Ayətullah Behcət barəsində

Televiziya və radio şirkətinin Ayətullah Misbah Yəzdi (daha da izzətli olsun) ilə müsahibəsi

Mövzü: Cənab Ayətullahul-üzma Behcətin həyatı (daha da izzətli olsun)


Cənab Ayətullahul-üzma Məhəmməd Təqi Behcət Fuməni

Rəhman və rəhim Allahın adı ilə

İlahi övliyaların həyatı digər insanlar üçün nümunədir. İnsanlar bu şəxslərin həyatını öyrənməli, özləri üçün nümünə seşməlidirlər. Bəndələrin təlim-tərbiyəsi üçün onlar Allahın böyük nemətlərindəndir. Bizim dövrə aid olan, belə şəxsiyyətlərdən biri də cənab Ayətullah Behcətdir. Bu şəxs bir çox cəhətlərdən insanlar üçün nümünə ola bilər.
Mən Quma gəldiyim 1331-ci ildən onunla tanışam. 1332- ci il biz Höccətiyyə mədrəsəsində təhsil alırdıq və onun evi mədrəsənin kənarında yerləşirdi. Demək olar ki, hər gün onu həm yolda, həm də hərəmdə ziyarət edirdim. Onun ruhani və nurani siması tamaşa edənlər üçün cazibəli idi. Oturuşu, duruşu, hərəkətləri və dayanışı diqqəti çəkirdi və xüsusi mənəvi fəzada yaşadığını, məsələlərə, hadisələrə başqalarından daha yüksək fəzadan baxdığını göstərirdi.
Bu alicənab şəxsin ibadətlərə, sübhdən oyanmağa, həzrət Məsuməni (sə)ziyarət etməyə və hər gün yerinə yetirdiyi digər ibadi proqramlara verdiyi diqqət, əhəmiyyət insanın fikrini ona yönəldən ilk şeylərdən idi. Xüsusilə özünü islah üçün nümünə tapıb ona ardıcıl olmaq istəyənlər bu şəxsə doğru daha çox cəzb olunurdular. Bütün bunlardan əlavə onun xüsusi diqqəti və nüfuzlu baxışları, qarşı tərəfi cəzb edən bir şey təsiri qoyurdu. Onun bu xüsusiyyətləri marağımızın daha da güclənməsinə və onun kimliyini, hansı xüsusiyyətlərə malik olduğunu öyrənməyimizə səbəb oldu. Onunla rabitədə olduqlarını güman etdiyimiz tanışlar və dostlardan məlumat aldıq və elmi, mənəvi baxımdan yüksək bir şəxs olduğu bəlləndi. Tədricən, bəzən evinə gedib nəsihətlərindən istifadə etmək üçün icazə aldıq. İcarəyə tutduğu evin deyəsən təkcə iki otağı var idi. Biz oturduğumuz otaqda pərdə çəkilmişdi və bu pərdənin arxasında onun ailəsi yaşayırdı. Biz isə pərdənin o biri tərəfində onun əzəmətli ruhundan bəhrələnirdik. O çox sadə, bər-bəzəkdən uzaq və bir dünya nuraniyyət, mənəviyyət dolu həyat sürürdü. Daha sonralar bizə dərs keçməsini arzuladıq və istəyimizi ona bildirdik. Ayətullah Bürucerdinin seçilmiş, üstün şagirdlərindən və onun dərsinin tanınmış, seçilmiş təşkilatçılarından idi. İlk olaraq bizi cəzb edən onun mənəvi və ruhani cazibəsi oldu. Lakin tədricən bu şəxsin elmi və fiqhi baxımdan da çox yüksək dərəcəyə sahib olduğunu bildik. Elə buna görə bizə dərs keçməsini istədik ki, həm məlumatlarından bəhrələnək həm də mənəvi, ruhani kəlamlarından faydalanmaq üçün bir bəhanəmiz olsun.
