On səkkizinci dərs

Tövhidin əsas, şirkin “ərəzi”, ikinci dərəcəli (nəyinsə kənarında) olması

Rəhman və Rəhim Allahın adı ilə

Qarşınızdakı yazı cənab Ayətullah Misbah Yəzdinin hicri-şəmsi 89.06.08 tarixində böyük rəhbərlik məqamının dəftərxanasında (hicri-qəməri 1431-ci il mübarək ramazan ayının 20-ci gecəsi ilə eyni vaxtda) çıxışının seçilmiş hissəsidir. Ümid edirik ki, bu tövsiyələr bəsirətimizi artıracaq, hidayət və səadət yolunda nurlu çıraq olacaq.

Tövhidin əsas, şirkin “ərəzi”, ikinci dərəcəli (nəyinsə kənarında) olması


... فَرَأَى الْأُمَمَ فِرَقاً فِی أَدْیَانِهَا، عُكَّفاً عَلَى نِیرَانِهَا، عَابِدَةً لِأَوْثَانِهَا، مُنْكِرَةً لِلَّهِ مَعَ عِرْفَانِهَا، فَأَنَارَ اللَّهُ بِمُحَمَّدٍ صَلَّى اللَّهُ عَلَیْهِ وَ آلِهِ ظُلَمَهَا، وَ كَشَفَ عَنِ الْقُلُوبِ بُهَمَهَا، وَ جَلَى عَنِ الْأَبْصَارِ غُمَمَهَا، وَ قَامَ فِی النَّاسِ بِالْهِدَایَةِ، وَ أَنْقَذَهُمْ مِنَ الْغَوَایَةِ، وَ بَصَّرَهُمْ مِنَ الْعَمَایَةِ، وَ هَدَاهُمْ إِلَى الدِّینِ الْقَوِیمِ، وَ دَعَاهُمْ إِلَى الطَّرِیقِ الْمُسْتَقِیم‏؛
Həzrət Zəhra (s) peyğəmbərlərin, xüsusilə sonuncu peyğəmbərin besətinin fəlsəfəsinə, hikmətinə işarə edərək buyurdu: İslam peyğəmbərinin besəti bu aləmin yaradılmasından öncə müəyyənləşdirilmişdi. Uca Allah o həzrətin nurunu yaradıb, onu risaləti başa çatdırmaq üçün təyin etmişdi. İlahi hikmət tələb etdikdə o həzrət bu aləmdə məbus oldu ki, yaranış üçün, o cümlədən insanın yaranışı üçün nəzərə alınmış layihə həyata keçsin.
Peyğəmbər (s) məbus olduqda, seçildikdə, belə bir səhnə ilə qarşılaşdı: Hər tərəfi azğınlıq, cəhalət şübhə bürümüşdü. İnsanlar din və məzhəblərindən pərakəndə düşmüşdülər, növbənöv tanrılar seçib onlara ibadət edirdilər; Lakin Allaha bəndəliyin düzgün yolu şübhələrə bələnmişdi, həqiqət sorağında olanlar səadətin həqiqi yolunu tanımırdılar; odur ki, Peyğəmbər insanları dünya və axirət səadətinə səbəb olacaq düzgün yola hidayət etməyə başladı. Bu, həzrətin uyğun bir neçə cümlədə buyurduğu sözlərin nəticəsidir.
Bu yerdə barəsində söhbət edilməsi münasib olan məsələ, xalq arasındakı fərqli, ziddiyyətli məzhəblər, dinlər və fərqli ibadət üslublarının olmasıdır. Bu mövzu ilə bağlı mövcud suallardan bəziləri belədir: Bu fərq nə vaxtdan yaranmışdır? Müxtəlif dinlər və məzhəblər necə formalaşmışdır? Bu fərqlərin, ixtilafların aradan qalxması üçün uca Allah hansı çarə yolu düşünmüşdür? Uyğun fərqli məzhəblər və dinlər qarşısında İslam peyğəmbərinin rolu nə idi?


