Allahın seçdiyi
Rəhman və Rəhim Allahın adı ilə
Qarşınızdakı yazı cənab Ayətullah Misbah Yəzdinin hicri-şəmsi 89.06.05 (hicri-qəməri 1431-ci il mübarək ramazan ayının 17-ci gecəsi ilə eyni vaxtda) tarixdə, böyük rəhbərlik məqamının dəftərxanasında söhbətlərinin seçilmiş hissəsidir. Ümid edirik ki, bu tövsiyələr bəsirətimizi artıracaq, hidayət və səadət yolunda nurlu çıraq olacaq.
Allahın seçdiyi
“ixtar”, “istəfa” və “ictəba” anlayışları
... و أشهد أن أبی محمدا عبده و رسوله اختاره قبل أن أرسله و سماه قبل أن اجتباه و اصطفاه قبل أن ابتعثه إذ الخلائق بالغیب مكنونة و بستر الأهاویل مصونة و بنهایة العدم مقرونة؛
Həzrət Zəhra (s) bu gözəl xütbədə tövhid və ilahi sifətlərə şəhadətdən sonra risalətə şəhadət verir. Biz “ərsələ”, “ibtəəsə” yaxud “bəəsə” sözləri ilə tanışıq. “İrsal” yəni göndərmək və “bəəsə” yəni seçmək; lakin Qurani-kərimdə peyğəmbərlərlə bağlı digər vəsflər də var. O cümlədən “ixtiyar”, “istəfa” və “ictəba” sözləri. Bu sözlər rütbə baxımından “irsal” yaxud “bəəsə” sözündən yuxarıdır. Quran Musa ilə bağlı (ə) buyurur: “Və ənəxtərtukə fəstəmi lima yuha; mən səni peyğəmbərliyə seçdim.” (“Taha”, 13) Bir çox peyğəmbərlər barəsində “istəfa” sözündən istifadə olunmuşdur. Məsələn:” İnnəllahə istəfa adəmə və nuhən və alə ibrahimə və alə imranə ələl-aləmin.” (“Ali-İmran”, 33) “İctəba” sözü də peyğəmbərlərlə bağlı istifadə olunmuşdur. “Ali-İmran” surəsində buyrulur: “Və Allah sizi qeyb sirlərindən xəbərdar edən deyildir. Lakin peyğəmbərlərindən istədiyini seçir.” (“Ali-İmran”, 179) Bu sözlər hamısı adətən, dilimizdə “seçmək” kimi mənalandırılır; lakin ərəb dilində uyğun kəlmələr arasında fərqli nöqtələr nəzərə alınmışdır. “İstəfa” “səfəvə” (“sad” hərfi ilə) kökündəndir. Yəni nəyinsə zülalını əldə etmək, saflaşdırmaq. “İctəba” yəni çəkmək; nəyinsə şirəsini çəkmək kimi. “İxtiyar” “xəyr” kökündən olan sözlərdəndir; bu sözün mənası yəni, nəyi isə xeyir olaraq seçmək.
Bu sifətlər girami peyğəmbər (s) barəsində də işlədilmişdir; xütbədə diqqət etməli olduğumuz nöqtələrə işarə edilmişdir. Həzrət Zəhra (s) təkidlə bildirilir ki, uyğun “ixtiyar” və “istəfa” risalət və besətdən öncə olmuşdur. Bu cümlələrdən elə başa düşülə bilər ki, peyğəmbər 40 yaşında peyğəmbərliyə çatsa da Allah onu 40 yaşından öncə peyğəmbər seçmişdi. Sonrakı cümlələr isə məqsədin bu olmadığını bildirir. Mən əvvəldə oxuduğum cümləni söz-söz tərcümə edib, sonra izah edəcəyəm:
“Şəhadət verirəm ki, atam Allahın bəndəsi və göndərdiyidir. Uca Allah onu risalətə məbus etməzdən öncə seçmişdi və seçməzdən öncə təyin etmişdi.” Bir şəxsi müəyyən bir iş üçün namizəd seçəndə və təyin edəndə belə deyirlər: “Səmmah” və “istəfahu qəblə ən ibtəəsəhu”; “ibtəəsə” yəni dəqiqliklə, hesab-kitabla olan besət. Bu cümlədə də yenə buyurur: İstəfa besətdən qabaq olmuşdur. Lakin nə qədər qabaq? Buyurur: “O zaman ki, məxluqlar qeyb aləmində qapalı və gizli idilər. Çox heyrətamiz pərdələr onları örtmüşdü və onlar həmin pərdələrin arxasında qorunurdular.” Bu xütbəni şərh yaxud tərcümə edənlər و بنهایة العدم مقرونة cümləsinə çatanda adətən belə məna verirlər ki, mövcudlar əzəldən yox idilər, lakin bu yoxluq, ədəm həmin vücudun sərhəddinədək uzanırdı. Yoxluqlarının sonuncu mərhələsində mövcud olurdular. Lakin digər bir ehtimal da var, fikrimcə bu daha güclü ehtimaldır: Nəhayətdə məqsəd mədumluqda - yoxluqda təkiddir; yəni heç nə deyildilər. Hər halda həzrət buyurur: “Məxluqlar belə bir vəziyyətdə olanda uca Allah peyğəmbəri təyin etdi, seçdi və risalət üçün müəyyənləşdirdi. Daha sonra bu aləmdə, müəyyən bir zamanda onu risalətə məbus etdi.”
