Beşinci dərs

Həmd, şükür və sənanın fərqləri

 


بسم الله الرحمن الرحیم


Qarşınızdakı cənab Ayətullah Misbah yəzdinin hicri-şəmsi 89.05.26 (qəməri 1431-ci il mübarək ramazan ayının 7-ci gecəsi ilə eyni vaxtda) tarixində əzəmətli rəhbərlik məqamının dəftərxanasında söylədiyi nitqin xülasəsidir. Ümid edirik ki, bu tövsiyələr bəsirətimizi artırsın və hidayət, səadət yolunda nurlu çıraq olsun.

Həmd, şükür və sənanın fərqləri

Həzrət Zəhranın (s.ə) əzəmətli xütbəsi barəsində söhbət etmək üçün elə bir üslub seçirik ki, nə çox vaxt aparacaq qədər uzun, nə də mövzunun haqqı əda olmayacaq qədər qısa olsun. Allahdan tövfiq istəyirik ki, bu əzəmətli xütbəni orta həddə olan üsulla izah edə bilək.
Həzrət Zəhranın (s) mübarək xütbəsi əksər nəqllərə görə uyğun cümlələrlə başlayır: “Əlhəmdulillahi əla ma ənəmə və ləhul şukru əla ma əlhəmə və-lsənau bima qəddəmə.” Birinci cümlənin mübtədası həmd, ikinci cümlənin mübtədası şükür, üçüncü cümlənin mübtədası isə səna kəlməsidir. Ümumi olaraq bu üç kəlmə arasında qoyula biləcək fərq belədir: “Səna” uyğun kəlmələr arasında daha ümumi mənaya malikdir. Ərəb dilində istənilən növ tərif və mədh üçün “səna” kəlməsindən istifadə etmək olar; istər ağıllını, istər ağılsızı, istər canlını, istər cansızı, istər ixtiyarla olan işi, istər qeyri-ixtiyari olan işi bu kəlmə ilə mədh edib alqışlamaq olar. Lakin həmd kəlməsi şüurlu və öz ixtiyarı ilə yaxşı iş görəni mədh etmək üçün istifadə olunur; görülmüş yaxşı işi mədh edib alqışlayan üçün bu işin faydasının olub-olmamasının fərqi yoxdur.
Lakin şükür kəlməsi həmd kəlməsindən daha xüsusi mənaya malikdir; şükür kəlməsi yaxşı iş görənin əməlinin nəticəsi mədh edib, alqışlayana aid olduqda istifadə olunur.
Digər bir nöqtə bu üç kəlmənin, həmd, şükür və səna kəlmələrinin cümlədəki ardıcıllığı ilə bağlıdır. Nə üçün ilk olaraq həmd, sonra şükür, daha sonra səna kəlməsi işlənmişdir? Bəlkə səbəb budur: Həzrət Zəhra (s.ə) Allahı mədh edir və Allah həyatın, elmin özüdür. Allah həyatın, qüdrətin, elmin ən üstün mərtəbəsinə sahibdir. Təbii olaraq insan Onu yaxşı və ixtiyari işlərinə görə mədh etməlidir. Allahın qeyri-ixtiyari işi yoxdur. Allah tərəfindən baş verən bütün yaxşı işlər onun ixtiyarı ilə olur və Allah məcburi olaraq nəsə etmir. Demək, həmd kəlməsi Allahın mədhi üçün münasib kəlmədir. Allah da Quranda öz sözünü həmdlə başlamışdır. Cümlənin ikinci hissəsində özünə aid olan xüsusi əta və bəxşişlərə görə Allaha təşəkkür etdiyi üçün şükür kəlməsindən istifadə edir. Belə bir halda şükür kəlməsi daha münasibdir. Allaha həmd deyib, xüsusi nemətlərinə şükür etdikdən sonra bu mədhi ümumiləşdirmək istəyir (xüsusi zikirdən sonra ümumi zikir kimi) və “səna” kəlməsindən istifadə edir.

