On dördüncü dərs

Fatimeyi-Zəharnın (s) dilindən yaranışın hədəfləri


Rəhman və Rəhim Allahın adı ilə

Qarşınızdakı yazı cənab Ayətullah Misbah Yəzdinin ( sayəsi üzərimizdən əsgik olmasın) hicri-şəmsi 89.06.04 tarixiində, (hicri-qəməri 1431-ci il mübarək ramazan ayının 16-cı gecəsi ilə eyni vaxtda) Böyük Rəhbərlik Məqamının dəftərxanasında söhbətinin seçilmiş hissəsidir. Ümid edirik ki, bu tövsiyələr bəsirətimizi artıracaq, hidayət və səadət yolunda nurlu çıraq olacaq.

Fatimeyi-Zəhranın (s) sözlərində yaranışın hədəfləri

Ötən söhbətin xülasəsi

كَوَّنَهَا بِقُدْرَتِهِ، وَ ذَرَأَهَا بِمَشِیَّتِهِ، مِنْ غَیْرِ حَاجَةٍ مِنْهُ إِلَى تَكْوِینِهَا، وَ لَا فَائِدَةٍ لَهُ فِی تَصْوِیرِهَا، إِلَّا تَثْبِیتاً لِحِكْمَتِهِ، وَ تَنْبِیهاً عَلَى طَاعَتِهِ، وَ إِظْهَاراً لِقُدْرَتِهِ، و دلالَةً عَلَى رُبُوبِیَّتِه وَ تَعَبُّداً لِبَرِیَّتِهِ، وَ إِعْزَازاً لِدَعْوَتِهِ، ثُمَّ جَعَلَ الثَّوَابَ عَلَى طَاعَتِهِ، وَ وَضَعَ الْعِقَابَ عَلَى مَعْصِیَتِهِ، ذِیَادَةً لِعِبَادِهِ مِنْ نَقِمَتِهِ وَ حِیَاشَةً لهُمْ إِلَى جَنَّتِه؛
Həzrət Zəhranın (s) xütbəsinin cümlələrini şərh edib bu nöqtəyə çatdıq ki, həzrət qısa cümlələrlə, uca Allahın sonsuz ixtiyar sahibi olmasına və hər bir şeyin onun istəyindən asılılığına təkidlə işarə etdi. Bu münasibətlə mövzunu aləmin yaranışında hədəfin nə olmasına gətirib çıxardı. Ötən söhbətə qısa olaraq bu barədə izah verdik. Belə dedik: Əgər hədəf dedikdə ixtiyarla, seçimlə gördüyümüz işlərdə məqsəd nəzərdə tutulursa, bu hədəf yalnız hədəfə ehtiyaclı olan, bu hədəfə çatmaq üçün uyğun kamala malik olmadığına görə müəyyən işlərlə həmin hədəfə çatmaq istəyən failə (iş görənə) aid olur. Uyğun mənanı ifadə edən hədəfin Allaha aid edilməsi düzgün deyil. Allahın nəyə isə ehtiyacı yoxdur. Buna görə də həzrət Zəhra (s) təkidlə buyurur: “Zərəəha biməşiyyətihi min ğəyri hacətin minhu ila təkviniha və la faidətin fi təsviriha.”