“Təharət” kitabını Feyziyyə mədrəsəsindəki hücrələrdən birində başqa bir neçə dostla birlikdə onun yanında oxumağa başladıq. Feyziyyə mədrəsəsində keçən bir ildən sonra mərhum Ayətullah Bürucerdi mədrəsəsi adlanan Xan mədrəsəsində də ondan bir-iki il dərs aldıq. Sonralar cismi baxımdan zəiflədiyi üçün evində hüzuruna gedirdik. Beləcə, “Təharət”i yanında başa vurduq. Daha sonralar “Məkasib” və “Xiyarat”ı yanında oxuduq. Bu isə təqribən 15 il davam etdi. Bu illərdə, onun dərslərində bir çox digər dərslərdə çətin əldə olunan dəyərlərdən faydalandıq.
Ayətullah Behcət məsələni açıqlayarkən ilk öncə mövzunu mərhum Şeyx Ənsarinin kitabı üzərində izah edir, hər yerdə başqalarının (xüsusilə “Cəvahirin” sahibi və “Təharətdə” mərhum Ağa Rıza Həmədani) mövzu ilə bağlı diqqəti cəlb edən və seçilən sözlərini nəql edirdi. Sonda isə öz xüsusi fikrini deyirdi. Bu üslüb səbəb olurdu ki, eyni bir mövzü haqqında böyük ustadların nəzərləri bilinsin və vaxta qənaət olunsun. Digər ustadların da cəlbedici tədris üslubları var idi. Onlar hər bir ustadın fikrini ayrılıqda açıqlayırdılar. Əlbəttə, bu daha çox vaxtın sərf olmasına və bəzi məsələlərin təkrar xatırlanmasına səbəb olurdu. Dərs zamanı ustadlardan şifahi olaraq öyrəndiyi çox dəyərli, dərin və misilsiz dəqiqliyə malik nöqtələrdən, incəliklərdən istifadə edirdik.
Bu uca məqamlı şəxsiyyət fiqhdə Ağa Şeyx Məhəmməd Kazim Şirazidən (mərhum Şeyx Mirza Məhəmməd Təqi Şirazinin şagirdi) bəhrələnmişdir; bu şəxs Nəcəfi- əşrəfin seçilmiş, çox böyük ustadlarından hesab olunurdu. Üsul elmində isə mərhum Ağa Nainidən və sonralar daha çox mərhum Ağa Şeyx Məhəmməd Hüseyn İsfəhanidən (Kompani) istifadə etmişdir. Əlbəttə, mərhum İsfəhanidən daha uzun müddət və daha çox faydalanmışdır.
O rəftar baxımından da mərhum Ağa Şeyx Məhəmməd Hüseyn İsfəhanidən çox təsirlənmişdir. Çünki bəzən onun haqqında müəyyən sözləri çox təəccüblə deyirdi və sonralar həmin nümunələri öz rəftarında görürdük. Bütün bunlardan məlum olurdu ki, bu ustad onun mənəvi şəxsiyyətinin formalaşmasında təsirli olmuşdur. Belə buyurduqlarını xatırlayıram: ”Mərhum Ağa Şeyx Məhəmməd Hüseyn elə bir şəxs idi ki, onun elmi fəaliyyətlərini görənlər gecə-gündüz mütaliə və araşdırmadan, , ibadi proqramlarından xəbər tutanlar isə ibadətdən savayı heç bir iş görmədiyini güman edərdi.”
Onun elmi fəaliyyətlərə nə dərəcədə ciddi yanaşması barəsində bir əhvalatı xatırlamağımız münasib olar:
Həzrət Ayətullah Behcət mərhum Ağa Şeyx Məhəmməd Hüseyn İsfəhanidən nəql edir ki, o buyurdu: “Mən 13-il mərhum Axund Xorasaninin (“Kifayə” kitabının müəllifi) dərslərində iştirak etdim. Bu 13-il ərzində yalnız bir gecə dərsdə iştirak etməyə müvəffəq olmadım. Həmin gecə Kazimeynə ziyarətə getmişdim və vaxtında qayıda bilmədim. Geri qayıtdığım zaman onun bu gecə hansı məsələləri açıqlayacağını güman etdim və güman etdiklərimi yazdım. Elə ki, Nəcəfə gəldim dostlarla danışdım və onun həmin gecə açıqladığı məsələlərin təqribən hamısını yolda yazdığımı gördüm. Demək olar ki, dərsdə olan bütün söhbətlər mənim yazdıqlarımda var idi.
