Bioqrafiya

Məhəmməd Təqi Misbah Yəzdi hicri-şəmsi 1313-cü ildə səhra şəhəri Yəzddə dünyaya göz açıb. O, müqəddimə hövzə təhsilini Yəzd şəhərində başa vurub dini biliklərini kamilləşdirmək üçün Nəcəfə yola düşüb. Üzücü maddi çətinliklər səbəbindən bir il sonra Qum şəhərinə hicrət edib. 1331-ci ildən 1339-cu ilədək İmam Rahilin (r) dərslərində iştirak edib. Bu arada Əllamə Təbatəbainin (r) Quran təfsiri, İbn Sinanın “Şəfa”, Molla Sədranın “Əsfar” kitabları əsasında dərslərindən faydalanıb. Əllamə Misbah on beş ilə yaxın Ayətullah Behcətin (r) fiqh dərslərində iştirak edib. İmam Rahil (r) sürgün olunduğundan onun dərsləri dayanıb və Ustad İslamın ictimai mövzularını, o cümlədən cihad, qəza və İslam hökuməti mövzularını araşdırmağa başlayıb. Əllamə Misbah zalım Pəhləvi rejimi ilə mübarizədə fəal olub, şəhid doktor Behişti, şəhid Bahünər, Rəfsəncani ilə həmkarlıq edib. Həmin vaxtlarda “Besət” və “İntiqam” adlı nəşriyyələrin ərsəyə gəlməsinə yardım göstərib. İkinci nəşriyyənin bütün çap zəhmətləri Ustadın öhdəsinə olub. Sonra Həqqani mədrəsəsində Ayətullah Cənnəti, Şəhid Behişti və Şəhid Quddusi ilə birlikdə çalışıb, 10 ilə yaxın həmin mədrəsədə fəlsəfə və Quran fənləri tədris edib. Daha sonra böyük İslam inqilabından əvvəlcə və sonra İmam Xomeyninin (r) himayə və dəstəyi ilə bir neçə unversitet, mədrəsə və institut işə salıb. “Dər rahi-həqq” institutunda təhsil bölməsi, hövzə və universitetin əməkdaşlığı yönlü ofis və “Baqirul-ülum” mədəniyyət mərkəzi mühüm ocaqlardandır.
Ustad hazırda İmam Xomeyni adına elm və araşdırmalar institutuna rəhbərlik edir. O bu vəzifəyə Böyük Rəhbər tərəfindən təyin edilib. Əllamə Misbah hicri-şəmsi 1329-cu ildə Xuzistan ustanından, eləcə də son vaxtlar Tehrandan Xibrə məclisinə nümayəndə seçilib. Ustadın İslam fəlsəfəsi, ilahiyyat, əxlaq və əqidə mövzularında coxsaylı əsərləri var.

Ustadın ətraflı bioqrafiyası:
1.Bioqrafiya
2.Elmi fəaliyyətlər
Əsas səhifə/bioqrafiya
Bioqrafiya
-Təvəllüd və uşaqlıq çağı
-Mədrəsə dövrü
-Tələbəliyin başlanğıcı
-Nəcəfə hicrət
-Quma hicrət
-İmam Xomeyni (r) ilə tanışlıq
-Əllamə Təbatəbayi (r) ilə tanışlıq
-Ayətullah-üzma Behcətlə (r) tanışlıq
-Təhsil dövrünün dostları

Təvəllüd və uşaqlıq dövrü
Ustad Ayətullah Məhəmmədtəqi Misbah Yəzdi hicri-şəmsi 1313-cü il (miladi 1935) bəhmən ayının 11-də (hicri-qəməri 1353-cü il şəvval ayının 25-də) Yəzd şəhərində çox dindar bir ailədə dünyaya gəlib.
Ustadın ata-anasının həyatı miras qalmış ana evində çox çətinliklə keçib. Anası xalalarının köməyi ilə evdə corab toxuyub, atası dükanda dolanışıq xatirinə corab satib. Bu işin qazancı çox az olduğundan atası işini davam etdirmək üçün arabir borc da alıb.
Ustad həmin günləri belə xatırlayır:
Xatırlayıram ki, ən yaxşı yeməyimiz həftədə bir dəfə qaymaq olardı. Qardaşımla mədrəsədən gələndə iki riyal on şahıya qaymaq alardıq və anam bir qədər şərbət düzəldib o qaymağa qatardı. Bu həftənin sonunda bizim ən sevdiyimiz şam yeməyi idi.
