Dördüncü dərs

Dəlillərlə Allahşünaslıq, Quranda Allahın varlığına əqli dəlillər

Bismillahir-Rəhmanir-Rəhim

 

Dəlillərlə Allahşünaslıq, Quranda Allahın varlığına əqli dəlillər

Qurani-kərimdə Allahşünaslıq bəhsində nəzərdən keçirilən ilk məsələ budur ki, bu ilahi kitabda Allahın varlığına dəlil varmı? Bir çox təfsirçilər, xüsusilə kəlam elmi ilə məşğul olanlar Allahın varlığını sübut edən bir sıra ayələr göstərirlər. Onların göstərdiyi ayələrin əksərini nizam dəlillərinə aid etmək olar. Başqa bir qrup təfsirçi bu əqidədədir ki, Qurani
-kərim Allahın varlığı üçün dəlilləri zərurət saymır və sübut göstərmək qəsdində deyil. Quranda Allahın varlığına dəlil olduğunu iddia edən birinci qrup əslində Quran bəyanatlarına digər müqəddimələr əlavə etməklə onları sübut formasına salmışlar.
Əlbəttə bu barədə düzgün və sənədli mühakimə yürütmək üçün əhatəli araşdırmalara ehtiyac var. Bizim qısa bəhsimizdə buna imkan yoxdur. Yuxarıdakı iki baxışı bir-birinə yaxınlaşdırmaq üçün belə deyə bilərik ki, Quran birbaşa da olmasa, dolayısı ilə müəyyən dəlillər göstərir. Allahın varlığını sübut etmək Quranda əsas mövzu deyil. Çünki Allahın varlığı aşkar həqiqət, bir növ aksiom kimi qəbul edilir. Hər halda Quran bəyanatlarından Allahın varlığına müəyyən dəlillər çıxarmaq olar. Olsun ki, Quranın özü də dolayısı ilə bu dəlillərə yer verir. Allahın birliyini sübut edən ayədə dolayısı ilə Onun varlığı da sübuta yetirilir. Ya da İslam peyğəmbərinin (s) Allahın elçisi olması ilə bağlı irəli sürülən dəlillər həm də Allahın varlığına dəlil sayıla bilər. Məsələn, “Tur” surəsinin 35-ci ayəsində nəzərdə tuturuq ki, kafirlər Peyğəmbərə (s) itaətdən boyun qaçırmaq üçün müəyyən suallar verirdilər. Məsələn, deyilir: “Yoxsa onlar heç bir şeydən (xaliqsiz) yarandılar?! Yaxud onlar (öz-özlərini) yaradanlardır?!” Şübhəsiz ki, bu ayədə Allahın varlığını isbat etmək nəzərdə tutulmayıb. Amma həmin məqsədlə ayədən çıxarış etmək olar. Belə ki, insan ya heç bir yaradansız öz-özünə yaranmalıdır, ya özü özünü yaratmalıdır, ya da başqa bir yaradana malik olmalıdır. Birinci və ikinci ehtimalların yanlışlığı aydındır. Heç bir ağıllı insan onları qəbul etməz. Bu halda üçüncü ehtimalı qəbul etməkdən başqa yol qalmır.
Bu sübuta əsasən, şərif ayədə yaranmışlar üzərində danışılır. Yəni kafirlər yaradanı olmadan yaranıblar? Bəlkə özləri özlərini yaradıblar? Bu iki fərziyyənin heç biri doğru deyil. Hər iki sualın cavabı mənfidir. Demək, yaradan Allahın varlığına inanmaqdan başqa yol qalmır. Amma başqa iki ehtimal da var. Bu ehtimallar ayədəki “şəy” sözü ilə bağlıdır. Bu “şəy” ilkin maddədirmi? Yəni insan ilkin maddəsiz yaradılıb? İkinci yanaşmaya əsasən, bu söz məqsəd mənasını bildirir. Yəni onlar hədəfsiz yaradılıb? Amma bu ehtimalların heç biri hazırkı ayəyə uyğun deyil. Nəzərdə tutulmur ki, onların ilkin maddəsiz və hədəfsiz yaradılması bir sualdır. Sual budur ki, onlar yaradansız yaradılıblar, yoxsa özləri özlərini yaradıblar?
Beləcə, Allahın varlığı Qurani-kərimdə bir mövzu olaraq nəzərdən keçirilmir. Hansısa ayədə birbaşa Allahın varlığının sübutu nəzərdə tutulmayıb. Amma bu dolayısı ilə mümkündür. Əslində isə Allahın varlığının sübutu üçün Quran ayələrindən müqəddimə də götürmək olmaz.
Nəzərdə saxlanılası nöqtə budur ki, əqli dəlillər istər Quranda, istər filosofların, kəlam alimlərinin sözlərində olsun, fərqi yoxdur. Son nəticə əqli dəlillərin ortaya qoyulmasıdır. Məsələn, hərəkət dəlili mühərrik ünvanı ilə bir vücudun misalında isbat olunur. Nəzm dəlili dünyanın nizamlayıcısı ünvanında Allahın varlığını sübuta yetirir. “Xaliq”, “sane”, “vacibul-vücud”, “mütləq kamil” dəlilləri də bu qəbildəndir. Sonra tövhid dəlillərindən sübuta yetir ki, bu ümumi ünvanların yalnız bir nümunəsi var və o vahid Allahdır. Sifətlə bağlı dəlillər kamal sifətlərini sübuta yetirir, nöqsanlı sifətləri rədd edir. Bütün bunlar onu sübuta yetirir ki, elm, qüdrət həyat sahibi olan bir varlıq var, bu varlıq üçün zaman və məkan məhdudiyyətləri yoxdur. Odur dünyanı və insanı yaradan. Bütün bu sifətlər yalnız Allaha aiddir. (Öncə “Tuhəful-uqul” kitabından nəql etdiyimiz rəvayəti nəzərdən keçirin)
İndi belə bir sual yaranır ki, Quranda şühudi, şəxsi mərifət barədə bir söz deyilirmi? Olsun ki, fitrət və misaq ayələrində bu suala cavab var.

