Səkkizinci dərs

İlahi nemətərin şükrü


Rəhman və rəhim Allahın adı ilə

Qarşınızdakı yazı cənab Ayətullah Misbah Yəzdinin 89.05.29 tarixində (hicri-qəməri 1431-ci il mübarək ramazan ayının 10-cü gecəsi ilə eyni vaxtda) baş tutmuş söhbətindən seçmə hissədir. Ümid edirik ki, bu tövsiyələr bəsirətimizi artıracaq, hidayət və səadət yolunda işıqlı çıraq olacaq.

İlahi nemətlərin şükrü

İlahi nemətlər və bəndələr

وَ نَدَبَهُمْ لِاسْتِزَادَتِهَا بِالشُّكْرِ لِاتِّصَالِهَا، وَ اسْتَحْمَدَ إِلَى الْخَلَائِقِ بِإِجْزَالِهَا، وَ ثَنَّى بِالنَّدْبِ إِلَى أَمْثَالِهاَ. (“Bəlağətun-nisa”, s27; “Bihuarul-ənvar”, c.29, s.220)
Bu gözəl xütbə o qədər maraqlı və ədəbi baxımdan üstündür ki, hətta mütəxəssislər də bu ibarələrdə riayət olunmuş nöqtələrin incəliklərini açıqlamağa acizdirlər. İnsan bu gözəl xütbəni oxuduqda onda xüsusi bir gözəlliyin olduğunu dərk edir. Allaha həmd deməkdən ibarət məzmunu olan xütbənin ilk hissəsi özlüyündə 4 hissəyə bölünür. Uyğun dörd hissənin hər biri qafiyə, nəzm və vəzn baxımından xüsusi tərkibə malik olan üç cümlə ilə bəyan olunmuşdur;
Birinci hissədə buyurur:
الحمد لله على ما أنعم و له الشكر على ما ألهم و الثناء بما قدم؛
İkinci hissədə buyurur:
من عموم نعم ابتدأها و سبوغ آلاء أسداها و تمام منن أولاها؛
Üçüncü hissədə isə belə buyrulur:
جم عن الإحصاء عددها و نأى عن الجزاء أمدها و تفاوت عن الإدراك أبدها.
Bu cümlələri ötən söhbətdə izah etdik. 4-cü hissədə həzrət Zəhra (sə) digər üç cümlə ilə həmd hissəsini başa çatdırır. Xüsusi qafiyə ilə bəyan olunmuş bu üç cümlə əslində ilahi nemətlərlə bəndələrin rabitəsini açıqlayır. Əvvəlki cümlələrdə nemətlərin çoxluğunu, keyfiyyətli və uzun müddətli olmasını dedi. Bunlar nemətin öz xüsusiyyətləri idi. Bu hissədə isə nemətlərin məxluqlarla rabitəsindən və nemətlə nemət verilən şəxslərin ünsiyyətindən danışılır. Həzrət buyurur:
وَ نَدَبَهُمْ لِاسْتِزَادَتِهَا بِالشُّكْرِ لِاتِّصَالِهَا، وَ اسْتَحْمَدَ إِلَى الْخَلَائِقِ بِإِجْزَالِهَا، وَ ثَنَّى بِالنَّدْبِ إِلَى أَمْثَالِهَا؛
Uyğun bol nemətləri verməklə xalqda həmd üçün stimul yaratdı və sanki onlardan Allaha həmd etmələrini əməli şəkildə istədi. Bundan əlavə onları Allahdan bu nemətlər kimi digər nemətlər istəməyə dəvət etdi. Bu cümlədə bir neçə nöqtə açıqlayır. Birinci nöqtə budur ki, Allah nemətləri öncədən bəndələrinə əta etməsindən əlavə xalqı ilahi nemətlərin şükrünə dəvət etdi ki, bu yolla onların neməti daha da artsın. Bu qapı özü nemətlərin fövqündə olan əzəmətli bir nemətdir. Allah öncədən əta etdiyi həmin nemətlər ilə nə isə əsirgəməmişdir. Lakin bundan əlavə bəndələr üçün digər bir qapı açmışdır ki, bu yolla öz nemətlərini daha da artıra bilsinlər. Bu ayrı bir sünnədir. Allahın ilk sünnəsi belədir ki, o aləmdəki məxluqların yaşaması üçün lazım olan hər bir şeyi onlara əta edir; lakin o bəndələrinin haqqında daha böyük bir lütf etdi və daha çox nemətlərdən istifadə etmək üçün onlara icazə verdi. İnsan həyatı onun diri qalması üçün lazım olan bir tikə ilə də davam edə bilər və Allahın müxtəlif meyvələri, tərəvəzləri, ətləri, südü, balı, bitkiləri və sair nemətləri ona verməsi üçün heç bir zərurət yoxdur. Bunlarsız da insanın yaşaması mümkündür. Yeməklərin çox növlü olması özü artıq bir nemətdir. Digər məsələlərdə də belədir. Bəzi işlər insan üçün zərurət və ehtiyac həddindədir; lakin onun Allahın nemətlərindən ehtiyacından artıq istifadə edib daha çox ləzzət alması mümkündür. Bunun yolu Allahın ona verdiyi nemətlərdən qədirdanlıq etməsidir. Bu, ilahi tədbirdə olan qəti və istisnasız sünnədir. Quran bu yerdə bəzi ibarələrdən istifadə edir. Lakin Quranda digər sünnələrlə bağlı buna oxşar ibarələrdən çox az istifadə olunmuşdur: “...Rəbbiniz (belə) elan etdi: «Əgər şükür etsəniz, sizə (olan nemətləri) mütləq artıraram və əgər kafir olsanız, ya naşükürlük etsəniz, əlbəttə , mənim əzabım çox şiddətlidir.” (“İbrahim”, 7)
Azan elan mənasındadır; lakin “təfəuul” babı bu azanın, elanın çox aşkar, qəti şəkildə bəyan olmasına çatdırır. “Təəzzənə” yəni aşkar və təkidlə elan etdi. Daha sonra bu elan mövzusu uyğun təbirlə açıqlanır: “Əgər şükür etsəniz sözsüz ki, sizin üçün artıracağıq.” Yəni nemətlərini artıracağıq. Bu cür də deyilə bilərdi: “İn şəkərtum zadəkumullah; əgər şükür etsəniz, Allah nemətlərimizi artıracaq.” Lakin belə buyurulmadı. Əksinə, ədiblərin dili ilə, andın cavabı olan cümlə ilə buyurur: “Ləin şəkərtum”, yəni “vəllahu ləin şəkərtum”; andın cavabı təkidli lam və təkidli səqil (ağır) nunla yanaşıdır; odur ki, cümlənin təkidlə olmasına tam riayət edilmişdir. Bütün bunlardan dolayı demək istəyir ki, Allahın uyğun sünnəsində heç bir şübhə yeri yoxdur və bu bir qəti və istisnasız qaydadır. “Əgər nemətlərin şükrünü yerinə yetirsəniz sözsüz onları artıracağam.” “Və ləin kəfərtum innə əzabi ləşədid; lakin nemətlərə küfr etsəniz əzab intizarında olun.” Əgər küfr etsəniz bilin ki, mənim əzabım şiddətlidir, deyə hədələyir. Əlbəttə, ayədə belə buyurulmur: “Ləuəzzibənnəkum”.

