On yeddinci dərs

Nübüvvətin fəlsəfəsi


Rəhman və Rəhim Allahın adı ilə

Qarşınızdakı yazı cənab Ayətullah Misbah Yəzdinin hicri-şəmsi 89.06.07 tarixində (hicri-qəməri 1431-ci il mübarək ramazan ayının 19-cu gecəsi ilə eyni vaxtda) böyük rəhbərlik məqamının dəftərxanasında çıxışının seçilmiş hissəsidir. Ümid edirik ki, bu tövsiyələr bəsirətimizi artıracaq, hidayət və səadət yolunda nurlu çıraq olacaq.

 

Nübüvvətin fəlsəfəsi

Tövhid əhlinin mövlası həzrət Əlinin (s) matəm günlərinin yaxınlaşması münasibətilə Sahibəz-zamana (ruhumuz ona fəda olsun) baş sağlığı deyirik. Uca Allahın dünya və axirətdə əlimizi onun vilayətindən kəsməyəcəyinə ümid edirik.

Elmi və “eyni” təqdirlər

... وَ اصْطَفَاهُ قَبْلَ أَنِ ابْتَعَثَهُ، إِذِ الْخَلَائِقُ بِالْغَیْبِ مَكْنُونَةٌ، وَ بِسَتْرِ الْأَهَاوِیلِ مَصُونَةٌ، وَ بِنِهَایَةِ الْعَدَمِ مَقْرُونَةٌ، عِلْماً مِنَ اللَّهِ تَعَالَى بِمَآیِلِ الْأُمُورِ، وَ إِحَاطَةً بِحَوَادِثِ الدُّهُورِ، وَ مَعْرِفَةً بِمَوَاقِعِ الْمَقْدُورِ، ابْتَعَثَهُ اللَّهُ تَعَالَى إِتْمَاماً لِأَمْرِهِ، وَ عَزِیمَةً عَلَى إِمْضَاءِ حُكْمِهِ، وَ إِنْفَاذاً لِمَقَادِیرِ حَتْمِهِ؛
Bu bir neçə cümlənin sətri tərcüməsi belədir:” Uca Allah Peyğəmbəri (s) onu risalətə məbus etməmişdən öncə seçdi, həmin vaxt ki, məxluqlar aləmin qeybindən gizli qalmışdılar, heyrət doğurucu pərdələr onları əhatə etmişdi və yoxluğun nəhayətinə yaxın idilər; Allahın işlərin sonunu bilməsi, hadisələrə əhatəsi olması və qədərlərin, təqdirlərin yerinə agah olduğu üçün bu aləmdə onu məbus etdi, seçdi; ona görə ki, işini sona çatdırmaq, hökmünü icra etmək və o qəti qədərləri gerçəkləşdirmək istəyirdi.”
Həzrət Zəhra (s) bu cümlələrdə iki mərhələyə işarə edir. İşarə olunan birinci mərhələdə hələ məxluqlar yaranmamışdı və insan yox idi. Bu halda uca Allah girami Peyğəmbəri seçdi və onu peyğəmbərlərin sonuncu olaraq təyin etdi. İkinci mərhələ bu aləmə aiddir. Səmalar, kəhkəşanlar, günəş sistemi və yer yarandıqdan sonra, həmçinin yer onda canlı varlıqların yaşaması üçün hazır olduqdan sonra min illər ötdü və uca Allah girami peyğəmbəri risalətə məbus etdi. Bu mərhələ ilə bağlı buyurur: Allah onu məbus etdi, göndərdi ki, Onun təqdirini, yazdığını həyata keçirsin. Qədr gecəsi olan bu gecədə həmin qədərlərin harada olmasını, nə üçün olmasını və Allahın o qədərləri necə qətiləşdirməsini izah etməyimiz yersiz olmaz. Söhbətin çox uzanmaması üçün qısa izah verirəm.
