Altıncı dərs

Rəhman və Rəhim Allahın adı ilə.
6

Allahpərəstlik və nəfspərəstliyin əlamətləri


Qarşınızdakı yazı, Ayətullah Misbah Yəzdinin Ayətullah Xaməneinin dəftərxanasındakı çıxışından seçmələrdir. Çıxış 03.01.2007-ci ildə baş tutub. Ümid edirik ki, bu göstərişlər bizim hidayət və səadət yolumuza nur saçan çıraq olsun.
İmam Əli (ə) buyurub: “قَدْ خَلَعَ سَرَابِیلَ الشَّهَوَاتِ وَ تَخَلَّى مِنَ الْهُمُومِ إِلَّا هَمّاً وَاحِداً انْفَرَدَ بِهِ فَخَرَجَ مِنْ صِفَةِ الْعَمَى وَ مُشَارَكَةِ أَهْلِ الْهَوَى وَ صَارَ مِنْ مَفَاتِیحِ أَبْوَابِ الْهُدَى وَ مَغَالِیقِ أَبْوَابِ الرَّدَى”
(Bunlar şəhvət köynəyini özlərindən uzaqlaşdırırlar. Dünyanın qəm-qüssəsindən ancaq özlərinin dözə biləcəkləri qədərlə kifayətlənər və rahat olarlar. Nəticədə korluq və nəfs əhli ilə birgə olmaqdan çəkinərlər. Hidayət qapıları üçün açarlara və zəlalət qapıları üçün qıfıllara çevrilərlər.)
Ötən məclislərdə “Nəhc əl-bəlağə”nin 87-ci xütbəsi haqqında Allahın ləyaqətli bəndələrinin sifətlərinin bir hissəsinə işarə etdik. Dedik ki, bunlar şəhvət köynəyini öz bədənlərindən çıxarırlar və qəm-qüssələrin birindən başqa hamısından azad olurlar. Belə bəndələr zülmət və azğınlıqlardan nicat tapırlar.
İnsanın təfəkkür və təhrik mənbəyi şəhvətlər ola bilər. Şəhvətlərini doyurmaq yolunda sərf etmək üçün pul qazanmağa çalışması, nəfs istəklərini doyurmaq yolunda bir sənəd almaq üçün dərs oxuması, həvəslərinə çatmaq üçün bir məqam, vəzifə əldə etməsi mümkündür. Bu həvəslər və şəhvətlər bir libas kimi onu əhatə etmişdir. Allah yanında izzətli olan bəndə isə, belə bir paltarı öz əynindən soyunar. Yəni öz fəaliyyətlərini həvəs və şəhvətlərini doyurmaq yolunda etməz. Əlbəttə, dünya ləzzətlərindən istifadə etməsi mümkündür. Amma onun təfəkkür mehvəri bunlar deyil ki, onu əhatə etsin, ona hakim olsunlar və onun həyatı bunlardan ibarət olsun.
Misal üçün, insanın istifadə etmək istədiyi acı bir dərman təsəvvür edin. Adətən dərmanın acılığının hiss olunmaması üçün onun üzərinə bir örtük çəkirlər. Xüsusilə də, uşaqlar üçün onun üzərinə şirin örtük çəkirlər ki, onun ilkin dadı şirin olsun. Bu işi görən şəxsin məqsədi uşağa şirni vermək deyil. Əksinə, onun hədəfi uşağın xəstəlikdən şəfa tapmasıdır və dərmanı istifadə etməyin asan olması üçün zərurət həddində onu şirin etmişlər. Mömin də belədir. O bu aləmdə dünyanın ləzzətlərindən istifadə edir, amma bu ləzzətlərin heç biri onun üçün hədəf deyil. O bir gün oruc tutduqdan sonra iftar edir. İftar yemək obaşdan yemək kimi həm müstəhəbdir, həm də ondan ləzzət almaq olar. Mömin də onu yeməkdən ləzzət alır. Lakin o iftar ya obaşdan yeməkdən ləzzət almaq üçün oruc tutmayıb. Allahın göstərişi və müstəhəb olduğu üçün iftar edir. Peyğəmbərlər (ə) adətən evlənmiş və cinsi əlaqə ləzzətindən də bəhrələnmişlər. Amma ləzzətlərin və şəhvətlərin əsiri olmayıblar. Bu ləzzətlər onları hədəfdən saxlamayıb. Belə şəxslər Allahın sevimliləridirlər. Çünki şəhvətlərin əsiri deyillər.