Uyğun bəyanla həqiqətdə Allah xalqı nemətlərin artmasını istəməyə vadar etmişdir. Uyğun mövzunun açıqlanması xalqın daha çox şükür etməsi üçün onlarda stimul yaranmasına səbəb olur. Bu məqamda cənabların mütaliə və araşdırma etməsi üçün yeni bir mövzunu ortaya qoymağımız pis olmaz. Şükür ixtiyarla olan bir əməldir və hər bir ixtiyari əməl fikri zəmin tələb edir; yəni insan əməli yerinə yetirmək üçün elm və agahlığa ehtiyaclıdır; lakin bundan da çox onda stimul yaranması üçün zəmin tələb olunur; yəni insan hansısa bir əməli yerinə yetirmək üçün onda həmin işə stimul olmalıdır. Bu işi yerinə yetirməyi qəlbi istəməlidir. Bilməkdən əlavə istək də olmalıdır. Bu iki şey bir-biri ilə yanaşı olsa ixtiyari iş gerçəkləşir. Bir çox işlərin yaxşı olduğunu hamımız bilməyimizə baxmayaraq onu yerinə yetirmirik. Çünki bu iş üçün stimul yoxdur. İnsan yaxşı bildiyi işi o zaman yerinə yetirir ki, bu iş üçün stimulu olsun. Məşqçinin, müəllimin ən böyük rolu budur ki, o, şəxsin stimulunu gücləndirsin, onda məhəbbət, sevgi yaratsın.