Bütün bu çətinliklərə baxmayaraq bu dindar və Əhli-beyt aşiqi olan ailə Rıza xan dövrünün sıxıntılarında, əzadarlıq qadağan olan zamanlarda evin zirzəmisində təvəssül və əzadarlıq məclisi qurardı. Cümə axşamları Kumeyl duası oxunar, hədis deyilər, cümənin sübhü Nüdbə duası zümzümə edilərdi. Belə ki, atası Nüdbə duasını əzbərdən bilərdi.
Din və pak peyğəmbər ailəsinə sevgi səbəbindən birinci övladın adı “Məhəmmədtəqi” qoyuldu.
Məhəmmədtəqinin təvəllüdündən öncə anası yuxuda görür ki, dünyaya Quran gətirib. Çox narahat olur və Seyid Məhəmmədrıza İmamiyyə adlı yuxuyozan Yəzd aliminə müraciət edirlər. Seyid yuxunu belə yozur: “Dünyaya gələcək körpə oğlandır, müjdə olsun sizə, o alim və Quran hamisi olacaq!”
Bu yuxu sonralar unudulsa da, valideynləri, xüsusilə anasını özləri də bilmədən Məhəmmədtəqiyə və onun gələcəyinə bağlamışdı.

Mədrəsə dövrü
Məhəmmədtəqinin uşaqlıq dövrü belə bir pak, saf qəlbli ailədə, dini mühitdə keçdi. O daha artıq bilik və mərifət əldə etmək üçün məktəbə getdi. Məhəmmədtəqi elm və biliyə o qədər aşiq idi ki, hər dərs ilinin sonunda mədrəsənin əlaçı şagirdi olurdu. Bu səbəbdən də müdir və müəllimlər onu sevir, təhsilini davam etdirməyə həvəsləndirirdilər. Onlar səy göstərirdilər ki, Məhəmmədtəqi bu yurdun böyük alimlərindən olsun. Məhəmmədtəqinin isə arzusu başqa idi. O yalnız dini təhsil almaq, ilahi maarif əldə etmək barədə düşünürdü. Bu səbəbdən də dördüncü sinifdə yazdığı inşada qeyd edirdi ki, Nəcəfə gedib dini təhsil almaq istəyir. Məhəmmədtəqinin bu inşası müəllimləri və şagirdləri heyrətə gətirmişdi. Sinif yoldaşları təyyarəçi, hərbçi, nazir, vəkil və başqa peşələrə yiyələnmək arzusunda idilər. Mədrəsənin əlaçı şagirdinin arzusu onları təəccübləndirirdi.
Həmin dövrdə ətrafdakıların bu sayağı təəccübü səbəbsiz deyildi. Çünki cəmiyyətdə dini elmlərə yiyələnmək heç bir gələcək vəd etmirdi. Bundan elavə ruhani və din aliminə yuxarıdan aşağıya baxılırdı. Rzaxanın təbliğat maşını xalqda ruhanilərə mənfi münasibət yaradırdı. Əlbətdə ki, yaşlı insanlar ənənəvi olaraq dinə maraq göstərirdilər. Amma gənc nəsil üçün İslamın yalnız adı qalmışdı. Bir çox ruhanilər zorla və ya könüllü olaraq ruhani libasını çıxarmış, başqa peşə seçmişdilər. Din alimləri təsəvvürə gəlməyəcək bir səviyyədə yoxsulluq içində yaşayırdılar. Hazırkı dövrün insanları üçün bütün bunları təsəvvür etmək çox çətindir. Təbii ki, təsvir etdiyimiz həmin qədim zamanda ruhani olmaq istəyi heyrət doğururdu. Məhəmmədtəqini ata-anasının təlim-tərbiyəsindən əlavə Şeyx Əhməd Axundinin mənəvi siması dinə doğru çəkirdi. Şeyx Əhməd Nəcəfin canıyanan və məsuliyyətli ruhanilərindən idi. O arabir doğulduğu Yəzdə gələr, Məhəmmədtəqigilin qonağı olardı. Şeyx Əhmədin ürfani və ibadi halı çox gözəl və əzəmətli idi. O gecə yarı oyanar, dəstəmaz alar, kiçik çırağı götürüb məscidə gedərdi. İki tülu (günəş doğuşu) arasında evə qayıdardı. Şeyxin bu halı Məhəmmədtəqinin ruhiyyəsində dərin iz buraxmışdı. Bu təsir bir vaxt ikiqat artdı. Həmin vaxt Şeyx ona dedi: “Bu qədər gözəl namaz qılan və dərs oxuyan uşaq tələbə və din alimi olsa yerinə düşər.” Beləcə Məhəmmədtəqinin qəlbində ilahi elm və maarif eşqi şölələndi. Həmin vaxtdan onun qəlbində Nəcəfə hicrət edib dini elmlərə yiyələnməkdən başqa heç bir istək yox idi.

