İkinci dərs

Quran maarifinin təsnifi

Bismillahir-Rəhmanir-Rəhim

İkinci dərs

Quran maarifinin təsnifi

Ayələrin qruplaşdırılma üsulu

Bir və ya bir neçə ayənin məfhumu üçün ümumi ad tapmaq çətin iş deyil. Məsələn, namaz, cihad, yaxşıya dəvət və pisdən çəkindirmə mövzusunda ayələrə asanlıqla ümumi ad vermək olar. Amma adları formalaşdırma və eyni bir sistemdə nizamla yerləşdirmək o qədər də asan deyil. Fərz edin ki, biz bütün Quranı araşdırdıq və ümumi məfhumları 100 ad altında qruplaşdırdıq. Bəs bu adların özünü necə nizamlayaq ki, vahid bir sistem yaransın? Məsələn, Quranın birinci ayəsi Allaha həmddir. Demək ilk ad, ünvan “Allaha həmd” olur. “Bəqərə” surəsinin ilk ayəsi isə Quranın hidayətindən bəhrələnənlər haqqındadır. Elə beləcə ardıcıllıqla adları nizamlayaq? Yoxsa bu adlar arasında da hansısa başlanğıc və son nöqtə tutub nizam yaratmaq olar.
Bu adları daha ümumi ünvanlarda sıralamaq olar. Məsələn, namaz, oruc, xüms, zəkat kimi adları ümumi ibadətlər adı altında qruplaşdıra bilərik. İcarə, borc kimi adları müamilələr adı altında nəzərdə tutmaq mümkündür. Bəs ümumi adları necə nizamlayaq? Bu adlar arasında hansı rabitə var?