O, ustadın dərsini əvvəlcədən yazmağa qadir elmi dərəcəsinə baxmayaraq bir dərsin belə əldən çıxmamasına çalışırdı.
Maraqlıdır ki, ağa Şeyx Məhəmməd Hüseyn Şeyxin “Məkasib”inə yazılmış ən dərin mənalı əsərlərdən sayılan haşiyəsini və həmçinin “Kifayə”yə yazdığı haşiyəni 27 yaşınadək qələmə almışdır. Adi insanlar belə bir elmi yol getmək istəsələr bəlkə də əlli, altımış yaşlarında da buna nail olmayalar. Ayətullah Behcət həmçinin nəql edir ki, bu elmi fəaliyyətləri ilə yanaşı Aşura ziyarəti və Cəfər namazı mərhum Ayətullah İsfəhaninin gündəlik adi proqramlarından idi. Cümə axşamları Nəcəfin alimləri və böyük şəxsləri bir qayda olaraq rövzə məclisi keçirirdilər. Bu məclisdə təvəssül edirdilər. Məclis dostların, ustadların və şagirdlərin bir-birləri ilə görüşməsi üçün zəmin yaradırdı. Mərhum ağa Şeyx Məhəmməd Hüseyn həmişə samavara baxar, ayaqqabıları cütləyərdi. Bununla yanaşı dili daim hərəktdə idi və çox tez-tez nəsə oxuyurdu. Biz bilmirdik ki, onun bu qədər mühüm saydığı, oturduğu, durduğu halda təkrarladığı zikir hansı zikirdir. Ağa ilə daha yaxın münasibəti olan dostlardan biri (güman ki, mərhum ağa Şeyx Əli Məhəmməd Bürucerdi) soruşdu:” Salamlaşıb, kef-əhval soruşduğunuz vaxtlarda belə tərk etmədiyiniz bu zikir hansı zikirdir?” O gülümsədi və bir qədər düşündükdən sonra buyurdu:” Yaxşı olar ki, insan hər gün min dəfə “inna ənzəlna”nı oxusun.”
Həzrət Ayətullah Behcət bu kimi ustadların nəzarəti altında tərbiyə almışdır. Buna görə həm elmi fəaliyyətləri çox müqəddəs bilir və mütaliə, dərs, elmi mübahisəni əhəmiyyətli sayır, həm də namaz, ziyarətlər, təvəssüllər kimi sırf ibadi yöndə olan ibadətlərə ciddi yanaşır. Mərhum Şeyx Məhəmməd Hüseyn və digər ustadlardan (mərhum Naini kimi; onun barəsində üstün əxlaqi nöqtələr nəql edirdi) faydalanmasından başqa mərhum ağa Mirza Qazidən də birbaşa faydalanmışdır və onun yanında şagirdlik etmişdir. Mərhum Qazi mənəvi və irfani cəhətdən insan tərbiyəsində çox üstün idi. Mərhum Əllamə Təbatəbai, mərhum ağa Şeyx Məhəmməd Təqi Amoli, mərhum Ayətullah Bürucerdi və hətta bəzi mərcələr əxlaqi və irfani baxımdan ondan faydalanmışlar. Əlbəttə, bu böyük şəxslərdən əlavə başqa şəxsiyyətlər də həzrət Ayətullah Behcətin həyatında əhəmiyyətli rol oynamışlar. Ayətullah Behcət bəzən bu şəxslərlə bağlı maraqlı nöqtələr nəql edirdi. Misal olaraq mərhum ağa Şeyx Mürtəza Taliqani və başqalarını demək olar. O belə nəql edirdi: ”O vaxtlar bir şəxs Əmirəl-mömininin (ə) hərəmində səhərlər, vitr namazının qunutunda kimlərin “Əbu həmzə” duasını oxuması ilə maraqlanır. Məlum olur ki, yetmiş nəfərdən çox qunutda bu duanı oxuyurmuş. Beləliklə, həmin dövrdə mənəvi və ibadi baxımdan zəngin olan böyük şəxslər çox olmuşdur. Təəssüf ki, hazırki dövrdə bu kimi şəxslər az müşahidə olunur. əlbəttə qeyb elmi yoxumuzdur! Bəlkə də o vaxtlar bu kimi ibadətləri daha çox hərəmdə yerinə yetirənlər bu gün evdə yerinə yetirirlər. Lakin istənilən bir halda tam əminliklə demək olar ki, ibadi və mənəvi əməllərə diqqət tənəzzülə uğramışdır. Bu isə çox təəssüfdoğrucu bir haldır.
