Elmi fəaliyyətlər


Elmi fəaliyyətlər


1.Təhsil, mütaliələr və araşdırmalar.
a)Fiqh və üsul
b)Təfsir
c)Fəlsəfə
d)Əxlaq və ürfan
e)Yeni elmlər
f)Xarici dil
g)Elmi yaradıcılıq
2.Tədris
3. Əlaçı şəgirdlər

Əsil ustad
Ustad Misbahın şəxsiyətinin elmi baxımdan müxtəlif yönləri var. İndi bu barədə danışacağıq.

Təhsil, mütaliələr və araşdırmalar
Ustad İslam elminin fiqh və üsul, təfsir və fəlsəfə kimi müxtəlif sahələrin, eləcədə sosiologiya və xarici dillər (ingilis və fransız dili) kimi universitet fənləri üzrə təhsilə, mütaliələrə və araşdırmalara malikdir. Bu sahələrin hər birini nəzərdən keçirəcəyik.

Fiqh və üsul
Ayətullah Misbah fiqh sahəsində cənab Bürucerdi (r) Əraki (r) İmam Xomeyni (r) Behcət (r) kimi bgöyük ustadların hüzurundan bəhrələnmişdir. Müvəffəqiyyətinə görə Ayətullah-üzma Bürucerdidən mükafat almış, nəhayət içdihad dərəcəsinə çatmışdır. Bu əsasla cənab Ustad fiqh ixtisasının üsuli-fiqh, rical və dirayə kimi istiqamətlərini yetərincə mütaliə edib araşdırmışdır.
Qum elm hövzəsinin təfsir ustadı höccətül-islam Mahmud Rəcəvinin dediyinə görə ustad Misbah səkkiz ilədək Mərhum Ayətullah Bürucerdinin fiqh dərslərində fəal iştirak etmişdir. Mərhum Ayətullah Bürucerdinin dövründə mərhum Ayətullah Sultani və mərhum Hacı Müqəddəs İsfahani kimi ustadlara ilk xaric dərsindən imtahan verib əlaçı tələbə kimi tanınmışdır. Belə ki, bəzi ustadlar öncədən demişlər ki, əgər bu tələbə bu qaydada dörd il də dərs oxusa şübhəsiz ictihad dərəcəsinə çatacaq.
Çox keçmədi ki, bu fikirlər özünü doğrultdu və gənc tələbə 27 yaşında ictihad dərəcəsinə çatdı. Bununla belə 8 il imam Xomeyninin fiqh və üsul dərsində 15 il Ayətullah Behcətin fiqh dərsində və iki il Ayətullah Ərakinin dərslərində iştirak etdi.
Ustadın oğlu höccətül-islam vəl müslimin doktor Əli Misbah atasının başqa bir fəaliyyət sahəsi kimi fiqhi qed edərək bildirir: “İmam Xomeyni sürgün edildikdən sonra onun dərsləri dayandı. Şagirdlərinə tapşırmışdı ki, dərslərini müştərək bəhs formasında davam etdirsinlər. Ustad Misbah, Ayətullah Məhəmmədi Gilani, Ayətullah Məhəmməd Yəzdi, Ayətullah Hüseyn məzahiri, Ayətullah Seyid Əli Əkbər Musəvi İmamın tövsiyəsi əsasında müştərək bəhsə başladılar və bu bəhslər İslam inqilabının qələbəsinədək davam etdi. Bu səmərəli məclislərdə əsasən İslamın ictimai mövzuları, əmr be məruf və nəhy əz munkər, təqiyyə kimi mövzular araşdırılırdı.
Ərdəkanın möhtərəm imam cüməsi Ayətullah Behcəti, bu bəhslər haqqında deyir: “Bu məclislərdə olduqca ciddi mübahisələr gedirdi. Mövzu həmin dövürdə mübarizənin zəruriliyini fiqhi baxımdan isbat etmək idi. İslamın əsası üçün təhlükə yarandığından İmam Xomeyninin başladığı mübarizə vacib sayılırdı. Məndə arabir həmin məclislərdə iştirak edirdim. Cənab Misbah bəhsi davam etdirməkdə çox israrlı idi. Bəhslər davam etdi. Bu məclislərin təhsilli zümrəyə böyük təsiri vardı.

Təfsir
Əllamə təba-təbayi ilə tanışlıq, onun ruhani və ürfani məqamının və kamilliyinin dərki fəzilət və təqvası ustad Misbahın Quran elmləri və təfsirə ciddi əhəmiyyət verməsinə səbəb oldu. Ustad Misbah öncə Əllamənin təfsir dərslərində iştirak edib, sonra onun xüsusi tövsiyələri və təlimləri sayəsində Qurani-kərimin dərinliyinə vardı, ilahi kitabın ayələrindən gözəl istinad nöqtələri öyrəndi. Ustad özü də artıq bu sahədə nəzər sahibi idi. Cənab Misbah bu istiqamətdə o qədər inkişaf etdi ki, Əllamə Təbatəbai onun qeyd etdiyi nöqtələri nəzərə almaq üçün təfsir Əl-Mizanı çapdan öncə yenidən oxumağı ona tapşırdı.
Əlbəttə ki, Ustad Misbah Əllamə Təbatəbainin bu münasibətini onun məhəbbəti, şagirdə diqqəti ilə əlaqələndirirdi. Cənab Ustad deyir: “O bir lütf edərək təfsir capa getməzdən öncə mənə buyurdu: “Səndə bir nəzər sal.” Mən Əl-Mizanın əhatəsinə vurğun olduğumdan onu alıb nəzərdən keçirdim. Öz fikirlərimi Əllaməyə bildirdim. Bəzən razılaşır, bəzən səhv etdiyimi bildirirdi. Onun məhəbbətindən ürəklənib bir təklif etdim, o da həmin nöqtəni dəyişdi. Sonra dostların arasında mənə təşəkkür olaraq buyurdu: “Misbah da bizim təfsirə şərik oldu.” Ustad şiə və sunnə əhli alimlərinin müxtəlif təfsirlərini geniş mütaliə etmişdir. Onun bu mütaliələri Qurani-kərimin müxtəlif mövzuları ətrafında təfsir dərslərində özünü göstərir. İlk təfsir dərsi Qum elm hövzəsindəki dərslər sayılır. Bu dərslərin dərin məzmunu ustadın ətraflı və dəqiq mütaliələrindən danışır. Belə ki, ustadın bəzi tədqiqatçı və mütəfəkkir şagirdləri onu Qurani-kərimin əsas təfsirçilərindən sayırlar.
Höccətül-islam vəl müslimin Ustad Fəyyazi təfsirçilərin əsərlərini uzun illər mütaliə edib araşdırmış bir şəxs kimi belə deyir: “Mən hazırda bu əqidədəyəm ki, tanıdığım alimlər arasında ən böyük təfsirçilərdən biri Ustaddır.” Yəni az adam tanıyıram ki, təfsiri içtihad üsulu və düzgün çıxarışlar əsasında onun kimi təfsir edə bilsin.

Fəlsəfə
Ustad Misbah vaxtının və elmi sərmayəsinin çoxunu bu sahəyə sərf edib. Fəlsəfəyə meylinin arxasında Əllamə Təbatəbaiyə heyranlıq və sevgi dayanır. Ustad Misbah “Əsfar” və “Şəfanı” Əllamənin hüzurunda öyrənib. O böyük alimin fəlsəfi üslubu əsasında özüdə bu sahədə bəzi yeniliklərə imza atıb. Beləcə Ustad elə bir mərtəbəyə çatıb ki, Qum elm hövzəsinin ən öncül İslam fəlsəfəsi ustadlıarından sayılır. Ustad Misbah öz ustadı Əllamə Təbatəbai kimi bu əqidədədir ki, İslam maarifi ilə daha yaxşı tanış olmaq üçün, eyni zamanda şübhələri cavablandırmaq üçün fəlsəfi mütaliə və araşdırmalara ehtiyac var. Fəlsəfi mütaliələr bu baxımdan öndə dayanır. Tələbələr İslami və fiqhi mətnlərlə tanış olmaqla yanaşı dini əqidənin müdafiəsinə qalxmaq üsullarına yiyələnirlər.