Şəhvət əsiri olan şəxslərin min cür qəm-qüssə və əziyyətləri vardır. Qarınlarını doyurmaq, vəzifəyə çatmaq və sair üçün çoxlu zəhmət çəkirlər. Çünki onların hədəfi bu dünyadır. Lakin Allahın yaxşı bəndələri dünyaya bir vasitə ünvanında baxırlar. Buna görə də, fikirləri təsirə məruz qalmır və ömürlərini bu qəm-qüssə və zəhmətlərlə başa vurmurlar. Onların yalnız bir fikri var. O da budur ki, Allahı razı salmaq istəyirlər. Yalnız Allahı razı salmağın ardıncadırlar. Bunlar gecə yatarkən, fikirlərinə gələn son şey budur: “İlahi, Sən razı ol”.
Təbii olaraq insanın yemək yediyi zaman fikri ya doymaq, ya sağlamlıq, ya da enerji əldə etməkdir. Belə insan Allaha ibadət etmək və Allahın razılığını əldə etmək üçün enerji kəsb etmək istəsə belə, yenə də onun qəm-qüssəsi Allahdır. Cilvələrin müxtəlif olması mümkün olsa belə, məhbub və hədəf birdir. Belə bir şəxs azğınlıq və korluqdan, özü də qəlb korluğundan nicat tapır. “وَ مَنْ كانَ فِی هذِهِ أَعْمی فَهُوَ فِی الْآخِرَةِ أَعْمی وَ أَضَلُّ سَبِیلا” [1] (Bu dünyada (Allahın dəlillərini, möcüzələrini görməyib, gözü və qəlbi) kor olan axirətdə də kor olar və (haqq) yoldan daha çox azar!) Zahiri gözdən məhrum olan bəzi şəxslərin qəlb gözləri çox iti görür. Mərvi mədrəsəsində bir kor xidmətçi var idi. Dəfələrlə onu gecə yarısı Quranı əlinə götürüb və üzündən oxuduğu zaman görmüşdülər. Belə ki, gözlərindən iki nur şöləsinin Qurana saçdığına şahid olmuşdular!
Quran buyurur ki, insanların bir növ korluq və karlığı var ki, ona görə ağılları düzgün işləmir. Bu zahiri korluqdan tam fərqlidir. Allah münafiqlərin sifətləri haqqında buyurur: Bunlar kar, kor və laldırlar. Buna əsasən heç bir şey anlamırlar və düzgün düşünmürlər. “صُمٌّ بُكْمٌ عُمْیٌ فَهُمْ لایَعْقِلُون” [2] (Onlar kar, lal və kordurlar. Buna görə də haqqı dərk etməzlər.) Düzgün düşüncələri olmadığına görə, yolu tapa bilmirlər. Əgər belə olmaq istəmirsinizsə, yolu budur ki, nəfs istəklərinə tabe olmayın. “وَ لاتَتَّبِعِ الْهَوی فَیُضِلَّكَ عَنْ سَبِیلِ اللَّه” [3] (Nəfsdən gələn istəklərə uyma, yoxsa onlar səni Allah yolundan sapdırar.) Nəfsə tabe olmağın meyarı isə budur ki, insan ürəyinin istədiyi hər bir şeyi yerinə yetirsin. Bu bir növ şirkdir və azğınlıq və korluğa səbəb olur. Belə ki, insan daha həqiqətləri görmür və fikri də düzgün işləmir. “أَ فَرَأَیْتَ مَنِ اتَّخَذَ إِلهَهُ هَواهُ وَ أَضَلَّهُ اللَّهُ عَلی عِلْم وَ خَتَمَ عَلی سمعه و قَلْبِهِ و جعل على بصره غشاوة و من یهدیه من بعد الله افلا تذكرون” [4] (Nəfsini özünə tanrı edən və Allahın bilərəkdən yoldan çıxartdığı, qulağını və qəlbini möhürlədiyi, gözünə də pərdə çəkdiyi kimsəni gördünmü? Allahdan başqa kim onu doğru yola sala bilər?! Məgər düşünüb ibrət almırsınız?) Amma Allahın göstərişləri əsas olsa, təqva və həqiqətin dərki arasında əlaqə olduğu üçün insan yaxşı başa düşür və gözləri açılır. “و مَنْ یَتَّقِ اللَّهَ یَجْعَلْ لَهُ مَخْرَجا” [5] (Kim Allahdan qorxsa, Allah ona (hər çətinlikdən) bir çıxış yolu əta edər.)