Qədər və təqdir ölçmək mənasını bildirir. İmam Hadidən (ə) olan bir rəvayətdə deyilir ki, təqdir, aləmdə mühəndislikdir. Biz özümüz böyük bir layihə hazırlamaq istədikdə öncə hədəfimiz aydın olmalıdır. Bu iş üçün müəyyən məlumatlara ehtiyac duyulur. İşin təqdiri, yazılması üçün lazım olan ilk mərhələ elm mərhələsidir. Daha sonra, lazım olan müqəddimələri araşdırırıq. Bütün bunları nəzərə aldıqdan sonra iş üçün layihə təsəvvür edirik və daha sonra layihənin icra planını hazırlayırıq. Layihənin icra planını sonuncu mərhələdə hazırlayırıq və daha sonra bismillah deyib layihəni həyata keçirməyə başlayırıq. Əlbəttə, uca Allahın bu mərhələlərə ehtiyaclı olmadığını bilirik. Onun hər bir işi müəyyən vaxtda görməsinə ehtiyac yoxdur. Ümumiyyətlə, Allahın işlərində zaman məhdidiyyəti yoxdur. Biz özümüzdəki zəiflik səbəbindən, tədricən fikirləşməli, başqaları ilə məsləhətləşib, layihə hazırlamalı, daha sonra icra planı nəzərdə tutmalıyıq. Bütün bunları birdəfəyə təsəvvür etmək mümkün olsaydı daha zamana ehtiyac qalmazdı; lakin hər halda bu mərhələlər elmi baxımdan, əqli baxımdan ardıcıldır. Yəni bu mərhələləri birdəfəyə təsəvvür edə bilsəydik yenə də aralarında əvvəl və sonra olacı idi; yəni zaman baxımından əvvəl və sonralardan başqa əvvəl və sonralar da var. Misal üçün əlimizdəki açarla qapını açanda əllə açar birlikdə, eyni zamanda hərəkət edirlər; lakin açarı hərəkət etdirən əldir və əlin hərəkəti açarın hərəkətinə nisbətən, vücud baxımından öncüldür. Allah işlərini zamansız görür və yalnız “ol” deyir və o mövcud olur. Bəs nə üçün aləmin yaranışı barəsində belə buyurur: “Səmalar və yeri altı gündə yaratdı” (“Əraf”, 54) Əvvəlki söhbətlərdə dediyim kimi həmin zamansız aləm, zamana malik aləmə əhatəlidir, onu əhatə edir. Zamana malik aləmdə yaşayan bizlər üçün zaman baxımından əvvəl və sonra mövcuddur; lakin bu aləmə əhatəsi olan Allah üçün bütün bunlar birdir. Yaranmışlar altı gündə yarandı; lakin Allahın işlərində tədricilik yoxdur (ona deyir “ol” və o da olur). Tədricilik yaradana yox, yaranmışa aiddir. Həzrət Zəhra (s) Peyğəmbərin (s) seçilməsi, məbus olması ilə bağlı iki mərhələyə işarə edir; birinci mərhələni “istəfa”, “ictəba” və “səmmah” sözləri ilə, ikinci mərhələni isə “ərsələ”, “ibtəəsə” və digər sözlərlə izah edir. Birinci mərhələ elm mərhələsidir. Bu məna Allahın işlərinə nisbətdə “elmi təqdir, qədər” adlandırılır. Yəni uca Allah da öz elm aləmində nəyin harada yerləşməsini, nə qədər vaxt istəməsini, hansı həcmdə olmasını, nələrlə əlaqə saxlamasını və bu kimi sair məsələləri təyin etmək üçün əşyaları ölçür. Bu bir növ ölçü aparmaqdır, amma elm aləmində icra planı hazırlandıqda və işə başlandıqda bu işin öz mərhələləri olur. Bu isə “eyni təqdir, qədər” adlandırılır. Həzrət Zəhra (s) buyurur:
عِلْماً مِنَ اللَّهِ تَعَالَى بِمَآیِلِ الْأُمُورِ، وَ إِحَاطَةً بِحَوَادِثِ الدُّهُورِ، وَ مَعْرِفَةً بِمَوَاقِعِ الْمَقْدُورِ