Dinlərin çoxsaylılığının maddi izahı

Müxtəlif dinlərin necə yaranması ilə bağlı iki nəzəriyyə var. Nəzəriyyələrdən biri sosioloqların nəzəriyyəsidir. Bu elmin təsisçiləri ümumi götürdükdə materialist meylli olublar. İndi də bir çox sosioloqlarda uyğun meyl var. Sosiologiya elminin təsisçisi cənab Ogüst Kont belə deyir: İnsanın həyat tarixi üç dövrə bölünür: Dövrlərdən biri əfsanə, sehr-cadu və din dövrü olub. Bu dövrdə bəşər hələ elmdən o qədər də faydalanmamışdı və hadisələrə elmi izah verə bilmirdi; odur ki, hadisələrin səbəbini metafizik amillərdə görürdü. İkinci dövr fəlsəfə ilə tanışlıq dövrüdür. Filosoflar uyğun hadisələri “növ-i surətlərə” aid edib dedilər: Aləm həmin aləmin daxilində olan fövqəltəbii amillər tərəfindən idarə olunur. Nəhayət təcrübi elmlər inkişaf etdi və fəlsəfəni səhnədən uzaqlaşdırdı. Elm inkişaf etdikcə həqiqətlər daha çox aydınlaşır. Bu vaxt biz anlayırıq ki, nə ruhlar var nə allahlar, nə fövqəltəbii amillər nə də ...
Bu şəxs dini sehr-cadu və əfsanə ilə birgə bilirdi. Digər sosioloqlar da belə bir fəzada yetişiblər.
Sosiologiyada açıqlanan məsələlərdən biri budur ki, din haradan yarandı və öncə vahid din var idi, sonradan çoxsayılı dinlər yarandı, yoxsa öncə müxtəlif dinlər var idi və sonra bu dinlər bir-birinə qatışıb bir, yaxud bir neçə din formasına gəldilər? İnqilabdan öncə yeni təfəkkürlü şəxslərdən biri (bəzən islamşünas kimi də tanınırdı) Tehran Universitetində “Şirk cəmiyyətşünaslığı” adlı geniş bir söhbət edirdi. Həmin söhbətin qısası belə idi: Bəşər öncə müxtəlif qəbilələr formasında yaşayırdı və hər qəbilə, qəbilə başçısına hörmət qoyurdu. Bəzən qəbilə başçısı öləndən sonra onu xatırladan bir simvol düzəldir, başçıya hörmət olaraq saxlayırdılar. Bu simvol yavaş-yavaş bütə çevrildi. Yavaş-yavaş bu bütlər üçün adətlər, mərasimlər düzəldi və bu adət və mərasimlər bir toplum, din şəklini aldı. Odur ki, öncə çoxsaylı dinlər var idi və hər qəbilənin özünəməxsus dini mövcud idi. Sonralar bəşər inkişaf etdikcə siyasi və ictimai işlərdə bir-birlərinə yaxınlaşmağa çalışdılar və kiçik şəhərlər böyük şəhərə, böyük şəhərlər isə ölkəyə çevrildi. Bu qayda ilə dini işlərdə də birləşməyə çalışdılar. Demək, gediş çoxluqdan vəhdətə doğrudur. Bu dinin yaranışı ilə bağlı bir növ təfsirdir. Bu təfsirə əsasən dinlərin gedişatı çoxluqdan vəhdətə doğrudur.