Biz adətən deyilənləri itaətlə qəbul edirik. İnsanın itaətkar olması çox yaxşıdır. Amma daha yaxşısı bunların sirrini də bilməkdir. Necə olur ki, təqvalı olan şəxs həqiqəti dərk edir, amma təqvası olmayan şəxs həqiqəti dərk etmir? Habelə, “nəfs istəklərin arxasınca olan şəxsi Allah azdırır, yaxud qəlbini möhürləyir” deyirik. Niyə belə olur?
Cavab belədir: İnsanın ağlı sağlam olduqda, bir iş görmək istədikdə onun xeyir və zərərini təsəvvür edir və onları bir-birilə müqayisə edir. Əgər onun xeyri zəhmət və zərərindən çox olsa, onu seçir. Deməli, bizim ağlımız deyir ki, əvvəlcə bir işin təsirlərini düzgün götür-qoy etməliyik. Belə şey hansı formada mümkündür? Bu o zaman mümkündür ki, bizim zehnimiz boş olsun və əvvəldən səhv tərəfə meylimiz olmasın. Əgər əvvəlcədən bizim qəlbimiz öz mühakiməsini etsə və bir işi görmək istəsə, artıq ağılın et ya etmə əmrini gözləmir. O nəfs istəklərinə tabedir və ürəyi istəyəni yerinə yetirir. Əgər düşüncəsi də olsa, işin zərərlərinə aid deyil. O ancaq işin ləzzətlərini düşünür. Adətən nəfs istəkləri ağılı düzgün mühakimə etməyə qoymur. Bir işi tərk etmək üçün zərərləri görməli olan göz artıq görmür. İnsan o zaman ağlından düzgün istifadə edə bilər ki, öncədən mühakiməsi olmasın. Yəni nəfs istəklərinə tabe olmasın və azad olsun. Nəfsin istəklərinə tabe olan şəxs ya qətiyyən fikirləşmir, ya da fikirləşir, amma işin zərərlərini görmür. Yaxud da müqayisə məqamında mənfəətləri üstün tutur. Çünki şeytanın vəsvəsələri balaca bir ləzzəti çox böyük göstərir. “زُیِّنَ لَهُمْ سُوءُ أَعْمالِهِم” [6] (Pis əməlləri onlara zinətləndirilmişdir.) Bəzən biz təsəvvür edirik ki, bir şey çox ləzzətlidir. Amma ardınca getdikdən sonra görürük ki, çox da ürəyə yatmır. Bu şeytanın sözü gedən yalanıdır. O ləzzəti bizə böyük göstərir və insanın ağlının düzgün hakim olmamasına, qəlb gözünün həqiqəti görməməsinə, qəlb qulağının da həqiqət carçılarının kəlamlarını eşitməməsinə səbəb olur. Belə halda, əgər xeyirxah insanlar desələr ki, filankəs, “bu işin zərəri çoxdur”, qətiyyən diqqət etmir.
Nəfs və istəklərin ardınca getmək insanı azdırır və yolu insana əyri göstərir. Hətta qəlbən Allah yolunu getmək istəsə belə, nəfs və şeytan hiylələri onu aldadırlar. O təsəvvür edir ki, yaxşı iş görməklə, bir sünnəni bərpa etməklə və sair yaxşı əməllər etməklə məşğuldur. Halbuki onun təhrikçisi nəfs istəkləridir.