Allah rəsulunun nuru - birinci məxluq
Biz rəvayətlərdə belə eşitmişik ki, girami peyğəmbər (s) və pak imamların (ə) nuru bu aləmdən öncə yaranmışdır. Bir rəvayətdə nəql olunur ki, Cabir Allahın rəsulundan belə soruşdu: ”Allahın ilk məxluqu nə idi?” Girami peyğəmbər (s) buyurdu: “Ey Cabir Allahın xəlq etdiyi ilk şey sənin peyğəmbərinin nurudur.” (“Biharul-ənvar”, c15, s.24) Maddə aləmindən öncə nur adlı bir varlığın, vücudun mövcudluğu və bu nurun müqəddəs peyğəmbər və pak imamların vücudu ilə bir olması məsələsi bəlkə də “təvatür” həddini də keçmişdir. Hətta əhli-sünnənin rəvayət kitablarında da bu barədə yazılmışdır. Lakin bu məsələnin həqiqətini dərk etmək çox çətindir. Biz bəndə olaraq onu qəbul edirik; lakin onun həqiqətini anlamırıq. Səthi düşünən insanlar elə güman edirlər ki, bu nur çıraq, yaxud günəşin nuruna oxşar bir şeydir; lakin diqqət yetirdikdə o nurun bu nurla çox fərqli olduğunu görürük. Həzrət peyğəmbər (s) və pak imamların vücuduna aid edilmiş o nur elə bir şeydir ki, onun bir şuasından behişt yaradılmışdır; mələklər, lövh, qələm və... o nurdan yaradılmışdır! Bu nurun bizim təsəvvür etdiyimiz elmlərin fövqündə olan bir elmə malik olmasını eşitdikdə məsələ bir az da dərinləşir; sonrakı bütün məxluqların elmləri ondan yaranmışdır və mələklər Allaha təsbih deməyi ondan öyrənmişlər! Təbii olaraq o vaxt nə məkan olmuş, nə fəza, nə də zaman; çünki bu nur ilk məxluqdur. Bu nur necə nurdur? Ağlımız bunu dərk etmir. İnsanı bir qədər sakitləşdirən budur ki, uca Allah da özünü nur kimi tanıtdırmışdır: “Allah göylərin və yerin nurudur.” (“Nur”, 35) Allahın maddi nur olmadığını dəqiq bilirik. Öz nurundan yaratdığı həmin nur da bu maddi nurlarla yox, Onun öz nuru ilə uyğundur, oxşardır. Biz Allahın nurunu nöqsanlardan uzaqlaşdırıb deyirik: Allah nurdur lakin həcmi, zamanı və məkanı olmayan və dayaqlanmaq üçün hansısa bir “cövhər”ə ehtiyaclı olmayan bir nur. Eyni zamanda hissələrə ayrılmayan bir nur; lakin bunun həqiqətini anlamırıq. Eyni ilə Allah rəsulunun nurunun həqiqətini də anlamırıq. Yalnız rəvayətlər yolu ilə ümumi olaraq bilirik ki, Allahın belə bir məxluqu var. Bildiyimiz bu qədərdir ki, o nur o qədər pakdır ki, əgər maddi aləmdə onu bir şeyə oxşatmaq istəsək gərək belə deyək: Nur kimidir və aləmdə işıqlanmaq üçün nura ehtiyaclı olan cisim kimi aləmin mövcudları da belə bir ehtiyac hiss edirlər; həmin mövcud bu mövcudlara nur saçmalıdır ki, onlar işıqlansın. “Yer öz Rəbbinin nuru ilə işıqlanacaq” (“Zumər”, 69) Rəvayətlərdə Allahın özünə aid etdiyi bu nurun Əhli-beytin (ə) nuru olduğu deyilir. Bunlar rəvayətlərdə yazılmış məsələlərdir. Bu maarifləri eşitdiyimiz üçün, bizə gəlib çatdığı üçün Allaha minlərlə dəfə şükür edirik. Bu mənalar yüzlərlə filosof və həkimin dərk etməyə aciz qaldığı uca həqiqətlərə malikdir. Yalnız uca Allahın özü tərəfindən həmin nurun “hüzuri” olaraq göstərildiyi həzrət Əli kimi şəxslər istisnadır! Həzrət Əlinin gözünün qarşısından pərdələr götürülmüşdü və o belə buyururdu: “Əgər pərdələr çəkilsə, yəqinim artmaz.” (“Ğurərul-hikəm”, s.120)