Lakin hədəf sözü ilə bağlı Allah barəsində də düzgün olan və Allahın zatına aid sifətlərindən hesab olunan, araşdırılmış bir məna nəzərdə tutmaq olar. Uyğun məna belədir: belə deyək: hədəf o şeydir ki, ixtiyar sahibi olan fail (işi görən) həmin şeyin gerçəkləşməsini istəyir. Həqiqətdə ixtiyar sahibi olan failin işi görmək üçün stimulu istəmək, maraqlı olmaqdır. İstəmək, nəyəsə maraqlı olmaq bəzən zati olaraq nəyəsə aid olur, bəzən təbii olaraq, bəzən isə “bil-ərəz” (nəyinsə kənarında) olaraq. Ötən söhbətdə bu terminləri izah etdik. Məhəbbətə aid olanlar hamısı bir növ hədəfdir. Misal üçün ibadət və zikr əhli olan şəxslərdən “nə üçün ibadət edirsiniz” deyə soruşulsa, onların bir dəstəsi belə cavab verəcək: Axirət savabına çatmaq üçün ibadət edirik. Onlar üçün əsas hədəf behişt nemətləridir. İbadət həmin hədəfə çatmaq üçün vasitə olduğuna görə, təbii olaraq onu da sevirlər. Bir qrup ümumiyyətlə Allahı yad etməyin özündən ləzzət alır; “bizikrikə aşə qəlbi; ümumiyyətlə qəlbimin həyatı, diriliyi sənin zikrinə, yadına bağlıdır.” (“Biharul-ənvar”, c.95, s.89, Əbu Həmzeye-somali duası) belə şəxslər üçün ibadət özü, istənilən, maraqlı olan və bəyəniləndir. Allahın bəzi bəndələri behişt nemətlərini Allahın neməti olduğu üçün, Allaha bağlı olduğuna görə və Allahın onlara lütfünün nişanəsi olduğu üçün sevirlər, ondan ləzzət alırlar. Həzrət Zeynəl-abidin (ə) “Xəmsə əşərə” münacatında Allaha deyir: “Ya nəimi və cənnəti ya dunyayə və axirəti; Sən mənim nemətlərimsən, Sən mənim behiştimsən, Sən mənim dünyamsan, Sən mənim axirətimsən!” Allahın belə bəndələri də var. Təbii (bit-təb) hədəflər zati (biz-zat) hədəflərin kənarındadır. Əgər Quranda insanın yaradılışı ilə bağlı bir neçə hədəf açıqlanırsa, əslində burada bir-birlərinin davamında, kənarında olan hədəflərə işarə olunmuşdur. Bu mənaya əsasən belə demək olar: Uca Allahın həm zati, həm təbii həm də ərəzi (bil-ərəz) hədəfləri var. Ötən söhbətdə bu barədə izah verildi. Ayə və rəvayətlərə o cümlədən həmin gözəl xütbəyə nəzər saldıqda Allahın öz işləri üçün hədəflər təyin etdiyini görürük; mən söhbətin əvvəlində oxuduğum bu gözəl xütbənin bir hissəsini tərcümə edirəm ki, həzrət Zəhranın (s) aləmin yaranışı ilə bağlı işarə etdiyi hədəflərlə tanış olaq.