O, sonra fiqh sahəsində Ayətullah Bürucerdidən faydalandı. Bütün bunlara görə ağa Mirzə Məhəmməd Təqi Şirazinin dəqiqliyi, (onun üstün şagirdi ağa Şeyx Məhəmməd Kazimin vasitəsi ilə) mərhum Ağa Naininin və mərhum Ağa Şeyx Məhəmməd İsfəhaninin yeniliyi və mərhum ağa Qazinin mənəvi tərbiyəsi onda cəmləşmişdi. Bu ustadlar hərtərəfli şəxsiyyətin yaranmasına səbəb olmuşlar. Bu isə dövrümüzdə çox böyük nemətdir. Yaxşı olar ki, onların həyatlarının hər anından istifadə olunsun, xüsusi ilə tələbələr və mənəviyyat sorağında olanlar onların dəyərini bilsinlər. Uca Allah bu böyük ustada insan səyi ilə qazanılan deyil, ilahi vergi olan fitri istedad və xüsusi bir xarakter əta etmişdir. O xüsusi bacarıq və fərasətə malikdir. Fərdi, ictimai, hətta siyasi məsələlərdə xüsusi agahlığa, duyum və uzaqgörənliyə malikdir. Elmi və ibadi məsələlərdə qərq olmuş şəxsin bu incəlikləri gözdən qaçırmayıb dərk etməsi insanda təəccüb yaradıb. Onu uzaqdan ibadət və dərs halında görənlər siyasi məsələlərdən o qədər də yaxşı baş çıxarmadığını düşünə bilərlər. Lakin bəlkə də sizin üçün bilməyiniz maraqlı olar ki, ən azından məni siyasi və ictimai məsələlərə ən çox həvəsləndirən şəxs o olmuşdur. Müxtəlif şəkillərdə dostlara və dərsdə iştirak edənlərə bu kimi məsələlərə əhəmiyyətlə yanaşmağı tövsiyə edirdi. Qeyd edirdi ki, əgər mənəvi məsələlərə bağlı olmayan şəxslər bu işlərlə məşğul olsalar bir gün cəmiyyətin idarə olunması yadların əlinə düşəsidir və onlar cəmiyyəti düzgün yoldan çıxaracaqlar. Məsələn, fiqh dərsini yazmağa, elmi mübahisəyə ciddi yanaşmağa təkid etdiyi və əxlaqi nəsihətlər verdiyi kimi siyasi və ictimai məsələlərdən (xüsusi ilə mədəniyyət sahəsində) kənar qalmamağı da tövsiyə edirdi. Hətta bəzən həmin siyasi məsələlər barəsində cənab İmam Xomeyniyə (r) xüsusi ismarıclar göndərirdi. Bir dəfə mən və dostlardan biri uyğun ismarıcların cənab İmama (r) göndərilməsində vasitə olduq. Cənab İmam da (r) ona xüsusi hörmət bəsləyirdi. Əlbəttə mən şəxsən özüm ondan bu barədə nəsə eşitməmişdim. Çünki ustadlara mane olub, sual soruşmağı rəva bilmirdim. Adətən, xatırladıqlarım müşahidə etdiklərim, ya da ustadların özlərinin bəyan etdikləridir. Mərhum ağa Mustafa İmamın (r) dilindən nəql edirdi: ”Həzrət İmam (r) mərhum Ayətullah Bürucerdi ilə yaxın münasibətdə olduğu üçün ağa Behcətin sadə həyatına kömək olaraq bir qədər pul almışdı. Lakin ağa Behcət pulu qəbul etmədi, İmam isə pulu geri qaytarmağı məsləhət bilmirdi. “Mən öz malımdan sizə hədiyyə edirəm və icazə verin bunu geri qaytarmayım”, deyib israr etdi. Mərhum Ağa Behcət pulu həzrət İmamın şəxsi malından olan bir hədiyyə kimi qəbul etdi.