Nur aləmi
Həzrət Zəhra (s) buyurur: “İslam peyğəmbəri (s) bu aləm yaranmazdan əvvəl seçilmişdir.” Bu “əvvəlcə” nə məna daşıyır? Misal üçün, əgər bu aləmin yaşı bir milyarddırsa, həzrətin həmin bir milyarddan bir il öncə seçildiyi nəzərdə tutulurmu? Bəzi rəvayətlərdə o aləmin bəzi mövcudları, varlıqları barəsində nəql olunur ki, Allah onları iki min il öncə yaratmışdı. Burada da belədirmi? Burada il deyildikdə məqsəd həmin 365 gündən ibarət günəş ilidir, yoxsa başqa bir il? Bizim ehtimal olaraq dediyimiz budur ki, adətən bu öncə və sonralardan anladığımız zamana aid olan öncə və sonralardır. Bəs bütün bu məxluqlar yaranmamışdan öncə zaman var idimi? Ola bilər ki, bu öncə zamana aid olan öncə olmasın. Xüsusilə, o nurun əlaqəsi təkcə yoxluqla varlığın sərhəddində olan mövcudlarla deyil; əksinə o nur qiyamətədək olan bütün mövcudları işıqlandırır. Bütün mövcudlar o nurdan yarandığı halda ondan ayrı olmurlar və o nur onların hamısında var.
Aləmdəki bütün mövcudları və hal-hazırda baş verməkdə olan hadisələri əhatə etmək çox böyük elmi qüvvə istəyir; lakin fərz etsək ki, bir varlıq mövcud hadisələri gördüyü kimi, keçmiş hadisələri də görür, bunu dərk etmək çox çətin olur. Biz Allahla bağlı bu əqidədəyik ki, O təkcə keçmiş və gələcək hadisələri bilmir, həm də hazırda baş verənlər onun üçün eyni dərəcədə məlumdur. Allah belə deyil ki, gün daxil olanda daha dünəni, yaxud sabahı görməsin. Allahın elmi “hasil olan” elm və zehni surət, təsvir deyil ki, onun barəsində “dünən nə olduğunu bilir” deyək; əksinə, aləmin bütün keçmişi, indisi və gələcəyi Allahın hüzurunda var; “Rəbbinin yanında sabah və axşam yoxdur; zamanın səhəri, axşamı, dünəni və bu günü yoxdur.”
Bu məsələni dərk etmək üçün böyüklər yaxşı misal çəkib, buyurublar: Təsəvvür edin bir pəncərənin arxasında dayanmısınız və pəncərənin önündən karvan ötməkdədir. Sizin baxdığınız yerdən yalnız bir dəvə görmək olur. Sonrakı dəvəni görmək üçün gərək birinci dəvə ötüb keçsin. Siz ikinci dəvəni yalnız o vaxt görürsünüz ki, birinci dəvə ötüb keçib və üçüncü hələ gəlməyib; odur ki, birinci ilə üçüncünü görmürsünüz. Lakin əgər banın üstünə çıxıb bütün yolu müşahidə edə bilsəniz, dəvələrin hamısını birdəfəyə görəcəksiniz. Bu dəvələrin sırada əvvəl və sonrası vardır; amma sizin üçün hamısı bir dəfəyə görünür. Bu bizim yaşadığımız aləm kimidir. Biz bütün hadisələri pəncərədən görürük. Bu pəncərədən ikinici gələndə nə birinci, nə də üçüncü görünür; lakin bu aləmin fövqündə olan digər bir aləm var. Biz əgər maddə aləminin tavanı və sərhəddi olduğunu təsəvvür etsək, bu sərhəddən o yana keçdikdə bu aləmə əhatəsi olan digər bir aləm var. Təkcə mühitinə yox, bir-birinə daxil olmuş dairələr kimi daxilinə də əhatəsi var. Bu halda əhatə edən aləm əhatə olunmuş aləmin daxilindəki incəliklər və təxirlərə malik olmur.