Fitri Allahşünaslıq

Fitrət və misaq ayələrini nəzərdən keçirməzdən öncə fitrət barədə qısaca şərh verək. Fitrət sözü dilimizə xarakter kimi tərcümə olunur. Ona dilçilikdə, “məsdəre-noi” deyirlər. Bu söz yaranış növünə işarədir. Amma adətən insan haqqında işlədilir. İnsan yaranışının tələb etdiyi halda fitri sözündən istifadə olunur. Fitri dedikdə Allahın verdiyi, qazanılmamış xüsusiyyət nəzərdə tutulur. Bu bütün insanlar arasında müştərək xüsusiyyətdir. Ona görə də Allahın verdiyi bütün meyllərə aid edilir.
Məntiq və fəlsəfədə fitri sözünün müxtəlif terminoloji mənaları var. Söhbətimizə uyğun olan üç termini nəzərdən keçirək:
1. Allah axtarışı insanın fitri istəklərindəndir. Sübutu budur ki, bəşəriyyət tarix boyu irqi, coğrafi, mədəni fərqlərinə baxmayaraq Allah axtarışında olub. Bəşəriyyət daim ilahi etiqad ardınca təlaş göstərib.
2. Allahşünaslıq fitri bir mərifətdir. Fitri Allahşünaslıq dedikdə hüsuli və hüzuri bir mərifət nəzərdə tutulur:
a) Hüsuli fitri Allahşünaslıq budur ki, insan əqli Allahın sübutu üçün stimula ehtiyaclı deyil. İnsan asanlıqla dərk edir ki, varlıq aləmi möhtacdır və bu ehtiyacı aradan qaldıran ehtiyacsız Allah var.
b) Hüzuri fitri Allahşünaslıq dedikdə nəzərdə tutulur ki, insan qəlbi Allaha dərindən bağlıdır. İnsan öz qəlbinin dərinliyinə diqqət yetirsə, bu rabitəni görə bilər. Amma insanlar dünya işlərinə məşğul olduqlarından bu qəlb rabitəsinə diqqətsiz qalıblar. Onlar yalnız bütün dəstəklərdən məhrum olduqda bu rabitəyə ümid bağlayırlar.
3. Allahpərəstliyin fitri meyl olması, insanın fitri istəklə pərəstiş etməsi, Allah qarşısında əyilməsi bu qəbildəndir.
Aydındır ki, fitri təbiri birinci və üçüncü mənalarda batini bir meyl kimi nəzərdə tutulur. Onun insanın mərifəti ilə birbaşa rabitəsinə yer verilmir. İkinci termində isə mərifətdən söhbət gedir, əqli hüsuli mərifət, hüzuri və şühudi tanışlıq əsas götürülür. Əqli mərifət əslində dəlillərlə əldə olunur. Sadəcə dəlillər çox aydın olduğundan fitri adlandırılır. Hüzuri fitri mərifət haqqında danışmaq istədiyimiz mərifətdir.
Söhbətimizin bu hissəsində fitrət və misaq ayələrini araşdıracağıq.