Varlığın yaranışındakı hədəflər Həzrət Zəhranın dili ilə

Həzrət buyurur: “Allah aləmi yaradanda onu yaratmağa ehtiyaclı deyildi; nə yaradılışın özünə, nə onun kamilləşməsinə, nə də formalaşmasına ehtiyaclı deyilidi. ”Sonra müəyyən işləri istisna edir və onları hədəf kimi tanıtdırır. “İlla təsbitən” buradakı istisna “münqəti”dir; çünki bu iş də Allah üçün bir faydaya malik deyil. “Münqəti” istisna sonsuz təkidi çatdırır. Yəni əgər hansısa bir hədəfin olmasını deyiriksə bu hədəf ehtiyacdan doğan, yaxud fayda verəcək hədəflər qəbilindən deyil; əksinə bunlar yaranmışlara fayda verəcək işlərdir. Həzrət sözünün davamında bir neçə nümunəyə işarə edir. İlk olaraq belə deyir: “ Təsbitən lihikmətih; hikmətini sübut etmək üçün.” Allahın hikmətinə şəkk edən şəxs Onun yaratmasını gördükdə, hər bir mövcudun yaranışındakı sirləri dərk etdikdə, bütün bunlarda hikmət nişanələrinin zahir olduğunu anlayır. “Və tənbihən əla taətih; insan aləmi, ondakı hikmətlərlə birlikdə gördükdə aləmdə bir məqsədin, hesab-kitabın olduğunu bilir. Quranda buyurulur:
الَّذِینَ یَذْكُرُونَ اللّهَ قِیَامًا وَقُعُودًا وَعَلَىَ جُنُوبِهِمْ وَیَتَفَكَّرُونَ فِی خَلْقِ السَّمَاوَاتِ وَالأَرْضِ رَبَّنَا مَا خَلَقْتَ هَذا بَاطِلاًَ فَقِنا عَذابَ النَّار
Yaranışın sirlərini gördükdə belə deyirlər: “İlahi! Bunları əbəs yaratmamısan. Sən paksan. Bizi alovun əzabından qoru!”
Yəni mənim varlığım da əbəs yerə deyil. Demək, mənim varlığımın hər şey kimi hesab-kitabı varsa, bəzi əməllərimin oda səbəb olması mümkündür. Bu düşüncələrin nəticəsi belədir: “Bizi oddan qoru.” Allahın hikmətləri barəsində düşünmək insanın Allaha itaət etməsinə və onda itaət üçün stimul yaranmasına səbəb olur.
“Və izharən liqudrətih” cümləsi “təsbitən lihikmətih” cümləsinə oxşardır. Ayrı bir nüsxədə belə deyilir: “Dəlalətən əla rububiyyətih - aləmi rübubiyyətini, rəbliyini bəndələrə göstərmək üçün yaratdı” ki, onlar aləmdəki hər şeyin ixtiyarının Allahda olduğunu bilsinlər. Qarşılıqlı olaraq O “Rəbb” olanda biz də “əbd”, bəndə oluruq. Odur ki, biz bəndəlik vəzifəmizi yerinə yetirməliyik. “Və təəbbüdən libəriyyətih”; təəbbüd həm “lazım”, həm də “mütəəddi” olaraq istifadə olunur. Bu söz “lazım” sözü kimi işlədildikdə belə məna verir: İnsan ibadət halına daxil olsun və ibadət üçün çalışsın; yəni Allah aləmi uyğun sirlər və hikmətlərlə yaratdı ki, insanları Ona bəndəliyə çağırsın. Sonda buyurur: “Və izazən lidəvətih”; yəni Allah peyğəmbərləri göndərdikdə və xalqı düzgün bəndəlik yoluna dəvət etdikdə, yaranışın əzəməti və hikməti barəsində təfəkkür peyğəmbərlərin dəvətinə kömək olur və bu dəvəti gücləndirir. Quranda da bu nöqtəyə işarə olunur ki, Allah peyğəmbərləri göndərdikdə onların dəvətinin təsirli olması üçün təbii vasitələr də hazırlayır. (bax: “Əraf”, 94; “Ənam”,42)
ثم جعل الثواب على طاعته و وضع العقاب على معصیته
Allah xalqın yalnız aləmdəki əzəmət və hikməti görüb vəzifələri ilə tanış olmaqla Allah qarşısında boyun əymələri ilə kifayətlənmədi. O öz lütfü səbəbindən bəndələr üçün digər möhkəmləndirici amillər təyin etdi. Yəni buyurdu: Əgər bəndəlik etsəniz axirət savabı qazanacaq, üsyan edəcəyiniz halda isə cəzalandırılacaqsınız. Bunlar da yenə Allahın rəhmətindəndir; yəni Allah, öz bəndələrinin kamilliyə doğru gedib həmin sonsuz rəhmətlərə layiq olmalarını hədsiz çox istədiyi üçün uyğun amilləri də təyin etdi ki, onların daha çox itaət etmələrinə və günahdan çəkinmələrinə səbəb olsun.
ذیادة لعباده من نقمته و حیاشة لهم إلى جنته
Düşmənləri uzaqlaşdırana “zaid” deyirlər. Həzrət buyurur: Allah bəndələrin çətinliklərə, pisliklərə düçar olmasının qarşısını almaq və onları behiştə aparmaq üçün mükafat və cəza qərar verib, onları açıqladı. Bu həzrətin buyruğunun qısa tərcüməsi idi. “Həyaşə” “ziyadə” sözünün antonimidir, yəni meyilləndirmək və qovmaq mənasını bildirir.