Şübhəsiz bəzi ilahi övliyaların keçmiş hadisələri, bəzən isə gələcəkdəki hadisələri bildiklərini, hətta onları gördüklərini eşitmisiniz. Bu məsələnin izahı belədir ki, insan ruhu maddi ürəyin fövqündə olan bir mövcuddur və Allah ona bu maddi aləmin fövqünə çıxa biləcək bir qüvvə vermişdir. Bu halda insan yolu bandan bütövlükdə görən şəxs kimidir. Bu halda onun üçün keçmiş, indi və gələcək eynidir. Böyüklərdən nəql olunur ki, bəzi ilahi övliyalar çox riyazətlər və ibadətlərdən sonra aşura gününü görməyə müvəffəq olmuşlar. Bu necə qüvvədir və haradan gəlib? Zehnimizə daha yaxın olan ifadə budur ki, deyirik: lövhi-məhfuzda, yaxud lövhi-məhz və isbatdadır. Bu lövhə adi bir lövhə deyil; bəlkə bütün bunları bir dəfəyə özündə toplaya bilən bir aləmdir. Onunla əlaqə saxlaya bilən şəxs orada olan hadisələri görə bilər.
Əgər böyüklərin misal çəkdikləri bu fərziyyə doğru olsa (doğru olmaması düşünülmür) həzrət Zəhra (s) “uca Allah atamı risalətdən öncə seçdi - həmin vaxt ki, hələ bu aləmdəki məxluqlar yaranmamışdı” buyuruğu haqda belə deyə bilərik: Allahın məxluqları xəlq etməzdən öncə yaratdığı həmin nur bizim yaşadığımız bu dünya aləmində yox, digər bir aləmdə idi. O aləm bu aləmdə olan hər bir şeyi əhatə edir. Zaman maddə aləminin bir hissəsidir və o aləm zamanın fövqündədir və zamanı əhatə edir.
Maddi aləm - nur aləmindən bir şüa
Burada yenə də bəzi Quran ayələrindən kömək almaqla əldə edilən zərif bir nöqtə var: Maddi aləmdə olan hər bir şey bu aləmin fövqündə olan aləmin bərəkətindəndir və həmin aləmdən bir işartı, şüadır. Quranda buyrulur: “Elə bir şey yoxdur ki, onun xəzinələri bizim yanımızda olmasın və biz onu yalnız müəyyən miqdarda nazil edirik.” (“Hicr”, 21) “İndəna” bizim yanımızda yox, Allahın yanında olan həmin aləmdir. Buyrulur: Bu aləmdə gördüyünüz hər bir şeyin xəzinələri Allahın yanındadır və Allah o xəzinələrdən müəyyən bir həddə bu aləmə nazil edir.
Bu aləmin əsası barəsində müxtəlif şiə və sünni kitablarından bəlkə də yüzlərlə rəvayətlər nəql olunmuşdur. Mən nümunə olaraq Əmirəlmöminindən (s) nəql olunan rəvayəti deyirəm. Həzrət buyurur:
إِنَّ اللَّهَ تَبَارَكَ وَ تَعَالَى أَحَدٌ وَاحِدٌ تَفَرَّدَ فِی وَحْدَانِیَّتِهِ ثُمَّ تَكَلَّمَ بِكَلِمَةٍ فَصَارَتْ نُوراً ثُمَّ خَلَقَ مِنْ ذَلِكَ النُّورِ مُحَمَّداً صلیاللهعلیهوآله وَ خَلَقَنِی وَ ذُرِّیَّتِی ثُمَّ تَكَلَّمَ بِكَلِمَةٍ فَصَارَتْ رُوحاً فَأَسْكَنَهُ اللَّهُ فِی ذَلِكَ النُّورِ وَ أَسْكَنَهُ فِی أَبْدَانِنَا فَنَحْنُ رُوحُ اللَّهِ وَ كَلِمَاتُه؛
(“Biharul-ənvar”, c.26, s.291)
Allah özü idi, yalnız özü! Sonra bir söz dedi, həmin söz bir nur oldu. (qaydaya əsasən bu söz həmin “ol” sözüdür) Girami peyğəmbəri, məni və mənim nəslimi həmin nurdan yaratdı. Sonra bir söz dedi, o söz ruh oldu. (Buradan o nurun bu aləmdə bədənlərə aid olan yox, ayrı bir ruh olduğu aydınlaşır; yəni onun məqamı insan ruhunun məqamından da üstündür.) Bu ruhu o nurda yerləşdirdi və bizim bədənlərimiz yarandı. Sonra ruhu bədənlərimizə üfürdü.” Demək, “peyğəmbəri, məxluqlar qeyb aləmindən hazırkı aləmə gəlməmişdən öncə seçdi” buyuruğunda məqsəd, yəni bu aləmlərin fövqündə olan bir aləmdə seçdi. Bu aləm “nur aləmi” kimi tanıtdırılır. Ümid edirik ki, uca Allah 14 məsumun nuruna xatir o nurdan iynə ucu qədər bizim qəlblərimizə saçdırsın.