Fitrət ayəsi

“Rum” surəsinin 30-cu ayəsində buyurulur: “(Ya Rəsulum! Ümmətinlə birlikdə) batildən haqqa tapınaraq (pak bir müvəhhid, xalis təkallahlı kimi) üzünü Allahın fitri olaraq insanlara verdiyi dinə (İslama) tərəf tut. Allahın dinini (Onun yaratdığı tövhid dini olan İslamı) heç vəchlə dəyişdirmək olmaz. Doğru din budur, lakin insanların əksəriyyəti (haqq dininin İslam olduğunu) bilməz.”
Bu ayədə öncə diqqət tam şəkildə din mövzusuna yönəldilir. Sonra bildirilir ki, bu xarakterin tələbidir. Yəni Allah insanları belə xarakterlə yaratmışdır. Onu dəyişmək olmaz. Sonda bu nöqtəyə diqqət yetirilir ki, insanların əksəri bu məsələdən agah deyil. Söhbət budur ki, bu fitri iş nədir? Allahşünaslıqdır, Allahpərəstlikdir, yoxsa başqa bir şeydir?
Əgər fitri iş dedikdə qeyri-ixtiyari qəlb tanışlığı nəzərdə tutulursa, “Kafi” (c. 2, səh. 12) kitabındakı rəvayət bu mənanı təsdiqləyir. Bu ayənin məfhumu Misaq ayəsi ilə eyni nəzərdə tutulur. Bu barədə izahat veriləcək. Amma fitri dedikdə əqli mərifət nəzərdə tutulsa, bunun yuxarıda deyilənlərlə elə bir əlaqəsi olmur. Bu ehtimalın təsdiqi yoxdur.
İkinci şərif ayə üçün başqa bir təfsir də var: Nəzərdə tutulur ki, tövhid, məhrumlara yardım, ədalətin bərpası, insan fitrətinə uyğun olan həqiqətlərdir. Bütün bunlar insanın daxili istəyinə uyğundur. Bu təfsirə əsasən, Allahşünaslıq və Allahpərəstlik şərif ayədə zikr olunmuş fitri məsələlərdəndir. Buna uyğun başqa bir təfsirə görə, dinin mahiyyəti Allah qarşısında təslimçilikdən ibarətdir. Bu təslimçilik ibadət və itaətin müxtəlif formalarında həyata keçir. İslam sözü də buna sübutdur. Quranda buyurulur ki, Allah yanında din yalnız İslamdır. Dinin fitri olması o deməkdir ki, Allaha meylin kökü insan fitrətindədir. İnsan fitri olaraq mütləq kamilə yaxınlaşmağa çalışır. Etiqadda azğınlıqların, şirkin səbəbi yanlış təlqinlər və tərbiyələrdir. Yanlış əqidə cəhalət və tətbiqi xətadan yaranır.
Bu təfsirə əsasən, şərif ayədə Allahşünaslıq əsas mövzu deyil, amma burada onun fitri olması qeyd olunur. İnsan Allahı tanımalıdır ki, ona pərəstiş etsin. İnsanın Allaha meyli fitri olsa, mərifəti də fitri olacaq. “Kafi”də imam Baqirdən (ə) rəvayət olunur ki, Allah insanı özünə mərifət üçün yaratmışdır.