Allah işlərin sonunu bildiyi, hadisələrə əhatəsi olduğu və təqdirlərin, qədərlərin yerini tanıdığı üçün həmin aləmdə Peyğəmbərin (s) yerini peyğəmbərlərin sonuncusu olaraq təyin etdi. Bura qədər elm və mərifət söhbətidir və bu “elmi təqdirə, qədərə” aid olur. Lakin Cəbrail Peyğəmbərə nazil olub “Rəbbinin adı ilə oxu!” (“Ələq”,1) dedikdə burada artıq elm söhbəti deyil; bura icra mərhələsi, planı həyata keçirmək və layihəni gerçəkləşdirmək zamanıdır; odur ki, həzrət Zəhra (s) bu mərhələni belə izah edir: ابْتَعَثَهُ اللَّهُ تَعَالَى إِتْمَاماً لِأَمْرِهِ، وَ عَزِیمَةً عَلَى إِمْضَاءِ حُكْمِهِ; Allah peyğəmbəri məbus etdi ki, işi başa çatdırsın, çünki elm aləmində təyin etdiyi hökmü aləmdə həyata keçirməyi qəti şəkildə qərarlaşdırmışdı, “və infazən li məqadiri hətmihi.” Təqdirlər, qədərlər həmin son mərhələyə çatmayanadək dəyişə bilər. Mühəndisin işi də belədir. İş başa çatdıqda və sonuncu daş qoyulduqda artıq hər şey tamamlanmış olur. Qəti qədərlər yəni daha dəyişməyəcək şeylər. Quranda bəzi qəti qədərlərə işarə olunmuşdur; Məsələn buyurulur:
هُوَ الَّذِی أَرْسَلَ رَسُولَهُ بِالْهُدَى وَدِینِ الْحَقِّ لِیُظْهِرَهُ عَلَى الدِّینِ كُلِّهِ وَلَوْ كَرِهَ الْمُشْرِكُونَ(“Tövbə”, 33)
Bu Allahın qəti iradəsidir ki, sonuncu peyğəmbər məbus olsun, göndərilsin və Onun dinini bütün dinlərə qalib etsin. “Ənbiya” surəsinin 105-ci ayəsində isə buyrulur ki, biz həm Tövratda, həm Zəburda, həm də Quranda yerin varislərinin salehlər olacağını yazdıq. Bu qəti bir hökmdir. Həzrət Zəhra (s) buyurur: Qəti təqdirlər, qədərlərin gerçəkləşməsi üçün Allah peyğəmbəri məbus etdi, göndərdi. Əgər peyğəmbər bu aləmdə məbus olmasaydı, seçilməsəydi bu qədərlər, təqdirlər qəti olmazdı. Gördüyünüz kimi Həzrət iki cür ibarə işlədir; besətdən öncə, Allahın elm aləminə aid olan təqdirlərdən, qədərlərdən söhbət gedir; yəni elmi təqdirlər, qədərlər. Amma besətdən sonra qəti təqdirlərdən, qədərlərdən söhbət gedir (infazən liməqadiri hətmihi). Demək iki cür təqdir, qədər var; Allahın elm aləmindəki təqdirləri, qədərləri və “eyni” aləmdə, zahir aləmdəki təqdirlər, qədərlər. Bunların hər ikisi ilə bağlı həm ayələrdə, həm də rəvayətlərdə bir çox nümunələr var. İndi qədr gecəsi olduğu üçün bu nöqtəyə diqqət yetirmək lazımdır ki, təqdirlərdən, qədərlərdən bir qismi elmi qədərlərdir. Bu qədərlər, təqdirlər lövhi-məhfuz, lövhi-məhv və isbatdadır. Elmi təqdirlərin bir qismi qəti olmayan, digər qismi isə qəti olan təqdirlər, qədərlərdir; məsələn hansısa bir şəxs üçün əcəl müəyyənləşdiriləndə bir qəti, bir də asılı, şərtli əcəl müəyyənləşdirilib. Məsələn, onun əcəli sədəqə verməkdən aslıdır; yəni əgər sədəqə versə əcəli uzun, verməsə qısa olacaq.
Bu dəyişilə bilən təqdirlərə aiddir. Lakin Allah bu şəxsin sədəqə verəcəyini, yaxud verməyəcəyini və nəticədə ömrünün nə qədər olacağını bilir. Bu isə qəti elmi təqdirlər, qədərlərdir. Qətilik mərtəbəsinə çatan təqdirlər, qədərlər “qəza” mərhələsidir. Bu iki mərhələ elm aləmində elmi qədər və elmi qəzadır. Zahir, eyn aləmində də bu iki mərhələ var: Bir şərtli, bir də qəti mərhələ mövcuddur, son mərhələdə isə “imza” olur. “İmza” yəni işin başa çatması və daha geriyə yolun olmaması.