Dinlərin çoxluluğunun ilahi təfsiri

Digər bir yol dini mənbələrə, vəhy və Qurana müraciətdir. Quran bu barədə nə deyir? Quran təqribən sosioloqların dediklərinin əksini deyir. Quran təlimlərinə görə insan nəsli Adəm və Həvvadan başlayır və həzrət Adəm (ə) allahpərəst peyğəmbər olmuşdur. Təbiidir ki, Allahın bu peyğəmbəri ailəsindən ibarət olan bir neçə nəfərlik cəmiyyətə allahpərəstlik və tövhidi təbliğ etdikdə, yeni yaranmış həmin şəxslər də atalarının yolunu seçəcəkdilər.
Quran da bu sözü deyir: bütün insanlar tək bir dəstə idilər. Beləliklə Allah peyğəmbərləri müjdə verən və qorxudan olaraq göndərdi. Onlarla birlikdə insanların arasında ixtilaflı məsələlərdə hökm çıxarmaq üçün haqq olaraq kitab nazil etdi. Onda ixtilafı yalnız kitab verilmiş kəslər, özü də onlara aydın dəlillər gəldikdən sonra aralarındakı paxıllıq və təkəbbür ucbatından yaratdılar.
Rəvayətlərdə də deyilir: “Bütün insanlar Nuhdan öncə ilahi fitrətli vahid ümmət idilər. Sonra tədricən xalq arasında ixtilafların yaranmasına işarə olunur. Uca Allah peyğəmbərləri göndərdi ki, onların necə yaşaması üçün proqram göstərsin və səadət yolunu onlara tanıtdırsın. Daha sonra bir dəstə təcavüzkarlıq, məqampərəstlik, üstün olmaq istəyi səbəbindən Allahın göndərdiyi həmin vahid dində ixtilaf yaratdılar. Bu gün də uyğun məsələ davam etməkdədir. Bütün böyük dinlərin daxilində yüzlərlə firqələr mövcuddur. Məsihilikdə təkcə protestant məzhəbinin daxilində 500-dən çox firqə var. Digər məzhəblər də bu vəziyyətdədirlər. Quranda buyrulur: “Bu ixtilafları yaradan yeganə amil nəfs istəkləri səbəbindən başqalarından üstün olmaq, başqalarına hakim olmaq həvəsidir (“fəməxtələfu illa min bədi ma caəhumul-ilmu bəğyən bəynəhum”). Quran baxımından haqq din bir olub. Bütün peyğəmbərlər də bu dini təbliğ ediblər. Əlbəttə, hər peyğəmbərin öz zamanına uyğun hökmlər açıqlaması və sonrakı peyğəmbərin o hökmlərdən bəzilərini ləğv etməsi mümkündür; Lakin Quran bu dinlərin hamısını bir mənbəyə, kökə aid edir və hamısının adını İslam qoyur. Peyğəmbərlər də dünyadan koçəndə ətrafdakılara yalnız İslam dinində dünyadan getmələrini tövsiyə edirdilər:
(“Bəqərə”, 132) فَلاَ تَمُوتُنَّ إَلاَّ وَأَنتُم مُّسْلِمُونَ
Quran ixtilafların bilərəkdən yaradıldığını qeyd edir və ixtilafların səbəbini təcavüz, üsyan, üstünlük arzusu, mənfəətpərəstlik, məqampərəstlik və sair bilir. Əgər bu şeylər olmasaydı ixtilaf da yaranmazdı. Peyğəmbərlər haqq yolu elə bir şəkildə açıqladılar ki, həqiqəti axtaran onu görə bilərdi. Lakin bir qisim insan, şübhələrlə, bidətlərlə həqiqi dini təhrif etdilər. Demək, Quran baxımından dindəki ixtilafların gedişatı vəhdətdən çoxluğa doğrudur.