Layihələr

Üç layihə təklif edə bilərik. Əlbəttə ki, başqa layihələrin də olması mümkündür. Biz bu üç layihəni nümunə olaraq qeyd edirik. Biz Quran maarifinin qruplaşdırılmasında ən yaxşı üsulları qeyd edirik ki, onların arasından birini seçə bilər:
1. Düşüncəmiz bu qruplaşdırma forması ilə daha çox tanış ola bilər. Dini təlimlər üç qismə bölünür: əqidələr, əxlaq və hökmlər. “Təfsir əl-mizan” əsərində də çox zaman bu üsuldan istifadə olunur. Yəni əsas təsnifatlardan biri budur ki, bütün Quran maarifi üç qismə bölünür. Birinci qrupa tövhid, nübüvvət, məad, ədl və imamət kimi mövzular daxildir və bu qrup əqidə üsulu adlanır. Burada cüzi məsələlər, məsələn, bərzəx aləmi ilə bağlı təfərrüatlar nəzərdə tutulur. Əxlaq və əhkam fəsillərində də oxşar qruplaşdırma aparılır. Əlbəttə ki, fəqihlərimiz əhkam sahəsində bu işi görüblər. Əhkam ayələri mövzusunda “Kənzul-irfan” kimi kitablar yazılıb. Bu üsul çox münasib görünə bilər. Bununla belə həmin üsulla bağlı müəyyən nöqtələr də qeyd edə bilərik. Əvvəla bütün Quran məfhumlarını 3 qrupa bölmək çətindir. Məsələn, Quranın mühüm mövzularından biri peyğəmbərlərin tarixi və bu barədə əhvalatlardır. Əlbəttə ki, bu əhvalatlarda tövhid, şəriət, əxlaqla bağlı nöqtələr var. Amma ümumi götürdükdə bu əhvalatları həmin üç qrupa bölmək olmaz. Biz bu əhvalatları cümlə-cümlə parçalasaq, hadisələrin ardıcıllığı pozular. Bir şəxs əshabi-kəhf haqqında Quranın münasibətini bilmək istəsə 3 bölmədən hansına müraciət etməlidir?! Oxucunun Qurandakı əhvalatlarla rahat tanış olması üçün xüsusi bölməyə ehtiyac var.
Başqa bir kiçik irad da var. Yuxarıda qeyd olunan üç qrupun bir-biri ilə rabitəsi aydın deyil. Onlar arasında əlaqə yaratmaq çox çətindir. Əlbəttə ki, bu kiçik iraddır. Daha yaxşı üsul tapmasaq, bu üsulu seçə bilərik.
2. İkinci üsul budur ki, Quranın insanların hidayəti üçün nəzərdə tutulduğunu əsas götürək: “Hudəllin-nas”. İnsanın müxtəlif yönləri var: maddi, mənəvi, fərdi, ictimai, dünyəvi, üxrəvi (axirətə aid olan). Beləcə Quran maarifini insan vücudunun yönlərinə uyğun təsnif edə bilərik. Bu halda bizim təsnifatımızın mərkəzində insan dayanacaq.
Belə bir təsnifat mümkündür və o qədər də nöqsanlı deyil. Amma nəzərə gəlir ki, mühüm bir nöqtə yaddan çıxarılmamalıdır. Quran məfhumları ilə tanış olanda görürük ki, insanın mehvər, əsas xətt götürülməsi Quran baxımından o qədər də məqbul deyil. Belə bir yanaşma daha çox humanizmə münasibdir. Humanizmdə mövzu insandır və bütün digər mövzular insana münasibətdə araşdırılır. Quran bu yolu tutmayıb. Quranla yaxından tanış olanda, əqidə, əxlaq, əhkam, moizələr, dastanlar mövzularını diqqətlə nəzərdən keçirdikdə tam aydın olur ki, Quran mehvər olaraq Allah-təalanı əsas götürür. Bir qanun və ya hökm bəyan olunduqda deyilir ki, bu hökmü sizə Allah nazil edib. Əxlaqla bağlı söz deyiləndə bəyan olunur ki, bu xüsusiyyəti Allah bəyənib. (انّ اللّه یحب المقسطین، واللّه یحبّ الصابرین، انّ الله لا یحبّ المفسدین) Göründüyü kimi əxlaqda da mehvər Allah-təaladır. Quran məktəbi humanizm yox, ilahiyyat məktəbidir. Bu məktəbdə insanı mehvər seçmək büdrəmədir və mehvər hökmən Allah olmalıdır. Biz bu prinsipi qorumalıyıq.
Digər tərəfdən insan varlığının yönləri sonadək aydın deyil. Bu yönlər konkret olmadığından onun əsasında təsnifat apara bilmərik. Başqa bir tərəfdən, insanın yönləri arasındakı rabitə də yetərincə aydın deyil.
Üçüncü irad budur ki, Quran maarifinin insan mehvərində təsnifatı uyğunsuzluqla müşayiət olunur. Bəzən bir ilahi hökm və insandakı bir bəyənilmiş sifət insanın eyni yönünə aid olmur. İnsanın bir çox yönləri həmin hökm, qanun və əxlaqla rabitədədir. Yəni Quranın bəyanını insanın təkcə bir yönünə aid etmək çətindir.
3. Üçüncü üsul budur ki, mehvər olaraq Allah-təala götürülsün. Beləcə təsnifat müstəvi boyu aparılsın. Yəni Quran maarifini bir çay, şəlalə kimi təsəvvür etsək, bu mənbə haraya çatırsa, oranı sirab edir. “Rəd” surəsinin 17-ci ayəsində buna işarə olunur. Allahın səmadan nazil etdiyi sudan hər vadi öz tutumunda sirab olur. (اَنْزَلَ مِنَ السَّماءِ ماءً فَسالَتْ اَوْدِیَه بِقَدَرَها) Quran maarifinə bir çeşmə kimi baxmaq lazımdır. O bir mərhələdən o biri mərhələyə adlayır. Bu mərhələlər uzununadır. Onun başlanğıc nöqtəsi var. Bu nöqtədən daşıb ikinci mərhələyə axır. Birinci mərhələ ikinci mərhələdən ayrıdır. Onlar yanaşı deyil. Belə ki, uzununa təsnif tədricən bir nöqtədə yayılmağa başlayır, budaqlara ayrılır. Amma prinsipcə Quran maarifi uzununa mərtəbələrdən ibarətdir. Bu üsulun bizim nəzərimizcə bəzi üstünlükləri var:
Əvvəla, bu üsulda mehvər Allah-təaladır. Allahla yanaşı nə isə təqdim olunmur. (هو الاول و الاخر و الظاهر و الباطن) Burada başqa təsnifatlardakı kimi məsələn, insan mehvər götürülmür. Bu mühüm mövzu sona çatdırılmayınca ikinci mövzuya keçilmir. Demək, bu üsulun əsas imtiyazı Allah-təalanın mehvər götürülməsidir. İkincisi, mövzularla təsnif arasında məntiqi ardıcıllıq var. Burada hər mövzu özündən sonrakı mövzudan önəmlidir. Eninə, yanaşı təsnifatdan fərqli olaraq, uzununa təsnifatda önəmlilik aydın olur. Təsəvvür edin ki, insanın fərdi və ictimai olaraq iki yönü var. Əvvəl fərdi yön götürülməlidir, yoxsa ictimai?! Bu iki yönə önəm verilməlidir, yoxsa maddi və mənəvi yönlər daha önəmlidir? Beləcə, hazırkı təsnifatda o biri təsnifatlarda olan iradlarla rastlaşmırıq.
Beləcə, münasib olar ki, bütün Quran maarifində mehvər Allah-təala götürülsün. Bu üsul Quran təlimlərinin ruhiyyəsinə münasibdir. Öncə Allahşünaslıq bəhsi nəzərdən keçirilir. Sonra ilahi fellər bəhsində dünyaşünaslıq və insanşünaslıq mövzularına daxil oluruq. Daha sonra insanla bağlı mövzular ilahi tədbir və tərbiyə başlığı altında nəzərdən keçirilir. Beləc yığcam, rabitəli bir maarif sistemi əldə edirik. Bu sistemdə mehvər həqiqidir və mövzular arasında aydın bağlılıq var.
Bu əsasla Quran maarifi sistemini aşağıdakı kimi nəzərdə tuta bilərik:
1. Allahşünaslıq – Allahı tanımaq, tövhid, Allahın sifətləri və felləri
2. Dünyaşünaslıq – Dünyanın yaranışı (yer, səma, ulduzlar), təbiət hadisələri (şimşək, külək, yağış), yer səthi (dağlar, dənizlər), ərş və kürsi, mələklər, cinlər, şeytanlar
Aydındır ki, ümumi ilahi fellər haqqında danışdıqdan sonra növbə felləri əhatəli araşdırmaya çatır. Təbii ki, dünyanın yaranışı insanın yaranışından öndə gəlir.
3. İnsanşünaslıq – İnsanın yaranışı, ruhun xüsusiyyətləri, kəramət və şərafət, məsuliyyət və onun şərtləri (agahlıq, əməl qüvvəsi, ixtiyar) insan vücudunun müxtəlif yönləri, fərdi və ictimai tədbirlərdə ilahi sünnələr, məad, bəşəriyyətin son taleyi.
Bu hissədə aydın olur ki, dünya həyatı axirət həyatı üçün bir müqəddimədir. Bu mərhələdə insan özü yol seçir, taleyini müəyyənləşdirir
4. Yolşünaslıq – Sadə tanışlıqlar (hüzuri və hüsuli elmlər), qeyri-adi tanışlıqlar (ilham və vəhy), peyğəmbərlik, besətin zəruriliyi, besətin məqsədləri, peyğəmbərlərin məqamları (nübüvvət, risalət, imamət), Möcüzə, məsumluq, peyğəmbərlərə canişinlik.
Bu hissənin öncəki hissə ilə rabitəsi aydındır. İnsanın seçim apara bilən varlıq olduğu müəyyənləşdikdən sonra o azad şəkildə yol seçir.
5. Rəhbərşünaslıq – Peyğəmbərlərin tarixi, onların hər birinin xüsusiyyətləri, nazil olmuş kitablar, kitabların məzmunu, İslam peyğəmbərinin (s) tarixi, onun dövründə baş vermiş hadisələr, dünya xalqlarının tarixi və digər Quran əhvalatları.
Bu hissənin də öncəki hissə ilə əlaqəsi aydın görünür. Biz nübüvvət və vəhy mövzuları ilə tanış olduqdan sonra növbə peyğəmbərləri tanımağa çatır.
6. Quranşünaslıq – Quran haqqında ümumi söhbət, nazilolma məqsədi, nazilolma yolu, möcüzə, ümumdünyəvilik, əbədilik, bəyan üslubu (əqli dəlillər, moizə, cədəl, təmsil), möhkəm və mütəşabeh mövzular, təvil.
Bu hissə də özündən öncəki hissə ilə əlaqəlidir. Səmavi kitablarla tanışlıqdan sonra son və əbədi kitabı tanımaq lazım gəlir.
7. Quranda əxlaq və insanın tərbiyəsi özünütanıma və özünütərbiyə, ixtiyari əməllərdə xeyir və şər, onların son səadətlə rabitəsi, Quranın tərbiyə və təzkiyə üsulu (xeyirxahlıq hisslərinin oyadılması), iman, əməl, onların rabitəsi, elmlə rabitə, yaxşı və pis əxlaq.
Bu hissədə nəzərdə tutulur ki, Quranı tanıdıqdan sonra onun əsas hədəfi olan təzkiyə və təlimlə tanış olaq. Təzkiyə əxlaq və özünütanıma mövzularını zəruri edir. Gələcək mövzularla bağlı məlumatlanırıq.
8. Quranın ibadət proqramları – Namaz, oruc, həcc, qurbanlıq, dua, zikr, insan və Allah arasında rabitəni gücləndirən əməllər, bu əməllərin ictimai faydaları.
9. Quranın fərdihökmləri – Halal və haram içkilər, dəbdəbə və zinət.
10. Quranın ictimai hökmləri – İctimai, hüquqi, siyasi, iqtisadi hökmlər. Bunlar da öz növbəsində təsnif olur:
a) Hüquqi şəxs hökmləri
b) İqtisadi hökmlər
c) Məhkəmə hökmləri
d) Haşiyə hökmlər
e) Siyasi hökmlər
ç) Beynəlxalq hökmlər
Bu hissənin müqəddiməsində cəmiyyət Quran baxımından nəzərdən keçirilir.
Bu son üç hissədə Quranın Allahla rabitədə əməli proqramları, insanın özünə və cəmiyyətə münasibətdə vəzifələri ayrıca olaraq araşdırılır. Beləcə Quran maarifi varlığın başlanğıc nöqtəsindən ardıcıllıqla yaranış və ilahi tədbir mərhələlərini araşdırır. Daha sonra ideal cəmiyyətin xüsusiyyətləri açıqlanmaqla söhbət tamamlanır. Bütün mərhələlərdə əsas mehvər olan Allah-təala ilə rabitə qorunur.