Ustadın fəlsəfi mütaliələrinin zəminələri çox kompakt və əhatəlidir. O İbn Sina, Bəhmən Yar, Şeyx İşraq, Fəxr Razi, Xacə Nəsirəddin Tusi, Əbul-Bərəkat Bağdadi, Mirdamad, Sədrul-Mütəəllihin Şirazi və Hacı Molla Hadi Səbzvari kimi mütəfəkkirlərin fəlsəfi kitablarını, onlara yazılmış haşıə və şərhləri mütaliə etmiş və araşdırmışdır. “Nəhayətul-hikmə” kitabının dəyərli haşıyəsini araşdıraraq redakta etmişdir. Onun bu sahədə baxışları dəyərli “Amuzeşi-fəlsəfə” (Fəlsəfə təlimi) kitabında fars dilində ərsəyə gəlmişdir.
Ustad İslam fəlsəfəsi ilə yanaşı qərb fəlsəfəsini də yetərincə mütaliə etmişdir. Onun qərb fəlsəfə məktəbləri haqqında şərhləri və qeydləri deyilənlərin aydın təsdiqidir.
Höccətül-islam vəl-müslimin Fəyyazi hazırda İslam fəlsəfəsi sahəsində nəzər sahiblərindəndir. Bu alim deyir: “Bizim üçün gərəkli və tərbiyəvi bir nöqtə Ustadın fəlsəfi məsələlərə analitik yanaşmasıdır. Fəlsəfi məsələlərin tədqiqində ona tənqid və dəyərləndirmə ruhu azad düşüncə hakim olmuşdur. Ustad hər bir mövzunu kamil aydınlaşdırdıqdan sonra onu diqqətlə dəyərləndirir. Yəni fəlsəfi düşüncə tarixini tənqidi olaraq nəzərdən keçirir. Fiqh və üsul sahəsində mövcud olan ictihad ruhiyyəsini Ustad Misbahın fəlsəfi uslubunda aydın müşahidə edirik. Bir fəqih məsələn Cəvahir Sahibi, Şeyx Ənsari və ya başqa böyük fəqihin nəzərlərini araşdırmaqla kifayətlənmədiyi kimi Ustad fəlsəfəni şərh etməklə kifayətlənmir. Araşdırmalardan sonra tənqid və iradların bəyanı gəlir.
Ustad Misbah çox cəsarətlə, əlbəttə ki, mütəfəkkirlərə ehtiramı gözləməklə onların fəlsəfi baxışlarını tənqid edir.
Xatırlayıram ki, Əllamə Təbatəbayi həyatda olduğu vaxtlarda Ustad buyurardı: “Əgər insanlar Əllamə Təbatəbai və cənab Behcəti tanısalar, onların ayaqqabısının tozunu gözlərinə sürmə çəkərlər.” Amma bu kimi ifadələrə baxmayaraq bu alimlərin elmi irsini tənqidi olaraq araşdırır. Ustadın alimlərin hörmətini gözləyərək azad düşünmək bacarığı onun hüzurunda bizə də sirayət etdi. Belə ki, fəlsəfədə də fiqh və üsulda olduğu kimi ictihadla meydana girdik. Əlbəttə ki, bu ictihad hər sahənin özünə uyğun formalaşır. Fiqhdə kitab, sünnə, elmi dəlillərdən istifadə ilə, fəlsəfədə düşüncədən yardım almaq ilə. İstənilən bir halda analitik yanaşmaq lazımdır. Ustadın tədris uslubu, səbəb oldu ki, Elmi araşdırmalarda mütilik ruhiyyəsindən xilas olaq. Artıq görürük ki, bizdə İbn Sina, Molla Sədra və başqalarının düşüncələri qarşısında mütilik hissi yoxdur. Bu, Ustad Misbahın dərslərinin bərəkətlərindəndir. O ötən illərdə öz tənqid, təhlil və təhqiq ruhiyyəsindən bizə də üfürmüşdür. Ustad Misbahda olan bu ruhiyyə səciyyəvidir və yalnız onun özünə xasdır.”
Ustad Fəyyazi ustad Misbahın fəlsəfi yaradıcılığı və ixtiraları haqqında deyir: “Ustadın fəlsəfədə olduqca yüksək düşüncəsi var. Onun bu düşüncəsi mövcud fəlsəfə sahəsindəki düşüncə ilə eyni deyil. Bu gün fəlsəfə sahəsində məsələn əjdahanın varlığı düzgün sayılır. Hansı ki, ustad bu mövzuya irad tutur və onu rədd edir. Bu mövzunun rədd edilməsi əjdaha məfhumunun fəlsəfədən rədd edilməsidir. Əlbəttə ki, əvvəllər Şəhid Mütəhhəri və mərhum Mustafa Xomeyni bu mövzuya oxşar münasibət bildiriblər. Onlar da qeyd ediblər ki, əjdaha mövzusu ilə bağlı heç bir dəlil yoxdur. Mən ustad Cəvadi Amuliyə mövzu ilə bağlı iradları sadalayanda o gülümsəyib buyurdu: “Ustadımız mərhum İlahi Qomşei də bu mövzunu qəbul etmirdi.”
Ustadın fəlsəfədəki yeniliklərindən biri də Molla Sədranın bir baxışı ilə bağlıdır. Bu, cismin yaradılması və ruhun əbədiliyi məsələsidir. Bu mövzu İslam fəlsəfəsində yeni ideya sayılsa da, Fəlsəfə sahəsində hörmətlə yad edilsə də, Ustad Misbah həmin nəzəriyyəyə qarşı bir sıra iradlar irəli sürmüşdür. Bu yeni baxış Ustada məxsusdur. Ona qədər kimsə belə bir münasibət göstərməyib.

Əxlaq və ürfan
Ustad Misbah Yəzdi öz ustadları sırasında Əllamə Təbatəbai, Ayətullah Ənsari Həmədani, Ayətullah-üzma Behcətin adını çəkir. Onları öz əxlaq və ürfan ustadları adlandırır. Ayətullah Behcəti Ustadın Əllamə Təbatəbainin əxlaq və ürfan dərslərində faydalanması haqqında deyir: “Mənim fikrimcə Ayətullah Misbah Əllamə Təbatəbaidən çox faydalanıb. Çünki o mərhum Əllamənin işaratı ilə şəri seyr-süluk və riyazətlə məşğul olub. Bundan əlavə elmi baxımdan da addım ataraq nəzəri və əməli ürfan sahəsində də Əllamə Təbatəbainin hüzurunda dəyərli əxlaqi və ürfani kitablar oxuyub.”
Höccətül-islam vəl müslimin doktor Əli Misbah Ustadın öz əxlaqi və ürfani təlaşları və mütaliələri barədə danışmaq istəmədiyini qeyd edərək onun dilindən bu bir neçə cümləni nəql edir: “ 32, 33-cü illərdə əxlaq mövzusunda mərhum Əllamənin hüzurunda həftəlik bəhsimiz vardı. Əvvəlcə Əllamə Bəhrul-ülumun risaləsi, sonra cənab Əllamənin əxlaqi və ürfani rəvayətlər məcmusu ətrafında bəhs edilərdi. Merac hədisi həmin rəvayətlərdəndir.