Əgər bir şəxs nəfsin əsarətindən azad olsa, görmək istədiyi hər bir iş üzərində fikirləşir və ağılla düşünür ki, onun zərərinin ya mənfəətinin çox olduğunu görsün, nəticədə onun dəyərini müqayisə etsin. Şəhvət əsirliyindən xilas olan, əsas məqsədi Allahın razılığı olan şəxslər kor olmurlar, gözləri həqiqəti görür, nəfs və şeytanın hiylələrinə uymurlar: “فَخَرَجَ مِنْ صِفَةِ الْعَمَى” (Və o korluq sifətindən xaric olub.) Bu kəlam onu çatdırır ki, sanki insanlar adətən korluqda giriftardırlar və insanların maddi təbiəti bu həvəsləri tələb edir. “وَ مُشَارَكَةِ أَهْلِ الْهَوَى” (Və nəfs əhlilə birgə olmaqdan xaric olar.) Bu korluğun əlamətlərindən biri də, nəfspərəstlərlə yoldaşlıqdır.
Əgər bir yerdə iş insana şübhəli qalsa, belə ki, yerinə yetirmək istədiyim bu iş doğurdan düzgündür ya düzgün deyil, Allah razıdır ya razı deyil, məsləhəti çoxdur ya zərəri, xülasə tərəddüddə qalsa, bəzi əlamətlər insana köməyə gələr, onu tərəddüddən çıxarar. Belə yerlərdə insan düzgün düşünməlidir ki, əgər bir işin ləzzət və xoşagəlimliyi olmasaydı, mən yenə bu işi edərdim ya etməzdim? Bu, nəfsin istəklərini müəyyən etmək üçün bir ölçü və dəlildir.
Başqa bir yol isə budur ki, görsün nəfspərəstlər və dünyapərəstlər bu işi bəyənirlər ya yox? Sərhəd tanımayan şəxslərin bu işdən xoşu gəlir ya yox? Korluq nəfs əhli ilə birgə olmaqla eynidir. Əgər insan bir yerdə görsə ki, onun əməli nəfspərəstlərlə eynidir, bilsin ki, şeytan onu aldadıb.
Əgər insan bu mərhələləri keçsə, şəhvət əsirliyindən azad olsa, onun əsas təhrikedicisi Allaha itaət və Onun razılığı olsa bu korluqlardan və zülmətlərdən nicat tapar. Özü daha zülmətlərdə giriftar olmayan və gözü kor olmayan belə bir şəxs, nur aləminə daxil olur və başqalarını da hidayət edə bilər.
“و صار من مفاتیح ابواب الهدى” (Və hidayət qapıları üçün açarlara çevrilər.) Belə bir şəxs hidayət qapılarını açmaq üçün bir açara çevrilir. Əgər başqaları hidayət qapısından içəri girmək istəsələr bu açardan bəhrələnirlər. Belə şəxslər öz nurları ilə başqaları üçün də açardırlar.
“وَ مَغَالِیقِ أَبْوَابِ الرَّدَى” (Zəlalət qapıları üçün qıfıllara çevrilər.) Hidayət qapıları olduğu kimi, azğınlıq, zəlalət, alçaqlıq və fəlakətin də qapıları var ki, bu şəxs zəlalət qapıları üçün bir qıfıldır. Özü zəlalət əhli deyil heç, zəlalət qapısını başqalarının üzünə də bağlayır və onları bura daxil olmağa qoymur. Deməli, Allahın sevdiyi bir şəxs, Allah yolunu tutmaqdan və özünü zülmətlərdən xilas etməkdən əlavə, başqalarının da nicat tapmasına vasitə olur.
Qeydlər:
1. “İsra” surəsi, 72-ci ayə.
2. “Bəqərə” surəsi, 171-ci ayə.
3. “Sad” surəsi, 26-cı ayə.
4. “Casiyə” surəsi, 23-cü ayə.
5. “Təlaq” surəsi, 2-ci ayə.
6. “Tövbə” surəsi, 37-ci ayə.