Tələbəliyin başlanğıcı
Gənc Məhəmmədtəqi hicri-şəmsi 1325-1326-cı illərdə ibtidai təhsilini başa vurdu. Onun səbri tükənmişdi. Dini elmlərə həvəsi səbəb oldu ki, yay tətilini əyləncə ilə keçirmək əvəzinə Yəzd elm hövzəsinə daxil olsun. Məhəmmədtəqi Xan meydanında yerləşən Şəfiiyyə mədrəsəsində hücrələrdən birində sakin oldu. Hövzədəki yay ruhiyyəsinə, mədrəsə və hücrələrin sahmanda olmamasına, ustadların iştirakı və proqramların qeyri-ardıcıllığına baxmayaraq Məhəmmədtəqi dərs, bəhs və mütaliəyə ciddi məşqul oldu və dörd ilə bütün müqəddimə və orta səth dərslərini “Rəsail” və “Məkasib”ədək başa çatdırdı. Hansı ki, bu mərhələləri keçmək üçün adi qaydada səkkiz il vaxt tələb olunurdu.
Əlbəttə ki, o bu inkişafı və müvəffəqiyyətlərinə görə özünü ustadlara, xüsusilə mərhum Hacı Şeyx Məhəmməd Əli Nəhviyə borclu bilirdi. Mərhum şeyx Məhəmmədtəqinin təlim-tərbiyəsinə xeyli vaxt sərf edir, ona xüsusi dərs keçirdi. Məhəmmədtəqi yorulanadək ustad onu tərk etmirdi. Bundan əlavə mübahisə əvəzinə onun üçün suallar hazırlayır, ya da dərslərin xülasəsini yazdırırdı. Sonra həmin xülasələri ərəbcəyə tərcümə etdirir və özü həmin yazıları islah edirdi.
Məhəmmədtəqinin faydalandığı ustadlardan biri mərhum Hacı Məhəmməd Əli Nəhvi idi. Onun Şəfiiyyə mədrəsəsində hücrəsi vardı. Məhəmmədtəqi ədəbiyyatı və səthin böyük bir hissəsini mərhum Nəhvidəm öyrəndi. Onun “Şərhi-nizam” ustadı mərhum Şeyx Əbdülhüseyn Ərəboəcəm olub. Cənab Ziya İraqinin şagirdi mərhum cənab Seyid Əli Riza Müdərrisi “Şərhi-lümə” və “Rəsail”in bir hissəsini tədris edib. Nəhayət hacı Mirzə Məhəmməd Ənvaridən “Qəvaninul-üsul”u öyrənib.
Məhəmmədtəqi rəsmi hövzə dərsləri ilə yanaşı elmə marağı səbəbindən tanınmış ruhani Mühəqqiq Rəştidən fizika, kimya, fiziologiya və fransız dilini oyrənib. Bu alim sonralar mərhum Ayətullah-üzma Bürucerdi tərəfindən Almaniyaya göndərilib.

Nəcəfə hicrət
Gənc tələbə böyük zövq-şövqlə təhsilə məşğul ikən öz pak nəfsi ilə ona həvəs vermiş Şeyx Əhməd Axundi yenidən qonaqları oldu. Bu insan Məhəmmədtəqidə Quran maarifi, peyğəmbər Əhli-beytinə (ə) sevgi yaratmış şəxs idi. Şeyx bu dəfə onun məhəbbət və tərəqqisini görüb təhsil üçün Nəcəfə hicrət etməsini istədi. Valideynlərini də həvəsləndirdi ki, övadlarına himayə üçün hicrət edib Nəcəfdə yaşasınlar.
Beləcə övlada bağlı ata-ana evlərini əşyaları ilə birlikdə satıb Nəcəfə hicrət etməyə qərar verdilər. Amma Məhəmmədtəqi öncə Quma gedib təhsilini orada davam etdirmək istəyirdi. Ata-anası isə Nəcəfə hicrət üzərində dayandılar. Həzrət Əlinin (ə) pak məzarına yaxınlıq və Nəcəf hövzəsinin şöhrəti ikinci qərarın həyata keçməsi ilə nəticələndi. Ailə Nəcəfə hicrət etdi. Hicri-şəmsi 1330-cu ilin sonlarında Məhəmmədtəqi ailə ilə birlikdə Nəcəfə yola düşdü.