Həmin bəhslərdə Şeyx Əzizullah Xoşvəqt, Şeyx Əli Aga Tehrani Səadətpərvər kimi dostlar iştirak edirdi. Cənab Səadətpərvər Hafizin divanına şərh də yazmışdı. Həmin bəhslərdən Hacı Şeyx Həsən ağa tehraniƏbdül Məcid Rəşidpur, Seyid İbrahim Xosrovşahi (Şimiranda imam-camaatdır, “Əsfar” tədris edir), mərhum şəhid Şeyx Əli Ağa Quddusi, mərhum Şeyx Məhəmmədəli Vaiz Qummi də iştirak edirdilər.
Ustad Əllamə Təbatəbainin ümumi tövsiyələrini öz əxlaq dərslərində belə yada salır: “ Bu tövsiyələr başqalarının da ixtiyarında olan nəsihətlər məcmusudur. Yəni həmişə adı çəkilən haramların tərki və vaciblərin yerinə yetirilməsi mövzusu. İlk addım bu istiqamətdədir. Əllamə Təbatəbainin təkidlə tapşırdığı və diqqətlə yanaşanların fayda götürdüyü ikinci məsələ Seyyidüşşühədaya (ə) təvəssül idi. O Quran qiraətini və namazı ilk vaxtında qılmağı tövsiyə edirdi. Ustadının dilindən nəql edirdi ki, nəyim varsa Quran qiraəti və Seyyidüşşühədaya (ə) təvəssül hesabınadır. Namazın ilkin vaxta qılınması ilə bağlı mərhum cənab Qazidən nəql edərdi. Bu sözü mən başqalarından da eşitmişəm. Mərhum Qazi buyurub ki, namazı ilkin vaxtında qılıb ali dərəcəyə catmayan şəxs məni lənətləsin. Yəni o adamı eşitməyə hazıram, qoy ağzının suyunu üzümə atsın. Bəziləri ondan soruşublar ki, ilkin vaxt nama zdeyendə nafilələri də nəzərdə tutur? Cavab verib ki, nəzərdə tutduğu yalnız vacib namazdır.”
Əllamənin öz ustadından nəql etdiyi digər bir tövsiyə Aşura ziyarətinə diqqət yetirilməsi, xüsusilə Aşura günündən Ərbəinədək ziyarətnamə oxunmasıdır. Xüsuilə də gecə vaxtı yatmazdan qabaq dəstəmazla, üzü qibləyə, diqqətlə Quran oxumaq tövsiyəsidə var.

Müasir elmlər
Ustad Misbah Yəzd elm hövzəsinə daxil olduğu ilk ildən dərslərin mütaliəsi və təhsillə kifayətlənməmiş, elmə olan marağı səbəbindən fizika və kimya oxumuş, Mühəqqiqi Rəşti tərəfindən təşkil edilmiş Fransız və ingilis dili dərslərində iştirak etmişdir.
Qum elm hövzəsinə daxil olduqdan sonra həmin dövürdə Marksist düşüncəsi təbliğ olunduğundan ustad qarşıya cıxan sualları cavablandırmaq üçün qərb fəlsəfəsini öyrənməyi qarşıya məqsəd qoyur. O univarsitet təhsili almış şəxslərlə müştərək dildə danışmaq üçün humanitar sahədəki terminləri öyrənməyə başlayır. O bu mövzuda Ayətullah Şəhid doktor Behişti ilə məsləhətləşir və Qumda din və elm məktəbinin müdiri olan Şəhid Behişdinin təlaşı ilə hövzə alimləri üçün xüsusi kurs təşkil olunub. Bu kurslarda xarici dillər, orta təhsillə bağlı məlumatlar, fizika, kimiya, fəlsəfə, metodologiya, riyaziyat və sosiologiya tədris olunur. Kurslarda cənab Misbah Şəhid Doktor Müfətteh, cənab Nasir Məkarim Şirazi, cənab Şeyx Cəfər Sübhani, cənab Yəzdi, cənab Doktor Əhmədi, mərhum Heydəri Nəhavəndi iştirak ediblər. Proqram hazırlamaq, dərslərin təşkili ustad dəvət etmək şəhid Behiştinin öhdəsinə olub.
Ustad həmin kursların səmərəsini belə xatırlayır: “Bu kurslarda iştirak sayəsində günün terminalogiyası ilə tanış olduq. Belə ki, universitetin təzyiqləri ilə üz-üzə gələ bilirdik. Bizim verdiyimiz cavablar onların dilinə yaxın olduğundan daha asand qəbul edirdilər. Həmin addım sonrakı dövürlərdə hövzə ilə universitet arasında vasitəçiliyimizin sərmayəsi oldu. Sonradan hövzə və universitetin həmkarlıq mərkəzi açıldı.

Xarici dil
Ustad Yəzddə mərhum Mühəqqiqi Rəştinin dərslərində iştirak sayəsində Farnsız və ingilis dili ilə müəyyən həddə tanış oldu. O sonralar da ingilis dilində təhsilini davam etdirdi. Din və elm məktəbində isə ingilis dilini tələb olunan səviyyədə öyrəndi. İndi də fürsət düşən kimi öz biliklərini möhkəmləndirir. Ayətullah Məsudi Xopmeyni Ustadın ingilis dili öyrənməsi ilə bağlı bir xatirə danışır: “ 46-47-ci illərdə mərhum İmamın göstərişi ilə Sircana təbliğə getdim. Ezamiyətdə olduğum dövürdə cənab Misbahı iki dəfə çıxış üçün dəvət etdim. Ustad həmin vaxtlar Rəisi adlı bir müəllimdən ingilis dili öyrənirdi.”
Ustadın çalışqanlığı və ardıcıllığı onun istedadını və zehnini ingilis və fransız dillərinin mütaliəsi və dərkində daha da itiləşdirirdi. Onun əxlaq fəlsəfəsi, hüquq fəlsəfəsi, siyasi fəlsəfə, elm fəlsəfəsi, tarix fəlsəfəsi, mərifətşünaslıq, insanşünaslıq, sosiolojya, qərb fəlsəfəsi mövzularında yazdığı dəyərli əsərlər onun dərin və əhatəli biliyindən danışır.

Elmi yaradıcılıq
Ustad Misbahın humanitar elm sahələrində müstəqil baxışı, ixtiraçılığı, yaradıcılıqları var. Bu ixtiraların haqqında geniş danışmaq üçün ayrıca bir kitaba ehtiyac var. İnşaallah gələcəkdə onun dəyərli şagirdləri bu işi görərlər. Hazırda isə uyğun mövzuda bəzi nöqtələri nəzərdən keçiririk.
Söhbətimizin əvvəlində Ustad Misbahın fəlsəfi yaradıcılığı ilə bağlı ustad Fəyyazinin mülahizələrini nəzərdən keçirdik. Həmin mülahizələrdə ustadın geniş baxışı təsdiqlənirdi.
Höccətül-islam vəl müslimin Doktor Abbasəli Şamili ustadın öz doktorluğunu psixologiya və əxlaq ixtisası üzrə ali qiymətlə tamamlamış şagirdlərindən biridir. O doktorluğunu Kanadanın Məkgil universitetindən almışdır. O cənab ustadın psixologiya üzrə elmi yaradıcılığı haqqında deyir: “Ustad Misbahın ixtiraçılığı və yaradıcılığı, xüsusilə psixologiya və əxlaq sahəsində yenilikçiliyi hövzə və universitetin həmkarlığı ilə müxtəlif kitablarda əks olunmuşdur. Mənə elə gəlir ki, onun psixologiya və əxlaq sahəsində hələ bundan sonra deyəcəyi sözlər çoxdur. Ustad müxtəlif münasibətlərlə humanitar və ictimai elmlər haqqında düşüncələrini bəyan edir. Onun dedikləri psixalogiya və əxlaq sahəsində çalışanlar üçün istiqamətvericidir. Məsələn o insanın psixoloji sturukturunu aydınlaşdıranda xüsusi bir piramidanı misal çəkir. Mən bu barədə başqa yerdə oxumamışam. Başqa bir söhbətdə Məhərrəm ongünlüyündən birində danışarkən İslam mədəniyyətində sevinc və qəm mövzularına münasibət bildirir. Sevinc və qəmin amilləri və maneələri haqqında ustadın dedikləri psixoloqlar üçün yeni araşdırma mövzuları verə bilər.
