Beşinci dərs

Allahşünaslıq fitridir

Bismillahir-Rəhmanir-Rəhim

 

Allahşünaslıq fitridir

Bu məfhumun daha aydın olması üçün fitrət və fitrilik haqqında şərh verməyə məcburuq. Ərəb ədəbiyyatında “fitrət” sözü yaranış növü bildirir. Lüğət baxımından o şey fitrət adlanır ki, bir mövcudun yaranışı onu zəruri edir. Termin olaraq fitrət insana münasibətdə bundan ibarətdir: İnsanın daxilində qoyulmuş baxışlar və meyllər. Bunları insan özü əldə etməmişdir.
Başqa sözlə, fitri baxışlar qazanılmamış baxışlardır. Təbii olaraq qazanılmamış bir meyl bütün insanlarda mövcuddur. Demək, fitri xüsusiyyətlərin bir səciyyəsi onların qazanılmamasıdır. İkincisi onlar bütün fərdlərdə mövcuddur. Onun bir fərddə güclü, o birində zəif olması mümkündür. Beləcə məlum olur ki, biz fitri sözünü iki mənada işlədirik. Biri düşüncə və baxış, o biri meyl və istək. İdrakla bağlı da fitrət sözündən istifadə olunur. Yəni insanın istəkləri ilə yanaşı mərifəti də fitri ola bilər. İnsan vücudundakı fitri meyllər qazanılma deyil. Bunlar insanın yaranışında nəzərdə tutulmuşdur. Allahşünaslıq və Allahpərəstlik mövzusunda da fitri sözündən istifadə olunur. Bəzən bildirilir ki, Allahşünaslıq fitridir. Belə ki, öz insanda yaradanı ilə bağlı qazanılmamış biliklər var. Bəzən də qeyd olunur ki, insandakı Allah axtarışı meyli fitridir. Yəni insan fitri olaraq öz yaradanını axtarır və Ona pərəstiş edir. Amma burada fitri dedikdə mərifət yox, meyl nəzərdə tutulur. İnsanın qəlbində bir qüvvə onu Allaha doğru çəkir. Bəzən də deyilir ki, Allahpərəstlik fitridir. Yəni insanda olan meyl onu yaradan qarşısında pərəstişə sövq edir. Bu fitri meyl yalnız pərəstişlə təmin oluna bilər. Əlbəttə ki, batil məbudlara pərəstiş də bu meyllə əlaqəlidir. Bütün istəklərin təminində saxta yollar var. Psixologiyada bu mövzu araşdırılır. Bildirilir ki, insandakı meyl təbii yolla ödənmədikdə o saxta yola üz tutur.
Fitri Allahprəstlik bu mənadadır ki, insan fitrətində Allaha pərəstiş meyli var. Bu meyl oyaq olduqda yalnız Allaha pərəstişlə təmin edilir. Bir qədər də izah verək. İnsanın qəlbində bir şəxsə güclü sevgi olduqda bu sevgi onu təvazöyə, pərəstişə sövq edir. Bu istək üçün əqli dəlil göstərməyə ehtiyac yoxdur Aşiqin məşuq qarşısında kiçilməsi aydın həqiqətlərdəndir. O məşuqun qarşısında əyilir, əl-ayağından öpür. Bu sevginin sübutuna əqli izahata yer yoxdur. Amma bir fitri meyl də var ki, o xalisləşdikcə güclənir. Bu halda aşiq məşuq qarşısında fəda olmaq həddinə çatır. Bu fitri bir istəkdir və onun ən güclü dərəcəsini pərəstiş adlandıra bilərik. Pak eşqin tələbi məşuq qarşısında fəna olmaqdır. Bu eşqdə aşiq o qədər kiçilir ki, sanki yox olmaq istəyir. Allaha münasibətdə də belə bir meyl var. Allahı tanıyanlar və qəlbində Allah eşqi oyaq olanlar bu yolda hərəkətdədir. Onların məqsədi Allahdan nə isə almaq deyil. Bu pərəstiş insanı fənaya aparır. Bu meyl