkarlıq nəzərdə tutulursa bu ağıllı iş deyil. Amma qanunun özündə öncədən güzəşt nəzərdə tutulubsa, bu başqadır. Yəni qanunun özündə (islam hökmlərində, tənzimlənmiş hökmlərdə, adi qanunlarda) güzəştlər qəbul olunubsa, bu güzəştləri yerinə yetirmək qanunu yerinə yetirməkdir. Əgər qanunda bir məsələ aydın şərh edilibsə, icra olunmalıdır. Çünkü bu qanuna hamı səs verib. Nümayəndə seçilib, nümayəndələr məclisdə saatlarla müzakirə aparıblar və qanun qəbul edilib. Sonra nəzarət şurası (şuraye negəhban) onun İslama zidd olub-olmadığını araşdırıb. Nəhayət qanun icra orqanlarına ötürülüb. İndi biz təsameh və təsamüh prinsiplərini əsas götürüb qanunun icrasında ciddi olmasaq, bu qədər imza, tənzim zamanı müzakirələr nə üçündür?!

Öncə təsahül sözünü dəqiq mənalandıraq. Başqalarına münasibətdə mehriban və canıyanan olmaq kimsə tərəfindən inkar olunmur. Mühüm budur ki, hansı məqamlarda can yandırmalıyıq? Allahın müəyyən etdiyi qanunun icrasında səhlənkarlıq göstərilirsə, bu qanunu qüvvədən salır.

Demək, öncə aydınlaşdırmalıyıq ki, təsahül və təsameh nədir? Yalnız bundan sonra İslamın münasibətinə keçə bilərik. İslamın münasibəti budur ki, İslamın təyin etdiyinə deyildiyi şəkildə əməl olunmalıdır. Onu nə artırmaq, nə də azaltmaq olar. Əlbəttə ki, oğrunun əlinin kəsilməsinin şərtləri var. Yalnız şərtlər ödəndikdə oğrunun əli kəsilə bilər. Əgər bütün şərtlər ödənibsə oğrunun nə üç, nə də beş, mütləq dörd barmağı kəsilməlidir. Bu dörd barmaq kəsilən zaman onu təhqir etmək olmaz. Məsələn, demək olmaz ki, bu alçağın əlini kəsin! Qanun Allahın buyurduğu şəkildə icra olunmalıdır. Heç bir ağıllı insan qəbul edə bilməz ki, qanunun icrasında səhlənkarlıq mənasında təsahül və təsamehə yer var.

Bəzən belə bir rəvayəti dəlil göstərirlər:

“İnni buustu ələş-şəriətis-səmhətis-səhlə” (“Vəsailuş-şiə”, c. 8, s. 116, rəvayət 10208)