Ustad Əhli-beytin (ə) tərbiyə üsullarını aydınlaşdırarkən dostluq və qardaşlıq nümunəsi olaraq çıxarışlar edir. Onun nəzərincə məsumların həyatından dörd dostluq modeli götürmək olar. Həmin modellər etiqadlar, dəyərlər, vaciblər və haramlar, rəftar qaydaları üzərində qurulmuşdur. Rəftar qaydalarında tərbiyəçi ilə şagirdin rabitə vasitələri nəzərdən keçirilir. Etiqadlar, dəyərlər və rəftar qaydaları İslam hökümləri çərçivəsindən kənara çıxa bilməz. Amma tərbiyəçi ilə şagirdin rabitə vasitələri dinin dərin meyarları ilə ölçülməyədə bilər. Bu əqidə ustadın yeniliklərindəndir. Bəndə əxlaq elmləri qrupunda təklif etmişəm ki, ustadın psixologiya və əxlaq sahəsində yeniliklərini anlamaq üçün bir neçə peşəkar seminar keçirilməlidir. Bu işdə suallar tərtib etməklə cənab Misbahdan mühakimə istənilməlidir. Ustadın düşüncəsini aydınlaşdıracaq ən üstün yollardan biri peşəkar seminarlar keçirməkdir. Aydın Məsələdir ki, ustad ümumi məclisdə danışarkən bütün düşündüklərini ortaya qoya bilmir. Bu səbəbdən də onun psixologiya və əxlaq elmləri sahəsində bir sıra düşüncələri qapalı qalır.
Höccətül-islam vəl-müslimin doktor Məhəmmədəli Şamili ustadın yaradıcı düşüncələrinə, əxlaq fəlsəfəsində ixtiralarına işarə ilə deyir: “Mən əslində ustad Misbahın tövsiyəsi ilə əxlaq fəlsəfəsi ixtisasını seçmişəm. Doktorluq işimin mövzusunu Mancester universitetində secmək istərkən xatırladım ki, mühüm mövzulardan biri əxlaqın nisbiliyi mövzusudur. əxlaqi dəyərlərin sabitliyki, ümumbəşəriliyi, əbədiliyi səhnədən çıxsa əxlaqa böyük zərbə dəymiş olar. Belə bir vəziyyətdə dini dəyərlərdən danışmağa dəyməz. Bu səbəbdən də əxlaqın nisbiliyi mövzusunu götürdüm, araşdırmanın sonunda bir fəsli əxlaq prinsiplərinə həsr etdim. İstəyirdim ki, əxlaq əsaslarının gerçəkliyini ortaya qoyum. Həmin bu hissədə İslam fəlsəfəsindən, xüsusilə Ayətullah Misbahın baxışlarından istifadə etdim. Əxlaq fəlsəfəsi haqqında alimlərimiz xeyli əsər yaradsalar da mövzuya günün prizmasından yanaşanlar az olub. Ayətullah Misbah əxlaq fəlsəfəsinə xüsusi bəhs ayırmış nadir insanlardandır. Onun bu mövzuda bəzi əsərləri nəşr olub, inşaallah bəzilərinin nəşrinə ümid edirik. Hər halda mən onun söhbətlərindən çox bəhrələnmişəm. Doktorluq işimdə qüsur qalmasın deyə onu mütəfəkkir alimlərimizə verib münasibət öyrənmək istədim. Həmin mütəfəkkirlərdən biri Amerikanın Corciya universitetinin fəlsəfə departamentinin rəisi professor Arinqton idi. Bu şəxs özü nisbiliklə bağlı bir neçə kitab yazmışdır. Mən ondan xahiş etdim ki, müdafiədən öncə işimi nəzərdən keçirsin. O qəbul etdi və bir müddət sonra mənə məktub göndərdi. O yazırdı: “Doktorluq işinizin ən maraqlı hissəsi onun son fəslidir. Bu mənim üçün təzə və maraqlı idi.” Söhbət həmin hissədən gedirdi ki, Ustad Misbahın baxışları əsasında tərtib olnumuşdu. Bu çox razılıqla qarşılandı və onun tamamlanması istənildi.

Tədris
Ustad Misbah nizamlı şəkildə Həqqani mədrəsisində tədrisə başlayıb. Bu işdə məqsəd ideoloji qüvvə tərbiyə etmək, inanclı insanlar yetişdirmək, İslam hökuməti üçün kadrlar hazırlamaq idi. Ustad bu mədrəsədə əvvəlcə Quran, təfsir və fəlsəfə dərslərinə başladı. Təfsir dərsi üç hissədən ibarət idi, bu dərslə yanaşı əxlaq mövzuları yer alırdı. Əxlaq dərsləri “Özünütərbiyə üçün özünütanıma” adı altında aparılırdı.
Ustad Misbah Şəhid Sədrin tərtib etdiyi “Ketabun fəlsəfətəna”, Əllamə Təbatəbainin “Bədayətul-hikmə” kiatblarını on il tədris edib.
Ustad bir müddət sonra Ayətullah Seyid Möhsin Xərrazinin təklifi ilə “Dər rahi-həqq” müəssəsilə həmkarlğı qəbul edir. Həmin insititutda təhsil bölməsi yaradaraq yuxarıda adı çəkilən kitabların tədrisinə başlayır. Ustad Misbah adı çəkilən kitabları dərslik kimi tətbiq edən ilk ustad olub. Ona qədər ciddi dərsliklər gözə dəymirdi. Əlbəttə ki, mərhum Əllamənin “Fəlsəfə və realizm üsulu” kitabı tədris edilirdi. Amma onun mətni farsca olduğundan hövzədə dərs kitabı kimi qəbul edilmirdi.
Həqqani mədrəsəsi, “Dər rahi həqq” müəssisəsinin dərs proqramlarından əlavə ustad “Əsfar” və “Şəfa” kitablarından da arzu edənlərə dərs keçirdi. Bu dərslər fəlsəfə üzrə ixtisas dərsi sayılırdı. “İslamın məqsədi və İslam inqilabının onunla rabitəsi” mövzusu Nyu-York universitetinin rəsmi dəvəti ilə Amerikada bəyan olunub.

Layiqli şagirdlər
Ustadın canıyanan və davamlı tədrisinin səmərəsi əlaçı və nümumə şagirdlərdir. Onlar İslam və İslam hökumətinin gələcəyi sayılırlar. Fikir yetkinliyi, bəyan gücü, yetərli dəlillər, azad rəy, İslam əxlaqı ilə zinətlənmiş xarakter, səliqə və tədbir ustadın dərslərində şagirdlər üçün ərməğan olan bir sərmayədir. Bütün tələbələr olanlarına görə özlərini ustadın davamlı zəhmətlərinə borclu bilirlər.