Allahın bizə bol nemətlər verdiyini bilməyimiz bizdə şükür stimulu yaranması üçün kifayət deyil. Digər bir şey də lazımdır. Şükür edən olmağımızı qəlbimiz də istəməlidir. Bu, uca Allahın insanın vücudunda fitri olaraq qoyduğu bir amildir. İnsan elə bir formada yaranmışdır ki, təbii olaraq kimsənin yaxşılıq elədiyini bildikdə qəlbində ona qarşı təvazökarlıq hiss edir, özünü ona borclu bilir və bir növ onun yaxşılığının əvəzini ödəməyə çalışır. Ən azından dili ilə təşəkkür edir. Bu işi etməyincə sanki özünü nəyi isə itirmiş kimi hiss edir. Bir neçə il öncə Amerikaya səfər zamanı bizi instutlardan birində söhbət etmək üçün dəvət etmişdilər. Söhbətdən sonra institut boyu izdihamlı get-gəl mövcud idi. Bu izdihamlı cəmiyyət içində bir tələbə çox israrla bizə yaxınlaşmağa çalışırdı. Dostlardan xahiş etdim ki, şərayit yaratsınlar, onun nə demək istədiyini bilək. O yaxınlaşdı və dedi: “Sizə yalnız öz təşəkkürümü bildirmək istəyirdim!” Bunu deyib getdi. O özündə bir ehtiyac hiss edirdi. Yalnız öz təşəkkürünü bildirməklə sakitləşdi. Bu fitri bir işdir. İnsan ona yaxşılıq etmiş birinə qarşı laqeyid qala bilməz. Əlbəttə, bu iş insanlara məxsus deyil; heyvanlar da belədir. Bəzi heyvanlar bir çox insanlardan daha çox şükür edən, qədir biləndirlər. Bəzi heyvanlara bir tikə çörək yaxud bir tikə sümük verdikdə uzun müddət insanın qarşısında təzim edir. Bu bütün heyvanlarda Allah tərəfindən olan bir hissdir. İnsan uyğun işi daha agahlıqla yerinə yetirməlidir. Böyük Rəhbərlik Məqamı (Allah onu qorusun) məclislərdən birində şükür barəsində belə buyurdu: “Şükür etmək üçün bir neçə şey lazımdır; birincisi budur ki, insan ixtiyarında olanların nemət olduğunu anlasın. Daha sonra bu nemətin Allahdan olduğunu bilsin. Əgər bu nemətlərin öz hesabına olduğunu güman etsə, bu zaman onda şükür stimulu yaranmayacaq. İnsan o zaman şükür edir ki, nemətin Allahdan olduğunu anlayır və anlayır ki, Allah bilərəkdən, agahlıqla bu neməti ona vermişdir; nemətin qeyri-ixtiyarı, icbari bir gedişat əsasında ona çatdığını güman etsə o zaman şükür etməz. Nemət olduğunu və nemətin Allahdan olduğunu bildikdə bu zaman uyğun fitri hiss onun bildiyinə yaxınlaşır və o şükür etməyə çalışır. Bu qədirdanlıq fitri hissini də vücudumuzda Allah qərar vermişdir. Odur ki, bu özü də bir nemətdir və şükür tələb edir.