Varlıq aləmi bütövlükdə insan üçün

Belə bir sual ortaya çıxır: O vaxt ki, Allah hələ insanı yaratmamışdır, necə demək olar ki, O, aləmi öz hikmətini göstərmək üçün yaratdı? Öz hikmətini kimə göstərmək istəyirdi? Kimi savaba həvəsləndirmək və cəzadan çəkindirmək üçün aləmi yaratdı? Cavab belədir ki, burada məqsəd bütün aləm yox, bəzi əşyalardır. Yəni həzrət burada aləmi ixtiyar sahibi olan insanı çıxmaqla nəzərdə tutub buyurur: Aləmi yaratdı, hikmətini onda işlətdi, qüdrətini zahir etdi və sair işlər gördü ki, sizdə itaət stimulu yaransın və ibadət sayəsində daha üstün rəhmətə layiq olasınız. Bu ibadətləri yerinə yetirməyənədək o rəhməti dərk edə bilməzsiniz. Mələklər axirət mükafatlarını dərk edə bilmirlər. O mükafatlar insan üçündür və mələklər behiştdə insanların xidmətçiləridirlər.
İnsanın öz seçimi ilə gördükləri əməllər nəticəsində behişt mükafatları yaranır. Demək, Allah insanı ibadətə çağırıb ona “cin və insanları yalnız ibadət üçün yaratdım” (“Zariyat”, 56) buyuranda “siz ibadət edin və mən sizin ibadətinizdən ləzzət alım” demək istəmir! Bu sözdən belə çıxardı ki, Allahın bizim ibadətimizə ehtiyacı var! Lakin Allahın heç nəyə ehtiyacı yoxdur. Qurani-kərimdəki bir çox ayələrdə “əvvəldən sonadək bütün insanlar və cinlər kafir olsalar belə Allaha iynə ucu qədər zərər toxunmayacaq və ondan heç nə azalmayacaq” - deyə buyrulur. Demək, aləmdəki hər bir şey, peyğəmbərlərin, vəlilərin göndərilməsi bu işdəki vasitələr və digər hər bir şey insanların Allaha itaət etməklə daha çox mükafata, kamilliyə və rəhmətə layiq olmaları, Allaha daha yaxınlaşmaları üçündür. Allah rəhməti artırmağı sevir. Lakin bu rəhmətə çatmağın yolu ibadətdir. Bizim “işi Allahın razılığı üçün görmək lazımdır, Onu razı salmaq lazımdır” deməyimiz məcazi məna daşiyan və öz aramızda işlətdiyimiz sözlərdir. Sözdəki əsas məqsəd budur ki, biz Allahın razılığına çatmaq üçün ləyaqət əldə etməliyik; dəyişikliklər Ona yox, bizə aid olur.