Cənab İmamın (r) yanına çox get-gəl edən dostlardan biri, müqəddəs hərəmin müdiri cənab Məsudi idi. O nəql edirdi ki, bəzən İmam (r) xüsusi problemlə qarşılaşdıqda, yaxud ağır xəstələndikdə məni Behcət ağanın yanına göndərirdi. Bir neçə dəfə onun yanına getdim və o İmamın qurban kəsməsinin lazım olduğunu dedi. Mən İmamın göstərişi ilə tapşırıq aldım ki, bir qoyun alıb, Ayətullah Behcətin göstərişinə uyğun formada qurban edim (xatırladığım iki hal xəstəliklə bağlı idi). Mərhum ağa Mustafa Xomeyni alicənab mərhum atası haqqında nəql edirdi ki, o, cənab Ayətullah Behcətin çox uca mənəvi məqamlara sahib olduğuna inanırdı. Atasından ağa Behcət haqqında nəql etdiklərindən biri də bu idi ki, cənab Ayətullah Behcət ixtiyari ölümə sahibdir; yəni istədiyi vaxt ruhu bədəndən ayırmağa və yenidən qaytarmağa qüvvəsi var. Bu böyüklərin irfani seyr-süluk (seyr və seyr olunan mərhələlər) yolunda əldə etdikləri uca məqamlardandır. Həmçinin tövhidi maarifdə olan digər mənəvi məqamlar. Mənim nitqim bu zəmində danışmaq üçün bacarıqsızdır. Bu məsələni də eşitməsəydim özümü bu barədə danışmağa layiq bilməzdim. Təəssüf ki, uzun illər xidmətində, hüzurunda olmağımıza baxmayaraq bizə də bir lütf etməsinə, nəsə öyrətməsinə, əlimizi tutub məsələn hansısa bir məqama çatdırmasına layiq olmadıq. Əlbəttə, dualarına şamil olduğumuz üçün Allaha şükür edirik. Necə ki, indi də onun dualarından faydalanırıq. Lakin şəxsi olaraq istifadə etmədik. Bunlar mənim və mənim kimilərin düzgün təsəvvür edə bilməyəcəyi məqamlardır. Lakin ilahi övliyalar onların həqiqətinə çatmışlar. Qərəzli olmayanlar və düzgün yollarla məlumat əldə edənlər bu məqamları inkar etmirlər.
Cənab Behcətə qeyri-adi inanan şəxslərdən biri də ağa Qazinin irfani və mənəvi məsələlərdə canişini ağa Şeyx Abbas Quçani idi. O, Nəcəfdə olurdu və övladı Hacı Ağa Mahmud hal-hazırda ordunun müştərək, birgə təşkilatında vəliyyi-fəqihin nümayəndəsidir. O, atası hacı Şeyx Abbasdan nəql edirdi ki, ağa Behcət çox cavan yaşlarında, hələ 20 yaşı olmamış ( hələ saqqalı tam çıxmamışdı, sözlərini işlətdiyini xatırlayıram) bəzi məqamlara çatmışdı. Mən onunla yaxın rabitəm və səmimi dostluğuma görə bundan xəbər tutdum. O məndən şəri əhd, söz aldı ki, nə qədər ki həyatdadır bu hadisəni bir yerdə danışmayım ( fikrimcə həmin ixtiyari ölüm məsələsini açıqlayırdılar). 20 yaşı olmamış bu məqamlara çatmış bir şəxsin 80 yaşında, seyr-ösülük, Allaha bəndəlik yolunda və vəzifələri ciddiyyətlə yerinə yetirməklə keçirdiyi uzun ömürdən sonra ilahi yaxınlığın hansı dərəcələrinə çatdığını güman etmək olar.
Həmin pak və mənəviyyat dolu ruh səbəb olur ki, onu görən hər bir pak mömin cəzb olsun; xüsusilə əgər bu şəxs onun ibadi halını görmüş və namazında iştirak etməyə nail olsa. Bu isə çox böyük bərəkətlərin səbəbidir. Bu Allahın bu dövrün bəndələrinə olan nemətlərindəndir, üstün bəndələr başqalarının qarşısında ibadətləri yerinə yetirirlər, insanlar da belə halların yalnız xəyal yox, gerçəklik olduğunu görürlər; əlbəttə bunlar onların kamillik dəryasından bir damcıdır. Bəlkə də başqalarına əyan etmək üçün bundan çoxuna icazələri yoxdur.