Ustadın şagirdlərinin bir çoxu hazırda cəmiyyətin yetkin alimləri kimi tanınır. Onlardan kiçik bir qurupunu yada salırıq:
Qum Elm Hövzəsinin tanınmış ustadı höccətül-islam vəl-müslimin, Qulamriza Fəyyazi, İmam Xomeyni təhsil və araşdırma institutunun Quran elmləri sektorunun müdiri höccətül-islam vəl-müslimin Mahmud Rəcəbi, Quran maarifi və İslam əxlaqı dərslərinin müvəffəq ustadı höccətül-islam vəl-müslimin Əkbər Mirsepah, İmam Xomeyni təhsil və araşdırmalar institutunun psixologiya qrupunun müdiri höccətül-İslam vəl-müslimin Seyid Məhəmməd Ğərəvi, elm hövzəsinin əxlaq ustadı doktor Mürtəza Ağatehrani, İslam mədəniyyəti və əlaqələr təşkilatının rəisi höccətül-islam vəl-müslimin Mahmud Məhəmmədi Əraqi, höccətül-islam vəl-müslimin Möhsin Ğərəviyan, Höccətül-islam vəl-müslimin Hüseyn İrani, höccətül-islam vəl müslimin Heydərəli Əyyubi, dəyərli alim cənab Əbürrəsul Übudiyyət, Cameətuz-Zəhranın rəisi, höccətül-ialam vəl-müslimin Seyid Məhəmməd Riza Təbatəbai, höccətül-islam vəl müslimin Nəyyiri, höccətül-ialam vəl müslimin Siddiqi, höccətül-ialam vəl müslimin Mübəşşiri höccətül-ialam vəl müslimin Müəyyidi, İslam şura məclisinin beşinci çağırış nümayəndəsi mərhum höccətül-islam vəl-müslimin Şahrudi, höccətül-ialam vəl müslimin Darab Kəlayi, höccətül-islam vəl müslimin İbrahimi Damğani, höccətül-islam vəl-müslimin Seyid Əbul-Həsən Nəvvab, höccətül-islam vəl-müslimin doktor Zaran, höccətül-islam vəl-müslimin doktor Abasəli Şamili, höccətül-islam vəl-müslimin doktor Əhməd Rahnomayi, höccətül-islam vəl-müslimin doktor Məhəmməd Fənayi, höccətül-islam vəl-müslimin Nəmazi, höccətül-islam vəl-müslimin Şimali və bir çox başqa alimlər və Quran təbligatçıları. Bütün bu insanlar öz elm və biliklərinə görə cənab Ustadın dərslərinə borclu olduqlarını düşünürlər.
Höccətül-islam vəl-müslimin Fəyyazi deyir:
“Ustadın dərsləri, xüsusilə maarif və “Özünü tərbiyə üçün özünü tanıma” dərsləri bizim üçün yenilik idi və bu dərslərdə eşitdiklərimizi başqa yerdə tapa bilməzdik. Həmd olsun Allaha ki, bu dərslər bizim üçün tale yüklü oldu. Quran maarifi dərslərini ustad özü tədris edirdi. Onun dini maarif və həzrət Mehdiyə (ə) dərin etiqadından rəng alan dərslərin xüsusi təsiri vardı. Tələbələrin büdrəmələrdən qurtuluşu, sağa-sola yönəlmələrdən xilas olması üçün hövzədə bu kimi dərslərə ehtiyac var.”
Höccətül-islam vəl-müslimin Seyid Məhəmməd ğərəvi deyir: “Ustadın əxlaq və Quran dərsləri, xüsuilə ən kiçik mübaliğədən uzaq şəxsiyyəti xüsusi təsirə malik idi. Ustad tələbələrin düşüncə və şəxsiyyətini elə formalaşdırmışdır ki, onların hər biri müsbət xüsusiyyətlərə görə özlərini ustada borclu bilirlər. Xatırlayıram ki, bəzi dostlar ustadın əxlaq dərslərinə aşiq olduqlarından böyük intizarla həftə boyu dərs gününü gözləyirdilər. Dərs gedişində tələbələrin fərqli bir ruhiyyəsi olurdu. Ustadın bu dərsləri xüsusi təsirə malik idi.”
Höccətül-islam vəl-müslimin Mahmud Rəcəbi deyir: “Dər rahi-həqq” müəssəsində təhsil kursu təşkil olunduqdan sonra ustadla tanışlığımızda yeni mərhələ başladı. Qəbul imtahanlarında iştirak edib bu mərhələni uğurla başa vurdum. Həmin mərhələdə ən çox faydalandığım ustad oldu. Məndə müsbət nə varsa, ustadın tədrisinin bəhrəsidir. Həmin dərslərdə iştirak edənlərin əksəri bu fikirdədir. Tələbələr bu qənaətdədirlər ki, ustadın Quran maarifi, özünütərbiyə və fəlsəfə dərsləri onların həyat və şəxsiyyətini formalaşdırıb, yeni ömür yolu açıb. Bəzi dostların təbirincə cənab ustadın bizim boynumuzda həyat haqqı var. Biz mənəvi, ideoloji, ruhani həyatımıza görə ustadın saf dini düşüncələrinə borcluyuq.”
Ustad Rəcəbi sözünün davamında ustadın elmi şəxsiyyəti ilə bağlı müəyyən qeydlər edir. Seçmə qaydada onları nəzərinizə çatdırırıq:
“Cənab Ustadın elmi şəxsiyyəti ilə bağlı üç əsas üzərində danışa bilərik.
1-ci əsas: Tələbələrin təlim-tərbiyəsində ixtiraçılıq;
2-ci əsas: Ustadın araşdırma fəaliyyətləri;
3-cü əsas; Ustadın müasir düşüncə və baxışları.
Üçüncü əsas ustadın fəlsəfi, kəlami təfsir mövzusunda əsərləri ilə bağlıdır. Bu kitablara müraciət edən hər bir şəxs həmin ixtiraları müşahidə edə bilər. Tələbələrin təlim-tərbiyəsində çox mühüm nöqtə budur ki, təhsil proqramlarının tənzimində istedadlar müəyyənləşdirilməlidir. İkincisi, bu işdə ehtiyaclar qiymətləndirilməlidir. Təhsil proqramlarının hazırlanmasında bu iki nöqtə olduqca mühümdür. Biz işləyəcəyimiz qüvvələrin istedad və gücünü tanımasaq şübhəsiz fəaliyyətlərimiz uğursuz olacaq. Eləcə də cəmiyyətin ehtiyacları, ictimai-siyasi, ideoloji durum düzgün qiymətləndirilməsə işimizin nəticəsi səmərəsiz olacaq. Bizim tərbiyə etdiyimiz qüvvə cəmiyyətin ehtiyaclarına cavab verməyəcək. Mənim nəzərimcə, cənab ustad öz təhsil və araşdırma proqramlarında bu iki nöqtəyə xüsusi diqqət yetirir. Nəzərdə tutulmuş hədəflərə catdıracaq proqramlar hazırlanır. İmam Xomeyni təhsil və araşdırma institutu İslam cəmiyyətinin dini maarifə ehtiyacını təmin edən ən müvəffəq qurum olmasa da, ən azı müvəffəq qurumlardan biridir. İnstitutun ilk təhsil mərhələsində mən də iştirak etmişəm. Ustad həmin mərhələdə tələbə seçimini hövzə müdərrislərinə tapşırmışdı. Yəni sinfin təşkil olunmasına xüsusi əhəmiyyət verirdi. Doktor Əhmədi, Ayətullah Xərrazi kimi mötəbər insanlar tələbələri tanıtdırırdılar. Tələbələr arasında cənab Məhəmmədi Əraqi, Fəyyazi, Ğərəvi, Mirsepah, Şəbzendedar, Mömin kimi insanlar vardı. Bu şəxslər bir neçə il fiqh və üsul xaric dərslərində iştirak etmişdilər və nəzər sahibləri tərəfindən təsdiqlənmişdilər. Bu adamlardan yazılı imtahan götürüldü, əlavə olaraq müsahibə alındı. Müsahibə çox ciddi aparılırdı. Cənab ustad Misbah Yəzdi özü də müsahibədə iştirak edirdi. Seçilmiş adamlardan istənildi ki, xaric dərslərdən qeydlərini də təqdim etsinlər. Beləcə, tələbələrin istedadı, gücü, həmin vaxtadək fəaliyyətləri tam müəyyənləşdirildi və yalnız bundan sonra tədrisə başlanıldı. Cəmiyyətin ehtiyaclarını öyrənmək baxımından ustad özü çox məlumatlı olsa da doktor Əhmədi kimi universitet ustadları ilə məsləhətləşmələr aparırldı. Ustad Misbah Yəzdi, mərhum Şəhid Behişti və mərhum Şəhid Quddusi kimi şəxsiyyətlərlə əlaqələri səbəbindən cəmiyətin ehtiyaclarını gözəl bilirdi. Əlavə məlumatlar yolu ilə tədris proqramında önəm veriləcək mövzular, hətta tədris dili təyin olumuşdu. Maraqlıdır ki, ilk dövrədə təhsil alanlar həmin mərhələdə öyrəndiklərini yekdil olaraq yüksək dəyərləndirirlər. Onlar deyirlər ki, həmin vaxtadək oxuduqlarından məhz həmin dövrədə öyrəndikləri ehtiyaclara cavab verib. Bu müvəffəqiyyətlərin səbəbi Ustad Misbah Yəzdinin cəmiyyətin ehtiyaclarını öncədən müəyyənləşdirməsi idi. Sonadək araşdırılmışdı ki, cəmiyyətin gələcəkdə nələrə ehtiyacı olacaq və nəticələr əsasında dərs proqramı hazırlanmışdı.