Həyat ən böyük ilahi nemət

Nəzərə alınmalı üçüncü nöqtə budur ki, həzrət buyurur: “Əlhəmdu lillahi əla ma ənəmə” (Həmd olsun Allaha verdiyi nemətlər üçün)
Allahın gördüyü bütün yaxşı işlər bəndələr üçün nemətdir; demək bir şəxs Allaha həmd deyirsə, onun bu işdə stimulu ilahi nemətlərə olan diqqətidir. Bəs nemət nədir? “Ənam” yəni nemətin əta olunması. Nemət kəlməsinin lüğətdə kökü (ن ع م ) yumşaqlıq və mülayimlik mənasındadır. “Nəumət” kəlməsi də həmin kökdəndir. Yumşaq, lətif parça yaxud gül yarpağını vəsf etmək istədikdə bu kəlmədən istifadə edirlər. Nemətlərin “nemət” adlanılmasının səbəbi budur ki, nemət onu alan şəxs üçün münasib, faydalıdır və onun üçün lətifdir. Əgər şəxs üçün zərərli bir şey olarsa bu halda ona “nemət” demirik. Bu kəlməni elm əhlinin dili ilə mənalandırmaq istəsək, belə deməliyik: nemət bir şeyin kamilləşməsi üçündür.
Həm kamillik özü mövcud üçün nemətdir, həm də onun kamilliyinə səbəb olan; lakin ziyan və nöqsana, yaxud kamilliyin yox olmasına səbəb olarsa bu halda nemət hesab olunmayacaq.
Dəqiq elmi bir təhlillə belə demək olar: Mövcudun kamillikləri bizim üçün bəyənilmiş, istəniləndirsə bu halda vücudun özü ikiqat bəyənilir və istənilir; həmin səbəbdən hər bir canlı mövcud bacardığı qədər həyatını qoruyub diri qalmağa çalışır; hətta həşəratlar da mümkün qədər hərəkət edirlər ki, bəlkə bir an artıq yaşadılar. Bu səbəbdəndir ki, həyat ən çox bəyənilən və istənilən şeylərdəndir. Demək, vücudun kamillikləri insan üçün bəyənilmiş və nemət olduğu kimi vücudun özü də onun üçün nemətdir.
Elmi təhlilə ehtiyac olan, kəlmələrin və ümumi adi anlayışların mövzunun tam mənasını çatdıra bilmədiyi bu kimi hallarda kəlməni elə bir formada işlədirik ki, mənanı anlada bilsin. Deyirik ki, Allah bizə vücud verib. Biz nəyik ki, Allah bizə vücud versin?! Allah bizə vücud verməmişdən öncə biz bir şey deyildik. O zaman ki, deyirik: Allah bizə vücud verir, bu “biz” nədir ki, Allah ona vücud verir? Bu “biz” və “vücud” yalnız elmi təhlildə bir-birlərindən ayrılır, yoxsa “biz” həmin bizim vücudumuzdur. Ola bilər mahiyyətlə vücudun ayrılması buradan başlanır. Qurani-kərimdə də vücudla bağlı həmin ibarələrdən var. “Yasin” surəsinin 82-ci ayəsində buyurulur: “Bir şeyin var olmasını istədiyi zaman Onun (Allahın) əmri və məqamı ona ancaq: «Ol!» – deməkdir. O da dərhal olar.” Allah nəyisə yaratmaq istədikdə ona deyir: “Ol!” O da olur. Allah ol deməmişdən öncə bir şey deyildi ki, “ona” ol desin; Allahın ol dediyi kimdir? Həmin yerdə ki, buyurur: Allah “ona” deyir, bu “o” kimdir? Bu hər bir şeyin Allahın iradəsindən aslı olduğunu anlatdıqda məcburi olaraq istifadə etiyimiz açıqlamadır. O zaman ki, demək istəyirlər: “Allah hər nəyə desə “ol” o da olur”, məcburi olaraq (mövcud olmamasına baxmayaraq) fərz etməliyik ki, bu bir mahiyyət və bir şeydir. Bunlar zehnimizin anlayışları daha yaxşı araşdıra bilməsi üçündür. Əqli mövzularda da vücudla mahiyyət arasında qoyulan fərq və bu kimi məsələlər həmin qəbildəndir; bu səbəbdən deyirik: Onların biri etibari, o biri isə həqiqidir.
Uzun ömür, daha çox qüvvə, daha çox elm və sair bu kimi kamilliklər nemət olduğu halda mənim həyatım özü nemət deyilmi?! Bəli, nemətdir, bəlkə ən böyük nemətdir. Allahın varlıq və həyat verdiyi hər bir şey üçün ən böyük neməti həmin həyatdır. Allahın məni yaratması və mənim varlığım hər şeydən çox şükür istəyir; çünki bizim olanlarımızın hamısı bu vücudun kənarında olanlardır; onlar vücudu kamilləşdirdiyi üçün bəyənilir, istənilir. Allahın hər an bizə həyat verməsi özü nemətdir. Əgər bir dəqiqə dayandırsa heç nə olmayacaq. Bütün bunlar uca Allahın bizə daimi lütfləridir. Allahın vücudumuz, şüurumuz, sağlamlığımız və sair bu kimi nemətləri ixtiyarımızda qoyduğunu düşündükdə belə deməliyik: “Əlhəmdu lillahi əla ma ənəmə” (həmd olsun Allaha verdiyi nemətlərə görə)