Qərara gəlmişdilər ki, gənc tələbə təhsillə məşğul olsun, ata-ana öz əvvəlki işini davam etdirsin. Amma altı aydan sonra ailənin maddi durumu dözülməz hala gəldi, atanın böyük təlaşları heç bir səmərə vermədi. Ailə İrana dönməli oldu. Məhəmmədtəqi israr göstərirdi ki, heç olmaya bir müddət Nəcəfdə tənha qalsın və ailənin İranda işləri sahmana düşdükdən sonra geri dönsün. Amma valideynləri, xüsusilə anası razılıq vermədi. Mərhum cənab Şeyx Məhəmmədəli Sərabi və mərhum cənab Seyid Əli Fani (Əllamə Fani) onların mənzilinə gəlib atadan xahiş etdilər ki, oğlunun Nəcəfdə qalmasına razılıq versin. Dedilər: “Əgər belə bir istedada malik oğlunuzu buradan aparıb, təhsilini davam etdirməyə imkan verməsəniz, İmam Zaman (Ə) sizdən razı qalmayacaq.” Atası dedi: “Mən dözərəm, amma anası dözə bilməz. Anası ona o qədər bağlanıb ki, oğlundan ayrılıqda yaşaya bilməz.” Sözün qısası Məhəmmədtəqinin Nəcəfdə qalması nəsib olmadı. Bir il təhsildən sonra ordibeheştin axırları və ya xordadın əvvəllərində ailə Tehrana yola düşdü. Hələ ki ailə sahmana düşmədiyindən, digər tərəfdən təhsil ili başa çatdığından Məhəmmədtəqi həmin ilin yayını Tehranda ailə ilə birlikdə keçirdi.
Nəcəfdə təhsil müddəti qısa olsa da bir çox xatirələrlə yadda qaldı. Mərhum Həkim, mərhum Şahrudi, mərhum Seyid Əbdül-Hadi Şirazi, mərhum Mirzə Ağa Estehbanati kimi böyük alimlərin hüzurunda keçirilən anlar yaddan çıxası deyildi. Bu insanlar həmin dövrdə elmin ön cərgəsində dayanırdılar. Sonrakı rütbədə olan mərhum Xoyi kimi şəxslər Nəcəf hövzəsinə xüsusi əzəmət verirdi.
Məhəmmədtəqi lap əvvəlcədən hövzənin bütün şəxsiyyətlərinə ehtiram göstərir, eyni zamanda heç bir alimin dəftərinə bağlanmamağa çalışırdı. Nəcəfdə olduğu dövrdə heç bir mərcə alimin evinə get-gəli olmadı. Bir istisna vardı: Cəmi bir dəfə ustadı cənab Fani ilə bayramını təbrik etmək üçün bir neçə dəqiqəlik cənab Seyid Camal Gülpayeqaninin evində olmuşdular. Ustad bu xüsusiyyətini Qumda da qoruyub saxladı. Hövzə böyüklərinə misilsiz məhəbbətinə baxmayaraq yalnız təhsil və ya əzadarlıqda iştirak üçün onların evində oldu. Belə məclislər mərhum Ayətullah-üzma Bürucerdinin evində təşkil edilərdi.

Quma hicrət
Ailə Nəcəfdən geri döndü. Qərara gəldilər ki, bir müddət Tehranda qalsınlar. Amma Məhəmmədtəqi təhsil məqsədi ilə Quma gəlmək istəyirdi. Ailə əvvəlcə bu qərara qarşı çıxdı. Dedilər ki, hələki yerbəyer olmamışıq, kifayət qədər qazancımız olmadığından təhsil üçün sənə kömək edə bilmərik. Hətta elm əhlindən olan qohumlar da düşünürdülər ki, bir qədər təhsil xərci toplamaq üçün bir il Tehranda qalmaq lazım gələcək. Amma Məhəmmədtəqi bu fikirlərlə razılaşmadı. O düşünürdü ki, hövzədə dərs oxumaq şəriət baxımından vacib vəzifədir və bu işdə valideynin razılığına ehtiyac yoxdur. Buna baxmayaraq öz ədəbli davranışı və möhkəm dəlilləri ilə valideynlərini razı salıb xeyir-dua ala bildi. Beləcə, Məhəmmədtəqi həmin ilin yayını növbəti təhsil ilinin intizarında Tehranda ailəsi ilə qaldı. Məhəmmədtəqinin kiçik qardaşı Mehdi alüminium qablar dükanında şagirdlik edirdi. O yay boyu öz cüzi qazancından qardaşı üçün bir çıraq, bir boşqab, bir tava, bir qaşıq, bir dəmir çaydan aldı. Artıq Məhəmmədtəqi Qumda yaşayıb təhsil ala bilərdi.