Təhriflərin yaranma forması

Maraqlıdır ki, bu təhriflər əvvəllər bizim bu gün gördiyimiz şəkildə olmayıb. Məsələn, bu gün üç üqnuma (ata, oğul və müqəddəs ruh) etiqad məsihiliyin əsaslarındandır. Lakin bu məsələ əvvəllər məsihilikdə olmayıb və birdən-birə də yaranmayıb. Öncə yəhudilərin, daha sonra nəsranilərin arasında məcazi təbirlərdən istifadə olunurdu və belə deyirdilər: “Biz Allahın övladları və Allahın dostlarıyıq.” (bax: “Maidə”,18) Bu sözlər məcazi məna daşıyırdı. Üzeyrin ölümündən yüz il ötdükdən sonra yenidən dirildikdə, yəhudilər dedilər: “Üzeyr Allahın oğludur.” (bax: “Tövbə”, 30) Məsihilərin həzrət Məsihə (ə) uyğun ləqəbi verməsi daha münasib idi; çünkü həzrət Məsihin - İsanın cismani atası yox idi. Bu məcazi sözlər yavaş-yavaş ciddiləşdi və dinin əsaslarına çevrildi. Quran Allahın övladı olması məsələsi ilə çox ciddi mübarizə aparır. Digər bir tərəfdən dinin ciddi əsaslarını məcaziləşdirdilər, dəyişdirdilər və yavaş-yavaş dindən sildilər. Hər iki tərəfdən dində təhrif yaratdılar. Bu gün də belə maraqlar mövcuddur və diqqətli olmaq lazımdır.
Bu gün bütpərəstlik barəsində ilkin təsəvvürümüz belədir: Hesab edirik ki, bütpərəstlər aləmin bütlər tərəfindən yaradıldığını düşünürlər. Lakin məsələ belə sadə deyil. Şirkə düçar olanların əksəriyyəti tək yaradanın olmasını bir növ qəbul edirdilər. Quran bütpərəstlərin adından belə deyir: “Biz bunlara yalnız bizi Allaha yaxınlaşdırmaları üçün ibadət edirik.” (“Zumər”, 3) Yəni yerin və səmaların xaliqi kimi Allahı qəbul edirdilər. Bütpərəstlərdən bəziləri elə fikirləşirdilər ki, Allahın qızları var, Allah onları çox sevir və onlar mələklərdir. Belə deyirdilər: Biz onlarla əlaqə saxlaya bilmədiyimiz üçün bu bütlərə həmin mələklərin bir göstəricisi, nişanəsi kimi hörmət bəsləyirik; onların bu işimizdən xoşu gəlir və Allahın yanında tərəfimizi saxlayırlar! İrandakı atəşpərəstlər barəsində belə deyilir ki, onlar Allahın razılığını qazanmaq üçün, müqəddəsliyin göstəricisi kimi alova hörmət bəsləyirdilər. Onlar yandırdıqları bu alovun səmanı və yeri yaratmasına etiqadlı deyildilər. Əlbəttə, bir dəstə ümumiyyətlə yaradanın olmasına inanmırdı; onlar bir növ təbiətə inanırdılar. Belə deyirdilər: “Təbiətdə həmişə, dəyişikliklər baş vermişdir; lakin bəzi şəxslər bu dəyişikliklərdə rol oynaya bilərlər!” Nəmrud və Firon özünü rəbb adlandıran kəslərdən idilər. Lakin aləmin yaradanı olmasını qəbul etmirdilər. Beləliklə, ibadətin mənası ibadət olunanın yaradan olmasına inam deyil.