Şükrün mərtəbələri

Şükür məsələsi o qədər mühümdür ki, kəlam alimlərindən olan böyüklər onu açıq aşkar, dəlilə ehtiyacı olamayan əqli məsələlərdən bilir və onu Allahşünaslığın vacibliyi üçün bir dəlil hesab edirlər. Şükrün ilk mərtəbəsi budur ki, insan dillə desin: “İlahi şükür; əlhəmdulillah.” Daha sonrakı mərtəbə budur ki, neməti qorusun və onu zay etməsin. Əgər dostunuz sizə bir hədiyyə verərsə, daha sonra həmin hədiyyəni səhlənkarlıq nəticəsində zay etdiyinizi bilərsə bu halda sizdən narazı qalmazmı? Nemətin qorunması şükrün ikinci mərtəbəsidir. Yəni insan neməti Onun bəyənmədiyi yolda işlətməsin. Neməti düşmənin xeyrinə və nemət verənə qarşı istifadə etmək olmaz! Yəni neməti günah yolunda işlətməməliyik.
Şükrün sonuncu mərtəbəsi budur ki, əgər uyğun nemətdə bizə bir vəzifə müəyyənləşdirilibsə (istər vacib vəzifə istər müstəhəb) vəzifəmizi yerinə yetirək; əgər bizə var-dövlət verib, bizdən onun bir hissəsini fəqirlərə verməyimizi istəyibsə bu barədə səhlənkarlıq etməyək. Bu uyğun nemətin şükrüdür. Bunlar şükrün müxtəlif mərtəbələridir.
Dedik ki, şükür üçün agahlıqdan əlavə stimul, meyl və istəyə də ehtiyac var. Borclu olduğumuzu hiss edib onu ödəmək istəyini Allah biz insanların fitrətində qoymuşdur; bu çox gözəldir! Lakin səhlənkarlıq nəticəsində həmin fitri tələb yavaş-yavaş zəifləyir və öz təsirini itirir və uyğun stimul aradan qalxır. Siqaret, tütün və sair bu kimi şeylərə aludə olanlar öncə tütündən istifadə etdikdə öskürür, narahat olurlar; lakin yavaş-yavaş buna alışırlar və elə bir vəziyyətə düşürlər ki, istifadə etmədikləri halda narahat olurlar. Bu ilahi fitrəti korlamaqdır!
İlahi fitrətə görə, tütünün tüstüsü insan ciyərlərinə daxil olanda o öskürüb narahat olmalı idi; lakin insan bu fitrəti korlayır və onun müqavimətini təsirsiz edir; əksinə onda əvvəlkinin əksinə təsir yaradır. Bəzən özünə pərəstiş, ifrat dərəcədə ləzzətlərə meyl səbəbindən insandakı qədirdanlıq, şükür etmək ruhiyyəsi ölür və ya təsirsiz olur! Bu cür şəxslər yalnız öz mənfəətlərini fikirləşirlər və yalnız insanlardan bacardıqları qədər çox qoparmaq haqda düşünürlər. Ehtiyacları ödəndikdən sonra başqalarının yaxşılıqlarını, xidmətlərini unudurlar. Bu yolla onlardakı ilahi fitrət ölür. Allah bu fitrəti verir; lakin insan öz pis rəftarları ilə onu zəiflədir, bəzən isə əvvəlkinin tam ziddinə olan bir meylə çevirir!