yalnız ibadətlə təmin olunur. Həqiqi aşiqlər üçün Allaha ibadət hədəfə çatmaqda yeganə yoldur. Bəlkə də bu məqamda ibadətin özü bir hədəfdir. Buna görə də həqiqi aşiqlər gecəni sübhədək oyaq qalıb, minacatla məşğul olur və zərrəcə yorulmurlar. Onlar Allahla minacat gecəsinin illərcə uzanmasını istəyirlər. Həqiqi aşiq razı olarmı ki, nələrisə almaqla vüsal dəmini əldən versin?! O vüsala çatmaq üçün hər şeyi fəda edir. Allahı tanıyan, qəlbində ilahi məhəbbət yer tutan insan Allahla minacatdan doymur. İbadət onun üçün o qədər ləzzətlidir ki, ibadət zamanı hər şeyi unudur. Hər halda fitri Allahpərəstlik dedikdə elə bir meyl nəzərdə tutulur ki, insan öz məhbubu qarşısında kiçilməkdən zövq alır. Burada söhbət fitri Allahşünaslıqdan gedir. Allahpərəstlik və Allah axtarışı mövzumuz deyil. Fitri Allahşünaslıqdan danışarkən iki növ mərifət nəzərdən keçirilir. Bu iki növ mərifətə söhbətin əvvəlində işarə etdik. Onlardan biri hüzuri və şühudi mərifətdir. Yəni insan qəlbinin Allahla rabitəsi əqli bir mərifətdən qaynaqlanır. Burada əqlin Allahla tanışlığı yer alır. Fitrətin Allahşünaslığı isə hüzuri mərifətdən ibarətdir. İnsan elə yaradılıb ki, onun qəlbinin dərinliyində Allahla rabitə qoyulub. İnsan qəlbini paklasa, ona diqqətlə nəzər salsa, həmin rabitəni görər. Başqa sözlə, onun vicdanı ilahi varlığa şəhadət verər. Bu hüzuri bir elmdir. İkinci mənada fitri Allahşünaslıq budur ki, insan heç bir təlaş göstərmədən, fitri ağılla Allahın varlığını dərk edir. Zehni və fitri mərifət daha çox aksioma bənzəyir. İnsan onu zəhmət çəkib əldə etməyib. Allahın verdiyi fitri hazırlıq bu mövzuların dərkini təmin edir. Fitri mərifət qeyd olunan hər iki halda qazanılmış sayılmır. İnsan zəhmət çəkmədən bu mərifətə sahibdir. Zehni və əqli növdən olan fitri Allahşünaslıqda dəlil olsa da, insan zehni bu dəlillər üçün təlaş göstərməyib. Məntiqlə tanış olanlar bilirlər ki, sanəvi aksiomlar bir neçə növə bölünür. Onlardan bir qismi fitrətə aid olanlardır. Bu fitri aksiomlar mühakimə zamanı mövzu ilə məhmul (predmet) arasında vasitə olur. Həmin vasitə ilə məhmul mövzu üçün sübuta yetir. Bu vasitə həmişə insan zehnində hazırdır. Onu qazanmağa ehtiyac yoxdur. Biz deyəndə ki, Allahşünaslıq da fitridir nəzərdə tutmuruq ki, burada Allahı tapan ağıldır. Burada mərifət, elm özü fitrətdən gəlir. Həmin elm qazanılmır. Elə bu əsasla hətta təhsil almamış insanlar Allahın varlığını asanlıqla qəbul edir. Yəni insan qəlbən Allahla tanışdır, Allahı qəbul etmək üçün sadəcə qəlbinnin dərinliyinə müraciət etməlidir. Beləcə, Allahşünaslıq hüzuri elm olaraq sübuta yetir. Bu mərifət hüsuli və əqli mərifətdən çox fərqlənir. Müqəddimədə bildirdik ki, əqli mərifətlər həmişə ümumidir. Nəticə budur ki, varlıq aləmini yaradan biri var. Amma o qeybdədir. Bu varlıq bütün aləmi yaratmışdır və onu idarə edir. Bu qeybi bir mərifətdir. Amma hüzuri və şühudi elm