Misaq ayəsi

“Əraf” surəsinin 172, 173-cü ayələrində buyurulur: “(Ey Peyğəmbərim!) Xatırla ki, bir zaman Rəbbin Adəm oğullarının bellərindən (gələcək) nəsillərini çıxardıb onların özlərinə (bir-birinə) şahid tutaraq: “Mən sizin Rəbbiniz deyiləmmi?” – soruşmuş, onlar da: “Bəli, Rəbbimizsən!” – deyə cavab vermişdilər. (Belə bir şahidliyin səbəbi) qiyamət günü: “Biz bundan qafil idik”; Və ya: “Atalarımız daha əvvəl (Allaha) şərik qoşmuşdular, biz də onlardan sonra gələn bir nəsil idik (onların izi ilə getdik). Məgər bizi batilə uyanların (haqq yoldan sapanların) törətdikləri əməllərə görə məhv edəcəksən?” – deməməniz üçündür.”
Bu ayə təfsir baxımından Quranın çətin ayələrindəndir. Onun haqqında müxtəlif yönlərdən mübahisə etmək olar. Bu məsələyə varmağımız bizi əsas məqsədimizdən uzaqlaşdırar. Ayədən çıxarılan aydın nəticə budur ki, hər bir insanda Allaha bir növ mərifət var. Allah insanları şəhadət verməyə çağırmış və onlar da qəbul etmişlər. Bu söhbət elə bir formadadır ki, üzrə, səhvə yer qalmır. Bu səbəbdən qiyamət günü kimsə deyə bilməz ki, ilahi rübubiyyətlə tanış olmayıb. Kimsə ata-babalarının şirk və azğınlığını bəhanə göstərə bilməz.
Belə görünür ki, bu sayaq hüzuri söhbət yalnız hüzuri elm, qəlbən şəhadətlə müşayiət olunur. Ayədən çıxarılan nəticə qəlbən agahlıqla bağlı çoxsaylı rəvayətləri təsdiqləyir. “Kafi” kitabında ayə ilə bağlı imam Baqirdən (ə) belə bir rəvayət nəql olunur: “Allah-təala Özünü onlara tanıtdırdı və bu iş baş verməsəydi kimsə Allahını tanımazdı. (“Kafi” c. 2, səh. 13) Əli ibn İbrahim Qumminin təfsirində nəql olunur ki, imam Sadiqdən (ə) soruşdular: “Allahı gözlə görərlərmi?” İmam buyurdu: “Bəli.” (“Təfsir əl-mizan” c. 8, səh. 340) “Məhasini bərqi” kitabında Zərarə imam Sadiqdən (ə) belə nəql edir: “Əgər bu səhnə olmasaydı, kimsə bilməzdi ki, onu yaradan və ruzi verən kimdir.” (“Təfsir əl-mizan” c. 8, səh. 345)
Bu ifadələrdən aydın olur ki, ayədə nəzərdə tutulan mərifət şəxsi mərifətdir. Bu mərifət əqli yolla əldə edilən ümumi mərifət deyil. Belə bir şəxsi mərifət isə hüzuri və şühudi elmsiz əldə olunmur. Əgər ümumi mərifət nəzərdə tutulsaydı ifadə başqa şəkildə olmalıydı. (وَلَوْ لا ذلِكَ لَمْ یَعْلَمْ اَحَدٌ اِنَّ لَهُ خالِقاً) “Kimdir onun xaliqi” yox, “xaliqi olduğunu bilməzdi” formasında deyilərdi. Ayədən aydın olur ki, hüzuri və şühudi elm mənasında hamıda fitri Allahşünaslıq var. Belə deyə bilərik ki, bu mərifət yarımagahlıqla baş tutur. Bütün insanlar adi halda bu fitri mərifətə diqqətli deyil. İnsan maddiyyata bağlılıqdan uzaqlaşdıqda həmin yarımagah mərifət tam agahlıq həddinə çatır. İlahi övliyalarda bu mərifət elə bir dərəcəyə yüksəlir ki, Allahdan başqasını görmürlər. (الغیرك من الظهور ما لیس لك و لَمْ اَعْبُدْ رَبَّاً لَمْ اَرَهُ) Olsun ki, bir çox Quran ayələrinin məqsədi insanların diqqətini həmin fitri mərifətə yönəltməkdir. “Ənam” surəsinin 95-ci ayəsində bu məqsəd nəzərə çarpır: “Budur Allah! Axı siz Ondan (haqq olan Allahdan) nə cür döndərilirsiniz?” Belə görünür ki, bu hadisələr insanın qəlbini təbiətdə Allahın hüzurunu görmək üçün hazırlayır. Həmin surənin 102-ci ayəsində oxuyuruq: “O Allah Rəbbinizdir! Ondan başqa heç bir məbud yoxdur.”