Gördüyünüz kimi, nemət üçün bir lüğət mənası əldə etdik. Bu məna bir şeyin onunla münasib olan digər bir şeylə müqayisəsindən əldə olundu. Daha sonra elmi bir analizlə onun mənasını ümumiləşdirdik və nəticədə vücudun özünə də şamil oldu.
Bəzi yerlərdə nemət başqa mənada da işlədilir. Aləmdə baş verən və bizə aid olan hadisələr bir baxışdan iki qismə bölünür: Nemət və bəla. Bizim öz dərkimizə əsasən ilk olaraq xoşumuza gələn və ləzzət aldığımız şeylər nemət hesab olunur. Bu qəbildən olmayanları isə (xəstəliklər, çətinliklər, təhqirlər və sair) nemət hesab etmirik; əksinə bəla adlandırırıq. Lakin Quranın bizə öyrətdiyi tövhid baxışından daha dəqiq bir məsələ əldə olunur. Əldə olunan məsələ budur ki, insanın xoşladığı və nemət hesab etdiyi bir çox şeylər onun imtahan vasitəsi olur. Lakin o imtahandan keçə bilmir və süqut edir; məsələn insanın varlı olmaqdan xoşu gəlir, lakin paxıllığa və vacib hüquqların tərkinə səbəb olan sərvət nemət hesab olunurmu?! Dünya və axirətdə insanın bədbəxtliyinə səbəb olan (insanın ləzzət almasına baxmayaraq) nemət hesab olunurmu?! Digər bir tərəfdən insan kasıblıq, xəstəlik, problemlər və sair bu kimi bəzi şeyləri xoşlamır; lakin insanın həm dünyada inkişaf etməsinə, möhkəmlənməsinə, təcrübə əldə etməsinə, həm də axirətdə bir çox savablar qazanmasına səbəb olarsa, bu halda zahirən bəla kimi görünən çətinliklər həqiqətdə bəladır, yoxsa nemət?!

Bəziləri deyirlər: İnsanın ilahi yaxınlığa çatmaq üçün istifadə etdiyi hər bir şey həqiqi nemətdir. Ləzzətverici, eyni zamanda insanın bu nemətləri ona verdiyi üçün Allaha şükür etməsinə səbəb olan, lakin sonda axirət əzabı ilə nəticələnən şeylər nemət deyil.