olsa, Allah haqqında deyilir ki, o varlıq aləmini yaradıb və insan onu tanıyır. Bu, şəxsi, hüzuri bir mərifətdir. İnsanın bu dünyanın var-dövlətinə, zər-zibasına bağlılığı onun diqqətini yayındırır. Nəzərdə tutulan mərifəti qəlbin dərinliyinə ciddi diqqətlə aşkarlamaq olar. Yəni bu rabitə hamıda var. Sadəcə diqətimizin ətrafa yayılması, maddiyyata əsirlik həmin diqqətə yer qoymur. Əgər diqqətimizi ətrafdan kəsib, öz daxilimizə yönəldə bilsək, Allahla fitri rabitəni taparıq. Bütün ariflər bu addımı atmağı təklif edir. Ürfani seyr-sülukda, ilahi mərifətin əldə olunmasında insanın öz daxilinə diqqəti xüsusi yer tutur. Hamınızın eşitdiyiniz bir əhvalat var. Rəvayətdə nəql olunur ki, bir şəxs imam Sadiqin (ə) xidmətinə gəlib, ərz etdi: “Allahı mənə elə tanıtdır ki, sanki onu görürəm.” Həzrət ondan soruşdu: “Heç dəniz səfərində olmusan? Heç olubmu ki, süvar olduğun gəmi qəzaya uğrasın?” Həmin şəxs cavab verdi ki, belə bir hadisə ilə rastlaşıb. İmam buyurdu: “İş o həddə çatıbmı ki, ümidin hər yerdən üzülsün və ölümü labüd görəsən?” Həmin şəxs belə bir hal yaşadığını bildirdi. İmam yenə soruşdu: “Həmin vaxt qurtuluşa ümidin olubmu?” Sual verən şəxs təsdiqlədi ki, belə bir ümidi olub. İmam buyurdu: “Qurtuluş vasitən olmayan bir məqamda kimə ümid edirdin?” Sual verən şəxs xatırladı ki, həmin vaxt qəlbində kiməsə üz tutub.
Bəli, insanın hər yerdən diqqəti kəsildikdə qəlbi Allaha yönəlir. İnsan ixtiyari surətdə də bu işi görə bilər. İlahi dində qəbul olunmuş seyr-süluk yolu insanı bu məqsədə aparır. Nəticədə onun diqqəti ətrafdan kəsilir və yalnız Allahı düşünür. Qeyd edim ki, söylədiklərim bir mağaraya çəkilib dünyadan uzaqlaşmaq göstərişi kimi qəbul edilməsin. İnsan cəmiyyətdə yaşayaraq bu halı qazanmalıdır. Həmin hal ciddi məşqlər, çalışmalar yolu ilə əldə edilir. İnsan Allahla qəlb rabitəsini kəşf etdikdə Allahın varlığına dəlil axtarmır. Həzrət Əlinin (ə) bir buyuruğu bu mənanı təsdiqləyir. (لَمْ اَعْبُدْ رَباً لَمْ اَرَهُ) Sual olunur, elə bir insan varmı ki, öz varlığına sübut axtarsın? Hər şeyə dəlil axtaran insan öz varlığına dəlil axtarmağa ehtiyac görmür. Çünki onun öz varlığına hüzuri elmi var. Allahı tapan insan da onunla rabitəni hüzuri elmlə dərk etdiyindən suala yer qalmır. O düşünmür ki, Allah var, yoxsa yox. O hər şeyi Allahın nurunda görür. Elə bu məqamda deyir ki, ilahi səni özünlə tanıdım. “Əbu Həmzə” duasında oxuyuruq ki, imam Səccad (ə) belə ərz edir: “İlahi, mən Səni Sənin Özünlə tanıdım. Seyyidüş-şühəda (ə) “Ərəfə” duasında belə ərz edir: “Səndən başqa bir zühur varmı ki, Səni başqasının zühurunda görəm?!” Yəni Allahdan aydın bir şey yoxdur ki, insan həmin aydınlıqda Allahı görsün. Allah hər şeydən aydındır və bütün başqa şeylər Onun aydınlığında müşahidə olunur. Elə bu səbəbdən övliyalar yaranmışların varlığını Allah vasitəsilə, Allahı isə yalnız Onun Özü vasitəsilə tanıyırlar.