Yəni həzrət Peyğəmbər (s) buyurmuşdur: “Mən rahat və asan ayinlərlə göndərilmişəm.” Amma bilməliyik ki, bu dəlil müğalitədir, yəni əsassız dəlillərlə qarşı tərəfi çaşdırmaqdır. Dinin asanlığı dində səhlənkarlıqdan fərqlənir. Asan şəriət dedikdə qanunların özündəki asanlıq nəzərdə tutulur. Təsahül isə onların icrasına aid edilir. Qanunun asanlığı dedikdə nəzərdə tutulur ki, qanunda əziyyətverici bir şey yoxdur. Harada insan üçün çıxılmaz vəziyyət yaranırsa, qanun dəyişir. Təsahül dedikdə isə qanuna ciddi yanaşmamaq, səhlənkarlığa yol vermək başa düşülür. Təsahül səhlənkarlıq deməkdir. Hədisdəki “səhlə” sözü isə asan mənasını bildirir. İslam asan dindir, onda çıxılmaz vəziyyət (əsro-hərəc) yoxdur. Asan olmaq o demək deyil ki, işimizdə səhlənkarlığa yol verək. Biz qanuna olduğu kimi yəni artırıb azaltmadan əməl etməliyik. Təsahül və təsameh haqqında mühakimə yürütmək üçün onların mənasını daha geniş araşdırmalıyıq. Düzgün mühakimə üçün bu çox zəruridir. Suyu bulandırıb balıq tutmaq istəyənlər mövzuların aydın olmasını istəmirlər. Onlar məfhumları dar çərçivədə nəzərdən keçirirlər ki, onları artırıb-əskiltmək mümkün olsun. Danışanda təsahül və müdara deyirlər. Əslində isə xalqdan qeyrət və müqavimət ruhiyyəsini almaq istəyirlər. Bu isə əslindı Amerikanın istəyidir. Onlar bilərəkdən və ya bilməyərəkdən (bilərəkdən olma ehtimalı zəifdir) həmin mexanizmə amil olurlar. Onların siyasətinə xidmət edirlər və olsun ki, bundan xəbərsiz qalırlar. Amerika insanlardan qeyrət ruhiyyəsini almaq istəyindədir. Belə olsa, onların siyasətləri və hücumlarına cavab verə bilmərik. Nə desələr fərqsiz yanaşar, əhəmiyyət vermərik. İnqilab nəyə lazımdır?! Əgər onlarla dost olmaq istəyiriksə, siyasətlərinə boyun əyiriksə, nə üçün bu qədər şəhid verməliyik? Əgər hamının üzünə gülməliyiksə, can deyib, can eşitmək qərarındayıqsa, nə üçün şahla elə rəftar etdik?!

İnqilabı ərsəyə gətirən dəyərlərə bağlılıqdır. Nəinki inqilab, hətta peyğəmbərlərin hərəkatları, Seyyidüş-şühədanın (ə) qiyamı dəyərlərə bağlılıqla əlaqəli olub. Əgər Seyyidüş-şühəda (ə) Yezidin görüşünə gedib, onunla həmsöhbət olsaydı, süfrəsinə əl aparsaydı, Kərbəla qiyamı baş verməzdi. Əgər imam Hüseyn (ə) bu qəbil təsahül və təsameh əhli olsaydı, Aşura baş verməzdi.

Cənabların bəziləri iddia edirlər ki, əvvəlcədən səhv addım atılıb, inqilaba ehtiyac yox idi. Biz isə deyirik ki, dini və insani dəyərləri can bahasına qorumaq lazımdır. Onlar deyirlər ki, yox, ən yaxşısı səhlənkarlıqdır. Nə fərqi var onlar hansı yolla gedirsə, siz də həmin yolu tutun. On il bundan qabaq çirkin sayılan işlər bu gün dünyada adiləşib, hətta demokratiya dəyərlərindən sayılır. Siz də belə rəftar edin, ciddi yanaşmayın. Amma bu sözləri İslamın dəyər və mədəniyyət sistemi rədd edir.

Belə bir məqamda İslam və ya Qərb mədəniyyətini seçmək zərurəti yaranır. İslam mədəniyyəti qeyrət, müqavimət dəyərlərini önə çəkir. Qərb mədəniyyəti isə təsahül, təsameh, tolerantlıq, əslində biganəliyə yol açır.

 

Sual: - Nə üçün Həqqani mədrəsəsinin məzunları qrup şəklində Təhlükəsizlik Nazirliyi və ruhanilərə məxsus məhkəmə orqanlarında başda dayanır? Bu sualı sizə ünvanlamaqda əsasım sizin də uzun illər Həqqani mədrəsəsində hüzurunuzdur.