Onun xüsusiyyətlərindən biri budur ki, mənəvi məqamları bildirməkdən, aşkarlamaqdan çox çəkinir və gizlətməyə çalışır. Çox az olur ki, elə bir formada rəftar etsin və ya danışsın ki, qarşı tərəf onun qeyri-adi iş gördüyünü hiss etsin. Hər halda yaxınları onunla yaşadıqları, ünsiyyətdə olduqları uzun illər ərzində bəzən başqalrında olmayan qüvvə və məlumata sahib olduğunu qəti bildirən hadisələrlə rastlaşmışlar.
Dərslərdə əxlaqi və mənəvi məsələlərdən bəhrələnmək üçün bir neçə dəqiqə daha çox vaxtın almağa çalışırdıq. O da adətən dərsdən öncə sinfə gələr və müxtəlif formalarda, (əksər hallarda, bəlkə də daim) dolayı yolla nəsihətlər verərdi. Hədis oxuyardı, yaxud kimdənsə tarixi bir əhvalat nəql edərdi. Lakin bu hədis və ya tarixi əhvalatın bizim keçmişdəki rəftarlarımızla bağlılığı var idi. Elə bil bizim rəftarlarımızı açıqlayırdı. Əgər rəftarlarımızda bir nöqsan var idisə bir hədis və ya bir tarixi hadisə danışmaqla xatırlatma verirdi. Dostların hamısı bu nöqtəni başa düşürdülər. Onlar deyirdilər ki, o bizim həyatımıza və həyatdakı çətinliklərimizə aid olan sözlər deyir, bu hədis və əhvalatları deməklə çətinliklərimizi həll edir, nöqsan və səhv varımızsa onun barəsində xatırlatma verir. Onun başqaları ilə belə rəftarı insanları tərbiyələndirmək üçün idi. Birbaşa “ fılan işi görün”, yaxud “görməyin” ya da “fılan işi görmüşsünüz” demirdi. Hədis və əhvalat deməklə insanı öz işindəki nöqsandan xəbərdar edirdi və onu özünü düzəltməyə hazırlayırdı.
Başqa bir məsələ onun həzrət Məsumənin (ə) hərəmini ziyarəti idi. Qırx ildən çoxdur ki, onu taniyıram. Hər gün sübh hərəmə getmək onun proqramlarındandır. Təqribən qırx il öncə gündəlik bir proqrama əsasən hər gün hərəmə gedir və sübh çağları Cəfər namazı və sair ibadətləri yerinə yetirirdi. Axşamüsü isə proqramına əsasən qürubdan öncə Səfaiyyə xiyabanı tərəfdə gəzişirdi. O vaxtlar bu binalar, park və sair tikililər yox idi. Səfaiyyə körpüsünün yaxınlığından sonra əkin sahəsi idi. Əkin sahələrinin bir çox hissəsini keçdikdən sonra Kaşana gedən dəmir yoluna çatırdıq. Bütün bu məsafə isə əkin sahəsi idi. Qürüba yaxın bura qədər piyada gəlib, həmin məkanda şam namazını qılırdı. Onunla görüşə maraqlı olan bəzi dostlar ( bir, iki nəfər) onunla birlikdə namaz qılırdılar. Çöllükdə olmasına baxmayaraq namazda qəribə halda olurdular. Dostlardan biri deyirdi ki, bir axşam namazdan öncə belə buyurdu: “Əgər aləmdəki padşahlar ibadət halında hansı ləzzətlərə çatmağın mümkün olduğunu bilsəydilər heç zaman maddi işlərin ardica getməzdilər.” Uzun müddət sonra onun üçün kiçik bir ev (hal-hazırda yaşadığı məkan) hazırlandı. Əvvəllər Qum Ərəbistanı məhəlləsi tərəfində, bazarın arxasında icarəyə tutulmuş mənzildə sakin idi. Təqribən otuz neçə il öncə kiçik bir ev aldılar. Bu mənzilin atasının irsi və mülkü olduğunu, yaxud kiminsə onun üçün aldığını dəqiq