Məhəmmədtəqi özü də yayda vaxtını səmərəsiz keçirmədi. O yay kurslarında dərs keçib altmış tümən qazandı. Qırx tümənə bir ədyal aldı, iyirmi tüməni yola xərclədi. Məhəmmədtəqi Qumda dərslərin başlamasına 20 gün qalmış yola düşdü ki, hücrə tapa bilsin.
Hücrə tapmaq asan iş deyildi. Həmin vaxtlar Qumun ətrafında bir neçə kiçik mədrəsə, xanımın hərəminin yaxınlığında iki böyük mədrəsə vardı. Hərəmin yanındakı mədrəsələrdən biri Feyziyyə mədrəsəsi, digəri Höccətiyyə mədrəsəsi idi. Bu iki mədrəsədə hücrə tapmağa ümid vardı. Amma yenicə tikilmiş höccətiyyə mədrəsəsinə daxil olmaq üçün tələbənin 20 yaşı tamam olmalı idi. Məhəmmədtəqinin isə hələ 19 yaşı vardı. Beləcə yalnız Feyziyyə mədrəsəsinə ümid qalırdı. Mədrəsə müdirini görmək çox çətin idi. Hər gün saatlarla müdirin mənzilinin yaxınlığındakı hüseyniyyənin qarşısında dayanmalı idin ki, evdən çıxanda onu görüb hücrə üçün xahiş edəsən. Alacağın cavab da bu ola bilərdiki, hücrə boşalanadək səbr et!
Beləcə bir neçə ay ötdü və Məhəmmədtəqi hücrə tapa bilmədi. Həmin müddətdə dostları və yerlilərinin qonağı oldu. Amma hiss edirdi ki, bu hal yorucudur. Digər tərəfdən dərslər başlamışdı və Məhəmmədtəqinin ehtiyat pulu qurtarırdı.
Bütün bu çətinliklər onu sıxırdı. Nəhayət bir gün Mədrəsənin həyətində müdirlə rastlaşıb narahatlıqla dedi: “İki aydır qeyri-müəyyən vəziyyətdəyəm. Məndən sonra gələnlər hücrə aldığı halda mənə hücrə verilmir.” Mədrəsənin müdirindən rədd cavabı aldıqdan sonra gənc tələbənin bütün ümidi qırıldı. Amma o göz yaşı içində müdirə etirazını bildirdi və dedi: “Əgər mənə hücrə verməsəniz sizdən xanım Məsuməyə (ə) şikayət edəcəyəm!” Amma onun bu sözləri də səmərə vermədi.
Gənc tələbə gözüyaşlı halda müdirdən uzaqlaşan vaxt Feyziyyə mədrəsəsinin xidmətçisi Məşhədi Maşallah onu arxadan çağırdı: “Cənab Yəzdi, nə üçün ağlayırsan?” O, tələbənin nigarançılıq səbəbini bildiyindən dedi: “Narahat olma, mən sənə hücrə verərəm.”
Məşədi bu sözləri deyib uzaqlaşdı. Məhəmmədtəqi onun yolunu gözləyirdi. Nəhayət xidmərçi mədrəsənin Seyid Əli Məhəmməd adlı tələbəsi ilə göründü. Bu gənc də Yəzddən idi, hücrə axtarırdı. Beləcə birlikdə nəzərdə tutulan hücrəni görməyə getdilər. Əslində hücrə adlandırılan bu yer pillələrin aşağısında kiçik bir anbar idi. Bel, su qabı, süpürgə kimi şeyləri oraya yığırdılar. Küncdə sınıq bir taxt da vardı. Divarlar tavana qədər nəm idi. Sutqa boyu otaqa gün işığı düşmürdü və qapısı şüşəsiz idi.
Amma gənclər o qədər sevinirdilər ki, sanki onlara behişt verilmişdi. Məhəmmədtəqi və Seyid Əli hücrəni təmizləyib səliqəyə saldılar və orada yaşamağa qərar verdilər.