 

Cavab: İnqilabdan öncə Qumda ruhani tələbələrin tərbiyəsi üçün Müntəziriyyə adlı mədrəsə təsis olunmuşdu. Onun təsisçisi Zəncan tacirlərindən olan mərhum cənab Həqqani idi. Bu səbəbdən də mədrəsə Həqqani mədrəsəsi adlandırılmışdı. Həmin mədrəsəni şəhid Ayətullah doktor Beheşti, Ayətullah Quddisi və Ayətullah cənnəti idarə edirdilər. Bir müddət mən də onların xidmətində olmuşam. Bu mədrəsənin tələbələri sünnəti (ənənəvi) dərslərdən əlavə dərslər də oxuyurdular. Həmin dərs proqramlarını doktor Beheşti hazırlamışdı. Mən də həmin proqramın icraçılarından idim. Proqramı hazırlayan vaxt doktor Beheştinin 17 yaşı var idi. Mədrəsə təsis olduqdan 14 il sonra inqilab qalib gəldi. Mədrəsənin rəisi mərhum cənab Quddusi İnqilab Məhkəməsinin sədri oldu. Təbii ki, hakimə ehtiyac var idi. Şahın dövründəki hakimlər işə yaramırdı. Bu iş üçün ən münasib olan mərhum Quddusinin tələbələri idi. Yəni Həqqani mədrəsəsinin şagirdləri mühakimə məsələləri ilə tanış idilər. Onları yaxşı tanıyan cənab Quddusi münasib bilib işə götürdü. Onlardan bəziləri indi də məhkəmə sistemində böyük vəzifələrdədirlər. Bir başqaları digər məsuliyyətli vəzifələrdə çalışırlar. Hazırda təhlükəsizlik naziri də həmin mədrəsənin yetirməsidir. Həqqani mədrəsəsinin tələbələri arasında parlament nümayəndələri də var. Bu şagirdlər doktor Beheşti və cənab Quddusinin tərbiyə etdiyi şagirdlərdir. Təhlükəsizlik nazirlərindən yalnız cənab Reyşəhri həmin sıradan olmayıb. Cənab Nəcəfabadi də həmin mədrəsədən deyil. Görün bir mədrəsə necə insanlar tərbiyə edə bilib! Buna görə təşəkkür etmək lazımdır. Amma Həqqani mədrəsəsi tələbələrinin yüksək vəzifələr tutmasının səbəbini onları təyin edən şəxslərdən soruşmaq lazımdır. Nəzəri və əməli baxımdan məsuliyyət şəxsin öz üzərinə düşür. Bəzən bir universiteti bitirmiş iki şəxs iki müxalif partiyada çalışır. Bir Ustaddan dərs almış insanlar iki cəbhədə də yer tuta bilər. Hansı ki, yanaşı dərs almayanların eyni cinahda dayanması mümkündür.

Beləcə, hər bir insan öz işlərinə görə məsuliyyət daşıyır. Bəzi jurnalistlərin Həqqani mədrəsəsinə, xüsusilə bəndəyə həssaslıqla yanaşması Qərb dəyərləri əsasında maraqlardan qaynaqlanır. Burada İslam xidmətçilərinə münasibətdə şübhə yaratmaq meylləri var. Bu da inqilabı məğlubiyyətə uğratmaq yollarından biridir. Əlbəttə ki, bu planlar hörümçək torundan da zəifdir (“Ənkəbut”, 41)

 

Sual: - Berlin konfransı filmindən seçmələrin nümayişinə münasibətiniz nədir?

 

Cavab: Mənim fikrim budur ki, bu filmdə müsbət nöqtələr tapılıb. Bu yolla İslamla pərdələnmiş bir sıra münafiqlərin maskası yırtılıb, onlar rüsvay olublar. Bu filmin müsbət nöqtəsidir. Əlbəttə ki, mənfi nöqtələr ola bilər və mən buna görə məsuliyyət daşımıram.

 

Sual: - Böyük rəhbərlik məqamının “özümüzünkülər” və “özgələr” sözlərini işlətməkdə məqsədi nədir?

 

Cavab: Cənab Rəhbər dəfələrlə bildirib ki, inqilab prinsiplərinə sədaqətli insanlar özümüzünkülərdir, bu üsul-idarəni süquta uğratmaq istəyənlər isə özgələr.