Fitri meyllərin gücləndirilməsi

Yuxarda dediklərimizin müqabilində bir sıra amillər mövcuddur ki, bu amillər fitri meilləri daha da gücləndirə bilər. Fitri hissləri xarici amillərlə gücləndirmək olar. Meillərlə də bağlı bu mümkündür; məsələn insan ac olanda burnuna kabab iyi dəyərsə onda aclıq hissi bir az da güclənir. Bu daxili bir hissdir; Lakin yeməyin qoxusu onu gücləndirir. İnsan daxilində gözəl simaya tamaşa etmək meyli var. Əgər insan gözünə sərhəd qoymasa, bir neçə dəfə naməhrəmə tamaşa etsə, ondakı bu meyl daha da güclənəcək; bu halda şeytanla mübarizə çətinləşəcək. Daxili hissi gücləndirən xarici amildir. Yaxşı hissləri gücləndirə biləcək xarici amillər hazırlamağa çalışmalıyıq. Eyni zamanda günah amillərini gücləndirəcək işlərdən qaçmalıyıq. İnsanın gözü nə qədər az naməhrəm görsə, onda günah stimulu bir o qədər azalar.
Uca Allah nemətlər əta etməklə bizdə şükür və sitayiş üçün stimul yaratmışdır. و استحمد الی الخلائق بإجزالها؛ Bol nemətlər verməklə insanda həmd etmək və daxilindəki şükür hissini oyatmaq üçün zəmin yaratmışdır. Sanki əməli olaraq bizdən şükür istəməklə kifayətlənmirو ثنّى بالندب إلى أمثالها؛ Yeni bir iş görür: Fitri olaraq şükür etməyə əmr və dəvət edir. Əgər şükür etməyə çağırmasaydı bu halda biz yenə də vicdanımızın, fitrətimizin çağırışına görə şükür etməli idik; lakin Allah bununla kifayətlənmir və təkrar-təkrar Qurani- kərimdə xalqı şükürə dəvət edir: “Mənə və valideyinlərinə şükür et.” (“Loğman”,14) İnsanlar arasında qədirbilən, şükür edənlərin azlığından gileylənir: “Bəndələrimin az bir qismi çox şükür edəndir.” (“Səba”, 13)
Demək, şükür etmək üçün fitri amil olmasından, vicdanımızın bizi ilahi nemətlər qarşısında şükür etməyə vadar etməsindən əlavə ilk öncə ilahi nemətləri tanımalıyıq. Buradan bilməliyik ki, bizi ilahi nemətlər ilə tanış edə biləcək elmlər kamilliyimizə təsirli ola bilər. Tələbə dostlara xüsusilə insan fiziologiyasını öyrənməyi tövsiyə edirəm. Onlar bu yolla Allahın bizə nə qədər çox nemət verdiyini anlaya bilərlər. Təbiət elmləri arasında insanın ilahi nemətlərin qədrini daha çox bilməsinə səbəb olan elm anatomiyadır.
Həzrət Zəhra (s.ə) uyğun buyuruğunda həm ədəbi baxımdan həm də ahəng baxımından çox gözəl cümlələrlə uyğun incə nöqtələrə işarə edir. Həzrətin cümləsindəki ardıcıllıq çox hikmətlidir. Bu cümlə tərbiyəvi baxımdan çox güclü təsirə malikdir. Həmin bir neçə cümlə ilə insan hansı mövqedə olduğunu, Allah qarşısında hansı vəzifələri olduğunu, uca Allahın bu bol nemətləri nə üçün ona verdiyini və nemət verməsini nə üçün ona xatırlatmasını anlaya bilər. Bu nemətləri onun yadına salır ki, insan nemətlərin Allah tərəfindən olduğunu anlasın və fitrətində olan hisslər vasitəsilə şükür stimulu yaransın, nəticədə onun şükrü nemətlərin artmasına və davamlı olmasına səbəb olsun. İnsan Allahın bu nemətlərindən daha çox istifadə etsin və əbədi aləmdə sonsuz ilahi nemətlərə layiq olsun.
Bunların heç birinin Allah üçün faydası yoxdur. Əgər aləmdəkilər hamısı bütün ömürlərini Allaha şükrə sərf etsələr, Onun üçün nə isə artacaqmı?! Allah başqalarının işləri nəticəsində Onda hansısa dəyişikliyin yaranacağından pak-pakizədir. Biz kimik ki, Allahda razılıq yarada bilək! Bütün bunlar onun razılığını qazanmaq, rəhmətinə və yaxınlığına layiq olmağımız üçün Allahın bizə yaxşılığıdır. Bu isə bütün digər nemətlərin fövqündə olan bir nemətdir.
İlahi! Bizi öz nemətlərinə şükr edən və arif buyur!