Bütün hədəflər bizə açıqlanmayıb

Həzrət Zəhra (s) uyğun bir neçə cümlədə yaranış üçün böyük fəlsəfə açıqladı. Biz bir neçə söhbətdə, qısa olaraq bu barədə danışacağıq. Uyğun nöqtəni də nəzərə almaq lazımdır ki, Allah hansısa bir iş görəndə bəzən bir oxla yüz hədəf vurur və yüz məqsəd gerçəkləşir; amma bəzən bizim üçün bu hədəflərdən kiçik birini açıqlayır. Bu məsələnin açıqlanması üçün bir müqəddimə deyəcəyəm. Biz hansısa bir işi görmək istədikdə, bu işdə müəyyən hədəf nəzərə alırıq. Lakin həmin işdə bizim ağlımıza gəlməyən təsirlərin olması mümkündür. Məsələn, yemək yeməkdə məqsədimiz doymaqdır. Daha ağıllı yanaşsaq, məqsəd ibadət etmək üçün qüvvə əldə etmək olacaq. Lakin yemək yeyəndə, yeməyi ağzımızda çeynəyəndə hərəkət nəticəsində çənə əzələləri də güclənir. Əgər bir şəxs bir müddət ağzını bağlasa və ağzı heç bir hərəkət etməsə yavaş-yavaş çənə əzələləri süstləşəcək. Yemək yemək bizim çənəmizi də gücləndirir. Lakin bir çox insanlar yemək yeməyin belə bir təsiri barədə düşünmür, bu məsələyə diqqət yetirmirlər. Əgər biz yemək yeməyin bütün müsbət təsirlərindən xəbərdar olsaq və yemək yediyimiz vaxt onların hamısını nəzərə alsaq, ona diqqət yetirsək, bir zərəri olardımı? Hansısa bir işin bütün müsbət təsirlərindən insanın xəbəri olsa, bu halda işi daha kamil olacaqdır.
Uca Allah hansısa bir işi görəndə bəzən bir oxla yüz hədəf nişan alır. Lakin bəzən bizim üçün uyğun hədəflərdən yalnız kiçik birini açıqlayır; çünki bizimlə söhbət bunu tələb edir. Digər hədəfləri ya açıqlamaq olmaz, ya açıqlansa biz anlamayacağıq, ya da bizim üçün əhəmiyyətsizdir. Bu qədər əzəmətli və gözəl səmalar, kəhkəşanlar nə üçün yaradılmışdır? Bəzi kəhkəşanların arasındakı fasilə minlərlə işıq ili qədərdir və onların hər birində milyonlarla, milyardlarla ulduz hərəkətdədir. Doğrudan, bu əzəmətli aləmin yaranışında məqsəd nədir? Əgər bu kəhkəşanların yaranışında olan bütün hədəfləri bizim üçün açıqlamaq istəsələr, bütün bunları təsəvvür edə bilərikmi? O vaxtlar ki, insanlar ulduzların səmaya vurulmuş mismarlı güllər olduğunu düşünürdülər, ümumiyyətlə mühüm bir hədəfin olmasını anlamırdılar. İndi də bizə desələr anlamarıq. Allah Quranda buyurur: “ Allah o kəsdir ki, sizin səhralar və dəryaların qaranlıqlarında yol tapmanız üçün ulduzları qərar verdi.” (“Ənam”, 97) Allah bunlarda yerləşən bütün hikmətləri açıqlamaq istəsə, bunları bizim ağlımız dərk etməz. O, işlərin bütün təsirlərini bilsə də, Quran və rəvayətlərdə açıqlanmış hədəflər ayənin nazil olduğu hala uyğun və ayəni eşidən, dərk edən şəxsin ehtiyaclarına görədir. Əgər bütün həqiqətləri açıqlamaq istəsə, həm bitib-tükənməz, , həm də qulaq asan onu dərk etməz. Dərk etməyən insan isə heç bir istifadə edə bilməyəcək. Demək, biz hədəflərin qeyd olunanlarla məhdudlaşdığını və Allahın bu işləri yalnız həmin məqsədlə gördüyünü güman etməməliyik. Açıqlanmış hədəflər bütün hədəflərin bir qismidir. Bu hədəflər tərbiyələnməyimiz və bu nemətdən istifadə etməyimiz üçün bizə deyilir. Quran “insanlar üçün hidayət” olduğundan biz onun vasitəsi ilə hidayət olmalıyıq. Elə buna görə də elə bir şey deməlidir ki, biz onu anlayaq və bizə təsirli ola bilsin. Odur ki, bəzən çoxsayılı hədəflər arasından kiçik bir hədəfi xatırladır ki, həmin ayənin açıqlanmasındakı məqsəd ayəni dinləyənlər üçün gerçəkləşsin.
Salam olsun Məhəmməd və onun pak ailəsinə