Fitri tövhid

İlahi mərifətin fitri olması ilə bağlı qeyd olunan məna əslində insan vücudunun Allahla rabitəsindən danışır. Allahı dərk etməyə hazırlıqlı insanda belə bir mərifətin olması təbiidir. Bu səbəbdən də həmin mərifəti fitri adlandırmaq normaldır. Belə bir şahidlik təkcə Allahın varlığına aid deyil. Rübubiyyət də daxil olmaqla bir çox şənləri əhatə edir. Misaq ayəsində “rəbb” sözünün işlədilməsi göstərir ki, burada həm Allahın varlığı, həm də rübubiyyəti aşkardır. İnsanla başqa bir varlıq arasında belə bir rabitə olarsa, bu şahidliyə bərabərdir. Demək, bu mərifət Allahın yeganəliyinə də aiddir. Elə həmin səbəbdən şirkə yol vermiş insan üçün üzr yeri qalmır.
Yalnız xaliq və rəbb olan varlığın məbudluq ləyaqətindən aydın olur ki, Allahdan başqa kimsə pərəstişə layiq deyil. Beləcə, deyə bilərik ki, yaranış, rübubiyyət və məbudluqda tövhid fitri bir hadisədir. “Kafi”də nəql olunmuş bir neçə rəvayətdə imam Sadiq (ə) ayənin təfsiri ilə bağlı buyurur ki, fitrətlər tövhidə doğrudur. (“Kafi” c. 2, səh. 12, 13; “Təfsir əl-mizan”) Olsun ki, “Yasin” surəsinin 60, 61-ci ayələrində də bu mənaya işarə edilib: “Ey Adəm övladı! Məgər Mən sizdən əhd almadımmı ki, Şeytana ibadət etməyin, o sizin açıq-aşkar düşməninizdir?! Və (sizə buyurmadımmı ki) Mənə ibadət edin, doğru yol budur?!” Demək, doğru yol insanın fitrətinə tanıtdırılmış yoldur. İnsanın fitrəti onu yeganə Allaha pərəstişə çağırır. İstənilən batil məbuda ibadət fitrətin yolundan çıxmaqdır.