Bəli, söhbətimiz Quran mövzusundadır. Bilmək istəyirik ki, Quranda fitri-şühudi mərifətə işarə olunub, yoxsa yox? Quran ayələrində bu barədə nə isə varmı? Əlbəttə ki, insan Allahı görə biləcək bir məqama yüksəlmək imkanına malikdir. Möminlər qiyamətdə bu məqama çatar. Onlar dünyadakı əməllərinin mükafatı olaraq “Liqaullah”, yəni Allahla görüşlə müjdələnərlər. Bu mövzuda ayələr çoxdur. Həmin ayələrdə Allaha yönəlmiş şad çöhrələrdən danışılır. Eyni mövzuya rəvayətlərdə, dualarda, minacatlarda da işarələr var. Amma bizim mövzumuz bütün insanların vücudunda olan fitri mərifətdir. Hüzuri və şühudi elmlə Allah övliyalarına nəsib olan mərtəbə seyr-süluk yolu ilə əldə edilir. Bizim mövzumuz budur ki, istisnasız olaraq bütün insanlarda fitri-şühudi mərifət varmı? Cavabımız müsbətdir. Bu məsələ Quranda sübut olunur. İki ayəyə müraciət edə bilərik.
“Rum” surəsinin 30-cu ayəsində buyurulur: “(Ya Rəsulum! Ümmətinlə birlikdə) Batildən haqqa tapınaraq (pak bir müvəhhid, xalis təkallahlı kimi) üzünü Allahın fitri olaraq insanlara verdiyi dinə (İslama) tərəf tut. Allahın dinini (Onun yaratdığı tövhid dini olan İslamı) heç vəchlə dəyişdirmək olmaz. Doğru din budur, lakin insanların əksəriyyəti (haqq dininin İslam olduğunu) bilməz. (Allah bütün insanları xilqətcə müsəlman – təkallahlı yaratmışdır, lakin ata-anaları onları başqa dinlərə sövq etmiş, yaxud onlar yaşa dolduqda öz nadanlıqları üzündən batil dinlərə - bütpərəstliyə uymuşlar).”
Başqa bir ayə “Əraf” surəsinin 172-ci ayəsidir: “(Ey Peyğəmbərim!) Xatırla ki, bir zaman Rəbbin Adəm oğullarının bellərindən (gələcək) nəsillərini çıxardıb onların özlərinə (bir-birinə) şahid tutaraq: “Mən sizin Rəbbiniz deyiləmmi?” – soruşmuş, onlar da: “Bəli, Rəbbimizsən!” – deyə cavab vermişdilər. (Belə bir şahidliyin səbəbi) Qiyamət günü: “Biz bundan qafil idik”;
Əvvəlcə birinci ayə haqqında danışaq. Ərəblər insanın diqqəti bir nöqtəyə yönəldikdə “üz tutdu” deyirlər. Bu ayədə də Allah öz peyğəmbərini dinə üz tutmağa çağırır. Sonra belə bir nöqtə əlavə olunur: “Allahın fitri olaraq insanlara verdiyi dinə”. Bu cümlə tam nəzərə çarpmır. Ərəb dilində belə hallar çoxdur. Təfsirçilər qeyd edirlər ki, ayədə fitrətin tələb etdiyi dinə üz tutmağa çağırış var. Yəni insan bu fitrətdən yoğrulub. Təfsirçilərin başqa rəyləri də var. Amma bu nöqtə üzərində çox dayanmaq istəmirik. Sadəcə diqqətinizi buna yönəltmək istədik ki, ayədə ilahi fitrətə işarə olunur. Allah insanı bu fitrətlə yaratmışdır. Fitrət insanı dinə üz tutmağa çağırır. Düşünməyək ki, bu bəzi insanlara aiddir. Hansısa zaman məhdudiyyəti də yoxdur. Allah insanı belə yaradıb, amma insanların çoxu bilməz. Bəziləri ayədən belə bir nəticə çıxarıblar ki, ayə dinin fitrətə uyğun olduğunu bildirir. Hər halda ayədə nəzərdə tutulan budur ki, dini hökmlər və dinin üsulları insanın yaranışına münasibdir. İnsanın Allaha pərəstişi onun fitrətinə zidd deyil. İnsan başqalarına yardıma çağırılırsa, onun daxilində ədalətə meyl var. Yaxşılıqları və pislikləri tanımaq insanın həyati ehtiyaclarıdır. Bir şey haram edilirsə, buna fitrətin razılığı var. İzdivac, ailə həyatı da fitrətə uyğundur. İzdivacı qadağan edən din insan fitrətinə ziddir. İslamda insan fitrətinə zidd olan bircə qanun da tapmaq mümkün deyil. İnsanın Allaha pərəstişi həm dinin hökmü, həm də fitrətin tələbidir. Hazırkı ayədə fitrətin haşiyə çağırışı kimi “dinə üz tutmaq” göstərilə bilər. Din hökmlər, qanunlar toplusudur. Bu təfsirə əsasən, bütün din qanunları ilahi fitrətə uyğundur. Bunlardan biri də Allaha pərəstişdir. Başqa bir təfsir budur ki, ayədə fitrətə uyğun olan dinin İslam dini olduğu nəzərdə tutulub. Quran “Allah yanında din İslamdır” deməklə Allaha təslim olmağı nəzərdə tutur. Ayədə cüzi qanunların yox, təslimçiliyin fitri olduğu göstərilir.