Ustadın proqramları çox aydın və dəqiq idi. Ustad hər şeyi sonadək hesablayıb plan cızırdı. Bizim vaxtımızda dərs proqramının böyük hissəsini fəlsəfə, xüsusilə tətbiqi fəlsəfə təşkil edirdi. Məsələn, “Fəlsəfətəna” kitabı bizim dərsliyimiz idi. “Eqtesadna” kitabı da bu qəbildəndir. Günün fəlsəfi məktəblərini, kapitalizm və marksist quruluşunu dərindən öyrənməyimiz nəzərdə tutulmuşdu. Bu mövzular əqli baxımdan işin əsası sayılırdı. Digər tərəfdən, dərs proqramlarında Quran maarifi mövzuları yer almışdı. Bu yolla araşdırmaçıların düşüncə bünövrəsi formalaşdırılırdı. Bu tədris proqramı ilə yanaşı əqli və nəqli mövzulara yanaşma üsulları tədris edilir, əql və nəqlin yeri açıqlanır. Ustad bu biliklər sayəsində bizi araşdırmalara sövq edirdi.
Ustadın tədrisində zərif nöqtələr vardı. O hər dərsdə püşk atıb iki-üç nəfər seçir və onlara dərsi xülasələşdirməyi tapşırırdı. Dərsin xülasəsi növbəti dərsdə nəzərdən keçirilirdi. Bu səbəb olurdu ki, tələbələr dərsə çox ciddi yanaşsınlar. Ustad özü də ciddi idi və müxtəlif yollarla bizi araşdırmaya sövq edirdi. Bəzən dərsin özündə tədqiqat işi tapşırar və işimizi izləyib zəruri tövsiyələr verərdi. Hər bir tələbə ildə bir dəfə araşdırma məqaləsi yazardı. Ən yaxşı məqaləyə mükafat verilirdi. Ustadın araşdırma üsulu çox səmərəli idi. Nisbətən uzun çəkən bu proses mərhələ-mərhələ yerinə yetirilirdi. Fəlsəfi dərslərdə bir formada, Quran maarifi dərslərində başqa bir formada araşdırma aparılırdı. Fəlsəfə mövzusunda, xüsuilə müasir fəlsəfə ilə bağlı ustad xeyli mənbə təqdim edirdi. Məsələn, realizm üsulu araşdırıldıqdan sonra məqalə yazmaq tapşırılardı. Quran maarifi dərslərində ilk mərhələdə ustad allahşünaslıq, quranşünaslıq, insanşünaslıq mövzularında təfsir dərsi deyərdi. Hansı ayələr barədə oxumağı tapşırardı. Bu mərhələlərdən sonra görülən iş nəzərdən keçirilər, tövsiyələr verilərdi. Növbəti mərhələdə mövzu təqdim edilər və mövzuya uyğun ayələr seçmək tapşırılardı. Görülmüş iş ustada təqdim ediləndə çox zəruri nöqtələr qeyd edərdi. Ayənin mövzuya uyğun gəlib-gəlmədiyilə bağlı danışar və bu yolla ayələrin kamil araşdırılması və dərkini öyrədərdi.
Digər bir nöqtə budur ki, ustad qrup işlərinə əhəmiyyət verərdi. Buyurardı ki, hövzədə fərdi iş çoxdur, qrup halında işçi ruhiyyəsi yaradılmalıdır. Bu məqsədlə qrup yığıncaqları keçirərdi. Hövzə və universitetin həmkarlıq ofisi yaradılanda müxtəlif qruplar təşkil edildi. Mən cənab Əraqi və Mirsepahla bir qrupda idim. Beləcə, nəzərdə tutulan iş qrup şəklində yerinə yetirilərdi.
Tədqiqatçı tələbələrin düşüncəsini formalaşdırmaq, onlara məntiqi nizam vermək ustadın dərslərində böyük əhəmiyyət verilən məsələlərdən idi. Bu yolla tələbələrin düşüncəsi məntiqi ardıcıllığa vərdiş verər və onlar pərakəndə danışmazdılar. Bu müvəffəqiyyətin əsas səbəbi ustadın öz baxışlarının nizamlı olması idi. Ustadın düşüncəsində prinsipial və praktiki mövzuların əlaqələndirilməsi bizə də sirayət etmişdi.
Tədrisdə çox gözəl bəyan ustadın digər xüsusiyyəti idi. Mətnlərdə artıq sözə yol verilməməsi bizim dərsə marağımızı artırırdı. Ustad hər bir dərsi ehtiyaca uyğun ortaya qoyurdu. “Özünütərbiyə üçün özünütanıma” dərsi sırf elmi mövzu olsa da əxlaqi dərs sayıldığından ustad bizə mənəvi təsir qoyacaq üsul seçərdi. Beləcə, fəlsəfə dərsləri bizdən diqqət və təfəkkür tələb edirdi. Ustad bizim diqqətimizi cəlb edəcək formada tədris edirdi. Bu onun fövqəladə bəyan gücünü, elmi qüdrətini, düzgün tədris üsulunu göstərirdi. Ustadın tədris xüsusiyyətlərindən biri də budur ki, qarşı tərəfin düşüncəsində şübhələrə yer qoymur. Onun söhbətlərində də bu xüsusiyyət var. Bir çoxları şübhələri cavablandıranda dinləyicinin düşüncəsində yeni şübhələr yaradırlar. Amma ustad Allahın lütfü ilə mövzuları o qədər aydın bəyan edir ki, yeni şübhələr yaranmır.