 

Sual: Vilayəti-fəqihin mütləqliyinə inananlar onu fiqhi hökmlərin icraçısı sayırmı? Fiqhi adətən Allahın ilkin hökmləri kimi dəyərləndirirlərmi? Onlar deyirlər ki, məsləhətlər verən fəqih cəmiyyətin bugünki ehtiyaclarını əsas götürür. Bu məsləhətlər ilkin hökmlərə münasibətdə problemli deyil. Amma ilkin hökmlər mövcud olan yerdə məsləhətlərin nə faydası?

 

Cavab: Bəziləri sualı düzgün başa düşə bilməyəcəyindən, əvvəlcə sualı şərh edirəm. Deyirlər ki, fəqihin mütləq vilayəti onun cəmiyyətin faydasına olan qərar çıxarmasıdır. Əgər fəqih cəmiyyətin faydasını bir şeydə görsə ki, İslamın ilkin hökmü buna icazə verməsə, fəqih hansı əsasla ilkin hökmün ziddinə qərar çıxara bilər?

 

Xoşbəxtlikdən sualı ünvanlayan kəs ilkin hökmləri sonrakı hökmlərdən fərqləndirə bilir. İlkin hökmlər (əhkame-əvvəliyyə) dedikdə mövzuların adi hallarından danışan hökmlər nəzərdə tutulur. Məsələn, deyirlər ki, bir insanın evinə ondan icazəsiz girmək olmaz. Amma əgər qonşunun evində kimsə yoxsa və onun uşağı hovuza düşüb boğulursa, yalnız evə daxil olub uşağı xilas edə bilərsiniz. Bu məqamda İslamın hökmü nədir? Deyirlər ki, ev sahibindən icazəsiz evə daxil olmağa icazə verilmədiyindən daxil olmamalısınız. Belə çıxır ki, uşaq ölməlidir. Təsəvvür edin ki, yolda avtomobil qəzası baş verib. Maşında saçları, bədəni açıq qalmış yaralı bir xanım var. Əgər onu xəstəxanaya çatdırmasanız dünyasını dəyişəcək. İlkin hökmə görə bu xanıma əl vurmaq, onun saçlarına, bədəninə əl vurmaq haramdır. Siz nə etməlisiniz? Deyirsiniz ki, mən müsəlmanam və naməhrəmin açıq yerlərinə baxmaq haramdır. Yəni mən ona əl vura bilmərəm. İslam belə məqamlarda hansı göstərişi verir?

Şübhəsiz ki, qadının həyatını xilas etmək onun saçına və bədəninə baxmaq məsələsindən mühümdür. İslam hökm verir ki, əgər heç bir çıxış yolu yoxsa, onu xilas etmək üçün baxa da bilərsən, toxuna da bilərsən. Məqsəd onu xəstəxanaya çatdırıb, həyatını xilas etməkdir. Birinci misalda da uşaq hovuzda boğulduğuna görə ev sahibinin icazəsi olmadan evə daxil ola bilərsən. Hətta uşağı xilas etmək üçün qapıları da sındırmağa ixtiyarın çatır. Uşaq müsəlman olmasa da eyni addımı atmalısan. Onu xilas etmək çox mühüm vəzifədir. Belə hallarda biz öz şəri zövqümüzlə başa düşürük ki, hansı işi görməliyik. Burada vəliyyi-fəqihin hökmünə ehtiyac yoxdur. Bizim hər birimiz belə bir hadisə ilə rastlaşa bilərik. Əvvəlcədən fikirləşməsək belə hadisə ilə rastlaşan zaman qərar çıxa bilərik. Yaxşı başa düşürük ki, İslam bir uşağın və ya qadının boş yerə həlak olması ilə razılaşmır. Buna görə də addım atırıq, öz şəri düşüncəmizlə onları xilas edirik. Zikr etdiyimiz misallar çox sadə idi və onlarla bağlı qərar çıxarmaq problem yaratmırdı.