bilmirəm. Bura daha yaxın olduğu üçün əksər dostlar namaza onun evinə gedirdilər. Daha sonra onu Fatimiyyə məscidinə çağırdılar. Bu məkan onun namazında iştirak etmək istəyənlərin toplandığı yer idi. O vaxtdan indiyədək otuz ildən çoxdur ki, Fatimiyyə məscidində üç vaxt namaz qılırlar. Daha sonra dərsini də məsciddə keçirdi. Hal- hazırda görüşlər və əzadarlıq mərasimləri həmin məsciddə keçirilir. Çünki evinin tutumu çox deyil. Mənzil 40, 50 il öncədən sahib olduğu qədimi kilimlərlə döşənilmiş iki, üç kiçik otaqdan ibarətdir. Mərcəiyyətə çatdıqdan sonra onun evində heç bir dəyişiklik olmayıb. Görüşə gələnlər üçün xüsusi bir yer yoxdur. Bu səbəbdən bayramlarda da onu ziyarət etmək istəyənlər həmin Fatimiyyə məscidində hüzuruna gəlirlər. Fikrimcə onun mərcəliyi qəbul etməsi kəramətlərindən idi; yəni 80 yaşındakı həyat şəraiti onun belə bir məsuliyyəti öhdəsinə götürməsini tələb etmirdi. Onu tanıyanlar mərcəiyyət bayrağını çiyinlərində daşıyacağının mümkünlüyünü güman etmirdilər. Şübhəsiz, bu məsuliyyəti qəbul etməsinə səbəb yalnız öhdəsinə düşmüş vəzifə hissi idi. Qeyd etməliyik ki, bu dövrdə təqvası, pəhrizkarlığı və yüksək rəftarı hamıya sübut edir ki, mərcəi-təqlid olub, eyni zamanda əvvəlki kimi sadə yaşamaq mümkündür; həyat tərzində, mənzil, yemək və geyimdə heç bir dəyişiklik etmədən yaşamaq. Onunla əlaqədə olanlar bəzən onun tərəfindən kəramətlər və qeyri-adi işlər müşahidə edirdilər; baxmayaraq ki, o həmişə çalışırdı elə bir formada rəftar etsin ki, qeyri- adi bir işin baş verməsi məlum olmasın. Bu hadisələrdən biri həzrəti İmamaın (r) sürgündə olduğu vaxtlara aid olur. O vaxtlar cənab İmama maraq göstərən bir çox böyüklər rejim tərəfindən müxtəlif işkəncələrə məruz qalırdılar. Bu şəxslər müxtəlif bəhanələrlə çağırılırdı və bir kəlmə söz alınan kimi minbər onlara qadağan olunurdu; sürgün və həbsə göndərilirdilər. Xatırlayıram ki, mərhum cənab Qüddusinin idarə etdiyi və cənab ağa Cənnətinin dərs keçdiyi ( mən isə onların xidmətində olurdum) Müntəziriyyə mədrəsəsində ağa Cənnəti təqib olunurdu. Onu tutdular. Ehtimallara görə ona çox işkəncə verilməsi gözlənilirdi. Bu isə nigarançılıq yaratmışdı. Hamımız onların bəzi məsələlərdən xəbər tutub ağa Cənnətiyə çox işkəncə verə biləcəklərindən nigaran idik . Ağa Behcət bir az düşündü və buyurdu: “İnşallah onun azadlıq xəbərini mənim üçün gətirin.” Onun bu buyruğu ağa Cənnətinin tezliklə azad olacağına və heç bir problemin olmayacağına bir işarə idi. Əlbəttə, bu sözü hər bir kəsin deməsi mümkündür. Lakin vəziyyət elə idi ki, bu söz bizim üçün bir müjdə oldu. Biz onun nə isə bildiyinə və ağa Cənnəti üçün heç bir problem yaranmayacağına əmin idik. Belə düşünməyimizə dəlilimiz bu idi ki, bəzi hallarda müəyyən şəxslər üçün dua istəyirdik. o isə bir söz demirdi və sonralar bu şəxslərin tezliklə azad olmadıqlarını müşahidə edirdik.