Ustadın elmi şəxsiyyətini gostərən nöqtələrdən biri onun araşdırma xüsusiyyətilə bağlıdır. Onun araşdırmada xüsusi diqqəti, elmi vəsvəsəsi, hövsələ və dözümü var. Öz tədqiqat işlərində heç vaxt səbrsizlik göstərmir. Biz Quran mövzusunda araşdırma aparmaq istədikdə buyurardı ki, hər bir mövzu üçün bir dövrə Quran oxumaq lazımdır. Yalnız bir-birinə olduqca yaxın və az fərqli mövzular istisnadır. Bu səbəbdən də təfsir qrupunda təhsil alanlar öz işlərində bu göstərişə əməl edərək 50-60 dəfə, bəlkə daha çox Quran oxuyardılar. Ustad bununla da kifayətlənməz, buyurardı ki, araşdırmaya son olaraq Quran bir dəfə də ümumi şəkildə oxunmalıdır. O bir nəfərin təklikdə mütaliə edib fikir bildirməsini yetərli saymırdı. Üç ya beş nəfərin mövzunu mütaliə edib bəhsə girişməsini tövsiyə edirdi. Əlbəttə bu diqqət və vəsvəsə vaxtında öz bəhrəsini verirdi. Bu mövzuda digər bir nöqtə ustadın düşüncə möhkəmliyidir. O buyurur ki, araşdırmaya, əmin olduğumuz məsələlərdən başlamalıyıq. Hər bir mövzu əminliyimiz olan mövzular əsasında həll edilməlidir. Bu üsul səbəb olur ki, məsələn, Quranda mütəşabehat mövzusunda araşdırmalar tədricən məfhumları tam aydınlaşdırsın. Bu üsulla ustadın bütün baxışlarında rastlaşa bilərik. Məsələn, o Quran maarifi mövzusunda bütün söhbətlərə möhkəm əsaslar üzərində başlayır, sonra nəzərdə tutulan məsələni nəzərdən keçirir. Bu üsul düşüncə möhkəmliyinə səbəb olur.
Ustadın digər xüsusiyyəti biliklər və üsulların sərhəddini gözləməsidir. O təfsir dərsində Qurani-məcidin “Ali-imran” surəsinin 7-ci ayəsindən danışarkən buyurur: “Elmdə “rasixun” dedikdə hər bir elmin sərhədini tanıyanlar nəzərdə tutulur. Bu insanlar insan mərifətinin ixtiyarında olan vasitələrin sərhədini tanıyırlar. Onlar anlayırlar ki, Qurandakı bəzi məsələlərin dərki insan mərifətinin gücündə deyil. Bu özü həqiqət göstəricisidir. İnsanın bir mövzunu dərk etməməsi həmin mövzunun yanlış olduğunu göstərmir. Elmdə “rasix” olmaq o deməkdir ki, mən öz biliyimin sərhəddini tanıyım. Ustad bu əsasla buyurur ki, mövzunun dərkində öz üsulumuzu işə salmalıyıq. Əgər öz üsulumuz nəticə versə yaxşıdır, amma verməsə deyə bilmərik ki, fəlsəfə üçün aydın olan mövzu ayədə hökmən təsdiqlənməlidir. Fəlsəfi məsələ öz yerində düzgündür. Amma ayə başqa bir mövzunu işıqlandırmaq qəsdində ola bilər. Bir çox təfsirçilər öz ixtisas biliklərini təfsirə tətbiq edir onun təsiri altına düşürlər. Məsələn, təfsirçi ədibdirsə, öz təfsirində daha çox ədəbiyyata yer verir. Təfsirçi filosofdursa, Mola Sədra kimi ayələri fəlsəfi təfsir edir. Bu sayağı yanaşmada təfsirçi həqiqi mənadan uzaqlaşa bilər. Ustad Misbah Yəzdinin təfsirə yanaşması belə deyil. O, fəlsəfi mövzulara tam varid olsa da təfsirdə yalnız təfsir üslubundan faydalanır. Çalışır ki, mətni anlama üsulu ilə hərəkət etsin.
Ustadın təhqiqat mövzularında mövcud olan xüsusiyyətlərdən biri ixtisasa ehtiramla yanaşı elmi bitərəflikdir. O, araşdırma zamanı araşdırmanın tələbini ortaya qoyur. Onun araşdırmaya olan marağı bu işə təsir göstərmir. Aydın məsələdir ki, Ustad Misbah filosofdur və bu ixtisasa bağlılığı var. Amma təfsir mövzusunda bu marağına meydan vermir. Bir baxışı qəbul etməyəndə və ya onun tənqidində elmi bitərəf mövqe tutur. Danışan və ya yazan şəxsin kimliyindən asılı olmayaraq ustad deyilən sözə fikir verir. O ən qatı düşmənin də sözünü əsazsız rədd etmək marağında deyil. Ustadın elmi cəsarəti onun qarşı tərəfə ehtiramını əskiltmir. Bu xüsusiyyət onu başqalarından fərqləndirir. Ustad Misbah elmi cürətinə görə bir çox yeniliklərə imza atmışdır. Uzun illər doğru sayılmış nəzəriyyələri elmi dəlillərlə inkar etmək ustad üçün cətin olmayıb. Ustadın təhqiqat üsulunda səciyyəvi xüsusiyyətlərdən biri məntiqi nizam, düşüncə ardıcıllığıdır. Onun nəzərdən keçirdiyi mövzular xüsusi məntiq çərçivəsində olur. Quran maarifi bəhsində allahşünaslıqdan danışarkən qətiyyətlə bəyan edir ki, hazırkı işimiz Quran maarifini nizamlı şəkildə təqdim etməkdir. Fəlsəfi mövzular da bu qəbildəndir. Ustad xüsusi fəlsəfi düşüncə nizamında öz görüşlərini ortaya qoyur, müəyyən görüşləri tənqid edir. Biz bu sayağı ardıcıllığı başqa mütəfəkkirlərdə az görürük.
Ustadın yaradıcılıq və ixtiraçılıq cəhəti ilə bağlı üçüncü əsas haqqında danışarkən üç zəminə nəzərdən keçirilir:
Əvvəlcə yeni baxışların kəşfi və təqdimi: Ustad Misbah həm fəlsəfə, həm maarif, həm ictimai-siyasi mövzularda bu vaxta qədər təsadüf olunmamış bir baxışa malikdir. Quran mövzusunda bəhslərdə, məsələn, təhəddi ayələrindən danışarkən “Quranşünaslıq”, kitabında ətraflı açıqlanmış bir baxış ortaya qoyur. Bu baxış həm yenidir, həm də başqa baxışlarla müqayisədə nöqsansızdır.
İkincisi, planlaşdırma, nəzəriyyəçilik və modelçilikdə yaradıcılıq: Bir çox İslam ideyalarının bir-biri ilə rabitəsi aydın deyil. Ustad bu ideyaları xüsusi bir modelə çevirmişdir. Onları bir çərçivəyə salmış, yeni üsulda nizamlamışdır.
Üçüncüsü, yazıda yenilik: Ustad Misbah yazıda da yenilikçidir. Hövzədə dərs mətnləri olmayan bir zaman o əqidə və fəlsəfə kitablarını dərs mətnləri şəkilinə salmışdır. Bu mətnlər yazı baxımından yeni formadadır. Ustadın yazıları da bəyanı kimi nüfuzedicidir. Dərslərdən birində şahid olmuşam ki, ustadı sevməyənlərdən birindən onun bəyanı və yazısı haqqında soruşulduqda belə cavab verdi: “O, bəyanı kimi aydın yazır. Ustad Misbahın bəyanı və yazısı ən üstün formadadır.”

Əsil ustad
Höccətül-islam vəl-müslimin Mirsipah ustadın başqa bir xüsusiyyəti, onun tədris və şagird tərbiyə etməsi haqqında danışır. Onun bu barədə müsahibəsinin xülasəsini nəzərdən keçirək:
Ayətullah Misbah sözün əsil mənasında ustaddır. Bu sözdə heç bir mübaliğə yoxdur. Bu sözü təsdiqləyəcək nümunələr çoxdur. Onların bir neçəsini nəzərdən keçirək. Yadımdadır ki, bir dəfə iradıma ustad cavab verdi, amma mən qane olmadım. Dərs başa çatandan sonra istirahət etdiyi otağa getdim və iradımı təkrarladım. O yenə də həmin cavabı verdi. Mən narahatlıqla ərz etdim: “Ustad, nə üçün cavabınız məni qane etmir?” Tələbənin bu şəkildə etirazı çox ustadları narahat edərdi. Amma cənab Misbah səbrlə buyurdu: “Bilirsinizmi qane olmamağınızın səbəbi nədir? Mən dediyim sözdə bir məna nəzərdə tuturam, siz onu başqa mənada qəbul edirsiniz. Bu səbəbdən də cavabım qaneedici olmur. Propblemi aradan qaldırmaq üçün deyiləni eyni şəkildə anlamağa çalışaq.” Bir qədər fikirləşib anladım ki, qane olmamağımın əsas səbəbi deyilənləri fərqli anlamağımdır.