Günün böyük hissəsini hücrədən kənarda keçirsələrdə on-on iki gündən sonra hər ikisinin ayaqları və beli ağrımağa başladı. Bunun səbəbi otaqın rütubətli olması idi. Bir müddət belə keçindilər. Nəhayət yəzdli tələbələrdən biri onlara bildirdi ki, tələbə yoldaşı evlənib və hücrədən gedib. Məhəmmədtəqi və Seyid Əli Məhəmməd otaqdakı şeyləri yeni hücrəyə daşıyıb orada yaşamağa başladılar.
Feyziyə mədrəsəsində birinci il belə ötüşdü. Məhəmmədtəqi hər gün dörd dərsdə iştirak edirdi: Mərhum Ağa Mürtəza Hairinin Mənzilində “Məkasib” dərsi, ilk günəş tülusunda Eşq Əli məscidində mərhum Ağa Şeyx Əbdül-Cəvad Cəbəl Amilinin “Kifayəsinin” birinci cildi (Məhəmmədtəqi günəş tülusundan öncə dostlarından biri ilə bu dərs ətrafında bəhs aparırdı), Günortadan sonra (əsr vaxtı) mərhum Ağa Mürtəza Hairinin mənzilində kifayənin ikinci cildi, “Mənzumə” dərsi. Bu dərsləri mütaliə etmək, mübahisə ətrafında bəhs Məhəmmədtəqinin bütün vaxtını alırdı. Gün uzunu istirahət və digər işlər üçün beş-altı saatdan artıq vaxt qalmırdı. Amma o qəlbindəki böyük eşq və həvəslə çətinliklərə sinə gərir və yalnız dərslər haqqında düşünürdü.
Ustad həmin dövürdəki çətinlikləri belə xatırlayır:
“Ata-anam ayda 20 tümənədək kömək edə bilirdi. Bu pulda vaxtlı-vaxtında əlimə çatmırdı. Bəzən axşama bircə tikə çörək olmurdu. Elə proqramlaşdırmışdım ki, günə 6-7 qrandan artıq xərcim çıxmasın. Bu isə bir səngək (çörək) və bir tikə pendirə çatırdı. Bəzən para səngək alır gecə üçün 3 şahı verib Feyziyyənin yaxınlığından şam üçün kiçik kəsmə çörək alırdıq. Bir gün pulum tamamilə qurtardı. Qərarə gəldim ki, borc alım. Pıçıltı ilə Allahı çağırdım: Pərvərdigara, Sənin razılığın, dininin yayılması üçün dərs oxumaq istəyirəm. Özün bilirsənki, böyük umacağım yoxdur. Məsləhət bildiyin kimi borc almaq üçün bir vasitə yetir. Bilirsənki, kimdənsə istəməyi bacarmayacağam. Özün yetir. Əgər məsləhət deyilsə kömək ol səbr edim.
Əsr vaxtı idi. Günortanı doyunca yeməmişdim. Feyziyyə mədrəsəsinin həyətində o baş-bu başa gedib-gəlirdim. Birdən poçt işçisinin Məhəmmədtəqi Yəzdini soruşduğunu eşitdim. İnana bilmirdim ki, kimsə mənə məktub yazıb. Məktubu aldım. Məktub əlaqəm olmayan Yəzd alimlərindən biri tərəfindən yazılmışdı. O mənə 20 tümənlik bir həvalə göndərmişdi. Bir necə ay sonra süfrəmiz rövnəqləndi.
Həmin vaxtlar mərhum cənab Höccət tələbələrə çorək kuponu (mohri-nan) verirdi. Məndə bu kupondan almaq fikrinə düşdüm. Amma bu istəklə dəftərxanaya müraciət etmək istəmirdim. Ona görədə bu məzmunda bir məktub yazdım: “Cənab Ayətullah Höccət, mən Qumda dərs oxuyuram və cənab Hairinin dərsində iştirak edirəm. Tələbələrə çörək kuponu verdiyinizi eşitdim. Mən də tələbəyəm, əgər buna haqqım çatırsa.”
Sabahı gün səhər məktubu aparmaq istəyəndə ağlıma gəldi ki, bu işim hövzənin qaydalarına, proqramına zidd ola bilər. Hairinin şagirdi olduğumu düşünüb mənə başqasının haqqını verə bilərlər. Bu fikirlə məktubu cırıb atdım.