Dini plüralizim - təhlükəli çaşqınlıq

İnsan bəzən uyğun etiqadlı şəxslərlə qarşılaşır və bu şəxslərdə nəcib, xeyirxah ruhiyyə olduğunu müşahidə edir. Məsələn, bəziləri ayaqyalın gəzir, süpürgə ilə daim ayaqlarının qarşısını süpürürlər ki, olmaya bir qarışqanı tapdasınlar! Canlı bir şey üçün, bu dərəcədə hörmət bəsləyirlər. Belə bir ruhiyyə müşahidə etdikdə insan öz-özünə deyir: Bu cür ruhiyyəli, səfalı insanlar behişt əhli deyillərmi? Bilməliyik ki, əgər bir şəxs səhv yolda ikən doğru yolda olduğunu düşünsə “müstəzəf”dir, çarəsizdir və Allahın onu bağışlaması mümkündür. Bir şərtlə ki, haqqı aydınlaşdırmaqda səhlənkarlıq etməmiş olsun və bildiyinə əməl etsin. Lakin bəziləri belə bir fikir yayırlar ki, bütpərəstlər nəinki pakdırlar, hətta behişt əhlidirlər. Dini plüralistlər deyirlər: Nə şiə sünnidən üstündür, nə sünnü şiədən; nə müsəlman bütpərəstdən üstündür, nə də bütpərəst müsəlmandan (Allaha doğru yollar insanların sayı qədərdir)! Bunların hər biri doğru yoldur və biz doğru yoldayıq. Bütpərəstlər bütlərə açıq-aşkar hörmət qoyurlar; çünki bu hörmətin onların həyatlarında təsirli olduğuna inanırlar. Baxmayaraq ki, belə bir əqidə səhvdir, lakin bu onların digər bir Allaha inandıqlarını deməyimizə səbəb ola bilməz!..
Bu səhv bir münasibətdir. Əvvəl qeyd etdiyim kimi, məsihilikdəki üçlük məsələsi öncə məcazi mənada başladı. Yavaş-yavaş həzrət İsanın atasının olmadığını görüb dedilər: İsa Allahın oğludur; lakin Quranın bu məsələyə necə münasibət göstərdiyinə nəzər salaq. Quranda belə deyilə bilərdi: “Nəsranilərin “İsa Allahın oğludur” sözü məcazi məna daşıyır və onlar həqiqətdə Allahın ata və İsanın oğul olmasını demək istəmirlər.” Əgər Quranda belə deyilsəydi, bizim məsihiliklə əlaqəmiz yaxınlaşardı və plüralizim gerçəkləşərdi. Amma Quran belə deyir: “Onların Rəhman olan Allaha övlad aid etmələrindən az qalır göylər parçalansın, yer yarılsın və dağlar tökülsün.” (“Məryəm”, 90,91)
Quran dəlil göstərib belə deyir: Biz birgə əsasa malikik və o budur ki, tək Allahdan başqasına pərəstiş etməyək. “De: “Ey kitab əhli, gəlin bizimlə sizin aranızda bir olan kəlmə ətrafında toplanaq.” (“Ali-İmran”, 64) Lakin mübarizə məqamında yanlış əqidəyə qarşı ciddi münasibət göstərərək buyurur: Sizin sözləriniz o qədər səhv və pisdir ki, bu sözlərə görə aləm parçalana bilər.
Belə bir böyük günahın olması ilə yanaşı “onların da yolu doğrudur bizim də yolumuz” demək olarmı?!
Bəli, Quranda buyurulur:” Şübhəsiz, iman gətirənlər, yəhudilər, xaçpərəstlər və sabiilər hər kim Allaha və axirət gününə iman gətirsə və yaxşı işlər görsə, onlar üçün Rəbbi yanında hallarına münasib sabit mükafat vardır. Onlara nə bir qorxu var, nə də qəmgin olarlar.”(“Bəqərə,62)
Lakin ayənin mənası belə deyil ki, İslam peyğəmbəri gəlib, bütün dəlilləri göstərdikdən və İslamın haqq dini olması məlum olduqdan, həmçinin onların dinindəki hökmlərin ləğv olduğu bilindikdən sonra, bu şəxslər inadkarlıq edib ona iman gətirməsələr də möminlərlə fərqləri yoxdur. Ayə belə deyir: Hər bir dinin ardıcılı, həmin dinə tabe olub, vəzifəsi olduğu vaxtda öz vəzifəsinə əməl etsə Allah ona mükafat verəcək, yox əgər vəzifəsinə əməl etməsə böyük və səs-küylü ləqəbləri olmasına baxmayaraq səadət üzü görməyəcək. Unutmayaq ki, bizim ən böyük vəzifələrimizdən biri dinin, məzhəbin, əqidələrin əsaslarını qorumaqdır. Bu vəzifənin yükü daha çox ruhanilərin üzərinə düşür.
Allah bizi və sizi müvəffəq etsin.