Xatırlayıram ki, qarşıma suallar çıxanda ustadın diqqətinə çatdırardım və o da həvəslə cavab verərdi. Amma bəzi qərəzli adamlar onun dözümsüz olduğunu, başqaları ilə söhbətdə səbirli olmadığını deyirlər. Ustad nəinki suallarımızı səbirlə cavablandırır, hətta diqqətimizi artırırdı. Çünki o sözün əsil mənasında ustad idi. Dəfələrlə mənə belə demişdi: “Söhbətə diqqətlə qulaq as, qeydləri dinlə.” Biz söhbət zamanı edilən qeydlərə diqqətli olanda problem həll olurdu, heç bir sualımız qalmırdı.
Bir məclisi də xatırlayıram, həmin məclisdə olanların demək olar ki, hamısı ustadın şagirdləri idi. İctimai bir mövzu ilə bağlı bir şəxsin adı çəkildi və əksəriyyət həmin adamı tənqid etdi. Ustad Misbah sakit dinləyirdi. Məclisin sonunda onun münasibətini soruşdular. O bizim hamımız üçün ibrətamiz olası aydın münasibət bildirdi. O həmin şəxs barədə söz demək əvəzinə məclisin qüsurunu zərif şəkildə bəyan etdi. O buyurdu: “Bir insan haqqında mühakimə apararkən əvvəlcə özünüzü onun yerinə qoyun. Görün siz onun yerinə olsaydınız bir şey edə bilərdiniz? Sonra tənqidə keçin.” Ustadın bu tövsiyəsi məclisdəkilərə çox təsir etdi.
Ustadın kamilliyini göstərən nöqtələrdən biri də onun ardıcıl şəkildə sinifdə iştirakı idi. O həmişə sinfə vaxtında gəlirdi. Sinifdə olduğu müddətdən səmərəli istifadə edirdi. Yəni dərsin əvvəlindən və ya sonundan kəsməzdi. İmtahan vərəqlərini, araşdırma işlərini çox diqqətlə nəzərdən keçirərdi. Həqqani mədrəsəsində təhsil aldığımız vaxt sayımız iyirmi nəfər olardı. Araşdırma işlərimizi eyni vaxtda ona təqdim edirdik. Özünüz fikirləşin, hərə əlli səhifə yazı versəydi, onlara baxmağa nə qədər vaxt lazım idi? Maraqlıdır ki, o bu işi vaxtında görər, bütün yazıları qiymətləndirərdi. Hətta hər bir yazı barədə ayrıca fikir söyləyərdi.
Kamil ustaddan gözlənilən digər xüsusiyyət tələbələrə iradların səmimi bəyanıdır. Ustadda bu xüsusiyyət vardı. Kimdənsə əvəz çıxmaq, kimisə kiçiltmək fikri olmazdı. Tədrislə məşğul olanlar üçün faydalı bir xüsusiyyəti də yada salmaq yerinə düşər. Ustad şagirdlərini dərk edirdi. Mən bu nöqtəni onda çox görmüşəm. Bir müddət elə düşünürdüm ki, mən çox sual verdiyimdən ustad mənə diqqətlidir. Sonra səhv etdiyimi anladım. Ustad bütün şagirdlərə diqqətli idi. Hər şagirdlə onun ruhiyyəsinə uyğun rabitə qururdu. Şahidi olduğum bir əhvalatı yada salmaq istəyirəm. O, imtahan götürəndə yarım il üçün iki-üç sual verərdi. İmtahanlardan birində iki sual verdi. Şagirdlər həm özlərini sınamaq, həm də ustadı razı salmaq istəyirdilər. İstəyirdilər ustad bilsin ki, hər şeyi başa düşürlər və ustadın zəhməti boşa getməyib.
Mən birinci sualı düzgün anlamışdım və düzgün də cavab verdim. İkinci sualda isə qaranlıq nöqtə qalmışdı. Sual sadə idi. Amma mən öncədən mühakimə yürütdüyümdən inanmırdım ki, ustad belə sadə sual verə bilər. Bu fikirlə də sadə sualı mürəkkəb düşünüb ona iki səhifəlik cavab yazdım. Otaqdan cıxanda tələbələrin söhbətindən anladım ki, cavabım düzgün olmayıb. Çox narahat oldum. Əvvəla ustad cavabımı görəndə düşünəcəkdi ki, zəhməti boşa çıxıb və mən yaxşı hazırlaşmamışam. Digər tərəfdən ustada yaxınlaşıb bir söz desəydim düşünə bilərdi ki, qiymət üçün çalışıram. Qərara gəldim ki, nə olubsa olub, bir söz deməyim. Hücrəyə gələndə hiss etdim ki, ürəyim doludur, bir yerdə qala bilmirəm. Ayağa qalxıb ustadın evinə getdim. Qapını döydüm, özü qapıya gəldi. Məni otağa dəvət etdi. Narahatlıqla dedim: “Əvvəlcədən deyim ki, qiymət almaq üçün gəlməmişəm.” O səbirlə buyurdu: “De görüm nə olub?” Əhvalatı danışdım. O sonadək üzündə təbəssüm məni dinlədi. Sonra sözə başladı: “Sizdən bir gileyim var.” Dedim ki, buyurun. Ustad buyurdu: “Nə üçün bu fikirdəsiniz ki, mən qiymət üçün gəldiyinizi düşünəcəyəm? Doğurdanmı məni bu qədər diqqətsiz hesab edirsiniz? Yəni o qədər diqqətsizəm ki, işlədiyim adamları tanımıram?! Gərək bu barədə danışmayaydınız. Mən əminəm ki, siz qiymət üçün gəlməmisiniz...”
Ustad elə tərzdə danışdı ki, vücudumu qəribə bir rahatlıq bürüdü. Mənzilindən çıxanda tam yüngülləşmişdim. Sonralar öz-özümə düşünürdüm ki, ustad qəribə insandır, insanı necə də yaxşı dərk edir. Ustad mənim həssas adam olduğumu bilirdi. Buna görə də sözünü giley adı ilə dedi. O mənim kimi, tələblə danışmadı. İstəyirdi ki, qəlbimdəki narahatlığı kökündən qoparsın. Başqaları ilə də onları dərk edərək münasibət qururdu.
Ustadın dəyərli işlərindən biri də bizi müxtəlif terminlərlə tanış etməsi idi. Onun bu işi “Amuzeşi-fəlsəfə” kitabında öz əksini tapıb. Ustad buyururdu ki, bir terminin müxtəlif mənalarına diqqətsizlik böyük zərərlərə səbəb ola bilər. Onun “cəbr” sözü haqqında danışdıqlarını xatırlayıram. Ustad buyururdu ki, biz bu sözü deyəndə bir cür deyir, eşidəndə başqa cür eşidirik. Bir cəbr psixoloji mənadadır, başqa biri kəlami mənada. Biz hansını nəzərdə tuturuq? “Əql” sözü haqqında buyurardı: “Əql sözü ayə və rəvayətlərdə, seyr-süluk, əxlaq alimlərinin dilində bir məna daşıyır, məntiq və fəlsəfədə başqa bir məna. Əqlin fəlsəfədə bir neçə ifadəsi var. Əlbəttə ki, son dövürdə bəzi araşdırma metodlarına riayət edildiyindən bu məsələyə diqqət artıb. Amma tələbələrin qürbət içində olduğu qədim dövrdə uyğun xatırlatmaların qiyməti böyük idi.