Həqiqi nemət

Burada iki mövzudan söhbət olunur. Hər iki mövzunun ürfi (kütlənin anladığı) yönü yoxdur. Əqli analiz olunası məsələlərdir və bu məsələlər uyğun ixtilafları həll edə bilər. Bu aləmdə bəzi şeylər özləri bizim üçün hədəfdir; yəni həmin şeylərə tərəf ona görə gedirik ki, onları istəyirik. Eyni zamanda bir çox şeylər bəyənilir, bir çox hallarda ləzzətverici olur, lakin bütün bunlara baxmayaraq bizim əsas hədəfimiz hesab olunmur; əksinə, daha uca bir hədəfə çatmağımız üçün vasitə sayılır. Məsələn, dərmandan istifadə edən xəstənin hədəfi sağlamlıq əldə etməkdir. Onun bu səyləri onun üçün zatən arzu olunan deyil; əksinə başqa bir şey səbəbindən istənilir, tələb olunur. Zatən istənilən sağlamlıqdır.
Hər bir insan bir sıra işləri özü üçün zatən istənilən, bəyənilən bilir və həmin işlər onun üçün əsas hədəf olur. Kafirlər üçün həmin dünyəvi ləzzətlər zatən istəniləndir. Ümumiyyətlə onlar ləzzət almaq üçün yaşayırlar və ayrı bir şey istəmirlər! Lakin dünya ləzzəti mömin üçün zatən istənilən deyil; çünki o bu dünyanın başdan-başa bir müqəddimə və vasitə, əsas məqsədin isə ayrı bir yer olduğunu bilir. Əgər mömin imanına uyğun əməl edərsə, dünyada olan heç nəyə zatən istənilən, tələb olunan şey kimi baxmayacaq. O hər şeyi həmin əbədi nəticə üçün istəyəcək. Mömin üçün istənilən, tələb olunan əbədi səadətdir. Bu ötəri işlər onun üçün bir vasitədir. Demək, burada iki cür nemət görürük: Zatən nemət olan və bir vasitə kimi nemət olan. Yəni mömın üçün həqiqi nemət son kamilliyə çatmaqdır və qalan hər bir şey onun üçün bir vasitə kimi nemətdir. Bu təhlil, analiz üçün Quranın dəlili “Həmd” surəsindədir. Biz hamımız ən azından gündə on dəfə “Həmd” surəsini oxuyub, deyirik: “Bizi doğru yola hidayət et, nemət verdiyin şəxslərin yoluna.” Biz namazda Allahdan amerikalı varlıların yolunumu istəyirik?! Təəssüf ki, bəzi tanınmış şəxsiyyətlər bu ayəyə istinad edərək belə deyirlər: “Bəli, mal toplamaq yaxşıdır; sərvət, var-dövlət Allahın nemətidir və biz namazda deyirik ki, İlahi, bizə nemət verdiyin şəxslərin yolunu göstər! Yəni bizə öyrət ki, necə sərvət əldə edək; əlbəttə halal sərvət!” Lakin Quran özü Allahın nemət verdiyi şəxslərin kim olduğunu göstərir; Quranda bu barədə buyurulur: “Allaha və Onun Peyğəmbərinə itaət edənlər (dünya və axirətdə) Allahın nemət verdiyi kəslərlə – peyğəmbərlər, doğruçular, şəhidlər, əməllərə şahid olanlar və saleh insanlarla – birlikdədirlər...” (“Nisa, 69)
Allah 4 qrupa nemət verib: Peyğəmbərlər, sadiqlər, şəhidlər, salehlər. Namazda “bizi nemət verdiyin şəxslərin yoluna yönəlt” dedikdə məqsəd budur ki, bizə uyğun 4 qrupun yolunu göstər; nə dövlətlilərin, nə qərb sərmayədarlarının, nə də zalımların yolunu! Axı bunlar əzab və bədbəxtlik yoludur!