Amma bəzi məsələlər mürəkkəbdir. Necə ki, bir sıra ictimai-siyasi mövzuların hətta hərbi yönləri var. Belə məqamlarda birinci hökmlə sonrakı hökmün hansının mühüm olduğunu müəyyənləşdirmək hər adamın işi deyil. Olsun ki, belə məqamlarda mütəxəssislər də qəti qərara gələ bilmir. Bir mütəxəssis deyir ki, ilkin hökmə əməl edilməlidir, ikinci mütəxəssis başqa bir hökmü mühüm sayır. Məgər mütəxəssislər eyni bir iqtisadi problemin həllində eyni çıxış yolu göstərir?! Hazırda mavi ekranda iqtisadiyyat proqramlarında iştirak edən iqtisadçılar eyni bir iqtisadi problemin aradan qaldırılması üçün fərqli yollar təklif edirlər. Məsələn, dünya iqtisadi birliyinə qoşulmağı bir iqtisadçı faydalı sayır, başqa bir iqtisadçı zərərli. Cəmiyyətin ehtiyacı son söz deyəcək şəxsədir. Onlar qərar verirlər ki, hansı addım atılmalıdır. Əlbəttə ki, bu zaman İslam hökmləri də nəzərə alınır. Müəyyənləşdirilməlidir ki, Allahın nəzərincə ən məsləhətli yol hansıdır? Vəliyyi-fəqihin də işi elə budur. Vilayət hökmü dedikdə iki İslam hökmü bir-birinə qarşı dayandıqda çıxarılan hökm nəzərdə tutulur. Belə ki, həmin iki hökmü eyni zamanda icra etmək mümkünsüzdür. Bu mövzular hamının başa düşəcəyi adi mövzular da deyil. Onlar barədə rəy bildirmək üçün mütəxəssisə ehtiyac var. Belə məqamlarda fəqih ən mühüm hökmü seçir, bir mütəxəssis olaraq vilayət hökmü çıxarır. O deyir: “Mən vəliyyi-əmri-müslimin olaraq göstəriş verirəm ki, bu iş görülsün.” Beləcə cəmiyyətin məsləhəti nəzərə alınaraq ixtilaflar aradan qaldırılır. Belə hökmə vilayət hökmü (hokme-velayi) deyirlər. Bu hökm İslama ziddirmi?

Məgər qonşunun hovuzda batan uşağını xilas etmək İslama ziddir?! Saçları, bədəni görünən xanımın qəza yerində xilas edilməsi İslama ziddir?! Əgər bütün bunlar İslama zidd olsa, şübhəyə yer qalır. Amma onların xilası İslama zidd deyil. Çünki İslamın ən mühüm hökmü müsəlmanın həyatını xilas etməkdir. Burada İslamın mühümlük baxımından əlavə bir hökmü də var. Müsəlman cəmiyyətin izzətini və vəhdətini hifz etmək zəruridir. Vəliyyi-fəqih müəyyənləşdirəndə ki, bir məsələ müsəlman cəmiyyətinin izzət və vəhdətinə xidmət edir, dərhal hökm verir. Vəliyyi-fəqih bir çox hallarda bu prinsipə əsaslanır. Bu elə İslam deməkdir. Axı nə üçün belə məqamlarda ilkin hökmü nəzərə alıb ziddiyyətdən danışmalıyıq. Bu düzgün deyil. İkinci hökm (əhkame-sanəviyyə) elə bu deməkdir. İslam ikinci hökmü məhz belə istisna məqamlar üçün nəzərdə tutub. Mürəkkəb ictimai mövzular qarşıya çıxanda vəliyyi-fəqihin işi mütəxəssiscəsinə rəy bildirməkdir. Əgər özü bu sahədə mütəxəssis deyilsə, mütəxəssislərlə məsləhətləşir və cəmiyyətin xeyirinə olan hökmü çıxarır.

 

Vəssəlamu ələykum və rəhmətullahi və bərəkatuh