İkinci təbir budur ki, əsil din İslamdır və insan ağa qarşısında qul olaraq onun dediklərinə təslim olmalıdır.
Din Allaha mütilikdən ibarətdir. Özünü Allaha təslim etmək din sayılır və bu din fitri istəkdir. Demək, dinin fitrətə uyğunluğu dedikdə nəzərdə tutulur ki, insan daxilində Allaha pərəstiş meyli var.
Bu iki təfsirdə “fitri” dedikdə fitri meyl nəzərdə tutulub. Hər iki təfsir Allaha pərəstişə diqqəti yönəldir. Amma bizim nəzərdə tutduğumuz fitri baxışdır. İnsanın Allaha münasibətdə fitri baxışı varmı? Bu baxış şühudidirmi? Hazırkı ayədən bu nəticələr çıxırmı? Ola bilərmi ki, fitrət Allaha pərəstişə çağırıb, ünvan göstərməsin? Əgər pərəstiş meyli varsa, bir növ mərifət də olmalıdır. Biz fitrət dedikdə daxili meylləri də nəzərdə tuturuq. İzdivac, evlənmək meyli də bu qəbildəndir. Ailə həyatına ehtiyac duyan insan nə istədiyini yaxşı bilir. Ola bilməz ki, insanda cinsi meyl olsun, amma ünvan tanıtdırılmasın. Yəni cinsi meyli olan şəxs izdivac etməli olduğunu anlayır. Mümkündürmü ki, cinsi meyli olan biri bu meyli necə təmin edəcəyini bilməsin: dağa dırmanmalıdırmı, aya qalxmalıdırmı, yoxsa evlənməlidir? Bu istək o zaman yaranır ki, istəklə yanaşı bir ünvan da olur. İnsanda fitri pərəstiş meyli ilə yanaşı pərəstiş ünvanı da var. Tanımadığına necə pərəstiş edəsən? İnsan mütləq kamal qarşısında pərəstişə meyllidir. Fitrət və meyl kimi terminlərlə bağlı xırdalığa varmayaq, bu bizi əsas mövzudan uzaqlaşdırar. Fitrətlə daxili istəyi ayırmaq hazırkı söhbətdə zəruri görünmür. Daxilində pərəstiş meyli olan insan bir mövcud sorağındadır. Əgər tapdığı mövcud mütləq kamil deyilsə, demək saxtadır və fitri meyli təmin edə biməz. Bu həqiqi məşuq deyil. İnsan daha kamil məşuq tapsa, əvvəlkini yaddan çıxarır. Meyar gözəllik olsa, insan daha gözəli ilə rastlaşdığı vaxt əvvəlki məşuquna arxa çevirəcək. Kamillik də belədir. Meyar kamillikdirsə, pərəstiş mütləq kamil varlığa aiddir. Fitrətin axtardığı mövcudda nöqsan yoxdur. Ondan yuxarı bir varlıq təsəvvür edilmir. İnsan həqiqi məşuqu tapsa, ondan əl çəkməz. Beləcə, insanın pərəstiş meyli yalnız həqiqi məbuda, bir olan Allaha təslimçiliklə ödənir. Demək, daxilimizdə zəif şəkildə də olsa, ünvan qoyulub. İnsan məhz bu zəiflik səbəbindən pərəstiş ünvanını səhv salır.