Besətlə qəti qədərlərin əlaqəsi

İndi isə sual yaranır: Peyğəmbərin (s) seçilməsi ilə Allahın qədərləri və onların necə gerçəkləşməsini bilməsi arasında hansı əlaqə var? Cavab üçün Allahın bu aləmi nə məqsədlə yaratdığını bilməliyik. Əvvəldə dedik ki, Allah varlıq aləmini yaratmaq istədikdə Onun ən böyük hədəfi xilqət aləmində yarana biləcək ən kamil mövcuddur. Bu isə girami Peyğəmbərin (s) müqəddəs vücududur və o həzrətin nuru digər 13 məsumun nuru ilə bir olduğu üçün, əslində yaranışdakı əsas məqsəd 14 məsumdur. Daha sonrakı mərhələdə isə onlara oxşayan şəxslər, yəni peyğəmbərlər, ilahi övliyalar və xalis möminlər durur. Qalanları isə onların kənarında olan ikinci dərəcəli şəxslərdir. Lakin Allah kənarda olanlara da nəzər salır. Nəinki bunlar hətta bir an Allahı yad edənlərin də həmin bir anını unutmur və bir “ya Allah” demələri üçün zəmin yaradır. Tarix boyu yaranacaq milyardlarla insanlar arasında dəyərli şəxslər olacaq və Allah bir insanın ortaya çıxması üçün neçə nəslin ötüb keçməsinin lazım olduğunu bilir. Əgər bir neçə kafir nəsildən sonra bir yaxşı insan ortaya çıxacaqsa, Allah bu kafir nəsillərin yaşaması və nəticədə ilahi nura layiq olan həmin insanın doğulması üçün zəmin yaradır. Bunlar Allahın sonsuz lütf və rəhmətlərindəndir.
Elm mərhələsində insanların allahpərəst olmaları və ilahi yaxınlığa çatmaları üçün nə etmək lazımdır? Öncə Allah lazım olanları onların vücudunda qoymalıdır. Allah onlara yaxşılıq və pisliyi ayırd etmək üçün ağıl verməlidir. Lakin Allah onların ağıldan əlavə digər bir yolgöstərənə də ehtiyaclı olduqlarını bilir. Əgər insanları tərbiyə edəcək bir şəxs olsa, onların Allah ilə əlaqə saxlayıb behiştə layiq olmaları mümkündür. Allah peyğəmbəri göndərməsə onların ağılları Allaha çatmaları üçün kifayət etmir. Bunlar elm mərhələsinə aid olan məsələlərdir. Bu elmi təqdirdir. Demək, yaranışın ilk layihəsində nəzərə alınmalıdır ki, başqaları ilə əlaqə saxlayıb onlara yol göstərmək üçün üstün mərtəbəli məxluqlar da olsun; odur ki, həmin xalis, üstün məxluqların aşağı mərtəbəli (dünyəvi) vücudları da olmalıdır və bu onların cismani vücudlarıdır. Bu cismi vücud da başqaları kimi olmalıdırlar. Əks halda onlarla birgə işləyə bilməz. Bu yolgöstərənin Allahla sıx əlaqəsi olmalıdır. “Və Allah sizi qeyb sirlərindən xəbərdar edən deyildir. Lakin peyğəmbərlərindən istədiyini seçir.” (“Ali-İmran”, 179) Allah öz iradəsi ilə onları seçir və qeybi onlara göstərir. Sizin kimi olan bu şəxslər sizin əlinizdən tutub hidayət etməlidirlər. Burada nübüvvətin fəlsəfəsi aydınlaşır. Allahın, insanların hidayəti üçün peyğəmbər göndərməsinin səbəbi bilinir. Nə üçün başqalarına yox, onlara vəhy etməsi aydınlaşır. Bu müqəddimədə məqsəd belədir: Yaranışın ilk layihəsində, milyardlarla illər sonra, tədricən yaradılacaq insanların Allahın sonsuz rəhmətini qəbul etmələri və axirət səadətinə layiq olmaları üçün nübüvvət nəzərə alınmalı idi. Əks halda digər insanların vücudu səmərəsiz olar, hədəfə çatmazlar və bu ilahi məqsədin və hikmətin ziddinədir. Bura qədər elm aləmindəki vəzifə aydınlaşdı. İndi zahir aləmdə nə etmək lazımdır, deyə sual olunur? Allahın planlaşdırdıqlarının gerçəkləşməsi üçün Peyğəmbər (s) məbus oldu!
إتماما لأمره و عزیمة على إمضاء حكمه و إنفاذا لمقادیر حتمه
Salam olsun Məhəmməd və onun pak ailəsinə