Bizim namazda istədiyimiz bu nemət möminin istədiyi həmin son və zatən istənilən nemətdir; yəni son məqsədə çatdırdığın kəslərin yoluna hidayət etmək neməti. Quran özü bu insanları 4 qrupa bölür. Sonra deyir ki, bəzi insanlar həmin 4 qrupdan olanlara qoşulacaqlar və onlara qoşulmağın şərti Allaha və peyğəməbərə itaətdir. O məqam həmin 4 qrup üçündür və biz Allah tövfiq versə, özümüz çox səy etsək, Allaha, peyğəmbərə itaət etsək, onlarla birlikdə olmağa layiq olacağıq. Demək, nemət Allahın peyğəmbərlərə verdiyidir və qalanları məcazi olaraq nemət adlanır. Bu baxımdan insanı son məqsədə çatdıran nemətdir. Əgər bir şey insanı həmin məqama çatdırmazsa təsirsiz və dəyərsizdir. Əgər insanın kamilliyə çatmasına mane olarsa insan üçün ləzzətli olmasına baxmayaraq nemət yox, dərddir. Rəvayətlərdə insanı həmin son məqsədə çatdıran “vilayət” adlanmışdır; “Sonra isə o gün, şübhəsiz, siz əta etdiyi nemətlər barəsində sorğu-sual olunacaqsınız.” (“Təkasur”,8) Rəvayətlərdə deyilir ki, ayədəki “nəim” (nemət) kəlməsində məqsəd Əhli-beytin vilayətidir. Bu həqiqi nemətdir. Başqa bir təhlil belədir ki, gərək kəlmənin istifadə olunduğu fəza nəzərə alınsın. Bəzən Allahın bizə əta etdiyi hər bir şey nemətdir; Nəfəs aldığımız hava, gözümüzü yumub açmağa verilən qüvvə və hətta danışmaq, bütün bunlar Allahın nemətləridir. Bəs nə üçün nemətin həmin son hədəf olmasını söylədik?
Burada gərək Allahın bəxş etiyi hər şeyi vasitə kimi nemət ( şəni nemət) bilək.
Yəni elə bir şeydir ki, son kamilliyə çatmaq üçün ondan istifadə etmək olar. Əgər düzgün istifadə etsək nemət olar. Yox, pis istifadə etsək Allahın vasitə kimi nemətini dərdə, bəlaya çevirmiş olacağıq; “”İbrahim” surəsinin 28-ci ayəsində buyurulur: “Məgər Allahın nemətlərini küfrə çevirənlərin və öz qövmlərini (onlara tabe olanları) həlakət diyarına salanların halına baxmadın?!”
Allahın bizə verdiyi hər bir şey ondan istifadə edib kamilliyə çatıb, nəticədə Allaha yaxınlaşmağımız üçündür. Allahın bütün nemətləri istisnasız olaraq həmin son məqsədə çatmaq üçün vasitədir; son məqsəd haradır? Bildiyimiz bu qədərdir: “Kamal və qüdrət sahibi olan hökmdarın yanında, doğruluq məqamında.” (“Qəmər,55) Fironun zövcəsinin Allahdan istədiyi yerdir: “Ey Rəbbim, mənim üçün Öz yanında (Öz cəlal və rəhmətinin yaxınlığında) – Cənnətdə – bir ev tik!” (“Təhrim”,8) Fironun zövcəsi dedi ki, istəyirəm evim sənin yanında olsun.” Dünyada ixtiyarımızda olan hər bir şey, ondan istifadə edib uyğun yerə çatmağımız üçündür.
Demək, bir zati nemət var, bir ikinci dərəcəli, vasitə olan nemət. Zatən nemət olan həmin ilahi övliyalara aid olandır; bu nemət bizi son kamilliyə çatdırandır. Vasitə olan nemətlər isə kamillik üçün müqəddimə ola biləcək şeylərdir. Bu nemətdən istifadə edib kamilliyə çatmaq olar. Lakin bəzən biz bu nemətdən pis istifadə edirik. Vasitə olan (şəni) nemətdən düzgün və Allah yolunda istifadə etsək “Allaha və peyğəmbərə itaət edənlər, həqiqətən, Allahın nemət verdiyi kəslərlə birlikdədirlər” ayəsinin ünvanlarından olarıq.
Allah sizləri və bizi bu ayədə deyilən şəxslərdən qərar versin.